Azərbaycandan cahana bir
bülbül səsi - Rəşid Behbudov
Aleyna Malqoç
1998-ci ildə İstanbul
şəhərində doğulub. Davamlı olaraq
Türkiyə mətbuatında
müxtəlif ədəbi
yazıları, məqalələri
və şeirləri dərc edilir.Bir sıra ədəbi mükafatlara layiq görülüb. Hazırda
Boğaziçi Universitetində
Türk dili və ədəbiyyatı
ixtisası üzrə
təhsil alır, türkologiya üzrə də çalışır.
Qazaxıstan və Özbəkistanda
ədəbi və elmi konfransların iştirakçısı olub.
A.Malqoçun böyük müğənni Rəşid
Behbudov haqqında yazısını təqdim
edirik.
... Bir axşam vaxtı, İstanbul Boğazını
seyr etmişik, yamyaşıl otlarda oturub, dostlar ilə. Hamımızın qulağında məxmər
kimi bir bülbül səsi, Azərbaycan türkcəsinin
o xoş və şirin harmoniyası.
Həmin vaxtda can Azərbaycandan Türkiyəyə,
əziz şəhər
Bakıdan İstanbula
bir könül körpüsü tikilir. Hamımız bir bədən
oluruq, könüllərimiz
o səsin nəğmələrində,
o mahnının sözlərində
görüşür. Könlümüz İstanbulun sərin
sularından ulu Xəzərə gəlir.
O vaxtda, sanki hər kəs, hər şey yoxa çıxır gözlərimdən. Mən ürəyim
və ağlımla baş-başa qalıram.
Qulağımda Rəşid Behbudovun
o əvəzsiz səsi,
məni səmalara aparıb aləm ilə bir bütün
edir. Musiqinin sehri məni
14 dekabr 1915 tarixinə,
Rəşid müəllimin
doğulduğu vaxta aparır. Tarixdə bir vaxt səyahətinə çıxmış
ikən, ana qucağında Rəşidi
görür gözlərim.
Güclü səsi ilə
bir gün, bütün aləmə bir çox dildə danışacaq kimi parlaq və
məğrur görünür
ana qucağında.
"Mənim məmləkətim musiqinin
və şeirin şəhəri Şuşadır.
Bir gün mən də səsim ilə dünyanı qucaqlayıb Azərbaycanın
və Türk dünyasının qüruru
olacağam" deyir sanki.
Birdən-birə o uşaq böyüyür,
böyüyür. İbtidai təhsil
çağlarında belə
səsi, mahnıları
ilə ovsunlayır hər kəsi. Mən isə bir zaman
səyahətinə çıxaraq
yol alıram. Nə görürəm? Böyük sənətkar
Üzeyir Hacıbəyli
və gənc Rəşid bir-biri ilə hərarətli tərzdə danışır.
"Arşın mal alan" filmində Rəşid birdən-birə
Tacir Əsgər olub o məşhur ariyasını könüllərimizə
qazıyır. Sevgilisi ilə
şirin-şirin danışıb
qovuşacaq günü
gözləyir.
Mən isə bu vaxt
xəyal aləmindən
gerçək həyata,
"Arşın mal alan" filmindən İstanbul sahillərinə
qayıdıram. Yolda,
evdə, işdə, yatmazdan əvvəl - həmişə qulağımda
Rəşidin mahnılarıdır...
Vaxt gəlir,
Rəşid Behbudovu
"Bəxtiyar" filmində
seyr edirəm. Vaxt olur, onun ifasında
"Çal-oyna" isimli
xalq mahnısına qulaq asanda bu
gözəl sözləri
yadıma düşür:
"İstədim, elə
bir heyət qurum ki, xalq
musiqimiz, muğamlarımız,
köhnə rəqslərimiz,
çağdaş xoreoqrafiya,
alətlərimiz, mahnı,
estrada, caz, bəstəkarların yazdığı
əsərlər, milli
adət-ənənələr bu komandada bir
araya gəlsin".
Rusca mahnılarına
qulaq asarkən könül telim titrəyir, özümü
bir rus operasında
hiss edirəm. Hindcə mahnılarına qulaq asıram, Rac Kapoor və
"Avara" mahnısı
düşür yadıma.
Gülümsəyirəm. Meksika xalq mahnısına
qulaq asanda təəccüblənirəm. Ərəbcə bir mahnısında
əylənir, farsca mahnılarına qulaq asanda isə məna və musiqi vəhdətilə kədərlənirəm. Türkcə mahnılarına
qulaq asanda fərqli bir zövq hiss edirəm. "Kaş ki
o həyatda ikən Rəşidi öz vətənimdə bu türk mahnılarını
oxuyanda seyr eləmiş olaydım",
- deyirəm. "İncəcikdən bir qar yağar" və "Unutdun məni, zalım" mahnıları dəfələrlə
əks-səda verirkən
qulağımda, ixtiyarsız
olaraq, Rəşid Behbudovu sənət günəşimiz Zəki
Müren ilə müqayisə edirəm.
Sonra əsəbiləşirəm özümə.
"İkisi də bizim bülbül səslimiz, dəyərlərimiz,
musiqimizin zərgərləridir",
- deyirəm...
O hər: "Bakı - əziz şəhər, mehriban diyar" deyəndə Bakı küçələrində çılğınlar
kimi maşın sürmək və Rəşid Behbudova qulaq asmaq istəyim
güclənir. O, "Ağacda
leylək..."i,
"Lalələr"i oxuyanda
bir Azərbaycan toyunda Qafqaz rəqsi oynamaq istəyirəm. Rəşidin
dilindən:
"Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır
yaşıl bağların,
Bizimlə bir başlamışdır
gözəl çağların...
Yurdum, yuvam, məskənimsən,
Azərbaycanım,
Anam, doğma vətənimsən,
Azərbaycanım..."
sözləri çıxanda
can Azərbaycanın hər
bir küçəsi
gözümün qabağına
gəlir. Rəşid
"Ey Vətən " deyə nida etdikcə qəlbimdə türkün
məhəbbəti çoxalır.
Gözümün qabağına əsir
türk elləri gəlir. Ən çox da Qarabağ,
Laçın... Əsəbiləşirəm, gözlərimdən yaş gəlir. "Əcəba qurtularmı
bir gün düşmən əllərindən
türk torpaqları?"
deyə soruşuram özümdən.
"Nazəndə sevgilim"ə,
"Sənə də
qalmaz"a, "Bahar sənsiz"ə qulaq asanda hüznlü şeirlər, itirilmiş
sevgilər, aşilər,
ayrılıqlar düşür
yadıma. Köhnəlmiş
şəkillər, hədiyyələr
və heç vaxt geri qayıtmayacaq
xəyallar...
Bir filmdə
onun səsindən 'Küçələrə su
səpmişəm" mahnısını
dinləyəndə ağlayır
gözlərim. Yenə bir gün, masa
arxasında oturub işləyərkən "Qalanın
dibində"nin sözləri və Rəşidin füsunkar səsi əks olunur qulağımda:
"Qalanın dibində bir quş olaydım,
Gələnə-gedənə yoldaş olaydım..."
"Mən də Rəşidin heykəli önündə, teatrının
qarşısında bir
daş olaydım, həmişə onun səsinə qulaq asaydım" - deyirəm...
Azərbaycanın bu qüdrətli övladı, bu böyük sənətkarı, səsi, sənətçi şəxsiyyəti ilə İstanbulda gənc bir türkün könlünü fəth edir, ona ilham verir. Bu səbəbdən bütün türk dünyası əl-ələ verib o dahi sənətkarını cahana daha geniş təqdim etməli deyilmi?! Vəfatından uzun illər sonra belə, dahi Rəşidin adını aləmdə əbədiləşdirməli deyilikmi?!
Odur ki, birağızdan deyək:
Vaxtilə bir Rəşid var idi deyirlərsə, nə xoş!
Yad edilmək ilə hansı ruh olmaz ki
sərxoş?!
Bu dünya durduqca səsin, avazın susmasın, Rəşidim!
Aleyna MALQOÇ
525-ci qəzet.- 2020.- 5 iyun.- S.13.