Unudulmaz xatirələr
Əbdürrəhim bəy
Haqverdiyev-150
Bildiyimiz kimi, bu il görkəmli
yazıçı, dramaturq, publisist, tərcüməçi,
pedaqoq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150
illik yubileyi Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə
ölkə səviyyəsində keçiriləcəkdir.
Böyük ədibin yubileyinin onun
adına layiq səviyyədə keçiriləcəyinə
şübhəm yoxdur. Yəqin ki, bu yubiley ilində unudulmaz yazıçının ədəbi irsi, tərcüməçilik, pedaqoji və diplomatik fəaliyyəti bir daha diqqət mərkəzində olacaq, haqqında məqalələr, esselər yazılacaq, televiziya verilişləri hazırlanacaq, teatrlarımız dramaturgiyasına müraciət edəcəkdir.
Mən də yaradıcılığını və şəxsiyyətini çox sevdiyim Əbdürrəhim bəy Haqverdiyevin yubileyinə
töhfə olaraq onun haqqında yazılmış xatirə və məqalələrdən ibarət albom-kitab tərtib etmişəm. Tərtib etdiyim bu kitabdan, vaxtilə yazıçının tələbəsi olmuş
şair, tənqidçi, ədəbiyyatşünas, professor Cəfər Xəndanın 22 dekabr 1943-cü ildə "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi "Unudulmaz xatirələr"ini 77 il sonra
"525-ci qəzet"in möhtərəm oxucularına ərməğan etmək istədim.
Mustafa ÇƏMƏNLİ
1928-ci ilin yayı idi. Mən Gəncə pedaqoji texnikumunun son sinfində oxuyur və Azərbaycan Qızıl Qələmlər İttifaqının Gəncə şöbəsində iştirak edirdim. Bir gün xəbər yayıldı ki, Bakıdan yazıçılar gələcəklər. Mən də başqa ədəbiyyat həvəskarları ilə birlikdə hörmətli qonaqları səbirsizliklə gözləyirdim. O vaxta kimi Qızıl Qələmlər İttifaqının gənc üzvlərindən yalnız S.Rüstəm və M.Müşfiqi tanıyırdım. Bu dəfə isə gur ağ saçları xoş sifətinə xüsusi bir yaraşıq verən qocaman ədibi görəcəkdim. Nəhayət, şəhərin pioner bağında oxucuların yazıçılarla görüşü oldu.
Əbdürrəhim bəy Haqverdiyev xitabət kürsüsünə qalxdı, sovet Gəncəsinin nailiyyətlərini şəhərin inqilabdan əvvəlki geriliyi ilə müqayisə etdi. Xalqlar arasındakı dostluq, qardaşlıq münasibətləri üzərində dayandı...
Bu görüşdən bir il sonra mən təhsilimi artırmaq üçün V.İ.Lenin adına ADU-ya gəldim. Buradakı müəllimlərimiz sırasında Azərbaycanın görkəmli yazıçıları da var idi. Folklordan Yusif Vəzir Çəmənzəminli, Qərb ədəbiyyatından Hənəfi Zeynallı, Azərbaycan ədəbiyyatı və Şərq poetikasından Ə.Haqverdiyev dərs deyirdi.
Heç yadımdan çıxmaz. Bir gün hörmətli müəllimimiz poetika dərsində eyhamdan danışırdı. Biz öyrəndik ki, bədii ədəbiyyatda işarələrlə fikri ifadə etməyə eyham deyirlər: "Heyf, bir sən bilmədin ki, başa saldım daşı mən". Şair demək istəyir ki, mən daşı başa saldım, səni yox. Bəzən iki məna ifadə edən eyhamlar da olur. Belə eyhamlara misal olaraq aşağıdakı beyti göstərmək olar:
"Burda nə xoş demiş şairə Gülzar:
"Ay
insanlar, günüm yoxdur, günüm var".
Son
misradakı mənanı günüm (üstümə gələn
arvad) yoxdur, xoş günüm var: yaxud günüm (xoş
günüm) yoxdur, çünki günüm (üstümə
gələn arvad) var, - şəklində də başa
düşmək olar.
Ə.Haqverdiyev
o zaman ədəbi ictimaiyyətimizə az
məlum olan elə misallar çəkirdi ki, biz onun hafizəsinə
heyran qalırdıq. Bir dəfə belə bir bənd oxudu və
soruşdu ki, şair nə demək istəyir:
Gərçi gözəllər
başına tacsən,
Hüsndə
göyçəklərə leylacsən.
Heyf ki, bu
hüsn ilə möhtacsən
Zülfi-pərişanə
mənim dilbərim...
Biz şeiri öz bildiyimiz kimi mənalandırdıq. O, razı qalmadı,
özü izah edib başa saldı ki, şair sevgilisinin
saçsız olduğuna işarə edir, lakin bu fikri elə
eyhamla çatdırır ki, sevgilisi incimir.
Ə.Haqverdiyevin ədəbiyyat tarixi dərsi də
çox maraqlı keçirdi. Bir gün mən dərsə
gecikmişdim. Gördüm ki, dərs otağının
qapısı qabağında möhtərəm ədibimiz stul
qoyub oturmuşdur. Nə üçün sinfə girmədiyini
soruşduqda cavab verdi ki, bu gün mənim dram əsərlərim
haqqında məruzə olacaqdır. Mən
çıxmışam ki, tələbələr əsərlərimin
nöqsanları haqqında sərbəst
danışsınlar.
Bizdən yuxarı sinifdə olan bir hadisə də
çox maraqlıdır. Füzuli haqqında mühazirədən
sonra belə bir sual meydana çıxmışdı:
Füzuli hansı sinfin şairidir? Cavablar müxtəlif
olmuş; tələbələrdən biri xalq şairi, digəri
kəndli şairi, bir başqası əsnaf şairi və s.
demişsə də, hamını razı salan cavab alınmamışdı.
Axırda Ə.Haqverdiyevdən xahiş etmişlər ki, suala
özü cavab versin. O başa salmışdır ki,
Füzuli yaxşı şairdir, lirika ustadıdır, ürək
şairidir. Əsərlərini oxuyun, öyrənin, əzbərləyin,
onun üstündə bir-birinizlə mübahisə edib
küsməyin.
Ömrünün axır illərində Əbdürrəhim
bəy Haqverdiyev Dramaturqlar komitəsində və Azərbaycan
Şura Yazıçıları Cəmiyyətinin katibi vəzifəsində
çalışırdı. Bir gün xəbər verdilər ki,
Fransa proletar şairlərindən Pol Bayyan Kutyure Bakıya gəlir.
Biz onu qarşılamaq üçün vağzala getmişdik.
Əziz qonağın gəlişi münasibəti ilə
Ə.Haqverdiyev fransız dilində nitq söylədi.
1932-ci
ilin aprelində ÜİK(b)P MK-nın ədəbi-bədii
təşkilatların yenidən qurulması haqqındakı qərarından
sonra Azərbaycan sovet yazıçıları sırasına
üzv qəbul olunan Ə.Haqverdiyev görkəmli bir sovet
yazıçısı kimi ömrünün axırınadək
yorulmaq bilmədən yazıb-yaratdı.
1932-ci ildə
ədəbi ictimaiyyətimiz qocaman ədibin 40 illik
yazıçılıq fəaliyyətini qeyd edərkən,
o, təntənəli gecədə çıxış edib
dedi ki, Sovet höküməti bizə çox gözəl
imkanlar yaradıbdır. Mən inqilabdan əvvəlki 28 illik ədəbi
fəaliyyətimdə yaratdıqlarımdan daha çox, daha məzmunlu
əsərlər yaratmaq istəyirəm...
Lakin ölüm böyük ədibin böyük
planlarını yerinə yetirməyinə imkan vermədi. 1933-cü il dekabr
ayının 11-də Ə.Haqverdiyev vəfat etdi. Biz,
yazıçılar klubundan (indiki "Araz"
kinoteatrının salonundan) onun cənazəsini götürərkən
küçədə minlərlə adamın öz doğma ədibi
ilə son görüşə gəldiyini gördük. İzdiham hərəkət etdikcə adamların
sayı daha da artır, sanki dəniz təlatümə gəlirdi.
Cəfər XƏNDAN
"Ədəbiyyat qəzeti"
22 dekabr 1943
525-ci qəzet.-
2020.- 5 iyun.- S.21.