İsmayıllı qalaları

 

Doğma Azərbaycanımızın hər yeri, hər guşəsi gözəldir, əlvandır, zəngindir, cazibədardır. Gözəlliklərin, zənginliklərin qoynunda dünyaya göz açdığımızdan, burada boya-başa çatdığımızdan  demək olar ki, hər gün, hər an onunla təmasda olduğumuzdan çox zaman bu diyarın dəyəri, qiyməti və təkrarsızlığı barədə heç düşünməmişik də. Vətənimizin belə dilbər guşələrindən biri də İsmayıllı rayonudur. Müsbət haldır ki, son illər ölkəmizin digər rayonları kimi, İsmayıllıya da turist axını güclənib. Özü də əvvəllər İsmayıllıya yalnız yaydan-yaya gələrdilər. İndi isə artıq burada insanların ilin bütün fəsillərində gəlməsi, dincəlməsi və məlumatlandırılması üçün kifayət qədər yaxşı infrastruktur  yaradılıb. Bəri başdan deyim ki, İsmayıllını qonaq-qaralı edən, ordan turistlər üçün cəlbedici edən təkcə onun təbii gözəllikləri, ekoloji cəhətdən təmiz və sağlam qida ehtiyatları deyil, həm də qədim və zəngin sənət ənənələrini yaşadan yaşayış məntəqələri və möhtəşəmliyi ilə hər kəsi heyran edən tarixi abidələridir.  Əslində mənim də bir tarixçi alim olaraq bu yazını hazırlamaqda məqsədim İsmayıllı abidələrini nisbətən geniş planda tanıtmaq, oxucuya bələdçilik etməkdir. İstərdim ki, ismayıllılar da İsmayıllıya gələn qonaqlar da və turistlər də bu abiədləri daha yaxşı tanısınlar və onların tariximizdəki yerini və əhəmiyyətini daha dərindən anlamış olsunlar.

Xatırladım ki, İsmayıllı rayonu ərazisində yerləşən Cavanşir qalası, Xanəgah Qız qalası və Niyal qalası Erkən orta əsrlər dövründə  Albaniyanın inzibati sistemində önəmli yeri olan tarixi tikililərdəndir. Məlum olduğu kimi, Erkən orta əsrlər dünyanın nəhəng imperiyalarının maraqlarının toqquşduğu, müharibə və hərbi yürüşlərin, basqın və qarətlərin tüğyan etdiyi bir dövr olub. Bu dövrdə Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovşağında olan Cənubi Qafqaz, o cümlədən qədim Azərbaycan dövləri olan Albaniya əraziləri də aramsız hərbi əməliyyatlar meydanına çevrilib. Belə bir mürəkkəb hərbi-siyasi durumda təbiidir ki, nəinki ölkələrin və vilayətlərin, hətta ayrı-ayrı şəhərlərin və şəhər tipli yaşayış məntəqələrin də müdafiəsini təşkil etmək zəruriyyəti ön plana çıxıb. Azərbaycan ərazisindəki qala və istehkamların da bir çoxunun məhz həmin dövrdə tikilməsi deyilənlərə sübutdur.

Mütəxəssislər qala və istehkam tipli müdafiə tikililərini lokal və ya regional əhəmiyyət daşımaları etibarı ilə iki əsas qrupa bölüblər. Regional tikililər daha çox ölkələrarası müharibələr zamanı müdafiənin təşkili məqsədinə xidmət etməklə olduqca böyük ərazilərin təhlükəsizliyini təmin edirdi. Lokal əhəmiyyətli müdafiə tikililəri daha çox daxili feodal müharibələri zamanı müdafiə sisteminin təşkilinə xidmət edirdi. Onların qapalı və yığcam quruluşu əsasən məhdud hərbi əməliyyatlara hesablanmışdır. Bu qəbildən olan tikililər üçün dağ qalaları xüsusilə xarakterikdir. VI-VII əsrlərdə Girdiman vilayəti ərazisində Mehranilər sülaləsindən olan hökmdarlar tərəfindən inşa olunmuş Cavanşir, Niyal, Fit və Xanəgah qız qalaları lokal müdafiə sistemlərinə daxil olan ən xarakterik nümunələr hesab edilə bilər. Əlbəttə, zaman və şəraitdən asılı olaraq bu qalalardan həm də iri, dövlətlərarası hərbi əməliyyatlarda istifadə olunduğu istisna deyil. Xatırladaq ki, yaşayış məntəqələrindən uzaqda, əsasən dağlıq ərazilərdə, müdafiə imkanları baxımından olduqca əlverişli yerlərdə inşa edilən bu qalalar eyni zamanda o dövrün hərbi bazaları hesab olunurdu. Onlar ətraf ərazilərin hərbi təhlükəsizliyini təmin etmək funksi¬ya¬sını yerinə yetirirdilər. Yəni, bu və ya digər qala və orada saxlanan qarnizon ərazisində yerləşdiyi feodal mülklərinin və oradan keçən ticarət yollarının təhlükəsizliyini təmin etməyə borclu idi. Mütəxəssislərin fikrincə, dağ qalalarının başlıca funksiyası ölkənin ən ağır anlarında onların yerli hakimlərin və əhalinin sığınacaq yerinə çevrilməsində idi. Təbiidir ki, belə vaxtlarda dağ qalaları təkcə passiv müdafiə məntəqəsi olaraq qalmırdı. Yəni, qalalardakı hərbi qarnizonların gücündən və imkanlarından asılı olaraq onlar bəzən fəal hərbi əməliyyatlara da qoşulurdular. Akademik Z.M.Bünyadovun Təbəri və İbn əl-Əsirə istinadən yazdığına görə, ərəb hücumları zamanı Albaniya mərz¬banı İsfəndiyar ərəbləri xəbərdar etmişdi ki, bu ölkəni fəth etmək çətin olacaq. Çünki xalq çoxlu qalaları olan dağlara çəkilib və imkan düşdükcə oradan ərəblər üzərinə həmlələr edəcək.

Qüvvələrin qeyri-bərabər olduğu vaxtlarda mövqeləri tərk edərək daha keçilməz ərazilərə geri çəkilmək imkanları dağ qalalarının hərbi strateji əhəmiyyətini daha da artırırdı. Yəni, düşmən güclü hərbi həmlələr hesabına bu qalalara daxil olduğu təqdirdə onların müdafiəçiləri dağlara və meşələrə çəkilərək əlçatmaz yerlərdə müdafiəni təşkil etmək imkanlarına malik idi. Beləliklə, dağlardakı müdafiə qalaları əslində özündən daha etibarlı dağlara və təbii istehkamlara söykənirdi. Bu isə ən ciddi döyüşlər zamanı belə əhalinin və hərbi qarnizonun itkilərdən qorunub saxlanması üçün çox mühüm amil idi.

Dağ qalalarının özünü müdafiə imkanları yüksək olduğundan onlar hətta uzun müddətli mühasirələrə belə tab gətirə bilirdilər. Yəni, ətraf əraziləri zəbt edən düşmən bəzən aylarla, illərlə bu və ya digər qalanın fəth olunması üçün vaxt və qüvvə itirməli olurdu. Bəz qalası, Əlincə qalası, Fit qalası, Gülüstan qalası, Gələsən-görəsən qalası və neçə-neçə digər qalaların məhz bu cür rəşadətlə müdafiə olunduğuna dair orta əsr mənbələrində istənilən qədər məlumatlara rast gəlmək mümkündür.

Qazan xanın vəziri və dövrünün görkəmli alimi olan Rəşidəddin öz qeydlərində müdafiə qalalarının əhəmiyyətindən bəhs edərkən vilayət hakimlərindən onların tikintisi, bərpası və abad vəziyyətdə saxlanması məqsədilə vəsait ayırmalarını tələb edirdi. O, məktublarından birində Qara Buğaya hakimi olduğu vilayətin sığınacaq qalasını möhkəm saxlamağı tövsiyə edərək yazırdı: «Bu qalanın bürclərinin möhkəmləndirilməsi və xəndəklərinin qazılmasında ən xırda işi belə yaddan çıxarma, çünki dərəbəylik, qarmaqarışıqlıq və bədbəxtlik zamanı gələndə o bizim uşaqlarımız üçün sığınacaq yeri olar, elə yer ki, orada bizim tərəfdarlarımız və nəvələrimiz qala bilər».

Müdafiə qalaları üçün yer seçilərkən bir sıra vacib amillər, xüsusilə də ərazinin içməli su ilə təchizatı imkanları mütləq nəzərə alınırdı. Girdiman vilayətindəki müdafiə qalalarının demək olar ki, əksəriyyətinin çay kənarında tikilməsi buna sübutdur. Bu, həmçinin tikintini yerli inşaat materialları ilə təmin etmək imkanları ilə əlaqədar idi. Sözsüz ki, nəhəng dağ qalalarını tikmək üçün uzaq məsafələrdən daş, kirəc və ya kərpic gətirmək sərfəli deyildi. Müşahidə və araşdırmalar göstərir ki, bütün qalalar əsasən yaxınlıqdakı çay və qayaların daş ehtiyatlarından istifadə olunmaqla inşa edilib.

Maraqlıdır ki, dağlıq ərazilərdə olan, müdafiə qalaları düzən ərazilərdəki qalalarla müqayisədə nisbətən daha yaxşı qalmışdır. Fikrimizcə, bu iki mühüm amillə əlaqədardır. Birincisi, gö¬rünür bu qalalar həqiqətən daha çox məhz passiv müdafiə funksiyası yerinə yetirməli olublar. Əks halda, yəni, uzun müddətli fəal hərbi əməliyyatlarda iştirak etmiş olsaydılar, təbiidir ki, ardı-arası kəsilməyən düşmən həmlələri nəticəsində daha çox dağıntıya məruz qalardılar. İkincisi, bu qalalar yaşayış məntəqələrindən uzaq və əlçatmaz yerlərdə olduğundan onlar insanların gündəlik dağıdıcı təsirlərindən də bir növ uzaqda qalıblar. Belə möhtəşəm müdafiə tikililərindən biri Girdiman hökmdarı Cavanşirin adını daşıyan qaladır.

Cavanşir qalası İsmayıllı rayonunun Talıstan kəndindən təqribən 3 km şimalda Ağ çayın sağ sahilində yerləşir. İçərisi və ətrafı sıx meşə örtüyü ilə əhatə olunduğundan uzaqdan görsənmir. Abidəyə gedən yolun üstündə -  Qaranohur çayı ilə Ağ çayın qovuşduğu yerdə qalanın müdafiəsini təşkil etmək məqsədinə xidmət edən istehkam yerləri var. Həmin sahə yerli əhali tərəfindən «Səngər yeri» adlanır və təqribən 4-5 hektar sahəni əhatə edir. Görünür, qalanın müdafiəsi uğrunda ilkin döyüşlər də elə məhz bu ərazidə olub. «Səngər yeri»ndən qalaya cəmisi bir keçid var. Darısqal olduğundan orada kiçik qüvvə ilə böyük bir ordunun qarşısını almaq mümkündür.

Cavanşir qalası Ağ çay dərəsindən təqribən 500-600 m yüksəkdə, hər tərəfdən sərt yamac və uçurumlarla əhatələnən dağın üstündə yerləşir. Qalaya yol cənub tərəfdəndir. Yamac sərt olduğundan oraya birbaşa qalx¬maq qeyri mümkündür. Odur ki, Ağ çay dərəsindən qalaya qalxan yol ərazinin relyefinə uyğun olaraq dolanbac formadadır. Əsasən piyadalar və atlılar üçün nəzərdə tutulan bu yolla hərbi texnikanın, o cümlədən döyüş arabalarının qalaya yaxınlaşması qeyri-mümkündür.

Qalanın tikintisində inşaat materialı kimi kirəc məhlulundan, çay və qaya daşlarından istifadə olunmuşdur. Təbiidir ki, bu materialları da Ağ çayın yatağından və onun sahili boyunca olan qayalıqlardan tədarük ediblər.

Qalanın cənub divarları və oradakı bürclər özünün möhtəşəmliyi ilə diqqəti cəlb edir. Yarıuçuq vəziyyətdə belə qala divarlarının hündürlüyü 10-12 m, qalınlığı isə 1,2-1,5 m təşkil edir.

Cənub divarları boyunca olan dayaq-bürclər düzbucaqlı və ya yarım silindrik formadadır. Mailliyi 45 dərəcədən artıq olan dik yamacda bu cür möhtəşəm qala tikmək, əlbəttə ki, həm fiziki, həm də mühəndis-texniki baxımdan olduqca çətindir. Lakin qalanın dövrümüzədək, demək olar ki, tam salamat vəziyyətdə qalması onu göstərir ki, qədim ustalar bu çətin və mürəkkəb işin öhdəsindən bacarıqla gəlmişlər.

Cavanşir qalasının cənub divarlarının hərbi-strateji əhəmiyyətini təsdiqləyən dəlillərdən biri də orada müxtəlif ölçülü xüsusi mazğalların olmasıdır. Belə mazğallardan bir neçəsi cənub divarlardakı qoşa bürclər arasındakı hissədədir. Onlar içəri tərəfdə bir qədər geniş, çöl tərəfə doğru isə daralan formadadır. Ölçüləri içəridə 45x30 sm, çöl tərəfdə isə 37x15 sm-dir.

Qalanın şərq divarları Ağ çayın sağ sahili boyunca uzanan sıldırım yamacların üstündə tikilib. Bu hissədə tikintinin mühəndis-texniki həlli bütünlüklə relyefə uyğunlaşdırılıb. Beləliklə, həmin hissədə divarlar daha çox əyri və sınıq xətlər boyunca inşa edilib. Dirsək əmələ gələn yerlərdə divarlar diametri təqribən 3-7 m olan nisbətən kiçik həcmli yarımsilindrik bürclərlə möhkəmləndirilib.

Cavanşir qalası iki hissədən ibarətdir: Əsas qala və iç qala. Abidənin şərq divarları şimal-şərq nöqtədə iç qala ilə birləşir. İç qala daha çox dağıntıya məruz qaldığından onun forma və quruluşu barədə konkret fikir söyləmək çətindir. Orada irili-xırdalı çoxlu arakəsmə divar qalıqları mövcuddur.

Maraqlıdır ki, Cavanşir qalasının tikintisində kərpicdən, ümumiy¬yətlə, istifadə olunmayıb. Lakin iç qala ərazisində aşkar olunan yerüstü materiallar içərisində tək-tək də olsa bişmiş kərpic qırıqlarına rast gəlmək mümkündür. Bu, onu göstərir ki, qala tikiləndən xeyli sonra da iç qala ərazisində bu və ya digər yardımçı binalar inşa edilib və bişmiş kərpicdən də məhz o zaman istifadə olunub.

 Cavanşir qalasının şimal hissəsindəki divar-çıxıntı bütövlükdə bu abidəni digər həmdövr müdafiə istehkamlarından fərqləndirən mühüm memarlıq elementi kimi səciyyələndirilə bilər. Uzunluğu 50 m, qalınlığı 2 m olan bu divar-çıxıntı əsas qala ilə qərb və şərq divarlarını birləşdirən yarımsilindirik formalı bürcün şimala doğru davamıdır. Şərq və qərb tərəfdən dərin, həm də olduqca sərt qaya-yamacın zirvəsində olan bu divar-çıxıntının orta hissəsində diametri 3,5 m olan iki ədəd dairəvi formalı kiçik bürc var. Divar-çıxıntını tamamlayan və diametri  10 m olan iri silindirik formalı bürc qalanın ən şimal nöqtəsi hesab olunur.

Cavanşir qalasının mövcudluğu barədə elmi ictimaiyyətə ilk dəfə 1966-cı ildə coğrafiyaşünas alim R.B.Tarverdiyev məlumat verib.

Xalq şairi Səməd Vurğun ötən əsrin 30-cu illərində özünün məşhur «Talıstan» poeması üzərində işləyərkən bir neçə dəfə Cavanşir qalasında olub və onu nəzmə çəkib. Poemada deyilir:

 

Burda əsrlərdən yadigar qalan,

Üstünü çiskinlər, dumanlar alan

Böyük bir qala var dörd yanı hasar,

Daşında paslamış əski yazılar

Kimdir o sənətin böyük ustadı?

Ölməz sənətkarın, sənətin adı?.

 

Coğrafiyaşünas alim R.B.Tarverdiyevdən sonra arxeoloq F.L.Osmanov Cavanşir qalasının quruluşu və ölçüləri barədə yığcam məlumat verib. Abidə haqqında nisbətən əhatəli və elmi cəhətdən dəyərli məlumat ilk dəfə 1980-ci ildə memar C.Ə.Qiyası və arxeoloq F.L.Osma¬nov tərəfindən çap edilib. Onların İsmayıllı rayonunun bəzi müdafiə istehkamlarından bəhs edən məqaləsində qalanın bərpa eskizi verilmiş, onun dövrü və memarlıq xüsusiyyətləri barəsində dəyərli mülahizələr söylənilmişdir.

Cavanşir qalasının Girdiman hökmdarları tərəfindən tikildiyi ehtimal edilir. Lakin belə bir möhtəşəm müdafiə istehkamını Girdiman hökmdarlarından məhz hansının tikdirdiyi məsələsi elmi cəhətdən hələ də müəmmalı olaraq qalır. Doğrudur, adını əsas götürərək, onun məhz Cavanşirin hakimiyyəti dövründə tikildiyini güman etmək olar. Amma bu qənaətdə olmaq üçün bəzi arqumentlər çatışmır. Alban tarixçisi M.Kalankatuklının məlum əsərində Cavanşir qalasının adının çəkilməməsi bu cəhətdən ən ciddi arqument hesab edilə bilər. Yəni, Cavanşirin saray həyatına yaxından bələd olan, hərbi yürüşlərini və görüşlərini bəzən ən xırda detallarınadək qələmə alan tarixçi ola bilməzdi ki, onun hakimiyyəti dövründə, həm də bilavasitə onun təşəbbüsü ilə belə bir əzəmətli qalanın tikildiyindən bixəbər olaydı. Hər halda M.Kalankatlının «Albaniya tarixi» əsərində Cavanşir qalasının adının çəkilməməsi bu cür düşünməyə əsas verir. Axı, necə ola bilərdi ki, Girdiman qalasının adı tez-tez xatırlandığı halda, Cavanşir qalasının adı belə çəkilməsin?! Deməli, qala Cavanşirin hakimiyyəti dövründə tikilməyib. Doğrudur, bəzi müəlliflər M.Kalankatıklı tərəfindən adı çəkilən Girdiman qalasının elə Cavanşir qalası olduğunu güman edirlər. Əlbəttə, bu fikirlə də razılaşmaq mümkün deyil. Birincisi, M.Kalankatlının öz qeydlərində təkrar-təkrar xatırlatdığı kimi, Girdiman qalası Mehranilər sülaləsinin dördüncü nümayəndəsi, Cavanşirin atası Varaz-Qriqorun babası Cəsur Vardan tərəfindən tikilib. İkincisi, həm də kifayət qədər daha ciddi bir arqument ondan ibarətdir ki, Girdiman qalası təkcə müdafiə istehkamı deyil, eyni zamanda şəhər-qala olub. Halbuki, Cavanşir qalası barədə bunu söyləmək olmaz. Yəni, Cavanşir qalası bir daha təkrar edirik ki, sırf müdafiə qalası olub. Ona görə də Girdiman qalası ilə Cavanşir qalasını eyniləşdirmək düzgün olmazdı. Elə isə Cavanşir qalasını kim və nə vaxt tikdirib? Fikrimcə, bu qala VII əsrin sonlarında, daha doğrusu Cavanşirin ölümündən sonra və məhz onun şərəfinə tikilib.

Əfsuslar olsun ki, Azərbaycanın erkən orta əsrlər tarixinin öyrənilməsi ilə məşğul olan tədqiqatçılardan bir çoxu uzun illər ərzində bu abidə barəsində susmuşlar. Bunun bilərəkdənmi, yaxud da sadəcə olaraq məlumatsızlıq ucbatından baş verdiyini demək çətindir. Fakt odur ki, son 50 il ərzində çap olunmuş bir sıra fundamental nəşrlərdə, o cümlədən «Azərbaycan tarixi» və «Azərbaycan memarlığının tarixi» kimi ümumiləşdirici nəşrlərdə, habelə K.V.Treverin, Z.M.Bünyadovun, D.A.Axund¬ovun, F.Ç.Məmmədovanın tədqiqatlarında bu abidənin adı belə çəkilməyib.

 Erkən orta əslər dövründə Alban hökmdarları tərəfindən inşa olunmuş  möhtəşəm müdafiə tikililərindən biri də Xanəgah Qız qalasıdır. Bu qala İsmayıllı rayonu ərazisində, Xənəyə (Xanəgah) kəndindən 2,5-3 km şimalda, Axox çayın sağ sahilində yerləşir. Qala üç tərəfdən – şərq, şimal-şərq və cənub-şərqdən Axoxçayın sıldırım qayaları, qərb tərəfdən isə Qarasu dərəsi ilə əhatələnən hündür adayabənzər dağın üstündə ucaldılıb.

Xanəgah Qız qalasına yol Qarasu dərəsindəndir. Ora isə xüsusi müdafiə divarı ilə möhkəmlənləndirilib. Qalaya girişin və çıxışın tənzimləndiyi buraxılış məntəqəsi funksiyası daşıyan bu divar - səddin uzunluğu 28,6 m, hündürlüyü 7 m, qalınlığı isə 1,8 m-dir. Çox ehtimal ki, həmin divar-səddin orta hissəsində üstü tağ formalı qapı yeri olub.

Qalanın əsas qapısının şimal-qərb tərəfdən olduğu güman edilir. Doğrudur, abidənin qərb kənarında, Qarasu dərəsinə enən yerdə də kiçik qapı yeri var. Hündürlüyü 2 m, eni 1 m olan bu qapıdan görünür, qalaya ərzaq və içməli su daşımaq üçün istifadə olunub. Abidənin şimal küncündən başlayaraq qala divarları təpənin həm şərq, həm də qərb yamacı boyunca uzanaraq onu dövrəyə alır. Qalanın şimal istiqamətdə olan ən möhtəşəm bürcünün hündürlüyü 12-15 metrə çatır.

Qala divarlarının çöl tərəfi bütünlüklə yüksək dərəcədə mailliyi olan sərt yamaclardan və sıldırım qayalıqlardan, içəri tərəfi isə xırda təbii terraslardan ibarətdir. İç qala olduğu ehtimal olunan ərazidə çoxsaylı daxili tikililərin qalıqları aydın bilinir. Onlardan yaşayış və anbar məqsədilə istifadə olunduğu güman edilir. Yonulmamış çay daşı və kirəc məhlulu ilə inşa edilmiş həmin tikintilərin əksəriyyətinin bünövrə hissəsi bu gün də salamat vəziyyətdə qalmaqdadır.

Xanəgah qız qalasında 6 yerdə qala bürcü qalıqları olduğu bilinir. Onlardan üç ədədi şimal, bir ədədi şimal-qərb, bir ədədi şərq tərəfdə, daha bir ədədi isə üst terrasla cənub terras arasındakı istinad divarındadır. İstinad divarı üstündəki bürc dairəvi, digər bürclər isə yarımdairəvi formadadır. Salamat qalmış yerlərdə qala divarların hündürlüyü 6-7 m, qalınlığı isə 1,5 m-dir. Qalanın ümumi sahəsi təqribən 1,5 hektara bərabərdir.

Xanəgah qız qalasında kəşfiyyat xarakterli ilkin tədqiqatlar F.L.Os¬manov tərəfindən keçən əsrin 60-cı illərində aparılıb. 70-ci illərin sonlarında F.L.Osmanov və memar C.Ə.Qiyasinin Xanəgah qız qalası haqqında müştərək məqalələri nəşr olunub.

Araşdırıcıların fikrincə, qalanın tikintisində bişmiş kərpicdən yalnız üzlük material kimi istifadə edilib. Əslində isə qala divarları tikilərkən deyil, onun sonralar müxtəlif səbəbdən dağıntıya məruz qalan hissələrinin bərpasında inşaat materialı kimi həm də bişmiş kərpicdən istifadə olunub.

Bəzi müəlliflər tərəfindən Xanagəh qız qalasının dövrü barədə mülahizə söyləyərkən oradakı ilkin tikinti qalıqları ilə nisbətən sonrakı dövrə aid bərpa elementləri arasındakı fərqlilik nəzərə alınmayıb. Beləliklə də, orada aparılmış təmir və bərpa işləri zamanı istifadə olunmuş bişmiş kərpic nümunələri əsasında qalanın XI əsrdə tikildiyi barədə fikirlər meydana gəlmişdir. Ola bilsin ki, XI əsrdə orada sonuncu dəfə əsaslı təmir və bərpa işləri aparılmışdır. Qalanın tikilmə tarixini isə VII-VIII əsrlərə aid etmək daha düzgün olardı. Sözsüz ki, bu cür möhtəşəm müdafiə tikililərinin Albaniya dövlətinin ən qüdrətli çağlarında və çox ola bilsin ki, məhz Cavanşirin hakimiyyəti illərində inşa olunduğunu düşünmək daha məntiqli görünür. Xatırladaq ki, memarlıq xüsusiyyətləri, habelə relyef və məkan amilləri baxımından onunla Cavanşir qalası arasında çox ciddi oxşarlıqlar var. Ola bilsin ki, bu qalaların hər ikisi eyni mühəndis-ustaların təxəyyülü əsasında inşa edilib.

«Xanəgah qız qalası» adının necə meydana gəlməsi də elmi cəhətdən böyük maraq doğurur. Məlum olduğu kimi «Xanəgah» sözü fars dilində «ev», «yer», «məkan» mənası bildirir. Mütəxəssislərin rəyinə görə, orta əsrlərdə karvan yolları üzərində yerləşən xanəgahlarda qonaq evləri funksiyası daşıyan dini tikililər olub. Daha çox dərvişlərin yaşadığı bu cür yerlər əslində sufiliyin təbliğat mərkəzlərinə çevrilmişdi. Təbidir ki, bu sözləri Xanəgah Qız qalası yaxınlığındakı Xənəyə (Xanəgah) kəndinə də aid edə bilərik.

Alban hökmdarı Cavanşirin hakimiyyəti illərində inşa olunduğu ehtimal edilən müdafiə tikililərindən biri də İsmayıllı rayonu ərazisindəki Niyal qalasıdır. Bu qala Lahıc qəsəbəsindən cənub-şərqdə, Girdiman çayının sol sahilində, Niyal dağının zirvəsində, strateji baxımdan olduqca əlverişli bir ərazidə yerləşir. Qalaya əsas yol Lahıc tərəfdəndir. Lakin oraya Sulut və Fit dağı tərəfdən də yol var. Atlı və ya piyadalar üçün olan bu yolların hər ikisi olduqca sərt dağlıq ərazilərdən keçir.

«Niyal» toponiminin izahına dair müxtəlif versiyalar var. Məsələn, yazıçı M.Süleymanova görə, «Niyal» sözü iranmənşəli olmaqla «doqquz yal» mənası bildirir. Yazısı bunu onunla izah edir ki, Niyal dağının zirvəsi doqquz yaldan ibarətdir. O da maraqlıdır ki, İran ərazisində də «Niyal» adlı dağ var. Bizcə «Niyal» toponimi ilə əlaqədar yuxarıda deyilənləri sadəcə zahiri oxşarlıq kimi qəbul etmək olar. Biz o tədqiqatçılarla həmfikirik ki, onlar «Niyal» toponiminin sırf türk mənşəli olduğunu qəbul edirlər. Onların fikrincə isə «Niyal» qədim türk dillərində işlədilən və «yaşıl», «göy», «ot», «bitki» mənası bildirən «naal», «nial» sözlərindən əmələ gəlməklə «yamyaşıl dağ» deməkdir. Bu isə o deməkdir ki, irandilli əhali oraya köçrülməzdən çox-çox əvvəllər də «Niyal» toponimi mövcud olmuşdur.

Niyal qalası mürəkkəb relyef şəraitində çox böyük ustalıqla inşa edilmiş nadir memarlıq nümunəsidir. O, çay daşından və kirəc məhlulundan istifadə olunmaqla tikilib. Oradan baxanda nəinki Lahıc və Girdiman çay hövzəsi, bütövlükdə qədim Girdiman vilayətinin geniş əraziləri aydın görünür.

Niyal qalasının adı bir sıra Orta əsr mənbələrində xatırlanılır. Məsələn, X əsrə aid anonim mənbə olan «Hüdudəlaləm» əsərinə istinad edərək M.X.Şərifli yazır ki, Laicanşah «Şamaxıdan bir fərsəng uzaq hərbi düşərgədə yaşayır. Burada uca başlı bir dağ vardır. O, yastı, düz, dördguşəli, eni, uzunluğu dörd fərsəngdir. Heç bir tərəfdən yolu yoxdur, ona yalnız bir tərəfdən çətin və ağır yol çəkmişlər. Burada dörd kənd vardır və padşahın bütün xəzinə və sərvətləri orada saxlanılır. Onun bü¬tün əhalisi-kişili arvadlı orada qalır. Onlar orada əkər və orada yeyərlər. Bu qala «Niyal qala» adlanır.

Əlbəttə, burada söhbət Niyal dağındakı eyni adlı qaladan gedir. Sara Aşurbəyliyə görə, mənbədə göstərilən dörd kənd çox ehtimal ki, Basqal, Mücü, Tircan və Zərnəva kəndləridir. Əlbəttə, bu məsələdə onunla mübahisə də etmək olar. Yəni, nə üçün məhz həmin kəndlər? Axı, orada Kəlfərəc, Tağlabiyan və Kürdüvan kəndləri də vardır. Həm də onlar S.Aşurbəylinin adını çəkdiyi Tircan kəndinə nisbətən Niyal qalasına daha yaxın ərazidədir.

M.X.Şəriflinin Məsudiyə istinadən verdiyi məlumata görə, «Yer üzərində olan qalalar içərisində «Qala ən-Niyal» qalasından daha möhtəşəm qala yoxdur.

Bəzi tədqiqatçılar elə güman edirlər ki, Niyal qalası guya tarixi mənbələrdə adı çəkilən Girdiman qalasıdır. Əlbəttə, bu cür düşünmək üçün müəyyən əsaslar var. Birincisi, Niyal qalası yuxarıda artıq qeyd olunduğu kimi Girdiman çayının sahilindədir. İkincisi, o, tikilmə tarixi baxımından Girdiman qalasına uyğun gəlir. Lakin bunlar Niyal qalasının məhz Girdiman qalası olduğunu söyləmək üçün yetərli əsas hesab oluna bilməz. Birincisi, ona görə ki, Girdiman qalası Orta əsr Alban tarixçisi M.Ka¬lankatlının təsvirindən göründüyü kimi, sadəcə qala deyil, qala-şəhər olub. Hansı ki, Niyal qalası barəsində bu sözləri demək olmaz. Çünki, onun ərazisi nisbətən kiçikdir. İkincisi, M.Kalankatlının məlumatına görə, Girdiman qalası ərazisində Girdiman hökmdarı Cavanşir tərəfindən olduqca dəbdəbəli Allah evi-məbəd tikilib. Niyal qalası ərazisində isə belə bir möhtəşəm tikintinin olduğu barədə ümumiyyətlə, danışmağa belə dəyməz. Nəhayət, ən ciddi arqument odur ki, «Hüdudəlaləm»də Niyal qalası ilə Girdiman qalasının adı yanaşı çəkilir. Deməli, onları eyniləşdirmək üçün əsas yoxdur.

Əzəmətliliyi, mühəndis-texniki həlli və memarlıq quruluşu baxımından Niyal qalasının Azərbaycanın Erkən orta əsrlər dövrünün möhtəşəm müdafiə qala-istehkamları arasında özünəməxsus yeri var. Çox ehtimal ki, bu qala irandilli əhalinin Girdiman hövzəsində məskunlaşdırıldığı dövrdən bir qədər sonra, təqribən VII-VIII əsrlərdə tikilib.

Laicanşahın hərbi düşərgəsinin, xəzinəsinin və zindanının da yerləşdiyi Niyal müdafiə qalası olmaqdan əlavə həm də müşahidə məntəqəsi funksiyası daşıyıb. Bir daha qeyd edək ki, cənubda Kür çayınadək, qərbdə Qəbələyədək, şərqdə isə Şamaxıyadək olan geniş ərazilər oradan çox yaxşı görünür. Bu isə yerli feodallar üçün ətraf ərazinin müşahidəsi və qalanın müdafiəsinin təşkili baxımından çox əhəmiyyətli idi.

Təqdimatdan da göründüyü kimi, istər Cavanşir qalası, istər Xanəgah qız qalası, istərsə də Niyal qalası Azərbaycanın Orta əsr hərb tarixinin öyrənilməsi baxımından son dərəcə əhəmiyyətli abidələrdir. İnanmaq istərdik ki, uzun illər aidiyyatı qurumların və elmi ictimaiyyətin diqqətindən kənarda qalmış bu abidələrin tədqiqinə, konservasiyasına və müasir standartlara cavab verə biləcək turistik məkana çevrilməsi istiqamətində lap yaxın gələcəkdə zəruri addımlar atılacaqdır.

Gəlin unutmayaq ki, İsmayıllı qalaları təkcə bunlar deyil. Haqqında neçə-neçə əfsanələr dolaşan möhtəşəm Fit qalası, Basqal qalası, Qalacıq kəndi yaxınlığındakı Qasımxan qalası, Sulut kəndi yaxınlığındakı Hərəm qalası, Xan kəndindəki Xan qalası, Xirəki müdafiə səddi və digər abidələr də Azərbaycanın orta əsrlər tarixinin dəyərli yadigarlarıdır.

 

Qafar Cəbiyev

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun

baş elmi işçisi, tarix elmləri doktoru, professor

 

525-ci qəzet.- 2020.- 5 iyun.- S.16-17.