Yol
Esse
Həyat qatarımızın
ən birinci və ən önəmli stansiyası
"18 yaş". Ora çatdıqda qapılar
açılacaq və
biz xarüqələr yaradacağıq
və həyatımız
çox gözəl olacaq, deyə düşünürük.
Valideyn, müəllim
diktəsindən qurtulacaq,
həyatımızın ən
önəmli qərarlarını
özümüz verə
biləcəyik. Hətta ən
sadələrinin də.
Məsələn, çayımızı
neçə qaşıq
şəkərlə şirin
edəcəyimizi, saçımızı
necə kəsdirəcəyimizi,
yeməyi soyuq ya isti yeyəcəyimizi
və s. Bizə böyüklər istədiklərini
yeridə bilməz, çünki biz artıq vəsiqəsini almış
sərbəst insanlarıq,
deyə zənn edəcəyik. Lakin verə biləcəyimiz qərarlar elə xırda qərarlar olaraq qalır, çünki önəmli
qərarların məsuliyyətini
daşımaq üçün
maddi gücümüzün
olmadığını, qatara
bilet almaq lazım olduğunda anlayırıq. Çünki biletin
pulu üçün böyüklərimizə müraciət
etməli oluruq.
Qanadlarımız bir balaca aşağı
sallanır. Bunu da böyüklərin
bizi manipulyasiya edə bilməsi kimi qəbul edirik. Biz öz
övladlarımızla belə
rəftar etməyəcəyimizi
düşünərək, öz-özümüzə ürək-dirək
veririk.
Sonra digər
stansiyaya yola düşürük. İşə düzələcəyimiz stansiyaya. Burada hər şey
əvvəlkindən daha
yaxşı olacaq.
Axı bizim artıq öz pulumuz olacaq və biz xəyallarımızı gerçəkləşdirə
biləcəyik.
Sonra stansiyalar
bir-birinin ardınca davam edir. Hər dəfəsində
də yeni ümidlər, yeni xəyallar. Ailə quracağıq. Övladlarımız olacaq. Bir, iki,
üç. Sonra
bir anda özümüzü yorğun
hiss edirik. Gücümüzün tükəndiyini düşünürük. Bizə elə gəlir ki, uşaqlarımız gec böyüyür.
Qatar sanki yerindən
tərpənmək istəmir.
Elə gözləmədiyimiz
bir anda qatar yenidən
yola düşür. Yenidən ümidlənirik. Uşaqlarımız
böyüyəcək və
biz daha az
yorulacaq və onlarla birlikdə özümüzü daha xoşbəxt hiss edəcəyik.
Bir anda qatar sürətini
artırır. Çox arzusunda
olduğumuz məqama çatırıq. Övladlarımız artıq xeyli böyüyüb. İndi onlar
sərbəstləşmək istəyir və keçid dövründə
biz onlardan gileylənməyə
başlayırıq. Onlarla ünsiyyətin
çətinləşdiyini düşünürük. Özümüz də
hiss etmədən bir zaman bizə qoyulan qadağaları, qaydaları onlara tətbiq edirik. Getdikcə anlaşmaq çətinləşir.
Özümüzün o dövrü
bir anda yadımıza düşür
və düşünürük
ki, bu dövr
də keçsə bir az rahatlaşacağıq. Hətta etiraf etməyi
cürət etməsək
də, qəlbimizin dərinliyində bir zaman bizi anlamaq
istəmədiklərini zənn
etdiyimiz valideynlərimizə
haqq qazandırırıq.
Yolumuz bu təlaşla davam edir. Ailə böyüyür. Yol uzanır. Sıxılmağa başlayırıq. Sonra düşünürük ki,
əgər evimiz geniş olsa, daha rahat olacağıq.
Hərənin öz otağı,
geniş mətbəx,
qonaqları toplaya biləcəyimiz geniş qonaq otağı, əla şərait.
Bax budur problemlərin həlli, deyə düşünürük. Bir də maşın. Maşınımız da olsa ailəliklə gəzməyə
gedə bilərik.
Beləcə rahatca zamanı çatdığında təqaüdə
çıxarıq.
Bu düşüncələrlə artıq stansiyaların sayını itiririk. Özümüzü yolun ixtiyarına buraxırıq. Hər stansiyada,
hər mərhələdə
bizi xüsusi xoşbəxtliyin gözlədiyini
zənn edirik. Lakin məsələ burasındadır ki, özünü xöşbəxt
hiss etmək üçün
xüsusi bir an yoxdur. O an hər andır. İndi deyilsə, nə zamandır?.. Bu cür düşündüyümüz həmin o anda bizə elə gəlir ki, budur, həyatımız indi yenidən başlayır. Əsl həyat.
Lakin yenə də hər zamankı kimi yolda qarşımıza çıxan maneələr,
maneələr! Hansısa
bitirilməmiş iş, bağlanmamış
kredit. Bax bunları həll etsək, əsl həyatı yaşamağa
başlaya bilərik, hətta çoxdan reallaşdırmaq istədiyimiz
xobbimizlə də məşğul ola
bilərik, deyə yenə gücümüzü
toplayırıq.
Əgər yol boyu diqqət
yetirsək görərik
ki, əslində, bu cür problemlər
sonsuzdur və həyat elə onlardan ibarətdir. Onlar bizə xoşbəxtliyə
gedən xüsusi yolun olmadığını
başa salır, çünki xoşbəxtlik
özü bir yoldur. Bu yolda
biz hər anın qədrini bilməliyik.
Xüsusən də onu bölüşəcəyimiz başqa
insalar da varsa, bu anlar
da daha qiymətli
olur, olmalıdır.
Bir də vaxt var. Axı o heç kəsi gözləmir.
Stansiyada azacıq ləngidinsə, qatar
yoluna davam edir və biz sadəcə qaranəfəs
ya qatarın dalınca qaçmalı,
ya da növbəti
qatarı gözləməli
oluruq. Bu zamansa
bütün planlar, ümidlər alt-üst olur.
Vaxt bir tuneldir. Odur ki, orada nə dayanacağın,
nə də fasilənin olmadığını
hər an xatırlamalıyıq. Xoşbəxt
olmaq üçün
məktəbi bitirməyimizi,
ali təhsil
almağımızı, bu
gün gözəl görünmək üçün
bir neçə kiloqram arıqlamağımızı,
istirahət edə bilmək üçün
beşinci günün
bitib, həftə sonunun gəlməsini, havadan zövq almaq üçün qışın bitib yazın gəlməsini gözləməməliyik. Həyat davam
edən bir yoldur. Problemlərdən birinin digəri
ilə əvəz olunduğu, lakin son stansiyasının harada tamamlandığını bilmədiyimiz
bir yol. Xoşbəxtlik isə bu yolda görə biləcəyimiz, duya biləcəyimiz, yaşaya
biləcəyimiz anlar
toplusudur. Bu anlar
hər kəs üçün müxtəlif
ola bilər.
Məsələn, körpəmizin
ilk addımı, şaqqanaq
çəkərək ilk gülüşü,
anamızın gözləmədiyimiz
anda, lakin çoxdandı xəyalını
qurduğumuz ləziz yeməyi, atamızın nərd oynadığı
zaman yaşlandığını
və bizim ondan daha
mükəmməl oyunçuya
çevrildiyimizi hiss etdirməmək
üçün, ona bilərək uduzub, onu uşaq kimi
sevindirməyimiz, sevdiyini
görə bilmək üçün bir gəncin yolunu iki məhəllə uzatmasına rəğmən,
onu görəndə yorğunluğunu unudub üzündə güllər
açması, qarpızı
ətrafında heç
kəs yoxdursa, balacalıqdakı kimi dilimli, şirəsini axıdaraq tez-tələsik
yemək və s.
Elə isə işimizi elə işləyək ki, sanki pula heç ehtiyacımız yoxdur. Çünki bu ehtiyac heç
bitməyəcək. Qazanc çoxaldıqca
xərclər artacaq.
Elə sevək ki, sanki qəlbimiz heç vaxt yaralanmayıb və yaralanmayacaq. Çünki bundan hələ heç kəs sığortalanmayıb. Elə rəqs
edək ki, sanki bizi heç
kəs görmür.
Çünki hər zaman
bizi bəyənən
və bəyənməyənlər
olacaq. Hər anın sevinci o ana özəldir və o an sabah
təkrarlanmayacaq. Çünki
sabah bambaşqa
bir gün olacaq.
Fidan MALİK
525-ci qəzet.- 2020.- 5 iyun.- S.22-23.