Nəriman Nərimanov və

Azərbaycan dövlətçiliyi

 

Tarix həmişə şəxsiyyətlərə möhtacdır. Tarix şəxsiyyətləri, şəxsiyyətlər də tarixi yaradır. Hər bir millətin tarixi onun şəxsiyyətlərinin əməllərində boy atır, təkamül edir, şəxsiyyət doğulur, o da istedad kimi Allah vergisidir, ilahi qüdrətdən guc alır. Sonra isə tarix qazanında bişib yetişir. Şəxsiyyətlər dünyadan köçəndən sonra ikinci (və əsas!) ömür yaşayırlar: millətin yaddaşında, vətənin tarixində, nəsillər  bir-birini əvəz etdikcə hər yeni gələn nəsillə birlikdə Azərbaycan tarixində tarixə daxil olmuş, yaddaşlar əbədiləşmiş tarix yaradan belə şəxsiyyətlərdən biri Nəriman Nərimanovdur. O, ədəbiyyat tariximizə görkəmli drammaturq, fəal publisist, nasir, ictimai fikir adamı, böyük dövlət xadimi kimi daxil olmuşdur. İxtisasca həkim idi və müasirləri onu doktor Nərimanov deyə, dilə gətirirdilər. taleyinə və ömrünə iki əsrin qalmaqallı XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamaq nəsib olmuşdur (1870-1925). Simvolikdir ki, o, sovet dövlətinin banisi V.İ.Leninlə eyni ildə anadan olmuş, ondan cəmi bir il artıq yaşamışdı. Nə Lenin, nə də Nərimanov öz əcəli ilə ölmüş, Lenin dəli ayaması ilə ev dustağı edilmiş, Nərimanov isə zəhər qatılmış bir fincan qəhvənin qurbanı olmuşdu.

XX əsrin önlərində böyük realist ədib Mirzə Cəlil, türkçü romantik şair A.Şaiq, realist-demokratik tənqidin başçısı F.Köçərli, korifey bəstəkar Ü.Hacıbəyli və "bolşevik" N.Nərimanov "Ana dili" uğrunda mübarizəyə birgə başladılar. Tezliklə "Ana dili" uğrunda mübarizə tarixi ideoloji yön alaraq "Ana Vətən" uğrunda mübarizəyə çevrildi. N.Nərimanov hələ 1906-cı ildə türkçü "Həyat" qəzetinin 15 avqust tarixli sayında "Nər" imzası ilə çap olunmuş "Bu gün" adlı məqaləsində yazırdı: "Ana dili! Nə qədər rəfiq, nə qədər ali hissiyati-qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqəti-mərdanəsini sənə o dildə bəyan edirdi. Bir dil ki, sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır! Bir dil ki, həyat və kainat haqqında o dil sayəsində bir fikir hasil edibsən, cism və ruhun olduğu mütəvadi o dildə tələb eləyibsən... Bir dil ki, ibtida o dildə yaxşı-yamanı bilibsən, səni yaradanı tanıyıbsan, haman dil, diyari-qürbətdə, biganələr içinə düşəndə ona həsrət qalırsan. Lakin ittifaqən onu eşidəndə ürəyin döyünməyə, üzün gülməyə başlayır, cəmi əsabın təhəyyüc edir, beynin, fikrin, xəyalın işləməyə başlayır". XX əsrin digər mütəfəkkirlərinin əsərlərindən də bu məzmunlu mülahizələri misal gətirmək olar. Elə təkcə N.Nərimanovun bu fikrində ana dili təkcə milli mənliyin deyil, həm də milli yaddaşın, milli özünüdərkin ən ali simvolu, kodu və açarı kimi təqdim ola bilər.

N.Nərimanovu yaxşı başa düşür, həqiqi tarixi dəyərini düzgün qiymətləndirirdilər. N.Nərimanov sovet hakimiyyətinin ilk illərində Azərbaycana rəhbər təyin olunanda - 1922-ci ildə Türkiyədə mühacirətdə olan Əhmədbəy Ağayev (Ağaoğlu) yazırdı: "Sizin kimi doğru və səmimi bir şəxsin bütün türk aləminin keçirməkdə olduğu fəci böhran zamanı Azərbaycanın başında olması bütün türk aləmi üçün faydalı bir əlamətdir. Siz orada qüvvətli bir məqam sahibi kimi iş başındasınız, mən də Ankara rəislərinin qulluğundayam və ikimiz də daşıdığımız fikir və qənaətlər içərisində hər şeydən üstün olan türklüyə xidmətdəyik". Digər müasirlərindən fərqli olaraq N.Nərimanovu bir ideoloq və dövlət xadimi kimi səciyyələndirən bu idi ki, çox çətin bir zamanda o, öz şəxsiyyətində və əməlində türkçülük və azərbaycançılığı üzvi şəkildə birləşdirir, uğrunda mübarizə apardığı "Müstəqil Azərbaycamın mümkünlüyünü bu iki ali fikrin vəhdətində görürdü. Bunun ən bariz ifadəsi onun proletariat diktaturasının banisi V.İ.Lelinə məktubudur. Bu məktubunda o, böyük cəsarətlə yazırdı: "Əziz Vladimir İliç! Məgər "Müstəqil Azərbaycan" sizin dilinizdən çıxmamışdırmı? Axı məhz buna əsaslanaraq, biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik (Bu, N.Nərimanovun ən böyük aldanışı idi - N.Ş). Həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik, Azərbaycanın ərazilərini də almışdır. Azərbaycan isə həm müstəqilliyini, həm də ərazilərini itirir. Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz. Mən qəti surətdə bildirirəm: əgər Siz də bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağırılmağımız barədə Mərkəz qarşısında məsələ qoyaq". Bu sətirlərdəki cəsarət insanı heyran qoyur, onu ancaq arxası qədim türk tarixinə, türk əslinə bağlı böyük azərbaycançı deyə bilərdi. Dedi və bu cəsarət üç il sonra N.Nərimanovun ömrü bahasına başa gəldi. Onun bütün faciəsini biz öldürüləcəyini hiss etdiyi günlərdə Moskvada 28 yanvar 1925-ci il tarixli, oğluna ünvanladığı bitməmiş məktubundan başa düşürük. Sovet dövlətinin Şərq siyasətini formalaşdıran N.Nərimanovun "Ucqarlarda inqilabımızın tarixinə dair" (İ. V.Stalinə məktub) əsəri onun 1923-cü ildə MK-da baş tutmamış məruzəsi idi. Bu əsər N.Nərimanovun ideoloji görüşlərini - azərbaycançılıq ideallarını əks etdirən ən konseptual əsəridir. Məhz o, N.Nərimanovun həm daxili satqınlara, həm də Azərbaycanda hakimiyyəti xərçəng kimi qamarlamış bolşevik-daşnak rəhbərlərinə qarşı müstəqil milli Azərbaycan uğrunda mübarizə tarixidir.

N.Nərimanov bu mübarizəyə hələ Zaqafqaziya müəllimləri seminariyasında (Qori) başlamışdı. O da müasiri M.Ə.Rəsulzadə kimi başa düşmüşdü ki, "Dəhşətlərinə şahid olduğumuz böyük müharibə, böyük bir həqiqəti əsrimizin milliyyət əsri olduğunu isbat etdi". Hələ bundan əvvəl bütün XIX əsr boyu ictimai fikri bir qayə düşündürürdü: vahid vətən hissi! Əsrin sonlarında münəvvərlər başa düşmüşdülər ki, vətənin sahibini yetişdirmək gərəkdi. Və bu məqsədlə də kütləni xalqa, xalqı millətə çevirmək uğrunda maarifçi mübarizə başlandı. Ədəbiyyatda kütlə obrazı: - nuxulular, ölülər, dəlilər, danabaşlar, obrazovannılar; kütlə əxlaq və təfəkkür tərzi - qamışlıq, nadanlıq, oxutmuram əl çəkin və sair, tənqid hədəfinə çevrildi. XX əsrin - "əsri rfıilli"ni yaradanlardan biri də məhz Qori məzunu N.Nərimanov idi. O, 1890-da Qorini bitirib kənd müəllimi işləyir, xalqın gözünü açmaq üçün "Nadanlıq" (1893) və "Pir" əsərlərini yazır. "Şamdan bəy" (1895) əsərində Yusif deyir: "Bu zavallının məhv olmasına səbəb nə oldu? Cəmaətin ittifaqı! Belə bir ittifaqla yaman vücudlardan topsuz, tüfəngsiz xilas olmaq cəmiyyətə həmişə mümkündür". "Nadanlıq" 1895-ci il yanvarın 15-də Bakıda tamaşaya qoyulur və N.Nərimanov yazır: "Bu ildən mən millətə və insaniyyətə xidmət etməyimi hesab edirəm". N.Nərimanovun 20-ci ildə imzaladığı ilk dekret Azərbaycan türkcəsinə dövlət statusu verilməsi və onun rus dili ilə paralel işlənməsi idi. N.Nərimanovun görüşləri onun dövlətçilik prinsiplərində öz ifadəsini tapır. O,1898-ci ildə Azərbaycan ədəbiyyatında ilk tarix faciə olan "Nadir şah"ı yazır. Bu əsər bəlkə də son əsrlərdə yazılmış yeganə bədii əsərdir ki, dövlətçilik haqqmda geniş və aydın təlim öz əksini tapır.

Əsas müddəalara nəzər salaq: Hələ hakimiyyətə gəlməmiş dayısı Cavad Qaçaq Nadirə deyir: "Məni fikrə salan vətənimizin qarışıq işləridir. Vətənimiz əldən gedir, ziyarətgahlarımız, yerlərimiz özgə tayfaların əllərinə keçir. Millətimiz günbəgün zəlil, məşəqqətdə bulunur. Əkin yox, biçin yox, yenə kəndlərdə aclıq başlanıb". Döyüşlərdən qələbə ilə qayıtmış qəhrəman Nadir onun həbsinə fərman verən Şah Təhmasa deyir: "Həmişə padşahla millətin arasında pərdə dövlətin viran qalmağına və millətin bədbəxtliyinə ən birinci səbəb olubdur. Bu pərdə vəzirlərdən ibarət bir şeydir ki, həm padşahı, həm də milləti qaranlıqda şaxlar, nə padşahın millətdən, nə də millətin padşahdan xəbəri olar". Hakimiyyətə gələn Nadir şah öz məsul vəzifəsinin icrasına islahatlardan başlayır. Sarayın mirzəsi Mirzə Mehdi xana aşağıdakı müddəaları yazdırır: 1. "Doğrusu, şiə-sünni adı eşidə bilmirəm. Gərək bu iki məzhəb birləşə (Bu, şiəliyi dövlət ideologiyasına çevirərək ümumşərq birliyinə rəxnə salmış Ş.İ.Xətai - Səfəvilər İmperiyasının süqutundan sonrakı dövr idi - N.Ş). Nə səbəbə, mənfəəti nədir, sonra deyərəm". 2."İkinci fikrim budur, gərəkdir İncil bizim dilə tərcümə oluna. Dövlətin mənfəəti üçün hər bir padşaha lazım gəlir qeyri-tayfanın dinini bilsin. Tainki qeyri-tayfa ilə dininə müvafiq rəftar olunsun". 3."Üçüncü fikrim... Mollaların ixtiyarlarını azaltmaq... Bu pul (Məscidlərə yığılan - N.Ş) gərəkdir dövlətin xəzinəsinə yığılsın. Zira ki, xəzinədə pul olmasa qoşun saxlamaq olmaz. Qoşun olmasa, vətən saxlamaq olmaz. Vətən gedərsə, məscid də olmaz, bəlkə din də əldən gedər... Mollalığa layiq olan şəxslərə, dinə rəvac verən üləmalara, islamın qeyrətini çəkən axundlara məvacib təyin edəcəyəm... Bir dövlət ki, mollalar ixtiyarında yaşadı, o dövlətdə tərəqqi olmaz". 4. "Dördüncü fikrim budur: gərəkdir mənim padşahlığımda fəqir və sail tapılmaya. Bir dövlətin ki, fəqiri, saili çox oldu, o dövlətin tez puç olmağına ehtimal var". 1899-cu ildə Senzura bu əsəri məhv etmək istəyir. Səbəb bir əsərdə iki padşahın Şah Sultan Hüseyn və Şah Təhmasibin camaat tərəfindən taxtdan salınması və xalq nümayəndəsinin padşah seçilməsi idi. Göründüyü kimi, N.Nərimanovun XIX əsrin sonlarında irəli sürdüyü islahatlar bu gün də öz müasirliyini itirməyib. Bu hər şeydən əvvəl N.Nərimanovun milli qurtuluş, istiqlalçılıq təlimi olan azərbaycançılıq ideologiyasının tarixi perspektivini göstərən danılmaz həqiqətdir.

Nəriman Nərimanov təkcə təqvim baxımından iki əsrin keçid dövründə deyil, eyni zamanda, tarixin "dağılan və doğulan" (Lenin) epoxasında yaşayıb fəaliyyət göstərməli oldu. Bu, eyni zamanda, dünya müharibəsi ictimai inqilablar milli dövlətçiliyin təşəkkül epoxası idi.

Onun V.İ.Leninə məktubunda maraqlı bir yer var: Azərbaycanın müstəqil olacağı vədinə inanaraq "biz Müsavatın qurduğu fitnəkarlığı (dövləti - N.Ş) məhv edə bildik" - cümləsi. Bu etiraf Nəriman Nərimanovla bağlı bir çox suallara aydınlıq gətirir: bu, onun böyük aldanışı idi. V.İ.Lenin onu aldatmış, vədinə əməl etməmişdi. Nəriman Nərimanov bütün ömrü boyu bu aldanışın faciəsini yaşamalı oldu. Nəriman Nərimanov həkim və yazıçı idi.  Bunlar isə dünyanın iki humanist insanı fəaliyyət sahələridir. Siyasətdə isə yalnız siyasi maraqlar var.

Nəriman Nərimanov böyük yazıçı - dramaturq, tizfəhm publisist, əqidə sahibi ideoloq və sədaqətli dövlətçi idi. O, keşməkeşli bir dövrdə Azərbaycan naminə həyatını qurban verməli oldu.

 

Nizaməddin ŞƏMSİZADƏ

Professor

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

525-ci qəzet.- 2020.- 5 iyun.- S.20.