Tarixçə
Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə
bağlı son illər qələmə
aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında
yazdığı ssenarilərə çəkilmiş filmlər,
televiziya verilişləri istər
oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən
ən yaddaqalan layihələrdəndir.
Bu materiallar həm
də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə
bağlı bir çox
qaranlıq məqamlara işıq salınması
baxımından zəruri və lazımlıdır.
Müəllifin
son vaxtlar öz Feysbuk səhifəsində
“Bilirdinizmi” başlığı
altında tarixin ən fərqli dönəmlərini
əks etdirən tarixçə tipli
yığcam paylaşmaları isə sosial
şəbəkə istifadəçiləri tərəfindən
xüsusi maraqla izlənilir.Bu
diqqət və marağa güvənərək
həmin yazıları
“525”in oxucuları ilə də
bölüşmək qərarına gəldik. Niyyətimizi
bildirəndə, sağ olsun,
jurnalist dostumuz istəyimizi
geri çevirmədi və
razılaşdıq ki, bu
yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.Buyurun, oxuyun.
Bjezinski Heydər Əliyevi nə ilə
təəccübləndirmişdi?
Bilirdinizmi ki, Zbiqnev Bjezinski 1997-ci ildə Bakıda olarkən Heydər Əliyevi təəccübləndirib?
Məşhur Amerika politoloqu Zbiqnev Bjezinski 1997-ci ildə Bakıya – Heydər Əliyevlə görüşə gəlir.
Bu tarixçəni politoloq özü 2010-cu ildə Amerikanın Corc Taun Universitetində keçirilən bir görüşdə danışmışdı. Demişdi ki, Bakı-Ceyhan layihəsi ilə bağlı ABŞ prezidenti B.Klintonun etibarlı nümayəndəsi kimi Azərbaycana getmişdim.
Həmin gün Rusiyadan da yüksək vəzifəli qonaqlar gəlmişdi. Heydər Əliyev məni gec, axşam saat 12-nin yarısında qəbul etdi.
Mən əlimi atıb cibimdən B.Klintonun Azərbaycan prezidentinə göndərdiyi məktubu çıxardım.
Heydər Əliyev məktubu götürüb, zərfin açıq olduğuna təəccübünü gizlətmədi:
– Bəs niyə zərfin ağzı açıqdır?
Mən dedim ki, B.Klinton mənə inanır, ona görə məktubda nə yazıldığını məndən gizlətmir…
Sonra söhbətimiz gecəyə qədər davam etdi. Amma o, zərfin açıq olmasına təəccübünü görüşün sonuna qədər də gizlədə bilməmişdi…
Z.Bzejinski gülə-gülə
bu “anlaşılmazlığın” səbəbini
də özünəməxsus tərzdə izah
etmişdi: “Bəlkə də bu təəccüb sovetlərlə Qərbin
diplomatiyası arasındakı üslub fərqindən
irəli gəlirdi…”
Nobel qardaşlarının Bakı
qoçuları ilə işbirliyi
Bilirdinizmi ki, vaxtilə hətta Nobel qardaşları da çətinliyə düşəndə Bakı qoçularına müraciət ediblər?
“Hamı kimi biz də Qafqazda yerli adətlərlə barışmalı olurduq. O cümlədən, oğrulara haqq verməli olurduq”.
Bu cümlələr Nobel qardaşları şirkətinin Bakı kontorunun rəhbəri olmuş K.Hagelinin xatirələrindən götürülüb.
O vaxt nəhəng mədən sahələrini hasara almaq mümkün olmayıb. Ona görə də Nobellərin mədənlərindən də qiymətli əşyalar və alətlər oğurlanıb.
K.Hagelinin yazdığına görə, belə bir vaxtda Nobellərin köməyinə “Sabunçulu Aşurbəyov” gəlib. Müəyyən pul müqabilində şirkətin mədənlərinin mühafizəsini öz öhdəsinə götürüb.
Bir dəfə Qafqaz canişini qraf Vorontsov-Daşkov Bakıda olanda Emmanuel Nobel Bakı qoçularının fəaliyyəti barədə danışır, onlara pul verdiklərini xatırladır. Canişin bu söhbəti eşidəndə qəh-qəh çəkib gülür və deyir: “Boş əllə silah qarşısında neyləyə bilərsən? Mən canişinəm, yeri gələndə mən də sizin kimi oğrulara haqq verirəm. Burda adət belədir…”
M.Ə.Rəsulzadə: “Polisin
acizliyini görən bəzi firmalar təhlükəsizliyini verdikləri dolğunca maaş
müqabilində Bakının “qoçu”
deyə məşhur olan
qoçaqlarına əmanət etmişdilər. O cümlədən,
məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-ev deyilən birisilə
bağlaşmışdı”…
“Sovet
Azərbaycanı”nda yanğın. Vışinski Bakıya gəlir…
Bilirdinizmi ki, 1935-ci ilin mayında Krasnovodskdan Həştərxana gedən “Sovet Azərbaycanı” neftdaşıyan gəmisi Xəzərdə batıb?
… Nebit-Dağ nefti yüklənmiş “Sovet Azərbaycanı” gəmisi “Sovet” yedək gəmisi ilə Həştərxana istiqamət götürür. Lakin mayın 28-də gecə “Sovet Azərbaycanı”nda partlayış baş verir və yanğın törənir. “Sovet” gəmisinin kapitanı yanan gəmiyə yardım göstərmək əvəzinə, buksiri kəsərək hadisə yerindən uzaqlaşır. Faciə zamanı gəmidə olan 27 nəfər həlak olur. Dərhal müvafiq hökumət komissiyası yaradılır, istintaq aparılır.
Stalin bu faciənin səbəblərini araşdırmağa o qədər ciddi yanaşır ki, məhkəmədə dövlət ittihamını müdafiə etmək üçün cəmi bir neçə ay əvvəl SSRİ prokuroru təyin etdiyi A.Vışinskini Bakıya göndərir.
SSRİ prokuroru diqqəti faciənin əsl səbəblərinə – gəminin köhnəliyinə, beşillik planın yerinə yetirilməsi naminə texniki qaydaların pozulmasına deyil, gəmi heyəti üzvlərinin şüurundakı “iyrənc kapitalizm qalıqları”na yönəldir.
1935-ci il avqustun 25-də, axşam saat 6-da M.Əzizbəyov adına Türk Dram Teatrının binasında məhkəmə prosesi başlanır.
A.Vışinski məhkəmədə siyasi ittiham xarakterli geniş nitq söyləyir və onun nitqi sonralar uzun illər ən yaxşı ittiham nitqi kimi dərsliklərə salınır.
Məhkəmə “Sovet” gəmisinin kapitanı barədə ölüm hökmü, qalanları barədə il yarımdan on ilə qədər azadlıqdan məhrumetmə cəzası çıxarır…
Sonralar “Sovet
Azərbaycanı” adlandırılan batan gəmi
1893-cü ildə bir Bakı
sahibkarının sifarişi ilə İsveçin “Kokkum” tərsanəsində
tikilmişdi…
Rus generalın ayağı
altında kim
qurban kəsib?
Bilirdinizmi ki, 1827-ci ilin oktyabrında Təbrizi tutmağa gələn rus generalı İvan Paskeviçin ayağı altında qurbanlar kəsilib?
Vasili Potto (“Kavkazskaə voyna…” kitabından): “…Təbriz ruhanilərinin başçısı Mir Fəttah-Seyid
şəhərin xilasını
öz üzərinə
götürdü. O, Allahyar
xana sərt şəkildə bildirdi ki, …öz vəzifəsini
təhvil verib şəhəri tərk eləsin. Allahyar xan onu eşitdi və şəhərdən çıxdı.
Şəhərin açarları gizlədilmişdi.
Mir Fəttah qapıların
sındırılması barədə
əmr verdi”.
İran
tarixçisi Əminə
Pəkrəvan (“Abbas Mirzə və Azərbaycan” kitabından):
“…Mir Fəttah …öz
tərəfdarlarını toplayıb, Gəcil darvazasının ağır
lənglərini rusların
üzünə açdı”.
Vasili Potto: “… Paskeviç Təbrizə oktyabrın
19-da çatmışdı. Bayram paltarı geymiş bütün ruhanilər – xristianlar və müsəlmanlar, starşinalar,
nüfuzlu bəylər
və çoxsaylı
kütlə onu şəhər kənarında
qarşıladı. Keçdiyi yola
gül tökdülər,
Şərq adətinə
uyğun olaraq qalib sərkərdənin ayaqları altında qurbanlar kəsildi”.
Əminə Pəkrəvan: “… Təbrizə girərkən general Paskeviçin
qarşısında qurban
kəsilməsi Abbas Mirzənin qüruruna toxunmuşdu”.
Bundan təxminən üç
ay sonra Türkmənçay
müqaviləsi imzalancaqdı…
P.S. Milli Azərbaycan Tarixi Muzeyində Təbrizin və Abbasabad qalasının 5 dəst açarı saxlanılır…
Bakı neft mədənlərində yanğın
təhlükəsi. 1940-cı il…
Bilirdinizmi ki, 1940-cı ildə Bakının bombardman ediləcəyi təqdirdə
şəhəri xilas
etmək üçün
Stalin Amerika mühəndislərindən
məsləhət istəyib?
1940-cı ilin əvvələrində
Britaniya və Fransa hərbi dairələri Bakı neftinin Hitlerin əlinə keçməməsi
üçün şəhəri
bombalamaq planı üzərində işləyirlər. Bombardmançı təyyarələr Şimali
İraqdan havaya qalxaraq ya İran,
ya da Türkiyə
üzərindən Bakıya
uçmalı idi.
Bu isə İran və ya Türkiyə
hökumətinin razılığı
ilə mümkün ola bilərdi.
Bu məsələyə aydınlıq
gətirmək üçün
1940-cı il martın 14-də Fransanın
Türkiyədəki səfiri
Rene Massilye Türkiyənin
xarici işlər naziri Şükrü Saracoğlu ilə görüşür.
Saracoğlu ona Moskvadakı türk səfirindən aldığı teleqramı
oxuyur.
Türkiyənin Moskva səfiri Amerikanın bu ölkədəki səfirinə
istinadla yazırdı:
Stalin Bakı neft rayonunun bombalanmasından və yanğın təhlükəsindən o qədər
narahat olub ki, məsləhət üçün Amerika mühəndislərinə müraciət
edib.
Sual belə qoyulub: Bakı bombardman edilsə, yanğını
söndürmək mümkündürmü?
Amerika mühəndislərinin cavabı:
mədənlərdə torpağa
illərdən bəri
o qədər neft hopub ki, yanğını
söndürməyə aylar,
Bakıda neft hasilatını bərpa etməyə isə illər lazım ola bilər.
“Əhalini necə xilas etməli” sualına Amerikalıların
cavabı: şəhəri
indiki yerindən 50 kilometr uzağa köçürmək lazımdır…
İkinci
dünya müharibəsinin
açılmayan sirləri
hələ çoxdur…
P.S. Hələ 1940-cı ilin mayında Bakının bombardman edilməsi barədə avantürist planlar hazırlanmışdı.
Hitler Almaniyasının Fransanı işğal etməsi ilə bu planlar pozulmuşdu.
Həmin
planlara dair sənədlər isə alman hərbiçiləri
tərəfindən müsadirə
edilərək Berlinə
göndərilmişdi. Sonradan Ribbentrop həmin sənədləri Stalinə
verir və həmin sənədlər
1940-cı ilin yayında
“Pravda” qəzetində və
Bakıda çıxan
“Kommunist” qəzetində
dərc edilir…
Bakı üzərində
kəşfiyyat təyyarəsi. Bakını bombalamaq
üçün…
Bilirdinizmi ki, hələ
1940-cı il martın 30-da Britaniyanın
hərbi təyyarəsi
Bakı üzərində
kəşfiyyat uçuşu
keçirib?
Və bu təyyarə sovet hava hücumundan müdafiə qüvvələrinin
gözündən yayına
bilib.
Bundan 20
gün sonra SSRİ-nin Londondakı səlahiyyətli nümayəndəsi
İvan Mayski Stalinə məlumat verir: “…mülki təyyarə kimi rənglənən iki bombardmançı təyyarə
foto aparatla təchiz olunaraq göyə
qaldırılıb. Onlardan biri
Bakı üzərində
foto-çəkilişlər aparıb. Bakı üzərində çəkilmiş foto-şəkillər
artıq Londona çatdırılıb”.
Bu uçuş Bakı
neft mədənlərini
bombalamaq planının
tərkib hissəsi idi. Britaniya və Fransa
hərbi dairələri
Bakını yandırmağa,
darmadağın etməyə
hazır idilər.
Neftə görə…
1940-cı
il aprelin
17-də Fransa quru qoşunlarının komandanı
general Qamelen Nazirlər
Sovetinin sədri Pol Reynoya yazırdı:
“Rusiya neftinin 75 faizi Bakıda hasil olunur. Ən vacib
neftayırma zavodları
bu şəhərdədir.
Ona görə də Bakıya hava hücumu istisnasız olaraq məqsədəmüvafiq
əməliyyat sayılır”.
Bakını darmadağın etmək
üçün 15 gün
vaxt nəzərdə
tutulurdu…
1940-cı
il mayın
10-da Almaniyanın Fransaya
hücumu bu planları pozur…
Müharibədə Stalinin “araq diplomatiyası”
Bilirdinizmi ki, İosif
Stalin müharibə illərində
əsgər və zabitlərə araq verilməsi barədə beş dəfə
xüsusi əmr imzalayıb?
Döyüşən ordunun əsgər və zabitlərinə araq verilməsi barədə “tamamilə məxfi” qrifli ilk əmri İ.Stalin 1941-ci il
avqustun 22-də imzalayıb:
“1941-ci il sentyabrın
birindən başlayaraq
döyüşən ordunun
ön xəttində olan qızıl əsgərlərin və
rəis heyətinin hər birinə gündə 100 qram 40 dərəcəli araq verilməsi qaydası müəyyən edilsin”.
1942-ci il mayın
11-də bu qərara dəyişiklik olunur və “araq hədiyyəsi”
yalnız ön xətdə vuruşan və alman işğalçılarına
qarşı döyüşlərdə
uğur qazanan hərbi qulluqçulara verilir. Özü də norma
100 qramdan 200 qrama qaldırılır.
Həmin
il iyunun
6-da və noyabrın
12-də “araq məsələsi”
barədə Stalinin yeni əmrləri qüvvəyə minir. “200” rəqəmi yenidən “100”lə əvəz
olunur.
1943-cü
il aprelin
30-da həmin qaydalara daha bir düzəliş
edilir.
Sovet ordusunda əsgər və zabitlərə araq vermək praktikasına yalnız
1945-ci il mayın 9-dan – Qələbə
günündən sonra
son qoyulur…
Müsəllim
HƏSƏNOV
525-ci qəzet.- 2020.- 5 iyun.- S.12.