Dünya ədəbiyyatı
anlayışına
Giriş və
"Dünya ədəbiyyatı"
dərgisinin xüsusi sayına müqəddimə
Dünya ədəbiyyatı
- yer kürəsində yaşayan bütün xalqların
yaratdıqları seçilmiş ədəbiyyat deməkdir.
Dünya ədəbiyyatı
- planetdə yaranan ən mükəmməl bədii əsərlərin
ümumiləşdirilmiş külliyatıdır.
Bundan başqa, dünya ədəbiyyatı
anlayışı həm də böyük ədəbiyyatın
ölçü vahididir. Hər hansı bir xalqın
yazıçı və şairlərinin yaratdıqları bədii
əsərlərin heç də hamısı deyil, ideya və
sənətkarlıq cəhətdən ümummilli sərhədləri
aşaraq, özündə milli və bəşəri dəyərləri
vəhdətdə ifadə edən əsərlər dünya ədəbiyyatı
xəzinəsinə daxil olan və hamı tərəfindən
qəbul olunan sənət örnəkləridir. Məsələn,
Azərbaycan ədəbiyyatından Nizami Gəncəvinin
"Xəmsə"si, Məhəmməd Füzulinin
lirikası və "Leyli və Məcnun" poeması, Mirzə
Fətəli Axundzadənin "Müsyə Jordan və dərviş
Məstəli şah" komediyası, Cəlil Məmmədquluzadənin
"Ölülər" tragikomediyası, Hüseyn Cavidin
"İblis" mənzum faciəsi, Məmməd Səid
Ordubadinin "Qılınc və qələm" tarixi
romanı, Səməd Vurğunun "Komsomol poeması"
(adındakı ideoloji yönlü "komsomol"
sözünün olmasına baxmayaraq - İ.H.), Rəsul
Rzanın "Rənglər" şeirlər silsiləsi və
başqa əsərlər Azərbaycan ədəbiyyatının
dünya ədəbiyyatına verdiyi layiqli töhfələr
hesab oluna bilər.
Fikrimcə, "Kitabi-Dədə Qorqud" dastanları
da dünya epos sənətinin şedevridir. Bizə
görə dünyanın bütün dastanlarını tərəzinin
bir gözünə və "Kitabi-Dədə Qorqud" dastanlarını
isə o biri gözünə qoysalar, Azərbaycan oğuznaməsi
ağır gələr. Əlbəttə,
adını çəkdiyim əsərlər şərtidir.
Müxtəlif baxış bucağından
yanaşmaqla bu sıraya əlavələr də etmək, hətta
yeni bir siyahı da tutmaq mümkündür. Ən vacib olanı bundan ibarətdir ki, Azərbaycan
xalqı dünya ədəbiyyatı səviyyəsində
düşünməyi və yazmağı bacaran xalqların
sırasında ön mövqelərdə gedənlərin cərgəsindədir.
Məlum olduğu kimi, yer kürəsinin heç bir
ölkəsində dünya ədəbiyyatına hansı
yazıçıların və ya əsərlərin aid
edildiyini müəyyənləşdirən, ictimaiyyətə
elan edən konkret bir beynəlxalq qurum, yaxud ədəbiyyat cəmiyyəti
yoxdur. Dünya ədəbiyyatına daxil edilmiş əsərlərin
müəyyən edilməsində beynəlxalq ədəbi-elmi
ictimaiyyətin ümumi ictimai rəyi ən əsas
meyardır. Bununla belə, müxtəlif
vaxtlarda dünya ədəbiyyatına daxil olan
yazıçıları və ya bədii əsərləri
müəyyən etmək üçün fərqli meyarlarla
yanaşılmışdır. İlk
növbədə dünya dillərinə ən çox tərcümə
olunan əsərlərdən dünya ədəbiyyatı
faktı kimi bəhs edilir. Yeri gəlmişkən,
bildirmək istəyirəm ki, YUNESKO-nun son
açıqlamalarına görə planetimizdə əsərlərinin
xarici dillərə tərcümə edilməsi
baxımından Vilyam Şekspir, Lev Tolstoy və Çingiz
Aytmatov birincilik qazanmışdır. Rusiya
alimləri Lev Tolstoyla Fyodr Dostoyevskini dünyanın ən
çox oxuduğu yazıçılar sırasında
görürlər. Xarici dillərə tərcümə
edilmək baxımından Dante, Serventes, Viktor Hüqo, Gete,
Mark Tven, Mixail Şoloxov, Ernest Heminquey və başqaları
kimi dünya şöhrəti qazanmış
yazıçıların da adları ilk onluqlara daxildir.
Bununla belə, hesab edirəm ki, dünya ədəbiyyatı
miqyasında dəyərləndirilmək üçün bədii
tərcümə əsas şərtlərdən biri olsa da,
yeganə meyar hesab edilə bilməz. Xüsusən, XXI əsrdə
ideoloji baryerlərin aradan qalxdığı bir zamanda tərcümə
işinin geniş vüsət alması və bu işin həm
də bir çox hallarda yazıçıların şəxsi
maliyyə imkanları ilə də bağlı olması
yalnız ən çox tərcümə olunmaq faktoru ilə
dünya ədəbiyyatı səviyyəsində əsər
yaratmış sənət adamlarından biri olmaq
şansını qazanmaq mənasında qəbul olunmur. Çünki bədii əsərlərin xarici dilə
daha çox tərcümə edilməsi ilə ən
çox oxunan bədii əsər kimi qəbul edilməsi fərqli
anlayışlardır. Fikrimcə, əsl
dünya ədəbiyyatı nümunəsində ən
çox xarici dilə tərcümə olunmaqla daha çox
ölkədə oxunmaq meyarlarının hər ikisi vəhdət
təşkil etməlidir.
Həm də yazıçı və şairlərin
özləri tərəfindən deyil, hətta bəzən
onların xəbərləri olmadan dünyanın
ayrı-ayrı ölkələrindən edilmiş keyfiyyətli
tərcümələr əsasında meydana çıxan nəşrlər
və həmin kitablar haqqında formalaşan beynəlxalq
elmi-ictimai rəy dünya ədəbiyyatı miqyasında qəbul
olunan yazıçıları və ya bədii əsərləri
təsbit etmək üçün ən əsas
meyarlardır.
Fikrimcə,
bu meyarlarla yanaşı, yazıçının bədii əsərdə
öz ölkəsinin və mənsub olduğu xalqın
taleyinin timsalında həm də planetin, yaxud yaxın talelərə
malik olan bir çox başqa xalqların da ortaq problemlərini
yüksək ideya-sənətkarlıq səviyyəsində əks
etdirməsi, bütövlükdə cəmiyyətlə
birlikdə insanı yenidən kəşf etməsi, irəliyə
doğru inkişafa işıq salması
yazıçını dünya ədəbiyyatı nümunəsi
olan bədii əsər yazmaq səviyyəsinə
çatdıra bilər. Hesab edirəm ki, hətta
bunlar da yazıçıların dünya ədəbiyyatı
sferasında təmsil olunması üçün ən zəruri
prinsiplər olsa da, tam yetərli deyildir. Bu məqamda bədii
əsərin ideya-məzmun cəhətdən aktuallığı və müasirliyi ilə bir
sırada həm də sənətkarlıq baxımından
orijinallığı, yeniliyi də mühüm amillərdəndir.
Nəticə olaraq belə demək olar ki, milli və bəşəri
məzmuna malik olan, ideya cəhətdən aktuallıq kəsb
edən, sənətkarlıq baxımından yeni və
orijinallığı ilə fərqlənən, xarici dillərə
ən çox tərcümə edilən və nəhayət,
həm də çox yayılıb oxunan bədii əsərlər
dünya ədəbiyyatı faktıdır. Bura
hökmən dünya ədəbi tənqidinin əsərə
reaksiyasını da əlavə etmək lazımdır.
Məhz bu cür yüksək meyarlar əsasında
yazılmış bədii əsərlər dünya ədəbiyyatının
şedevrləri hesab olunmağa layiqdir.
Migel de
Servantesin "Don Kixot" romanı, Aligyeri Dantenin
"İlahi komediya"sı, Vilyam Şekspirin
"Hamlet" faciəsi və sonetləri, Lev Tolstoyun
"Anna Karenina"sı, Ernest Heminqueyin "Qoca və dəniz"
povesti, Çingiz Aytmatovun "Gün var əsrə bərabər",
"Kassandra damğası" romanları dünya ədəbiyyatının
klassik nümunələri kimi qəbul edilir. Fikrimcə, Azərbaycan
ədəbiyyatından Nizami Gəncəvi və Məhəmməd
Füzuli ilə yanaşı, Mirzə Fətəli Axundzadənin,
Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin
"Seçilmiş əsərləri" xarici dillərdə
mükəmməl tərcümə olunarsa, dünya ədəbiyyatının
şedevrləri sırasında layiqli yer tutmaq
imkanlarını nümayiş etdirə bilərlər. Bu məqamda
yada salmaq istəyirəm ki, hələ sovet hakimiyyəti illərində ölkəmizi
çox da sevməyən, lakin keçmiş Sovetlər
İttifaqı miqyasında özünəməxsus nüfuza
malik olan yazıçı-tənqidçilərdən biri
etiraf etməli olmuşdu ki, əgər Azərbaycan
yazıçısı Cəlil Məmmədquluzadənin
kiçik hekayələri Avropa dillərinə mükəmməl
tərcümə olunarsa, Qərbin cild-cild romanlarını
kölgədə qoya bilər. Fikrimcə, eyni
sözləri Mirzə Fətəli Axundzadənin
komediyaları haqqında da demək mümkündür.
Ədəbi-ictimai
mühitdə Nobel mükafatına layiq görülmüş
bədii əsərlərdən də dünya ədəbiyyatı
faktı kimi bəhs etmək ənənəsi mövcuddur.
Həqiqətən də Nobel Komitəsinin sərt
tələblərinə cavab verib, beynəlxalq ictimaiyyətə
təqdim olunan bədii əsərlərin bir çoxu
dünya ədəbiyyatını yeni mövzular, müasir
ideyalar və fərqli bədii obrazlarla zənginləşdirən
əsərlərdir. Lakin Nobel
mükafatına layiq görülmək mütləq mənada
dünya ədəbiyyatı faktına çevrilmək kimi
başa düşülə bilməz. Əlbəttə,
tam təsadüfi yazıçıların Nobel
mükafatı laureatı olmaları çətin məsələdir.
Hər halda bu mükafatın laureatları olan
yazıçılar və onların əsərləri
hansısa keyfiyyətləri ilə fərqlənirlər.
Ancaq Nobel mükafatına layiq
görülmüş bədii əsərlərin heç də
hamısından dünya ədəbiyyatı nümunəsi
kimi danışmaq mümkün deyil. Xüsusən,
son onilliklərdə Nobel mükafatı almış
yazıçıların dünya ədəbi-ictimai mühiti
tərəfindən birmənalı şəkildə
qarşılanmaması, onlara münasibətdə tənqid
notlarının meydana çıxması Nobel Komitəsi
baxışı ilə dünya ədəbiyyatı
meyarlarının üst-üstə düşmədiyi məqamların
da olduğunu göstərməkdədir. Artıq
dünya ədəbi-elmi fikrində Nobelüstü ədəbiyyat
deyilən bir anlayış da formalaşmaqdadır. Lev Tolstoyun və ya Çingiz Aytmatovun Nobel
mükafatı almamaları onların dünya ədəbiyyatının
klassik bədii nümunələrinin müəllifi
olmalarına heç cür və heç nə ilə mane
olmur. Əksinə, Lev Tolstoyun "Anna Karenina" və ya "Hərb və
Sülh", hətta "Hacı Murad", yaxud da Çingiz
Aytmatovun "Cəmilə", "Ağ gəmi",
"Gün var əsrə bərabər", "Kassandra
damğası" əsərləri sözün əsl mənasında
yüksək ideya-sənətkarlıq xüsusiyyətlərinə
görə əsl dünya miqyaslı böyük ədəbiyyat
nümunələri kimi qəbul edilir.
Keçmiş Sovetlər İttifaqında dünya ədəbiyyatı
anlayışına ideya-bədii meyarlar əsasında deyil,
ideoloji prinsiplər əsasında
yanaşılmışdır. Belə ki, sovet ədəbiyyatşünaslıq
elmi kapitalizm sistemi ölkələrində yaranan ədəbiyyatı
əsasən mürtəce burjua ədəbiyyatı hesab
etdiyi üçün bu məkanda həmin örnəklərdən
dünya ədəbiyyatı faktı kimi bəhs edilməsi
mümkün ola bilməzdi. Məlum
olduğu kimi, keçmiş SSRİ-də hər hansı bir
kapitalist yazıçısının lap məşhur bir bədii
əsəri haqqında müsbət fikir söyləmək
düşmən cəbhəsinin ədəbiyyatını
idealizə etmək hesab olunaraq
damğalanılmışdır. Ona
görə də Sovet hakimiyyəti illərində dünya ədəbiyyatı
əvəzinə "SSRİ xalqları ədəbiyyatı"
və ya "Sosialist ölkələrinin ədəbiyyatı"
anlayışları formalaşdırılaraq ön mövqeyə
çıxarılmışdı. Sovetlər
İttifaqı dövründə ən yaxşı halda
müxtəlif kapitalist ölkələrində
yaşayıb-yaradan sosialist düşüncəli
yazıçıların, kommunist və fəhlə partiyalarında
təmsil olunan yaradıcı qüvvələrin bədii əsərləri
dünya ədəbiyyatı faktı kimi təqdim
olunmuşdur. Bu minvalla sovet
dövrünün dünya ədəbiyyatı
anlayışı Lui Araqon, Jorj Amadu, Pablo Neruda və bu kimi
sosialist təmayüllü başqa yazıçıların
yazdıqları əsərlərdən uzağa gedə bilməmişdir.
Sovetlər İttifaqında yaşayıb, Nobel mükafatı
laureatı adını qazanmağa nail ola
bilmiş yazıçılar isə əksər hallarda
"antisovet" adı ilə ideoloji cəhətdən sərt
təqiblərə məruz qalaraq ölkədən
uzaqlaşdırılmışdır. Beləliklə,
sovet ideoloji sistemi müttəfiq respublikalarda
yaşayıb-yaratmış yazıçıların
dünya ədəbiyyatına doğru yollarını
bağlamışdır. Uzun bir dövr ərzində,
xüsusən 1917-1953-cü illərdə, şəxsiyyətəpərəstiş
dövründə bir qədər fərqli düşünən
və ya sovet həyat tərzini təbliğ etməyən
yazıçılar təqib olunmuş, repressiyaya məruz
qalmış, sürgün edilmişlər. Ölkədə ideoloji xarakterli ədəbiyyatın
yaradılması dövlət səviyyəsinə tələb
edilmiş və müdafiə olunmuşdur. Yalnız Sovetlər İttifaqının rəhbəri
İosif Stalinin vəfatından sonra (1953) sovet ədəbiyyatının
vahid yaradıcılıq metodu olan sosialist realizminin müəyyən
etdiyi ideoloji buxovlar tədricən
sındırılmış, ədəbiyyat, ictimai fikir xeyli
dərəcədə azad nəfəs almaq imkanı
qazanmışdır. Mixail Şoloxovdan başqa,
dünyanın diqqətini cəlb etmiş və Nobel
mükafatına layiq görülmüş digər rus sovet
yazıçılarının hamısı, Aleksandr
Soljenitsın, Boris Pasternak, İosif Brodskinin əsərləri
İosif Stalinin vəfatından sonrakı yeni tarixi mərhələdə
meydana çıxsa da, dövlət səviyyəsində qəbul
edilməmiş, nəticədə həmin
yazıçılar yenə də ölkəni tərk etmək,
mühacirətdə yaşayıb-yaratmaq məcburiyyətində
qalmışdılar.
Bütün bunlara baxmayaraq, sovet ideoloji sisteminin ən
çətin dövrlərində də Sovetlər
İttifaqına daxil olan müttəfiq respublikalarda, o cümlədən,
Azərbaycanda əsl bədii ədəbiyyat nümunələri
yaradılmışdır. Azərbaycan sovet
yazıçılarının birinci nəsli sosialist
ideologiyasını tənqid etmədən, ona qarşı
çıxmadan, zahiri fon kimi sovet
quruluşuna bəzi istinadlar etməklə həyat həqiqətlərini,
yeni insanın mənəvi dünyasını, ölkədəki
bəzi ziddiyyətli məqamları təsvir etməyin
yollarını tapmışlar. Süleyman Rəhimovun
"Saçlı", Mir Cəlalın "Bir gəncin
manifesti", Əli Vəliyevin "Budağın xatirələri",
Əbülhəsənin "Yoxuşlar", İlyas Əfəndiyevin
"Söyüdlü arx" və sair kimi əsərlərdə
həyat həqiqətlərinin yeri və rolu mövcud
ideologiyanın payından qat-qat çox idi.
İosif Stalinin vəfatından sonra baş vermiş
"Xruşov mülayimləşməsi" mərhələsi
ədəbiyyat və incəsənətdə xəlqilik
amilinin qüvvətləndirilməsinə yol
açmışdır. XX əsrin əllinci illərinin ikinci yarısından
etibarən ədəbiyyat aləminə gəlmiş yeni ədəbi
nəsil: Bəxtiyar Vahabzadə, İsmayıl
Şıxlı, İsa Hüseynov, Hüseyn İbrahimov, Məmməd
Araz, Xəlil Rza Ulutürk və başqaları həyat nəfəsli,
vətəndaşlıq kəsəri olan yeni tipli ədəbiyyat
yaratmağa nail ola bilmişlər. XX əsrin
əvvəllərində yaşayıb-yaratmış Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və
başqa mollanəsrəddinçilərlə özlərindən
sonra ədəbiyyata yeni bir dalğa kimi gəlmiş
altmışıncılar arasında formalaşmış bu
dövrün əllinci illərindən çap olunmağa
başlamış "ara nəsil
yazıçıları" adlandırdığımız
istedadlı ədəbi qüvvələrinin yaradıcılığı ilə
sosialist realizmi yaradıcılıq metodunun tilsimi
sınmağa başlamışdır. Nəhayət, Azərbaycan
altmışıncıları Anar, Elçin, Əli Kərim,
Fikrət Qoca, Sabir Əhmədov, Cabir Novruz, İsi Məlikzadə,
İsa İsmayılzadə, Ələkbər Salahzadə və
digərləri sosialist realizmi ilə bir araya sığmayan, həyata
təftişçi münasibət ifadə edən, insanı
mənəvi dünyasındakı ziddiyyətləri ilə
bir yerdə canlandıran, xalqın milli mənafelərinə
cavab verən tam yeni tipli ədəbiyyat yaratmaq
missiyasını uğurla həyata keçirmişlər.
Eyni proses Sovetlər İttifaqının digər müttəfiq
respublikalarında da getmiş, möhtəşəm bir
"altmışıncılar" ordusu ədəbiyyatda
söz sahibinə çevrilmişdir. Məhz
bundan sonra sovet ideologiyasının sərt tələblərindən
əsasən yaxa qurtarmış ədəbiyyatın dünya
ədəbiyyatına doğru yolu
açılmışdır. Azərbaycan
ədəbiyyatı 1960-1980-ci illərdə əsasən
ümummilli problemlərin həllini ön mövqeyə
çəkmiş, milli-azadlıq uğrunda mübarizənin əsas
hərəkətverici qüvvələrindən biri
olmuşdur. Ölkəmizdə müstəqil
dövlətçiliyin 1991-ci ildə yenidən bərpa
olunmasında əlli-yetmişinci illərdə ədəbiyyata
gələn ədəbi nəsillərin əsl vətəndaşlıq
ruhunda yazılmış bədii əsərlərinin
mühüm rolu olmuşdur.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı
çoxmetodlu ədəbiyyat olub, milli-mənəvi dəyərlərlə
bəşəri meyarların vahid ədəbi axarında
yaranıb inkişaf edən ədəbiyyatdır. Yeni tarixi
epoxanın ədəbiyyatında ölkə və xalq
maraqlarının aparıcı olması şərti ilə
dünyada gedən proseslərin də əks-sədası
aydın surətdə eşidilməkdədir. Azərbaycan yazıçıları dünya ədəbi
proseslərinin işığında milli ədəbiyyatın
ən müasir örnəklərini yaratmaqda davam edirlər.
Çoxmetodlu ədəbiyyat epoxasının
başlanması müasir dövrdə dünya ədəbiyyatında
mövcud olan neorealizm, modernizm, posmodernizm, dekadentizm, magik
realizm kimi ədəbi cərəyanların Azərbayanda da
formalaşması ilə nəticələnmişdir. Çoxmetodlu ədəbiyyatın meydana
çıxması Azərbaycan yazıçılarına
müstəqillik işığında milli ədəbiyyatın
müasir örnəklərinin yaradılmasına geniş
imkan açır. Ölkə ədəbi prosesi ilə
dünya ədəbiyyatında baş verən hadisələrin
qarşılıqlı inteqrasiyası ilk növbədə
xalqın və eyni zamanda, geniş mənada dövrün,
zamanın müasir tələbləri ilə səsləşən ədəbiyyatı
doğurmaqda davam edir. İdeoloji buxovlardan xilas
olmuş və ümummilli meyarlar üstündə köklənmiş
müstəqillik dövrünün çoxmetodlu Azərbaycan
ədəbiyyatı hazırkı yeni tarixi şəraitdə
həm də dünya ədəbi prosesinin içərisində
inkişaf edir. Əlbəttə, dünya ədəbiyyatında
gedən proseslərin hamısına eyni dərəcədə
heyranlıqla baxıb, onları olduğu kimi qəbul etmək
milli ədəbiyyatın inkişafı üçün məqbul
olan yol deyildir. Azərbaycan ədəbiyyatının
çoxəsrlik davamlı ənənələrini
yaradıcı şəkildə inkişaf etdirmək və
dövlət müstəqilliyi dövrünün müasir
çağırışlarını əsas kimi qəbul
etməklə və eyni zamanda, dünya ədəbiyyatında
baş verən dəyişmələri nəzərə
almaqla milli ədəbiyyatın həm ölkədə qəbul
olunan, həm də dünyaya çıxa bilən qiymətli
örnəklərini yaratmaq mümkündür.
Müşahidələr göstərir ki, müasir
dövrdə Azərbaycan ədəbiyyatında milli
maraqların ön mövqeyə çıxarılması ilə
dünya ədəbi prosesindən yaradıcı istifadə əsasında
yeni tarixi epoxanın ədəbiyyatını yaratmaq
tendensiyası inkişaf etməkdədir. Bu isə öz növbəsində
ölkəmizdə dünya ədəbiyyatının "Azərbaycan
brendi"nin yaradılmasını
zamanın tələbinə çevrilmişdir. Buna görədir
ki, dövlət müstəqilliyi dövründə meydana
çıxmış və istedadla yazılmış bir
çox Azərbaycan ədəbiyyatı nümunələrinin
ən yaxşılarını həm də müasir mərhələdə
dünya ədəbiyyatı məkanına daxil ola bilən əsərlər sırasına qəbul
etmək olar.
Ayrıca
qeyd etməyi lazım bilirəm ki, müəyyən
nüanslar gözlənilmək şərtilə Sovetlər
İttifaqı dövründə Moskvada çap olunmuş
"Roman-qazeta", "Novıy mir" jurnalları ilə
birlikdə "İnostrannaya literatura" jurnalı da
SSRİ-nin hüdudlarından kənarda, xarici ölkələrdə
də əsl böyük ədəbiyyatı nəşr edib
yayan ciddi mətbuat orqanları kimi qəbul edilmişdir. Hər
halda Moskvada rus dilində çıxan "İnostrannaya
literatura", Bakıda Azərbaycan dilində çap edilən
"Dünya ədəbiyyatı" jurnallarında və digər
vasitələrlə oxuduğum xarici ölkə
yazıçılarının, qonşu ölkələrin ədiblərinin
əsərləri ilə müqayisədə Azərbaycan ədəbiyyatında
da həmin əsərlərin ən yaxşıları ilə
səsləşən və bəzən də irəli gedən
bədii əsərlərin yarandığını görməmək
mümkün deyildir. Əgər dünyada gedən ən
müasir ədəbiyyat axınlarını ciddi surətdə
izləyib, ədəbi ictimaiyyət arasında və oxucu
mühitində dünya ədəbiyyatı təsəvvürləri
yaratmaq missiyasını məsuliyyətlə həyata
keçirən, ölkədə və xaricdə hamı tərəfindən
qəbul edilən "İnostrannaya literatura" jurnalında
çap edilən bədii əsərləri şərti də
olsa meyar kimi qəbul etsək, onda Azərbaycan ədəbiyyatında
da ideya-bədii keyfiyyətləri etibarilə həmin əsərlərlə
tərəfmüqabil ola biləcək əsl sənət
nümunələrinin yarandığını çəkinmədən
demək mümkündür.
Fikrimcə,
XX əsrin səksəninci illərində meydana
çıxmış Yusif Səmədoğlunun "Qətl
günü" romanının, müstəqillik mərhələsində
yaranmış Anarın "Ağ qoç, qara Qoç",
"Göz muncuğu", Elçinin "Baş",
Çingiz Abdullayevin "Əclafların qanunu", Kamal
Abdullanın "Yarımçıq əlyazma"
romanlarının, Elmira Axundovanın "Şəxsiyyət
və zaman" sənədli epopeyasının
"İnostrannaya literatura"nın təqdim etdiyi meyarlardan
kənarda qalmadığını, bəzən isə bir qədər
də fərqli və yüksək xüsusiyyətləri ilə
seçildiyini etiraf etməliyik. Azərbaycan ədəbiyyatının
müasir simasını müəyyən edən bu romanlar
XX-XXI əsrlər dünya
romançılığının da ən yaxşı
nümunələrindəndir. Heç
şübhəsiz, yeni ədəbi nəsillərin
sıralarında da xalqımızın milli mənafelərinə,
müstəqil dövlətçilik ideallarına xidmət edən
böyük ədəbiyyat yaratmaqla, həm də bəşəri
düşüncəyə malik və yüksək sənətkarlıq
nümunəsi olan əsərlərə imza atan istedadlı
yaradıcı qüvvələr yetişməkdədir.
Son
onilliklərin poeziyasını uğurlu təmsil edən Ramiz
Rövşən, Vaqif Bayatlı Odər, Rüstəm Behrudi,
Rəşad Məcid, Səlim Babullaoğlu, Salam Sarvan, Asim
Yadigar, Xanəli Kərimli, Aqşin Yenisey, Fərid
Hüseyn, Şəhriyar Del
Gerani, Qismət, Ümid Nəccari, Elxan Yurdoğlu,
Emin Piri və başqalarının şeirləri artıq
ölkəmizdə yeni tipli poeziyanın
yarandığının sübutudur. Bədii
nəsr sahəsində də meydana çıxmış bir
çox bədii əsərlər də müstəqillik
dövrünün ciddi bir epik ədəbiyyatının
içində olduğumuzu düşünməyə tam əsas
verir. Mövlud Süleymanlının
"Köç", İlqar Fəhminin "Bakı tarixindən
kollaj", Hüseynbala Mirələmovun "Xəcalət",
Əjdər Olun "Lo", Aqil Abbasın "Dolu", Yunus
Oğuzun "Səfəvi Şeyxi", Məmməd Orucun
"Köçürülmə", Mübariz Örənin
"Ağ buludlar", Elçin Hüseynbəylinin "Yol
ayrıcında qaçış", Səyyad Aranın
"Sazaq", Əlabbasın "Qaraqovaq çölləri",
Şərif Ağayarın "Arzulardan sonrakı şəhər",
Varis Yolçuyevin "Bir ovuc torpaq", "Uzaqdan gələn
yağış", Qan Turalının "Fələk
qırmancı", Aydın Talıbzadənin
"Əbuhübb", Zahid Sarıtorpağın
"Quşların intiharına ağlamayın", Murad
Köhnəqalanın "Bulud pinəçisi", Nargisin
"Metakədər" və sair kimi roman, povest və esseləri
yeni tarixi epoxanın çoxmetodlu ədəbiyyatının
böyük ədəbiyyata doğru uğurlu
addımlarının seçilmiş örnəkləri kimi
yaradılmış orijinal bədii əsərlərdir. Tam olmayan və və artırılması
mümkün olan bu adlar və imzalar müasir Azərbaycan ədəbiyyatında
ənənəvi ədəbiyyatdan fərqli olan orijinal sənət
nümunələridir.
Deməli, artıq coğrafi mənada Azərbaycanda
böyük ədəbiyyatın dünya ədəbiyyatına
doğru yolundakı maneələr və sərhədlər
aradan qalxmışdır. Ədəbi proses baxımından da
milli ədəbiyyatlarla dünya ədəbiyyatında gedən
proseslər arasında qarşılıqlı əlaqələr
formalaşmaqdadır. İnformasiya cəmiyyətinin
yaratdığı virtual məkanın, sosial şəbəkə
ədəbiyyatının sərhədləri maneəsiz
aşıb keçmək imkanları ölkə ədəbiyyatları
ilə dünyada baş verən ədəbi proseslərin təbii
bir əlaqəsini de-fakto meydana
çıxarmışdır. Qarşıda
duran əsas vəzifə milli maraqlara və ölkə dəyərlərinə
uğurla xidmət edən və dünyada gedən proseslərlə
səsləşən kamil sənət əsərləri
yaratmaqdan ibarətdir. Nəzərə
almaq lazımdır ki, əsl milli ədəbiyyat yaratmadan bəşəri
əsərlər meydana qoymaq mümkün deyildir. Bu məqamda milli düşüncə ilə millətçi
anlayışını bir-birindən ayırmağı
bacarmaq lazımdır. Əsl milli ədəbiyyat
öz-özlüyündə bəşəri ədəbiyyatın
üzvi tərkib hissəsidir. Millətçi ədəbiyyat
isə ədəbiyyatın ali məqsədlərinə
zidd olan, zərbə vuran, xalqı fəlakətə aparan,
geri çəkən antiədəbiyyatdan başqa bir şey
deyildir. Bəşəri ədəbiyyatın
ayrılmaz tərkib hissəsi olmaq hüququ qazanan əsl milli
ədəbiyyat dünya ədəbiyyatı faktıdır.
Hesab edirəm ki, hazırda müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı bəşəri
ədəbiyyatın üzvi tərkib hissəsinə
çevrilən milli və dünyəvi bədii əsərlərlə
dünya ədəbiyyatına doğru şərəfli və
məsuliyyətli bir yol gedir.
Azərbaycan
Yazıçılar Birliyi Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzinin nəşri
olan "Dünya ədəbiyyatı" jurnalı Azərbaycanda
dünya ədəbiyyatında gedən prosesləri izləməyə
şərait yaratmaq və müasir dünyada yaradılan əsl
ədəbiyyat şedevrlərini xalqımıza
çatdırmaq missiyasını şərəflə həyata
keçirir. "Dünya ədəbiyyatı" jurnalının
dünyanın bir çox ölkələrinin: Ukrayna, Rusiya,
İran, Oman, İngiltərə, Moldova, Türkiyə ədəbiyyatlarına
həsr edilmiş xüsusi saylarının nəşr
olunması ayrı-ayrı ölkələrin ədəbiyyatlarında
baş verən ədəbi prosesləri, yeniləşmə
meyllərini tam halda, obyektiv ədəbi mənzərəsi ilə
dərk etməyə xidmət göstərir. Bu,
müasir dövrün ədəbi təcrübələrini,
eksperimentlərini və reallıqlarını aydın surətdə
müşahidə etmək üçün olduqa faydalı
bir əməli işdir.
Xüsusən, "Dünya ədəbiyyatı"
jurnalında uzun illər ərzində diqqətdən kənarda
qalmış Asiya xalqlarının ədəbiyyatının
və Şərq ədəbiyyatının tərcümə
edilməsinə və təqdim olunmasına ciddi fikir verilməsi
dünya ədəbiyyatı anlayışının uzun illər
ərzində birtərəfli qaydada yalnız Qərb ədəbiyyatından
ibarət olmasına dair yanlış təsəvvürlərin
aradan qaldırılmasına aydınlıq gətirir. Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda Qərb ədəbiyyatının
tədqiq edilməsi ilə məşğul olan "Dünya ədəbiyyatı
və komparavistika" şöbəsi ilə yanaşı,
"Azərbaycan-Asiya ədəbi əlaqələri"
şöbəsinin yaradılması və fəaliyyətinə
dəstək verilməsi, qısa müddətdə əldə
etdiyi uğurlar da ədəbi əlaqələrə
münasibətdəki həmin birtərəfli
yanaşmanın elmi fikrin gündəliyindən
çıxarılmasına zəmanət verir.
Bundan başqa, "Dünya ədəbiyyatı"
jurnalının konkret bir janra həsr edilmiş xüsusi
sayları dünya ədəbiyyatında, ayrı-ayrı
ölkələrdə həmin istiqamət üzrə
mövcud ədəbi ənənəni və müasir
inkişaf səviyyəsini əyani şəkildə təsəvvür
etməyə imkan yaradır. Bu baxımdan "Dünya ədəbiyyatı"
jurnalında 2017-2018-ci illərdə "Dünya
dramaturgiyası"na və "Serbiya poeziyası"na həsr edilmiş xüsusi
buraxılışlar elmi-ədəbi mühitdə rəğbətlə
qarşılanmışdır. "Dünya ədəbiyyatı"
jurnalında 2019-cu ildə Türkiyədə hekayəçiliyə
həsr edilmiş xüsusi sayı Qərblə Şərqin
qovşağında inkişaf edən türk hekayəçiliyində
baş vermiş təkamül proseslərini izləməyə
kömək edir. Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anarın
"Dünya ədəbiyyatı" jurnalının
"Türkiyə-Hekayə" sayına yazdığı
"Tərcümə-ədəbiyyatlar arasında
körpüdür" adlı təqdimatında deyildiyi kimi,
"şübhəsiz, dərginin bu sayı ədəbiyyatlarımız
arasında əlaqələrin daha da möhkəmlənməsinə
səbəb olacaqdır". Eyni zamanda,
Türkiyə hekayələri sayı Azərbaycan
yazıçıları üçün türk hekayəçiliyinin
dərslərini daha əyani surətdə öyrənmək
üçün qapı açır.
"Dünya ədəbiyyatı" jurnalının
dünya ədəbiyyatında esse janrına həsr
edilmiş xüsusi buraxılışı da Azərbaycan
yazıçılarına özünəməxsus ideya-sənətkarlıq
xüsusiyyətlərinə malik olan bu janrın
ayrı-ayrı xalqların ədəbiyyatlarındakı təzahür
formalarını təcrübədən keçirmək
üçün şansdır. İnanırıq ki,
son illərdə Azərbaycan ədəbiyyatında yenidən
inkişafa başlamış esse janrının forma və məzmunca
yaradıcı şəkildə yeniləşdirilməsində
"Dünya ədəbiyyatı" jurnalının esse
sayı təsirsiz qalmayacaqdır.
Ayrı-ayrı xalqların ədəbiyyatları ilə
Azərbaycan ədəbiyyatı arasında möhkəm və
etibarlı bir sənət körpüsü olmaq
funksiyasını da "Dünya ədəbiyyatı"
jurnalı böyük məsuliyyətlə yerinə yetirir. Bu jurnal Azərbaycanda
dünya ədəbiyyatına açılmış geniş
və işıqlı bir ədəbiyyat pəncərəsi
kimi ölkəmizdə ədəbi mühitin zənginləşdirilməsinə
əhəmiyyətli töhfələr verir.
"Dünya ədəbiyyatı" dünyanın ən
mühüm ədəbi yeniliklərinə, böyük ədəbiyyat
hadisələrinə işıq salan ədəbiyyat
jurnalı kimi də çox faydalı iş görür. Bütün bunlar isə nəticə etibarilə
dünya ədəbiyyatının təcrübələrindən
yaradıcı şəkildə istifadə etməklə milli
ədəbiyyatın daha da inkişaf etdirilməsinə,
böyük magistral yollara çıxmasına təkan verir.
Azərbaycan
Yazıçılar Birliyinin Bədii Tərümə və
Ədəbi Əlaqələr Mərkəzi ilə Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə
layihəsi kimi çapa hazırlanmış bu sayı
ümumiyyətlə ölkəmizin yazıçılar təşkilatı
ilə akademik ədəbiyyatşünaslıq qurumunun
qarşılıqlı əməkdaşlığının
nə qədər səmərəli olduğunu əyani şəkildə
nümayiş etdirir. Aşkar surətdə
görmək mümkündür ki, bu əməkdaşlıq
qarşılıqlı surətdə həm ədəbi
prosesin və ədəbiyyatın, həm də tənqid və
ədəbiyyatşünaslıq elminin inkişafına
uğurla xidmət edir. Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda 2014-cü ildən etibarən bu
il yeddinci dəfə keçirilməsinə
hazırlaşdığımız "Ədəbi
proses" yaradıcılıq müşavirələrində
Azərbaycan Yazıçılar Birliyinin və ədəbi
orqanlarının rəhbərlərinin, yaradıcı əməkdaşlarının
iştirakı və müzakirələrdəki
çıxışları canlı elmi-ədəbi
diskussiyalar əsasında yaradıcılıq proseslərinin
daha da inkişaf etdirilməsinə təkan verir.
Yazıçılar Birliyində keçirilən əksər
yubiley tədbirlərində və yeni nəşr olunmuş
kitabların təqdimat mərasimlərində, habelə imza
günlərində Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun əməkdaşları məruzəçi,
rəyçi, müəllif qismində tərəfmüqabil
kimi təmsil olunurlar. Azərbaycan Yazıçılar
Birliyinin ədəbi orqanı olan "Ədəbiyyat qəzeti"
demək olar ki hər sayında Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun əməkdaşlarının məqalələrini
çap etməklə ədəbi prosesin elmi-nəzəri səviyyədə
qiymətləndirilməsinə nail olmaqla bərabər, həm
də öz növbəsində, ədəbiyyatşünaslıq
elminin inkişaf etdirilməsinə, ayrı-ayrı tənqidçi
və ədəbiyyatşünasların irəliyə
doğru köklənməsinə şərait yaradır.
Bundan başqa, "Ədəbiyyat qəzeti"nin "Ədəbi proses - 2018"
yaradıcılıq müşavirəsinin
materiallarını özünün xüsusi
buraxılışında tam halda dərc edib geniş ictimaiyyətə
çatdırması mühüm elmi-ədəbi hadisə
kimi tarixə çevrilmişdir.
"Ədəbiyyat
qəzeti"nin Ədəbiyyat
İnstitutunda illərdən bəri keçirilməkdə
davam edən "Fizika və lirika" konfransının
materiallarını davamlı şəkildə
işıqlandırması da bu dünya miqyaslı orijinal
layihənin genişləndirilməsinə müsbət təsir
göstərir. "Azərbaycan" jurnalının Ədəbiyyat
İnstitutu əməkdaşlarının iştirakı ilə
müştərək təşkil etdiyi dəyirmi stol
müzakirələri də ədəbi prosesin irəliyə doğru
inkişafında öz sözünü deyir. Bu
yaxınlarda Ədəbiyyat İnstitutu ilə "Azərbaycan"
jurnalının birgə layihəsi kimi keçirilmiş
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında
ədəbi cərəyanlar: estetikası və
poetikası" elmi seminarı hər iki qurumun ölkə
üzrə ədəbi-elmi proseslərin nəzəri səviyyəsinin
yüksəldilməsinə dəstəyinin ifadəsidir.
"Azərbaycan" jurnalı yeni tarixi epoxanın
ədəbi cərəyanlarına həsr olunmuş elmi
seminarın tam stenoqramını çap etməklə, ilk
növbədə, demokratik dövlətçilik sistemində
ədəbi fikrin vahid yaradıcılıq metodundan
çoxmetodlu ədəbiyyata doğru inkişafı prosesini
yazıçıların diqqətinə çatdırmaq vəzifəsini
yerinə yetirir. Ədəbi cərəyanlar
seminarının materiallarının "Azərbaycan"
jurnalında çap edilməsi həm də ədəbiyyatşünaslıq
elmimizdə nisbətən az öyrənilmiş
bu mühüm nəzəri istiqaməti aktual problem kimi elmi
fikrin gündəliyinə çatdırır.
Ölkəmizdə
müstəqil mətbuatın favoriti olmaqda davam edən
"525-ci qəzet" Yazıçılar Birliyi ilə
Ədəbiyyat İnstitutu, bütünlükdə alimlərlə
yazıçılar arasında möhkəm bir körpü
yaratmaq missiyasını şərəflə yerinə yetirməkdə
davam edir. "525-ci qəzet"in son onilliklərdəki
sayları Yazıçılar Birliyi mühitində və
Ədəbiyyat İnstitutunda baş vermiş bütün
yeniləşmə və inkişafın çoxcildlik salnaməsidir.
Azərbaycanda böyük ədəbiyyatın
da, ciddi elmi nailiyyətlərin də meydana
çıxmasında və istiqamətləndirilməsi
yollarında "525-ci qəzet"in danılmaz rolu və
mühüm xidmətləri vardır. Bu,
nəticə etibarilə həm də o deməkdir ki,
"525-ci qəzet" ölkəmizdə dünya elmi və ədəbiyyatı
standartlarında elmi-tədqiqatların və bədii əsərlərin
yaradılmasına yol açılmasını və dəstək
verilməsini strateji istiqamət kimi qəbul etmişdir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ənənəvi
olaraq keçirilməsi davam etdirilən "Ədəbi
proses" müşavirələrinin, "Fizika və
lirika" simpoziumlarının "525-ci qəzet"dəki əks-sədaları
bu qəzetin ədəbi və elmi mühitin inkişafına
ardıcıl olaraq xidmət etmək sahəsindəki
mühüm nailiyyətlərdən sayılmağa layiqdir.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu ilə
Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin arasındakı əməkdaşlıq əlaqələri
müasir mərhələdə Azərbaycan ədəbiyyatının
və ədəbiyyatşünaslıq elminin üfüqlərinin
daha da genişləndirilməsinə yeni bir meydan açan əhəmiyyətli
yaradıcılıq platformasıdır. Mövcud
əlaqələr "Dünya ədəbiyyatı"
jurnalında gedən materialların elmi səviyyəsinin daha
da artırılmasına, təqdimatların elmiliyinin təmin
olunmasına, əsərləri təqdim edilən
yazıçı və şairlər haqqında dəqiq
informasiyaların əldə edilməsinə kömək edir.
Ədəbiyyat İnstitutu baxımından isə
"Dünya ədəbiyyatı" jurnalı dünya ədəbiyyatında
baş verən yenilik və dəyişilmələri, yeni ədəbiyyat
təcrübələrini araşdırıb öyrənmək
və istifadə etmək üçün əhəmiyyətli
bir mənbədir. Çünki hazırda Ədəbiyyat
İnstitutunda fəaliyyət göstərən "Dünya ədəbiyyatı
və komprativistika", "Azərbaycan-Asiya ədəbi əlaqələri",
"Türk xalqları ədəbiyyatı", "Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri" şöbələrinin
fəaliyyəti Bədii Tərcümə və Ədəbi
Əlaqələr Mərkəzinin və "Dünya ədəbiyyatı"
jurnalının işi ilə üzvü surətdə əlaqədardır.
Əslində, Ədəbiyyat
İnstitutundakı ədəbi əlaqələri tədqiq
edib öyrənən elmi-tədqiqat şöbələri ilə
Mərkəzin funksiyaları bir-birini tamamlayır.
Həm
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu, həm də Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzi üçün
əhəmiyyətli olduğu nəzərə alınaraq, 12
aprel 2018-ci il tarixdə hər iki qurum arasında
qarşılıqlı əməkdaşlığa dair
müqavilə imzalanmışdır. Artıq
müqavilənin bağlanmasından ötən qısa
müddət ərzində Ədəbiyyat İnstitutu ilə
Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzi bir sıra ortaq layihələri həyata
keçirmişlər. Azərbaycanda keçirilmiş
Moldova ədəbiyyatı günlərinin Ədəbiyyat
İnstitutunda davam etdirilməsi, Moldovada çap olunan Azərbaycan
nəsri antologiyasında akademik İsa Həbibbəylinin
"Poeziya ölkəsində bədii nəsr" adlı məqaləsinin
çap olunması bu sahəni öyrənən alimlərin
diqqətini son illərdə az qala
unudulmaqda olan Moldova-Rumın ədəbi əlaqələrinə
yönəltmişdir.
Moldova
Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu ilə
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
arasında bağlanmış əməkdaşlıq
müqaviləsi də Bədii Tərcümə və Ədəbi
Əlaqələr Mərkəzi ilə əməkdaşlığın
fonunda gerçəkləşdirilmişdir. Bundan başqa,
"Dünya ədəbiyyatı" jurnalının
İran, Oman, Moldova ədəbiyyatlarına həsr edilmiş
xüsusi saylarının hazırlanmasında, adları
çəkilən ölkələrdəki bədii əsərlərin
Azərbaycan dilinə tərcümə olunmasında,
jurnalın həmin özəl saylarının təqdimat mərasimlərinin
keçirilməsində də Ədəbiyyat İnstitutu əsas
tərəfdaş qismində təmsil olunmuşdur. Eyni
zamanda, Ədəbiyyat İnstitutunda ənənəvi olaraq
keçirilən "Ədəbi proses"
yaradıcılıq müşavilərindəki ədəbi əlaqələrə
dair elmi məruzələr üçün də
İnstitutun kitabxanasına ardıcıl şəkildə
daxil olan "Dünya ədəbiyyatı"
jurnalının materialları əhəmiyyətli mənbə
funksiyasını yerinə yetirir.
Qarşıda isə daha geniş miqyasa malik ortaq elmi-ədəbi
layihələr dayanır. Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Azərbaycan
Yazıçılar Birliyi ilə birlikdə keçirməyi
nəzərdə tutduğu ədəbi əlaqələrə
dair yaradıcılıq müşavirəsində Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzi əsas
icraçılardan biri olacaqdır.
"Dünya
ədəbiyyatı" jurnalının oxuculara təqdim edilən
bir sayı Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu ilə Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzinin
qarşılıqlı əməkdaşlığının
növbəti bir səhifəsidir. Jurnalda Ədəbiyyat
İnstitutunun müxtəlif şöbələrində
çalışan tədqiqatçıların
dünyanın ayrı-ayrı ölkələrində yaranan ədəbiyyat
və dünya ədəbiyyatının görkəmli
simaları haqqında elmi məqalələri verilmişdir.
Bu, Ədəbiyyat İnstitutu tədqiqatçılarının
timsalında bütövlükdə Azərbaycan ədəbiyyatşünaslıq
elminin dünya ədəbiyyatına baxışlarını
təqdim edən məqalələr toplusudur. Dünya ədəbiyyatını mütərəqqi
və mürtəce deyə iki qütbə ayırmış
sovet ədəbiyyatşünaslığından fərqli
olaraq, "Dünya ədəbiyyatı" jurnalının
bir sayında ədəbiyyatşünaslarımız yer
kürəsinin müxtəlif ölkələrində
yaranmış ədəbiyyata, onların müəllifləri
olan yazıçı və şairlərin
yaradıcılığına dövlət müstəqilliyi
ideallarının işığında obyektiv elmi qiymət
vermişlər. Bundan başqa, jurnalda
dünya ədəbiyyatı adı altında keçmiş ənənədə
olduğu kimi, yalnız Qərb ədəbiyyatı deyil, Asiya
və Afrika xalqlarının ədəbiyyatlarının da təhlil
edilib dəyərləndirilməsi təmin edilmişdir.
Təqdim olunan materiallarda imkan daxilində
haqqında söz açılan xalqların ədəbiyyatlarının
Azərbaycan ədəbi-elmi fikri ilə əlaqələrinə
dair məlumatlara və müqayisəli təhlillərə də
münasib yer ayrılmışdır.
Ədəbiyyat
İnstitutu əməkdaşlarının "Dünya ədəbiyyatı"
jurnalında elmi məqalələrlə yanaşı, həm
də orijinaldan edilmiş bədii tərcümələrlə çıxış etmələri
də cəlbedici və əhəmiyyətli hadisədir. Bu,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2016-cı
ildə təsis edilmiş "Ədəbiyyatşünaslıq
plyus" Yaradıcılıq Birliyinin işığında
elmi-tədqiqat mühitində canlanmaqda olan bədii
yaradıcılıq proseslərinin "Dünya ədəbiyyatı"
jurnalına gəlib çıxmış daha bir səhifəsidir.
Beləliklə,
"Dünya ədəbiyyatı" jurnalının bir
sayı bütünlüklə Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu əməkdaşlarının elmi
məqalələrinə və tərcümələrinə
həsr edilmişdir. "Ədəbiyyat qəzeti" Ədəbiyyat
İnstitutunda 2019-cu ildə keçirilən "Ədəbi
proses" yaradıcılıq müşavirəsinin
materiallarını tam halda xüsusi buraxılış olaraq
çap etməklə qəzet dünyasında tarixə
çevrilən ilk addım atdığı kimi,
"Dünya ədəbiyyatı" jurnalı da bu
İnstitutun əməkdaşlarının ayrı-ayrı
ölkələrin ədəbiyyatına dair apardıqları
tədqiqatların nəticəsi olan elmi məqalələrinə
özünün bir sayını bütünlüklə həsr
etməklə ədəbi jurnallar içərisində
birincilik qazanmışdır. Qeyd etməyi
lazım bilirəm ki, "Dünya ədəbiyyatı"
jurnalının Ədəbiyyat İnstitutu əməkdaşlarının
elmi məqalələrindən və tərcümələrindən
ibarət xüsusi buraxılışını nəşr
edib ictimaiyyətə çatdırması mahiyyət etibarilə
ölkə miqyaslı mühüm elmi-ədəbi hadisədir.
Bu, həmçinin, Azərbaycan Yazıçılar
Birliyinin, onun üzvü tərkib hissəsi olan Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzinin, habelə
"Dünya ədəbiyyatı" jurnalının olduğu
kimi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
tarixinin də əhəmiyyətli və unudulmaz səhifəsidir.
Son nəticədə isə "Dünya ədəbiyyatı"
jurnalının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu ilə ortaq layihəsi kimi təqdim
olunan xüsusi buraxılışı Azərbaycanda ədəbiyyatşünaslıq
elminin də, ədəbiyyatın da inkişaf etdirilməsinə
xidmətin əməli ifadəsidir.
Azərbaycan
ədəbiyyatının və ədəbiyyatşünaslıq
elminin, ədəbi-elmi əlaqələrin inkişafı
üçün mühüm əhəmiyyətə malik
"Dünya ədəbiyyatı" jurnalının Ədəbiyyat
İnstitutu ilə ortaq sayı kimi xüsusi
buraxılışının nəşrinə göstərilən
diqqətə görə Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anara, Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri,
istedadlı şair və tərcüməçi Səlim
Babullaoğluna, bu sayın hazırlanmasında xüsusi zəhməti
olan jurnalın baş redaktoru Seyfəddin Hüseynliyə
kollektivimiz adından dərin minnətdarlığımı
bildirirəm.
Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı meridianlarında böyük ədəbiyyat uğrunda mübarizədə özünün şərəfli və məsuliyyətli yolunu uğurla davam etdirir. Ölkəmizin ədəbiyyatşünaslıq elmi, o cümlədən, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışan ədəbiyyat haqqında elmin professional tədqiqatçıları ədəbiyyatımızın daha geniş üfüqlərə doğru inkişaf etdirilməsinə dəstək verməyi və bələdçi olmağı özlərinin borcu və əsas vəzifələri hesab edirlər.
25 mart 2020-ci il
Şüvəlan
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər
Akademiyasının
Birinci vitse-prezidenti, Milli Məclisin
deputatı, akademik
525-ci qəzet.- 2020.- 5 iyun.- S.14-15;
18.