Ruhun fəryadları və ya qırmızı auralı misralar

 

... gəlmisənsə,

demək,

Tanrı göndəribdir-

sən də, mənə tuş gəlmisən.

müqəddəs söz!

qələmimə,

kağızıma xoş gəlmisən!

Şair olmaq üçün nə lazımdır görəsən? Söz sərrafımı olmalısan, natiqmi, filosofmu? Çoxları düşünür ki, şeir yazmağa nə var? Düzürsən qafiyələri, uyğun sözləri yan-yana, olur şeir. Amma bu şeir adlanan üç sətirlik, beş sətirlik bəndlərdə məna yükü varmı, dərindirmi söz çalarları? İnsanın içini yandırırmı, hisslərini cuşa gətirirmi? Hansısa kəlməsiylə sarı siminə toxunub, qəlbinə yağ kimi yayılırmı? Bax, şairliyin cavabı bu sorğularda gizlənib. Bu sorğuların da, müsbət cavabıyla hər şeirdə rastlaşmırsan. Amma mən rastlaşdım. Ən son Vüqar Əlisoyun şeiriyyətində bir-bir, bütün bu sorğulara cavab tapdım. Təkcə ona görə ki, onun şeirlərində gündəlik hadisələrə fərqli və fəlsəfi yanaşma tərzi var? Bəli, əlbəttə, bu da var! Amma məni bu şeirlərə çəkən təkcə o deyil. Bu misralardan eşidilən ruhun fəryadlarıdır!

... Ağrılı bədəndə qərib ruham...

azıb qalmışam öz içimdə.

sən yoxsansa mən də yoxam

bu görkəmdə,

bu biçimdə...

sıyrılıb çıxıram öz-özümdən,

dönüb baxıram özümə...

sınıb düşürəm öz gözümdən,

gözüm baxmır sözümə...

için-için ağlayıram

özüm,

özümü görəndə.

can dərdi saxlayıram,

özüm,

özümü bədəndə...

Oxuyuram, diqqətlə oxuyuram Vüqar Əlisoyun şeirlərini və görünən odur ki, şairin içində boğduğu, dilə gətirmədiyi, onu gərginləşdirən, daxildən yeyib-dağıdan "zəhər", şüurunun alt qatına hopub, ruhuna əzab verir. Və bu zəhəri həzm etmək istəməyən ruh, şairlə çarpışır, fəryad edir. Yerə-göyə sığmır, bu dünyadan uzaqlaşıb qaçmaq istəyir. Boş qəbirlərdən mədət umub, özünə yeni ünvan, sığınacaq axtarır. Bax, elə bu dar ayaqda əllər qələmə uzanır. Ağ kağızda hərflər muncuqlanır biixtiyar. Elə bil ruh diqktə edir, bədənsə bir robot kimi icraya başlayır...

... gəlmə bu dünyaya

Adam,

gəlmə...

gəlsən

sən də bu dünyadan

azadlıq umacaq,

xəyallara dalacaqsan:

uçacaqsan

mələklərin ağuşunda,

uçurduğu quşa baxan

bir çocuğun baxışında...

uçacaqsan,

arzularının dalınca...

arzulardan yıxılınca

karıxıb, duruxub,

gerçəyə yoluxub

oyanacaqsan...

Bəli, Əlisoyun şeirlərinin qəhrəmanı əksər halda özbəöz ruhudur. Daim müşahidə edən, yalanlardan usanan ruh, çirklənməkdən qorxur. Getdikcə yalqızlaşır, tənhalaşır. O qədər qələbəliyin içində özünü qərib hiss edir. Gah sevgisizlik xiffəti çəkir, gah keçmiş günlərin xəzəlini qurcalayır. Anlayır ki, bu dünyada heç nə qalıcı deyil: nə hisslər, nə də insanlar. Təkcə söz qalıcıdır! O söz ki, insanı heyvanlardan uzaqlaşdıraraq aliləşdirib. Onun şüurlu və məntiqli varlıq olmasını sübuta yetirib. O söz ki, müharibələr dayandırıb, nə qadalar sovuşdurub. O söz ki, iki yad insanı məst edib, gözəgörünməz bağlarla bir-birinə bağlayıb.

... mən bir sənət əsəriyəm:

qara gildən yoğrulmuşam,

kətanda doğulmuşam,

göy əskiylə

boz divardan asılmışam.

dörd bucaqdan

çərçivəylə basılmışam.

Asan, məni, hara asıb,

mən də ora qısılmışam.

Sabah,

yəqin satılacam...

ya da, bəlkə,

xəbərim yox,

dünən artıq satılmışam...

Şeir odur ki, oxuyanda əhvalın dəyişə, sərməst olasan. Üzündə xəfif təbəssümlər oynaya... Yadına yaşadığın hansısa oxşar hadisənin kölgəsi qonaq gələ. Ya da, ən mübhəm duyğuların baş qaldıra bir anlığa... Bir də, şeir yazmaq, hər yazarın peşəsi deyil ki! Şeir yazmaq cəsarət istəyir. Hekayədə, romanda yazar ümumiləşdirilmiş qəhrəmanların arxasında gizlənə bilir. Amma şeirdə gizlənməyə bucaq yoxdur. Şair gizlənsə, hisslər çılpaqlığını itirəcək, şeirsə səmimiyyətini. Səmimiyyətsiz şeir bir qucaq mənasız söz yığınıdır. Ona görə də, lirikada şair, içini ortaya qoyur. Həmin anda onu narahat edən bütün hisslərini, durumunu, problemini bir növ etiraf edir. Psixoloq yanına gedən xəstə kimi... Ya da, gündəlik yazırmış kimi... Bax, Vüqar Əlisoyun şeirlərində o, vəsf etdiyim etiraf var, həm də səmimi etiraf...

... mən,

düz olmazdım...

indi,

düzdə qalmazdım.

atam məni aldatdı:

alışdığı yanlışları,

düz yol bilib, anlatdı...

düz yol,

atama od vurdu,

düz yol,

anamı ağlatdı...

indi o,

ölməyə hazırlaşır...

mənsə,

yerə girməyə:

qonşudan borc alıb,

atamı dəfn etməyə...

Şeir yazmaq fərqli bir baxış bucağı tələb edir, ətrafında olub-bitənə... Ən önəmlisi, dolu bir ürək tələb edir.

Hisslərin dolğunluğundan aşıb-daşan, yanan, qovrulan bir ürək... Zamanın sınaqlarında həqiqətən bişmiş, döyülüb-bərkimiş bir ürək... Çünki şeirin hər misrası qəlbdən su içir, beyindən deyil. Ona görə həzindir, incədir, kövrəkdir, əsl şeir. Ona görə nə misralara sığır, nə qafiyələrlə uzlaşır. Ona görə hansı yaşda yazılsa da, məsumdur, uşaq kimi... Ağlayır bir misrada, o biri misrada isə gülür. Zənnimcə, ona görə kövrəkdir, həssasdır şairlər. Vüqar Əlisoy kimi...

heç oxuma xalaxətri -

sözdü, dostum, -

oxusan da

sümüyünə düşməz sənin.

...nə sən deyən,

sən yeyən nemət deyil -

ürəyindən keçməz sənin.

Allah bilir,

ürəyin də,

sümükləyib sənin çoxdan...

loru sözlər dinləməkdən,

cır səslərə oynamaqdan...

sözdü dostum:

ağlın kəsməz,

səbrin çatmaz...

qonşudan gələr sənə,

evində bişməz sənin...

Uzun illərdir tanıyıram Əlisoyu mən. Kənardan baxanda çox ötkəm görünür. Heç deməzsən, şair ruhludur. Biz, illər öncə Dövlət televiziyasının dəhlizlərində, həyətində, kafesində dönə-dönə qarşılaşardıq. Elə salam-kalamımız da, bu qarşılaşmalardan sonra başlamışdı. Həmin vaxt, o da veriliş hazırlayırdı, mən də. O da redaktor idi, mən də. Amma Vüqar Əlisoyu mən uzun illər sonra kəşf etdim: həm insan, həm yaradıcı şəxs kimi. Özü də, ara-sıra sosial mediada paylaşdığı şeirlərlə kəşf etdim. Eynilə ütüsüz paltar kimi, nöqtəsiz, vergülsüz yazılan şeirləriylə...

Pəncərəmi döymə ölüm!

açmayacam...

ayağına getməyəcəm,

qabağından qaçmayacam.

heç özünü öymə, ölüm!

... mən, çox ölümlər görmüşəm -

zaman-zaman batıb-çıxıb,

ölüb, bir də dirilmişəm.

... zaman-zaman

dilimlərə bölünmüşəm,

zülümlərə verilmişəm,

ölümlərə gərilmişəm,

ölməmişəm...

Yadımdadır, ilk dəfə oxuyanda və şeirin ona məxsus olduğunu biləndə təəccüblənmişdim də. Özünə də etiraf etmişdim təəccübümü. Demişdi ki, şeirlər çoxdur. Vaxtı gələr, oxuyarsan və fikirlərini yazarsan. Qismət indiyə imiş. Amma bəri başdan deyirəm. Tək-tək şeirlərinizi analiz edənlər çox olacaq və olub da. Mən, ümumilikdə Vüqar Əlisoy şeiriyyətindən, Vüqar Əlisoyun şair ruhundan danışıram. Çünki hər şeirin arxasında bayaq dediyim kimi, siz varsız!

... Dişimi, dişimə qıcıyım,

Durum,

bir az da yaşayım...

ölümün gələn vaxtıdı,

gəlib, diri görsün məni.

yerdə onsuz çapılıram,

bir az da, o sürsün məni...

İndi bir etirafı da mən edim, Vüqar müəllim! (Nə olsun ki, şair deyiləm!) Yəqin düşünürsüz ki, bu qız, niyə təəccüblənirmiş mənim şair olmağıma, hə? Deyim də... Mənim üçün yaradıcı insanların içində eynilə çoxrəngli qələmlərdə olduğu kimi, iki rəngli mürəkkəb var. Yaradıcı insanlar daim yazırlar: iş gərəyi, sifarişlə, müəyyən məbləğin müqabilində... Bu zaman onların qələmi göy rəngli mürəkkəblə yazır. Çünki daxildən vərəqlərə, sətirlərə axıb gələn enerji göy rəngdə olur. Amma qəlblərincə olan, istədikləri yaradıcılıqla məşğul olanda onların içindəki enerji qızışır, qızarır və nəticədə qıpqırmizi rəng alıb, sətirlərə tökülür. Mən, Vüqar Əlisoy şeiriyyətində bu qırmızı enerjini gördüm. Bu həyəcanı, bu sevgini, bu ekstrimi, bu ehtirası sezdim. Anladım ki, o, illərdir içində saxladığı qırmızı emosiyalarını, duyğu fışqıran şeirlərinə ötürürmüş. Gizlicə, yavaş-yavaş, əlaltından... Və nə yaxşı ki, artıq bu qırmızı duyğuları tək mən, siz, o deyil, hamı oxuyacaq, duyacaq. Duyduqca onların gözündə Vüqar Əlisoyun hamıdan gizlətdiyi qırmızı rəngli aurası canlanacaq! Sevgidolu qırmızı aurası!

... mən bir sözəm.

qatın sözlərinizin

gözünə,

şəkər edim dilinizi,

pıçıldayın qulağına

sevginizin...

ananıza deyin məni,

balanıza söylüyün,

dürr olum,

ağzınızdan tökülüm...

qatın məni

sözlərinizin gözünə.

fikrinizin

ağrısın alım,

niyyətinizin

acısın alım...

bircə susmayın,

danışın,

qadanız alım!

danışın,

danışın ki,

mən də yaşayım.

 

Günel MEHRİ

 

525-ci qəzet.- 2020.- 5 iyun.- S.23.