Türk xalqları ədəbiyyatşünaslığının
layiqli təmsilçisi
TANINMIŞ
ÖZBƏK ALİMİ PROFESSOR HƏMDULLA BALTABAYEV HAQQINDA
BİR NEÇƏ SÖZ
Sovet dönəmində
türk xalqlarının ədəbi-mədəni əlaqələri
hakim ideologiyanın qəlibləri və sərhədləri
çərçivəsində öyrənilsə də
postsovet məkanında qarşılıqlı ədəbi
ünsiyyətin intensivliyi və məhsuldarlığı təkzibolunmazdır. Türk-müsəlman xalqlarının tarixinin, dilinin,
ortaq düşüncə qaynaqlarının tədqiqində
sovet senzurasının müəyyən etdiyi sərhədlər
hüdudunda aparılan tədqiqatlarda, ədəbi-mədəni
abidələrin tərcüməsi sahəsində ortaq dəyərlərin
elə qatları üzə çıxırdı ki, bunlar
müasir humanitar elmlərin metodoloji nailiyyətləri zəminində
düşünən, yeni tipli alimlərin formalaşmasına
zəmin yaradırdı. Türk
xalqlarının müasir ədəbiyyatşünaslıq
elmini təmsil edən görkəmli alimlərdən biri də
özbək alimi professor Həmdulla Baltabayevdir.
SSRİ adlı böyük bir imperiya
dağıldıqdan sonra bir müddət özünəqapanma,
ədəbi-tarixi təcrübəni ifrat dərəcədə
inkar meyləri meydana çıxdı. Yeri gəldi-gəlmədi, ədəbi-nəzəri
fikrin bütün nailiyyətlərini inkar ovqatı, klassik mənəvi
sərvətləri az qala təriqətlərin
bədii tribunası kimi təbliğ edən yazılar meydan
suladı. On il öncə Səmərqənddə
Əlişir Nəvai irsi fonunda klassik irsin tədqiqinin problemlərinə
həsr edilmiş beynəlxalq konfransda tanış olduğum
professor Həmdulla Baltabayevlə tarixi elmi təcrübə ilə
müasir elmi-siyasi reallıqları, elmi demokratizmi bir axarda
birləşdirmək mənasında
baxışlarımız üst-üstə düşdü. Elmi əməkdaşlığımız və səmimi
dostluğumuz da həmin vaxtdan başladı.
Həmdulla Baltabayev bu gün təkcə özbək ədəbi-nəzəri
fikrini yox, türk xalqları ədəbiyyatşünaslığını
dünyanın mötəbər elmi kürsülərindən
təmsil etmək səlahiyyəti qazanmışdır. Onun elmi maraq
dairəsi genişdir. Az qala ədəbiyyatşünaslığın
bütün istiqamətlərini əhatə edir: ədəbiyyat
nəzəriyyəsi, klassik filologiya, estetika və sənətşünaslıq,
dərslik və dərs vəsaitləri, dünya ədəbi-nəzəri
fikrinin görkəmli nümunələrindən tərcümələr.
Bu istiqamətlərdə uğuru onun elmi-nəzəri
potensialı, yorulmaz tədqiqatçılıq səriştəsinin
bəhrəsidir.
Professor
H.Baltabayevin istər klassik irs, istərsə
də yeni və ən yeni dövr ədəbiyyata
baxışlarında nəzəri tutum dərhal seçilir.
O, klassiklərin fonunda müasir hərəkatda baş verənləri
ədəbi ənənə və modern müstəvisində
müşahidə edə və dəyərləndirə
bilir. İlk sanballı "Müasir nəsrin
üslubi axtarışları (70-ci illər)" adlı
monoqrafiyasında özbək nəsri 60-80-cı illər sovet
nəsrinin kontekstində araşdırılır, nəsrin
üslubi axtarışlarında klassik təhkiyə ənənələrini,
gerçəkliyi poetik duyum yaddaşının üslub
komponenti kimi müəyyənləşməsini doğru
olaraq 70-ci illər nəsrinin uğuru kimi dəyərləndirir.
Ötən əsrin 70-ci illərində
üslub kateqoriyası geniş aspektdə öyrənilirdi.
M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunun dörd cilddə nəşr etdiyi sanballı tədqiqatda
dünya ədəbiyyatının tarixi təcrübəsi
dövriyəyə gətirilirdi. Hələ o
zaman rus və xarici ədəbiyyat kafedrasına rəhbərlik
edən H.Baltabayev özünü nəzəriyyəçi ədəbiyyatşünas
kimi təsdiq etdi. 1982-1992-ci illər arasında
üslub mövzusunda nəşr etdirdiyi monoqrafiya və məqalələr
məcmuəsi onun ədəbi prosesin estetik mənzərəsini
yaratması, ədəbi-bədii yeniliyin nəsrin
hüdudlarında müşahidə və ümumiləşdirmələri
tədqiqatçının fərdi yaradıcılıq
imkanlarının təsdiqi idi. Təsadüfi deyil ki, o,
ilk monoqrafiyasını da belə adlandırmışdı:
"İstedad və üslub". Bu əsərdə
mənə daha maraqlı görünən tədqiqatçının
yaradıcılıq psixologiyası ilə bədii əsərin
poetik strukturu arasındakı bağlılıqları
doğru müşahidə etməsi və bunun fərdi üslubun
müəyyənləşməsindəki rolunu elmi cəhətdən
əsaslandırmasıdır.
Həmdulla Baltabayevin tədqiqatlarının əsas
istiqamətlərindən biri ədəbi-nəzəri fikir
tarixidir. O,
özbək ədəbiyyatında bu problemi dünya nəzəri
fikrinin kontekstində öyrənir. Bu sahədəki
ən sanballı tədqiqatları öyrənib. Bunu həmmüəllifi olduğu "Ədəbi-estetik
təfəkkür tarixi" (Daşkənd, 2013) əsəri
də təsdiq edir. Bu kitabın strukturu, əhatə
etdiyi elmi ədəbiyyat və tədqiqat prosesində Şərq
tarixi abidələri ilə müqayisələr onun maarifləndirici
missiyasına orijinal əlavələr kimi də əhəmiyyətlidir.
Professor H.Baltabayevin "XX əsr özbək ədəbiyyatşünaslığı
və Fitrətin elmi irsi" mövzusunda doktorluq
dissertasiyası da nəzəri-estetik fikrin tarixi təkamül
problemlərinə həsr olunub. Nəzəri fikir
tarixinin tədqiqi araşdırıcıdan yüksək elmi
hazırlıq, humanitar elmlərin metodologiya məsələlərinə
dərindən bələdlik tələb edir. Yuxarıda dediyimiz kimi, Həmdulla müəllim bu
baxımdan hazırlıqlı alimdir və onun əsəri
monoqrafiya kimi 1996-cı ildə nəşr olunduqdan sonra öz
ölkəsində, həmçinin, Türkiyədə
yüksək dəyərləndirirdi. Bu əsərin
mühüm üstünlüyü onda idi ki, Stalin
repressiyanın qurbanı olan universal təfəkkürlü
bir şəxsiyyətin irsi elmi zəmin seçilmişdi.
Fitrət böyük tarixçi, dilçi, şair olmaqla yanaşı,
ədəbiyyatın nəzəri məsələlərinə,
o cümlədən, Əhməd Yəsəvi, Əlişir Nəvai,
Babur, Firdovsi, Xəyyam haqqında əsərləri özbək
ədəbiyyatşünaslığının klassik
nümunələri idi. H.Baltabayev Fitrətin ədəbi
irsini özbək ədəbi-ictimai düşüncəsinin,
milli özünüdərkin daşıyıcısı və
ifadəsi kimi səciyyələndirir.
H.Baltabayev 1998-ci ildən etibarən Özbəkistan Milli
Universitetində Klassik ədəbiyyat kafedrasına rəhbərlik
edir. Onun son iyirmi ildəki elmi fəaliyyətində
klassik irsin dəyərləndirilməsi, dövrləşdirilməsi
və poetikası kimi problemlər aparıcı yer tutur.
Sufizmin qaynaqları, nəzəriyyəsi və
tarixi, həmçinin, klassik Şərq poetikasına dair
elmi-praktik, müntəxəbat səciyyəli kitabları
professor H.Baltabayevi Özbəkistanda, Türkiyədə bu sahənin
seçilən mütəxəssisi kimi
tanıtmışdır. Onun bu sahədəki
tədqiqatlarının yekunlarını özündə
ehtiva edən məqalələri ABŞ, Rusiya, Almaniya,
Yaponiya, Çin, Hindistan və digər ölkələrdə
nəşr edilmişdir. H.Baltabayevin "Orta Asiya ədəbi
tarixinin öyrənilməsinin metodoloji əsasları və onun dövrləşdirilməsi
prinsipləri" mövzusunda 2010-cu ildə AMEA-da keçirilən
beynəlxalq konfransdakı məruzəsində irəli
sürülən müddəalar bu tədbirdə iştirak
edən dünyanın bu sahədə tanınmış
mütəxəssislərinin diqqətini cəlb etdi. Onun belə bir tezisi aktual olaraq qalmaqdadır ki,
müəyyən bir xalqın ədəbiyyatının tarixi
təkamülünü və onun dövrləşdirmə
prinsiplərini təyin edərkən ictimai-siyasi sistemdən
daha çox milli ideologiyaya əsaslanmaq gərəkdir.
H.Baltabayevin nüfuzlu "Akademiçeskie tetradi"
jurnalında dərc edilmiş "Şərq Orta əsrlərində
Mərkəzi Asiya mütəfəkkirlərinin estetik
irsi" məqaləsi onun yaxşı bələd olduğu
tarixi faktları estetik düşüncənin müəyyən
tarixi coğrafi hüdudlarda yerini və rolunu izah etməyə
yardımçı olur.
H.Baltabayevin göstərilən istiqamətlərdəki
fəaliyyəti onun məhsuldar tərcüməçiliyi ilə
paraleldir. Tərcümə etdiyi klassik və müasir müəlliflər,
onların tərcümə üçün seçilən əsərləri
göstərir ki, H.Baltabayev öz araşdırmalarında
ciddi nəzəri irsə əsaslanır. Bu
irsin vacib saydığı nümunələri özbək
ictimaiyyətinə təqdim edir. V.Belinski,
N.Çernişevski, R.Bart, V.Şklovski, Eyxenbaym, L.Barxes,
Y.Borev və s.
Bu gün böyük bir enerji ilə elmi-pedoqoji işlə
məşğul olan professor H.Baltabayevin son on ildə Azərbaycanla
yaxın, səmərəli yaradıcılıq əlaqələri
yaranıb və öz bəhrələrini verməkdədir. Azərbaycan-özbək
ədəbi əlaqələrinin müasir elmi-demokratik
meyarlar, yeni arxiv materialları əsasında tədqiqində
onun müstəsna xidmətləri vardır. Son illər AMEA-nın keçirdiyi konfrans və
yubiley tədbirlərində onun təmiz Azərbaycan dilində,
özü də müasir ədəbiyyatşünaslıq
üslubunda məruzələri rəğbətlə
qarşılanır. Ötən il Cəlil
Məmmədquluzadə haqqında yeni faktlara söykənən
məqaləsi onun Azərbaycan-özbək ədəbi-elmi əlaqələrinin
keyfiyyətcə yeni mərhələsindən xəbər
verir.
Professor
H.Baltabayev Hüseyn Kürdoğlunun "Seçilmiş əsərləri"ni Özbəkistanda çap etdirdi. Bu kitaba yazdığı ön sözdə bir daha təsdiq
etdi ki, o, Azərbaycan ədəbiyyatının klassikləri
ilə yanaşı, müasirlərinin də
yaradıcılığına bələddir, XX əsr Azərbaycan
poeziyasını təmsil edən nəsillərin yerini, ədəbi
gedişatdakı rolunu doğru müəyyənləşdirir.
Professor H.Baltabayevin akademik İsa Həbibbəyli
haqqında olan kitaba (A.Ülvi, Y.Qasımbəyli)
yazdığı ön sözü onun Azərbaycan ədəbiyyatına,
Azərbaycan elminə səmimi ehtiramı oldu. Kitab özbək
oxucusuna İsa Həbibbəylinin məhsuldar bir tədqiqatçı
kimi yaradıcılığının əsas istiqamətləri
haqqında dolğun təsəvvür yaradır.
Bu sətirlərin müəllifini professor H.Baltabayevlə
bağlayan onun əsl elm fədaisi, yüksək əxlaqi-mənəvi
keyfiyyətləri, səmimiliyi, təvazökarlığıdır. Mənim
üçün çox xoşdur ki, ikimiz də Rusiya Estetika
və Azad Sənətlər Akademiyasının
üzvüyük. Hər ikimiz Y.Borevi
öz ustadımız kimi tez-tez yad edirik. Həmdulla
onun "Estetika" kitabını özbək dilinə
çevirib nəşr etdirdi. Onunla Səmərqənddə,
Buxarada və Bakıdakı görüşlərimizin predmeti
Azərbaycan-özbək ədəbi əlaqələrini yeni
səviyyəyə qaldırmağın vəzifələridir.
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu ötən il Azərbaycana
böyük sevgisinin təzahürü olan fəaliyyətini
nəzərə alıb onu "İlin alimi" adına
layiq gördü.
Professor Həmdulla Baltabayev Azərbaycanda keçirilən
ən mötəbər elmi tədbirlərin arzuolunan
qonağı, sanballı elmi nəşrlərdə əsərlərinə
yer ayrılan görkəmli alimdir.
Şirindil ALIŞANLI
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.-
2020.- 5 iyun.- S.22.