Narıncı yarış
maşını
İlk oyuncaq ilk sevgi kimidir - unudulmur. Xatırlayırsınızmı ilk oyuncağınızı?
Sizi bilmirəm, mənim yadımda o, ilk sirdaşım kimi qalıb.Uşaqlar ilk səmimi
söhbətlərini oyuncaqları
ilə edirlər. Hətta anaya belə deyə bilmədiklərini
onunla bölüşürlər.
Dediyim şübhəli
gəldisə, ilk oyuncağınızı
yada salın!
Sovet dönəmində
kəndlərdə qarışıq
mallar mağazası olurdu. Yəni ərzaq, sənaye,
trikotaj malları bir yerdə satılırdı. Özünəməxsus xoş qoxusu olardı bu mağazaların.
Dayım şəhərə bitişik
Seyidli kəndinin dükanında işləyirdi. Hər kəndə gələndə
ora dönüb nəsə alar, yaxud salam
verib keçərdik.
Bir gün yenə anamla kəndə getmişdik. Qohumların hansınınsa
evində paltarbiçdiydi.
Qız toyu. Tək qadınlar olduğundan
paltarbiçdilərdən xoşum gəlməzdi.
Yəqin
bunu bildiyindən anam məni dayımın yanında qoyub toya getdi.
Az qala əlli il keçib,
amma elə bil dünən idi. Deyərsən bəs üstündən yel də əsməyib,
il də
ötməyib o xatirənin.
Həmin gün günüm oyuncaqlar olan bölmədə keçdi. Hərdən konfet yeşikləri düzülmüş rəflərə
tərəfə gedir,
ayağımın ucunda
qalxıb əl havasına konfet seçirdim. Boyum çatmırdı,
əlimi sürtməklə
konfetləri bir-birindən
ayırd edə bilirdim. Onda sümürməli "Barbaris"i, bir də üstündə ayı şəkli olan şokoladı xoşlayırdım.
Sən demə,
dayımın bir gözü məndəymiş. Elədiklərimə göz qoyurmuş. "Nə danışırdın
onlarla?" deyə soruşanda bilmişdim.
Sonralar söyləyirdi ki, mənim oyuncaqlarla söhbətimə qulaq asıb ləzzət alırmış.
Axşama doğru anam məni götürməyə
gəldi. Biz çıxanda
dayım narıncı
rəngli yarış
maşınına ip bağlayıb mənə
verdi. "Sür, sənindir" deyib üstündə
"5" yazılmış maşını mənə
bağışladı. Çıxanda cibimi "Barbaris"lə,
"Mişka kosolapiy"la
doldurdu.
Uzunsov plastmas yarış maşını
nənəmgilin kəndindən
şəhərəcən çəkib sürə-sürə
gətirdim. ...Sonra başqa oyuncaqlarım da oldu. Ağdamda üçmərtəbəli
univermaq tikiləndə
onun oyuncaq bölməsindən çox
oyuncaqlar aldı anam mənə. Tapança, avtomat, cürbəcür maşın,
ev konstruksiyaları,
pazllar. Onların heç birinin
ömrü ilk maşınım
kimi uzun olmadı.
O maşını bağçaya
da aparırdım, uşaqlara da göstərirdim. Onunla dostyana
söhbət edirdim.
Xəyal
qurub uzaq səfərlərə çıxırdıq.
Bağçamızın ən qəşəng
qızını da özümlə götürürdüm.
Onsuz xəyalmı olardı!
Maşınım da mənimlə danışırdı. Nə dediyini
anlayır, duyurdum.
Bir dəfə yağışlı
gündə onu palçıqda, bir dəfə də şaxtalı qış gecəsi çöldə
qoymuşdum. Bunlar mənə
günah hissini yaşadan ilk hallar oldu. Özümü
etibarsız dost kimi
hiss etmişdim.
Sonra onu bir də özümdən
uzaq qoymadım. Gecələr çarpayımın altında,
gündüzlər gözümün
qabağında oldu.
Təkərləri itəndə belə
ondan əl çəkmədim. Hovuzumuzu doldurub
onu qayıq kimi də üzdürdüm,
həyətimizin o başınacan
axan arxımızda gəmi kimi də sürdüm.
Böyüyüb yekə oğlan olanda da atmadım
onu. Fərq etməz, canlı,
ya cansız - əziz olan heç nəyimi atmamışam. Evimizin zirzəmisindəcə
dururdu.
Şəhərimiz işğal olunanacan...
***
Huşum
oyuncağıma getdi,
səki dayımdan danışıram sizə!
O ilk cansız sirdaşımı
- oyunacağımı mənə
bağışlayan dayımın
70 yaşı tamam olur. İndi anlayıram ki,
cansız sirdaşı
mənə hədiyyə
verən Rafael dayım
elə özü mənim ilk sirdaşım,
dostum olub. Ağdamın Köhnə Hamam
məhəlləsindən Seyidli
kəndinin Molla məhəlləsinəcən yol
boyu boynundan düşmədiyim adamı
deyirəm.
Onun çiyinlərindən
görünən çəpərlərin
o üzündəki həyətlər
başqa dünyalarmış
kimi qəribə gəlirdi mənə. O ucalıqda
həyat özü rahat idi, küçəyə
uzanan budaqlardakı gilənarı, almanı, alçanı dərəcək
qədər asan idi, əlçatan idi.
Bir dəfə
də mənə
"yoruldum, düş"
demədi.
Kənddə qalanda gecələr nənəmlə yatırdım. Səhər obaşdan
duran kimi yan otağa yüyürür, dayımın
üstünə atılır,
yorğanı çəkir,
oyadırdım. Onda da mənə acıqlanmazdı.
"Get, yuxumun dalına baxım, gəlirəm çay içək" deyərdi.
Mən də ustufca çıxardım. Bəzən onun
"kinosu" uzanardı,
onda yenidən otağına hücum çəkərdim. Bu dəfə təslim olardı.
Mənimlə uşaq kimi yox, həmişə böyük oğlanammış
kimi söhbət edirdi. Ona görə də
hətta anama, atama deyə bilmədiklərimi ona deyirdim. Ömrümün ən qayğısız
xoşbəxt anlarının
tək şahidi yox, həm də
bu gün titrək kəpənək
qanadlı xatirəyə
çevrilən o anlarını
yaradan sirdaşımdır
o.
Gözləyirəm hava açılsın, elə yatağındaca haqlayım onu, zəng edib "70 yaşın mübarək,
mənim ilk sirdaşım"
deyim.
Yəqin
narıncı yarış
maşınımı unudub,
indi narıncı xatirəyə çevrilən
o cansız sirdaşım
üçünsə ayrıca
sağ ol deyəcəm...
İyun 2020
Vahid QAZİ
525-ci qəzet.- 2020.- 5 iyun.- S.24.