Keçmişlərdən,
olmuşlardan...
"525-ci qəzet"in
redaksiyasına
Öz dəst-xəttilə
seçilmiş və sevilmiş "525-ci qəzet"
neçə illərdir, mənim yazılarımı,
xüsuilə şeirlərimi dərc edir. Hətta mənə deyirlər ki, sənin imzanı
"525-ci qəzet"dən tanıyırıq.
Mən keçmiş Mərkəzi
Komitə və Nazirlər Kabineti aparatlarında işlədiyim
illərdə bir sıra hadisələrin
iştirakçısı olmuşam. İlin-günün bu vaxtında belə bir qənaətə
gəldim ki, həmin hadisələrin bir qismini qələmə
alıb oxuculara çatdırım...
Mərkəzi Komitə katibinin
göstərişi
Mən Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin Siyasi Maarif Evində xeyli vaxt işləməli
olmuşam. Unudulmaz rəhbərimiz Heydər Əliyev məni
şəxsən qəbul edib məsləhətçi vəzifəsinə
götürmüşdü.
1991-ci
ilin payızında Qarabağda - Qarakəndin qara səmasında
erməni faşistləri tərəfindən vurulmuş
vertolyotda cəsur Vətən övladları ilə birlikdə
həlak olmuş rəhmətlik Vəli Məmmədov Mərkəzi
Komitənin təbliğat və təşviqat şöbəsinin müdir
müavini - Siyasi Maarif Evinin müdiri kimi uzun illər ölkədə
siyasi təhsilin bütün problemlərinə cavabdeh
olmuşdu.
Respublikanın
vilayət, şəhər və rayon partiya komitələri
ilə müntəzəm iş aparırdıq. Müşavirələr,
seminarlar, toplanışlar, konfranslar keçirirdik, metodik
tövsiyələr.. hazırlayırdıq.
Partiya və komsomol orqanlarının bu sahədəki
fəaliyyətini araşdırırdıq və s.
İş yoldaşlarım əsasən sanballı,
hörmətli şəxslər idi. İndi həmin iş
yoldaşlarımın heç bir həyatda yoxdur. İqlimə Bəhiyyəddinovaya, İslam Qəribova,
Şərif Şərifova, Rasim Səfərova, Salam Novruzova
Allahdan rəhmət diləyirəm. Uzun illər müdirimiz
olmuş Vəli Məmmədov
parlaq ziyalımız Şıxəli Qurbanovla birlikdə
Novruz bayramının intişar tapması sahəsində
xüsusi xidməti olmuş, Nəriman Nərimanovun ilk tədqiqatçısı
kimi tanınmış, çox səliqəli, təmiz mənəviyyat
sahibi kimi respublikamızda hörmət qazanmışdı.
Bütün bunlarla yanaşı, kollektivimizdə
qeyri-sağlam əqidəli şəxslər də vardı. Praktik partiya işində
özünü doğrulda bilməmiş iki nəfər - bir
qadın, bir kişi kimlərinsə himayəsi
nəticəsində Siyasi Maarif Evinə məsul işə
götürülmüşdü və nəticədə
kollektivimizin ab-havası korlanmışdı.
İşgüzarlıq cəhətcə yarıtmaz idilər. Özlərini
kollektivimizə qarşı qoymuşdular. Əslinə
baxsan heç milli mənsubiyyətləri də tam bilinmirdi.
Biz şəhər, rayon partiya komitələri
ilə sıx əlaqə şəklində
çalışırdıq. Birinci katiblərin
bəziləri ilə dostluq münasibətlərimiz vardı.
Bəzən katiblərdən giley-güzar da
eşidirdik. Ən çox o iki antipoddan
narazılıq edirdilər.
Yetmişinci-səksəninci
illərin birinci katiblərindən Sosialist Əməyi Qəhrəmanı
Feyruz Mustafayev, Qəşəm Aslanov, İnqilab Abbasov, Ruslan
Ağayev, Qalası Cəfərov (Allah hamısına rəhmət
eləsin!) şəxsən mənə zəng vuraraq xahiş
edirdilər ki, o iki nəfəri rayonlara ezam etməyək.
Deyirdilər ki, onlar ideoloji işçilərin
qarşısında çıxışa hazır deyillər,
Azərbaycan dilində sərbəst danışa, suallara
aydın cavab verə bilmirlər və s. Ən
başlıcası isə o idi ki, Mərkəzi Komitənin
birinci katibi Heydər Əliyevin kadr siyasətinə
qarşı açıq-aşkar çıxış edirdilər,
necə deyərlər, donquldanırdılar...
1977-ci ildə Mərkəzi Komitə aparatında partiya
təşkilatının büro üzvü
seçilmişdim. O vaxtlar partkomumuz Mərkəzi Komitənin inzibati
şöbəsinin müdiri rəhmətlik Cəfər Vəliyev
idi. Mən həm də partiya qrup təşkilatçısı
idim.
Kollektivimizdə narahatlıq vardı, gərginlik
hökm sürürdü. O "rusdillilərdən" biri
müdirimiz Vəli müəllimi az qala təhqir
etmişdi, üstünə külqabı atmışdı, səs-küy
salmışdı...
1978-ci ilin avqust ayında partiya qrupunun iclasını təşkil
etdim. Bir məsələ də hər iki işçinin
hərəkətləri haqqında idi.
Mən
yerlərdən gələn siqnallara, kollektivdə
yaranmış qeyri-sağlam mühitə və s. əsasən
təklif etdim ki, bu iki nəfərin işdən
çıxarılması məsələsi
qaldırılsın. Təklifim keçmədi, yoldaşlar
prinsipiallıq göstərmədi, təkləndim...
İclasdan sonra partkomumuz Cəfər Vəliyevin kabinetinə
gedərək əhvalatı ona danışdım.
Həmin ilin sentyabr ayında mən Mərkəzi Komitə
katibi Kamran Bağırovun yanına dəvət olundum. K.Bağırov Sumqayıt
Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən
MK katibi vəzifəsinə
gəlmişdi. Katibin otağında MK-nin şöbə müdiri
C.İldırımzadə, onun müavinləri
Ə.Hüseynzadə və V.Məmmədov da var idi. Partiya iclasında olan əhvalatı onlara
danışdım. K.Bağırov üzünü
şöbə rəhbərlərinə tutaraq göstəriş
verdi:
- Məsələni
hazırlayın, hər iki nəfər barədə təklif
verin, başqa işə getsinlər.
Bu tapşırıqdan sonra da o iki nəfər heç
nə olmamış kimi işə gəlib-getdilər.
Bu barədə MK aparatının məsul
işçisi, şair dostum Həmid Abbasla söhbət etdim. Həmid Abbas dedi ki, bir aydan
sonra Aparatın partiya hesabat-seçki iclası olacaq, orda
çıxış edib fikrini deyərsən. İclasda
Heydər Əliyevin də iştirakı gözlənilir.
İclasa
bir gün qalmış C.İldırımzadə məni
yanına dəvət etdi və dedi ki, eşitmişəm ki, sabah sən partiya iclasında
çıxış edəcəksən. O iki nəfərdən
danışma, ayıbdır. Heydər Əliyevin yanıda onların
adını çəkmə, bu gün-sabahlıqdır,
onlar hər ikisi aparatdan gedəcək və s.
Mən müdrik siyasətçimiz Heydər Əliyevin
iştirak etdiyi partiya iclasında çıxış etdim. C.İldırımzadəyə
inanaraq o iki nəfərin adını çəkmədim və
səhv etdim.
O iki nəfər
isə bir neçə il işə gəlib-getdilər...
Kiçik
bir haşiyə:
O iki
antipodlardan biri - qadın "İşıq" nəşriyyatına
işə göndərilmişdi. Nəşriyyatın
direktoru, heç də hamar və ütülü adam olmayan şair Məmməd İsmayıl
bir gün mənə zəng vurub dedi:
- Ay
qağa, bu qadınla necə işləyə bilmisiniz? Mən Bakıda olmayanda bir işçimizin
Göyçayda babası vəfat edib. Müavinim olan həmin
qadın işçi qıza deyib ki, sənə icazə verərəm,
get babanın yasına, amma gələndə arayış gətir
ki, o ölən həqiqətən sənin
babandır. Adam dəhşətə gəlir.
Siz necə işləmisiz bu adamla?
Mən də
qayıtdım ki, biz o qadınla işləyəndə kefə
baxmışıq, indi də sən kefə bax...
Xalq şairi Nəriman Həsənzadənin
cəsarəti
Mərkəzi Komitə aparatında növbətçiliyi
təhvil verib tezdən evimizə getmişdim.
1981-ci ilin dekabrıydı. Yeni il ərəfəsindəydik.
Cənnətlik
xanımım Həqiqət dadlı bir səhər süfrəsi
açmışdı...
Telefonumuz zəng çaldı. MK katibinin qəbul
otağından Sona xanım idi. O dedi ki, tez bir taksiyə
otur gəl MK-ya, Həsən Əzizoviç səni gözləyir.
Katibin qəbul otağında MK-nın şöbə
müdirlərini - Vəfa Quluzadəni və Namiq Axundovu
gördüm, salamlaşıb keçdim katibin otağına.
MK katibi Həsən
Həsənov çox sərt bir tərzdə məndən
soruşdu:
- Mən
kiməm?
Az qala məni
gülmək tutacaqdı. Əslində, biz
bir-birimizi çoxdan tanıyırdıq. Həsən
Həsənov Bakının Oktyabr rayonunda, mən Abşeron
rayonunda komsomol işində eyni vaxtda işləmişdik.
Özümü ələ alıb dedim:
- Siz Azərbayan Kommunist Partiyası Mərkəzi Komitəsinin
katibi Həsən Əziz oğlu Həsənovsunuz.
- Bəs
məni niyə saymırsan? - soruşdu.
- Nə
olub ki, niyə saymıram ki? - deyə təəccübləndim.
Həsən müəllim MK-nın şöbə
müdiri Əfrand Daşdəmirovu və onun müavini Rafiq
Zeynalovu (hər ikisinə Allah rəhmət eləsin!) kabinetinə
çağırdı.
Həsən
Həsənov "Yazıçı" nəşriyyatının
1983-cü il üçün tematik
planını göstərərək dedi:
- Budur, sənin
şeir kitabın 1983-cü ilin planına salınıb, amma mənim
xəbərim yoxdur, mənə deməmisən.
Mən də
dedim ki, Həsən müəllim, mən nəşriyyata ərizə
verəndə Siz Kirovabad Şəhər Partiya Komitəsinin
birinci katibi vəzifəsində işləyirdiniz. İstəyirsiniz
soruşun, dəqiqləşdirin...
Katib
sözümü kəsdi:
- Rafiq, -
dedi, - Ramizin kitabını plandan çıxart. Vəssalam!
Rafiq
Zeynalov kabinetində təbəssümlə dedi:
- Fikir eləmə,
ay Ramiz, belə işlər olur. Bir də gedib
orda-burda deməynən ki, Rafiq Zeynalov mənim kitabımı
plandan çıxartdı. Al, bu qayçı, bu vərəq,
bu da kley, kəs, yapışdır adının
üstünü, görünməsin...
Mərkəzi Komitənin binasından birbaşa o vaxtlar
"Kommunist" nəşriyyatı adlanan yerə getdim,
qalxdım sonuncu qata. "Ədəbiyyat və incəsənət"
qəzetinin baş redaktoru, istəkli şair dostumuz Nəriman
Həsənzadənin yanına. Əhvalatı
Nəriman müəllimə danışdım.
Nəriman
müəllimin MK-nın katibi Həsən Həsənova
dedikləri dəqiq yadımda qalıb:
- Salam, Həsən
Əzizoviç, neylədiyindi, Siz Ramiz Məmmədzaənin
kitabını niyə plandan çıxardırsınız?
(Həsən Həsənovun Nəriman
müəllimə nə dediyini heç indi də bilmirəm...)
Amma mən hər ay onun silsilə şeirlərini
çap edəcəyəm (Ömrü uzun olsun, dediyi kimi də
sözünə əməl etdi).
Sonrakı illərdə, Həsən Həsənov
baş nazir olanda onun kabinetinə getdim, yenicə nəşr
edlimiş iki kitabçamı ona bağışladım.
İndi Həsən müəllim Polşada səfirimizdir,
tarix elmləri doktorudur, professordur.
Allah qorusun!
Saratovkada bazarlıq
1988-ci ilin fevral ayından yuxum qaçıb. O, atlı
olub, mən piyada, ha yüyürürəm çata bilmirəm...
O həyəcanlı
günlərdə mən Yevlaxa təhkim edilmişdim. Xankəndindəki ermənilərin qudurub üsyan
etməsi camaatımızı bərk sarsıtmışdı,
hamı pay-piyada hücum çəkib erməniləri qədim
Qarabağımızdan son nəfərinədək qovmağa
hazır idi. Elə həmin ayda iki nəfər
ağdamlı gəncin - Əli və Bəxtiyarın Əsgəran
ətrafında həlak olması uşaqdan-böyüyə
hamını qəzəbləndirmişdi. O da
yadımdadır ki, 1988-ci ilin 1 martında Yevlax Şəhər
Partiya Komitəsinin qarşısındakı meydanda Yevlax
camaatı mitinqə toplaşdılar. Leninin heykəli
qarşısında tribunada alovlu çıxışlarda
Xankəndinə hücum etmək
çağırışları eşidilirdi. Həmin mitinqdə mən də
çıxış etdim, camaatı sakitliyə
çağırdım.
Meydanda bir 7-8 yaşlı uşaq diqqətimi cəlb
etdi. O
uşaq əlində taxta xətkeşə
yapışdırılmış dəftər vərəqinə
yazılmış "Qarabağ bizimdir!" şüarı
ilə mitinqə gəlmişdi. Soyuq mart
günündə onun sifəti gömgöy göyərmişdi.
Deyirəm
görəsən, ən azı 30 il bundan qabaq ürəyi
Qarabağ atəşi ilə, Vətən sevdası ilə
çırpınan o oğlanın könlündə o atəş,
od yanğısı, erməniyə nifrət hissi sönməyib
ki...
Məncə,
qəti sönə bilməz! Yox, əgər sönübsə,
onda vay bizim halımıza...
1988-ci ilin yayında mən artıq Gədəbəydəydim. Rayon Partiya Komitəsinin
birinci katibini - Aydın Quliyevi Ağdamdan, orta məktəb
illərindən tanıyırdım. 1 ¹-li orta məktəbdə
eyni vaxtda oxumuşduq. O, məndən bir sinif
qabaqdaydı. Çox ciddi, qətiyyətli,
işgüzar, qurucu bir şəxs kimi hörmət
qazanmışdı.
Gədəbəydə yaxşı işlədi, camaat
onu doğması kimi qəbul etmişdi. İndinin
özündə də hər bir gədəbəyli Aydın
Quliyevin adını hörmətlə çəkir, ona
Allahdan rəhmət diləyirlər.
Deyirlər
ki, Gədəbəydə Aydın Quliyev adına
küçə də salınacaq... Ürəyimizcə
olardı.
Gecəli-gündüzlü
camaat arasında iş aparırdıq. Partiya, həmkarlar,
komsomol fəalları necə deyərlər, ayaq üstə
idilər.
Günlərin birində Gədəbəylə həmsərhəd
olan Krasnoselski Rayon Partiya Komitəsinin birinci katibi Nazinyan bir
neçə nəfərlə Gədəbəyə gəldilər.
Aydın müəllim məni onlara təqdim
etdi. Nazinyan Aydın Quliyevdən xahiş
etdi ki, icazə versin qarşıdakı bazar günlərinin
birində ermənilər Saratovka kəndinə
bazarlığa gəlsinlər.
Aydın müəllim əliylə məni
göstərdi. Mən də dedim ki, Bakı ilə
danışıb sizə məlumat verərik.
Qarşıdakı şənbə günü rayonun
polis idarəsinin rəisi çevik bir cavan olan Zakir Kərimovla
Saratovka kəndinə getdik.
Sovxoz direktorunun kabinetində kəndin vəzifəli
şəxsləri, partiya və komsomol fəalları ilə söhbət
apardıq.
Mən Nazinyanın xahişini onlara bildirdim. Bu elə vaxt
idi ki, qırılmış ermənilər hələ Gədəbəyin
ərazisində olan Başkənddə yaşayırdılar.
Vəziyyət hələ kəskinləşməmişdi.
Mən
bildirdim ki, sabah tezdən ermənilər
bazara gələcək, bizim camaata deyin, başa salın ki,
ermənilərlə dava-dalaş salmasınlar, sakitcə
mallarını satsınlar.
Sonra bazarda satılacaq bütün malların, əşyaların
siyahısını alıb hər şeyin qiymətini 2-3 dəfə
qaldırdım.
Ermənilər səhər saat 6-dan 12-dək Saratovka
bazarını silib-süpürüb rədd olub getdilər. Bu hadisə
1988-ci ilin iyun günlərində oldu.
Eşitdim
ki, bizim camaat məndən razılıq ediblər, deyiblər
ki, o Bakıdan gələnin atasına Allah rəhmət eləsin,
bizi xeyli qabağa saldı...
... 1988-ci
ilin fevral ayından yuxum qaçıb. O, atlı
olub, mən piyada, ha yüyürürəm çata bilmirəm...
Qarabağa
gedən yolların, ordakı dağların, dərələrin,
bulaqların, ağacların, quşların, yaralanmış evlərin yuxusu
qaçıb... Mən də yata bilmirəm ki, heç olmasa,
Ağdamı, Şuşanı, küçəmizi, evimizi yuxuda
görə bilim...
Mənim günahım nədir, Allah?!
İsmayıl Əsgərov,
Şaumyanın nəvələri, Gevorqovun...
Keçən əsrin 70-80-ci illərində Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsində ən
nüfuzlu şəxslərdən biri də İsmayıl
Əsgərov idi. Müdrik rəhbərimiz Heydər
Əliyev bu təcrübəli və işgüzar kişini cəsarətlə
irəli çəkərək, onu MK-nın ürəyi olan
partiya-təşkilat şöbəsinə müdir
qoymuşdu, MK-nın büro üzvləri tərkibinə
daxil etmişdi. İsmayıl Əsgərova böyük
etimad göstərilmişdi...
Təsadüf
elə gətirdi ki, Yessentukiyə dincəlməyə gedəndə
məlum oldu ki, İsmayıl Əsgərov da ailəsilə
birlikdə Kalinin adına sanatoriyada dincəlir.
Çalışırdım
ki, bu kişinin gözünə az
görünüm.
Amma
iş elə gətirdi ki, bir gün İsmayıl müəllimlə
bir divanda yanaşı oturası oldum.
Üzünü
mənə tutub dedi:
- Ay Ramiz,
mən bütün respublikanı tanıyıram. Axı, sən Ağdamda kimlərdənsən?
Vəzifədə-filanda olan qohumun olmayıb sənin?
Mən də
qayıtdım ki, atam 1943-cü ildə müharibədə həlak
olub, anam böyüdüb bizi, dörd uşaq olmuşuq (Zəruri
bir qeyd: Kiçik oğlum Zaur Məmmədzadə keçən
yay söz vermişdi ki, maşınla məni atam Yaqubun Oryol
vilayətindəki qəbrini ziyarət etməyə apara bilər.
Qələbənin 75 illiyi koronavirus
dövrünə düşdü, gedə bilmədik). Vəzifədə qohumlarım olub - raykom katibi,
prokuror, kolxoz sədri və s.
Axır məlum oldu ki, İsmayıl müəllim mənim
mamaoğlum (Qarabağda atanın bacısına "mama"
deyirlər) Ənvər Cəbrayılovla 1939-cu ildə
hüquq fakültəsini bir yerdə bitiriblər. O vaxtlar hüquq fakültəsi
Xalq Təsərrüfatı İnstitutunun nəzdində olub.
Yessentukiyə
- İsmayıl Əsgərovun adına Bakıdan
"Kommunist", "Bakinski raboçi", "Sovet kəndi",
"Ədəbiyyat və incəsənət" qəzetləri
gəlirdi, həmin qəzetlərlə mən də
tanış olurdum...
1978-ci
ilin bir payız günündə İsmayıl Əsgərov
məni kabinetinə dəvət edib tapşırıq verdi:
- Şaumyanın nəvələri gəlir. Biri Moskvadan, biri Rostovdan,
bacı-qardaşdılar. Onları Dağlıq
Qarabağa sən aparacaqsan. Hazır ol,
birinci gün yola çıxacaqsınız. Gevorqovun (Vilayət Partiya Komitəsinin birinci katibi) xəbəri
var. Günorta naharı Göyçayda olacaq, katib sizi gözləyəcək. - İsmayıl Əsgərov sonra təbəssümlə
dedi. - Ehtiyatlı ol, ağdamlılığına salma ha...
Dağlıq Qarabağın paytaxtında Gevorqov və
onun komandası qonaqları sevinclə qarşıladılar. Şuşaya,
Martuniyə getdik, şəhərin sənaye obyektlərində
olduq. Hər gecə Nauri Allahverdiyan və
onun tarçalan əri qonaqlar üçün
çalıb-oxuyurdular.
Mən
orda Vilayət İcraiyyə Komitəsinin sədr müavini
Eldar Əsgərxanovu
(məşhur jurnalist Samir Əsgərxanovun
atası) gördüm. Eldarla uşaqlıqdan - Ağdamdan tanış idim, qonşu olmuşduq. Eldara dedim
ki, biz tanış deyilik ha...
Çünki gecə məclislərində Gevorqov məndən
tez-tez soruşurdu ki, hansı rayondanam. Mən konkret
cavab vermirdim.
Bir faktı da yazmağı məqsədəuyğun
hesab edirəm.
Bizdə, Bakıda mərkəzi orqanların
birində çalışan tanışlarımdan biri mənimlə
mübahisə edərək deyirdi ki, Gevorqov yaxşı ermənidi.
Mən də o tanışıma böyük bəstəkarımız
Üzeyir bəy Hacıbəylinin məşhur fikrini misal
çəkirdim. Üzeyir bəy buyurub ki, erməniyə yaxşı deməzlər,
deyərlər ki, bu erməni o biri ermənidən
yaxşıdır...
Gevorqov
qatı millətçiydi...
Erməni dilini bilən "Kommunist" qəzetinin
müxbiri dostumuz Firudin Rəsulovun Dağlıq Qarabağ
üzrə xüsusi müxbir işləməsinə birinci
Gevorqov etiraz etmişdi. Ona erməni dilini bilən azərbaycanlı
jurnalist lazım deyildi. Bütün çətinliklərə
baxmayaraq, Firudin Rəsulov Qarabağa getdi və kişi
kimi işlədi.
Deyirdilər ki, guya Gevorqovun qadını azərbaycanlıdır.
Qəti belə deyil. O qadın rus idi, bir azərbaycanlı
hərbçinin
ailəsində böyümüşdü və s.
Onu da deyim ki, Şaumyanın nəvələri istər
Bakıda, istər Qarabağda, istərsə də getdiyimiz
yollar boyu mənimlə bir kəlmə belə kəsmədilər,
lal oldular.
Mən səfərin
yekunu barədə rəsmi arayış yazıb MK-yə məlumat
verdim...
Sözün, misranın keşiyində
duranlar
İki
müqtədir Azərbaycan şairi - Əliağa
Kürçaylı və Tofiq Bayramla (hər ikisinə Allahdan rəhmət
diləyirəm) bağlı bu kiçik xatirəni yada
salmağı özümə borc bildim.
Əvvəla,
Əliağa Kürçaylı SSRİ Yazıçılar
İttifaqına qəbul olmağım üçün mənə
zəmanət vermişdi, Tofiq Bayramla isə Pedaqoji
İnstitutdan, tələbəlik illərindən tanış idik.
Səhv
etmirəmsə, 1978-ci ildə yenicə yaradılmış
"Yazıçı" nəşriyyatının ilk
direktoru işıqlı bir ziyalı olan Əjdər Xanbabayev
idi, Əliağa Kürçaylı baş redaktor, Tofiq Bayram
poeziya şöbəsinin müdiri idi.
Mənim də növbəti şeir kitabımı həmin
nəşriyyat plana salmışdı.
1978-ci ilin qızmar bir yay günündə Əliağa
Kürçaylı məni nəşriyyata dəvət etdi. Onda nəşriyyat
məşhur "Azərnəşr"in birinci qatında
yerləşirdi, ayrıca binaya sonralar köçdülər.
Əliağa
Kürçaylı dedi ki, sənin kitabını nəşrə
hazırlayırıq. Tofiq bir-bir oxuyacaq, müzakirə edəcəyik...
Yayın istisindən, otağın bürküsündən
pörtmüş Tofiq Bayram başladı şeirlərimi
bir-bir oxumağa.
Əliağa
müəllim də, Tofiq Bayram da qısaca olaraq oxunan şeirlər
haqqında deyirdilər: "qalsın" və ya
"çıxarılsın".
Mən də onların təklifi ilə əsasən
razılaşırdım.
Birdən
Tofiq müəllim mənə dedi ki, sənin anan haqqında
yazdığın bir şeir rus şairi filankəsovun
anasına yazdığı şeirə oxşayır.
Mən də qayıtdım ki, vallah mən o rus
şairinin şeirini oxumamışam. Amma mən bu şeirimi ərini
Hitler müharibəsinə yola salmış, 22 yaşından 4 balaca uşaqla bir damın
altında qalmış anam Zəhraya yazmışam.
Əliağa
Kürçaylı qısaca dedi:
-
Qalsın.
Tofiq Bayram "Sənin heç xəbərin yox bu xəbərdən"
şeirini oxuyanda Əliağa rəhmətlik soruşdu ki, sən
bu şeiri nə vaxt yazıbsan?
Mən,
1971-ci ildə dedim.
Əliağa bildirdi ki, onun da bu şeirə bənzər
şeiri var və əlavə etdi ki, "qalsın". Sən məndən
əvvəl yazmısan.
Kiçik
bir haşiyə:
İndi
hardadır belə redaktə, belə həssas munasibət, belə
tələbkarlıq...
Mən Yazıçılar İttifaqının Natəvan
klubunda kitab təqdimatlarında hərdən iştirak edirəm. Bir şeir yazanın kitab təqdimatında
dedim ki, niyə "üçrənglim" sözü
ayrı yazılıb kitabda? Bu mürəkkəb
sözdür, biryerdə yazılmalıdır.
Müəllif məndən incidi. Mən həmin müəllifə
dedim ki, qardaş, niyə inciyirsən, sözlərin
yazılma qaydasına dair "Azərbaycan dilinin
orfoqrafiya lüğəti" kitabı var. O kitab qələm
adamlarının stolüstü kitabı olmalıdır.
Sonra xahiş etdim ki, "cəngavər" və "əsl"
sözlərini bir vərəqə yazıb mənə
göstərsin. Hər iki sözü səhv yazdı... Belə-belə
işlər.
Əliağa
Kürçaylı ilə Tofiq Bayram o isti yay günündə xeyli zəhmət çəkib
mənim kitabımı diqqətlə nəşrə
hazırladılar.
Hər
iki şairi o vaxtlar məşhur olan "Mirvari" yeməkxanasına
tabaka yeməyə dəvət etdim, ha yalvardım, getmədilər...
Otaqdan
çıxanda Əliağa Kürçaylı dedi:
- Ay Ramiz,
məndən adını soruşma, bir nəfər istəyir
ki, sənin kitabın çıxmasın. Amma
çıxacaq, indidən təbrik edirəm!
Böhtan
Sizi deyə bilmərəm, mənə böhtan
atıblar, şərləyiblər.
Akademik
Ağamusa Axundovun redaktəsi ilə nəşr olunmuş
"Azərbaycan dilinin izahlı lüğəti"
kitabında "böhtan" sözü belə izah edilir:
"birini ləkələmək üçün nahaqdan ona
pis bir şey isnad etmə, iftira, şər... (ərəbcə
"böht" sözündəndir, heyrət, təəccüb...)
deməkdir.
Böhtançının
Allahı olmaz, ha
Qurana-kitaba
and iç, xeyri yoxdur.
Bir
neçə dəfə görmüşəm böhtanın
mürdəşir yumuş üzünü... Allah heç kimə
göstərməsin...
1990-cı
ilin 20 yanvar qırğını bizim hamımızı
sarsıtdı, necə deyərlər, lap elə belimizi
qırdı. Rus faşistlərinin güllələdiyi
Vətən övladlarının ah-naləsi Yerə-Göyə
sığmadı, ürəyimizi parçaladı.
Mən də qəzəbimi, hisslərimi, nifrətimi
poeziyanın dili ilə ifadə etməyə can atdım və
nəhayət, "O gecə" adlı bir poema yaza bildim.
Poemanın
ilk misraları beləydi:
Nə qara, nə müdhiş gecəymiş
Allah!
Biz
hardan biləydik necəymiş,
Allah!
İlanmış - sürünə-sürünə
gəlib,
Şeytanmış -
bürünə-bürünə gəlib.
Qaralmış - qarala-qarala gəlib,
Saralmış - sarala-sarala gəlib...
və s.
Həmin
poemanın bir beytini belə indi yaza bilmərəm... Təbii
ki...
Bir vaxtlar məşhur olmuş "Gənclik" nəşriyyatı
həmin poemanı şəkilli kitabça kimi
buraxmağı boynuna götürdü və buraxdı da.
Nəşriyyatın diribaş və cəsarətli
direktoru, rəhmətlik dostumuz Əlican Əliyev əsl fədakarlıq
nümunəsi göstərdi. Zarafat deyil,
kitabça yüz min tirajla nəşr edilib yayıldı.
Müqtədir şairimiz Çingiz
Əlioğlu kitabın baş redaktoru, Teyyub Qasımov rəssamı
oldu.
Mətbəə direktoru Aslan Quliyev bütün
imkanlarını səfərbər etdi. "Dan yeri" adlı
kooperativin sahibi, istiqanlı bir adam olan Pərviz
Əliyev yaradıcılıqla işə qoşuldu və s.
1991-ci ilin yanvarında "O gecə"
kitabçası bütün aləmə səs saldı.
Qəzetlər kitab haqqında müsbət rəy
yazdılar, Azərbaycan radiosu görkəmli aktyorların
ifasında poemanı səsləndirdi və s.
Kitaba görə mənə çatası 12 min manatdan
artıq pulu Şəhidlər xiyabanının tikinti fonduna
köçürülməsi üçün "Gənclik"
nəşriyyatına ərizə verdim. Və bu barədə
o vaxtkı "Kommunist" qəzetində rəsmi məlumat
dərc edildi.
Amma sən demə, böhtançı pusquda imiş,
güdürmüş, fursət axtarırmış.
1991-ci ildə
"Həyat" qəzetinin mart nömrəsinin birində "O
gecə" kitabını hörmətdən salmaq, müəllif
və yaradıcı heyətə şər atmaq məqsədilə
bir məqalə dərc olundu.
Guya kitab
bədii cəhətcə zəifdir, nəşriyyat səhv
iş görüb, gərək bu kitab nəşr edilməyəydi,
pul qazanıblar və s.
Mən redaksiyaya - baş redaktor Əfqan Əsgərovun yanına gedərək kəskin etiraz etdim. Yazının şər, böhtan, sifariş olduğunu bildirdim. Həmin ilin may ayında Mətbuat Komitəsinin kollegiya iclasında kitabın nəşri müzakirə olundu və kollegiyanın qərarı ilə "Gənclik" nəşriyyatının direktoru Əlican Əliyevə, nəşriyyatın baş redaktoru Çingiz Əlioğluna töhmət verildi. Qəzetlərə müsahibəsində Əlican Əliyev bildirdi ki, mən Ramiz Məmmədzadənin "O gecə" kitabına müqəddəs bir kitab kimi baxıram, mən o töhməti "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni hesab edirəm, o kitabı nəşr etdiyimə görə öyünürəm, fəxr edirəm...
Mən bu yazını ustad ziyalımız yazıçı Əlövsət Bəşirlinin dini mənbələrə istinadən tez-tez dediyi aşağıdakı kəlamlarla bitirəcəm: "Şəri-şeytandan, quru böhtandan, məkri-zənəndən, bədnəzərdən uzaq!" Min uzaq!..
Şüvəlan, aprel-may 2020-ci il
Ramiz MƏMMƏDZADƏ
525-ci qəzet.- 2020.- 3 iyun.- S.18-19.