Həqiqət naminə yazılan sətirlər

 

Kitab hər bir müəllifin həyata baxışının, düşüncə trayektoriyasının göstəricisi, mənəvi-ruhi ölçülərinin əyani həddidir.  Yazıçı-publisist, şair, tədqiqatçı Əli Vəlioğlunun "Halal çörək" kitabının yeni nəşri işıq üzü görüb. Sadaladığımız səciyyəvi cəhətlər bu yeni kitabda da ehtiva olunur.

Müəllif yazılarını atasına - mahalda dürüst, zəhmətkeş və halal, əlinin qabarı, alnının təri ilə çörək qazanıb ocağının işığını gur yandırmağı bacaran Vəli kişinin xatirəsinə ithaf edir.

Əsər publisistik janrında qələmə alınsa da, əslində, qəhrəmanın xarakterinin açılmasına xidmət edən bədii priyomlar, ən incə detalların metafora ucalığına qaldırılması, müəllifin düşüncələr burulğanında ayrı-ayrı zaman müstəvisində gəzişmələr bu sənədli materialları povest təsnifatına yaxınlaşdırır.

Halal çörək - normal təfəkkür sahiblərinin leksikonu üçün əziz-girami ifadədir, dürüst adamların tapındığı urvatlı ömrün dəyəridir.

Əli Vəlioğlunun kitabının qəhrəmanı - Vəli kişinin əngəlli aşırımlardan, əndişəli zamandan keçən ömrü konteksində halal çörəyin dramaturji yükü açılır, məna-məzmun çeşidi bütün aydınlığı ilə təcəssüm olunur. Və biz özü öz kökündən su içib göyərmiş, böyüyüb-artmış, bar vermiş, şaxələnmiş qosqoca, məğrur bir ağaca bənzəyən müdrik türk kişisinin obrazı ilə tanış oluruq.

Rəhmətlik Əli müəllimin ürəyi dolu imiş. Sirinsimiş dərdlərimizdən, Zəngəzurda bədxah qonşularımızın həyata keçirdikləri vandalizmdən, mənəvi və fiziki terrordan başlayır, daha sonra usta Vəlinin əməllə söz bütövlüyünü nişan verir, onun ömür və fəaliyyət xəritəsi üzərində oxucunu səyahətə çıxarır. Bu səyahətdə yurd sevgisi, doğruluq, həqiqət uğrunda mübarizlik, dost yolunda fədakarlıq və çox digər müsbət fəzilətlər aşılanır.

Vəli kişinin portretindəki əsas cizgilər doğru danışmaq, sözü üzə demək cəsarətidir.

İrfan şairi Şəms Təbrizi söyləyirdi ki, insan insanın güzgüsü  olsaydı, onda bütün çirkinliklər aradan qalxardı.

Dünya pərvəriş tapandan həqiqətə diş qıcanıb. Həqiqət libasını geyən şəxs ən yaxınından belə arxayın olmayıb. Həqiqət bayrağını qaldırmaq üçünsə ilk növbədə cəsarət gərəkir.

"- A kişi, sənin tutduğun oruc, qıldığın namaz nəyə dəyər ki, kolxoz qurulandan kolxozu sökürsən?! Camaatın hesabına adam olmusan, ev, qazanc sahibi olmusan. Qazancın camaatın qanıdır. Adamları ömrün boyu zəli kimi sormusan. İndi də qocalıb ölürsən, yenə xarabanda oturmursan. Sənin kimi kişinin ibadətini neçəyə alarlar?"

Vəli kişi mərdlik və məğrurluq örnəyidir:

"... Dünya, kimin hesabına yaşayırsan?

- Mərdlərin.

- Mərdlik, qorxulu rəqibin kimdir?

- Namərdlər.

- Mərd, sən güclüsən, namərd?

- Mənim gücüm artıqdır, namərdin hiyləsi, fırıldağı".

Xeyirlə Şərin əbədi mübarizəsi, xeyirxah niyyətlərə nagahan açılan atəş, insanların sosial-fəlsəfi kateqoriyaların giriş qapısındakı təbəddülatları Əli Vəlioğlu qələmində kamil şəkildə işlənib.

Əsərdə vicdan anlayışına xüsusi yer verilir.

"Vicdan gördüyün deyil, duya bildiyindir.

Etiraf onun doğmaca oğludur. Vicdan - kəşf olunmamış fəlsəfə. Açılmamış riyazi düstur. İnsanlar bu fəlsəfəni öz qəlblərində yaradırlar, əməlləriylə bu düsturu açırlar. O hava kimi şəffaf, atəş kimi isti, buz kimi soyuqdur. Gözlə görünməzdir, lakin gerçəkdir".

Əli Vəlioğlunun qəhrəmanı bəzən özü söhbətə qoşulur, bəzən müəllifin baxış acısında hadisələri müşayiət edir. Bütün hallarda, məkandan və zamandan asılı olmayaraq vicdan kateqoriyasının natamam görünməsinə imkan vermir.

Əməksevərlik və əlibolluq da Vəli kişidə təcəssüm tapır.

"Atam adını əməklə ucaltdı. Səxavətdə də əməkdən geri qalmadı. Əmək atamın maddi dünyası, səxavət isə mənəvi dünyası idi. Atam öz ömrünün bir şamı idi. Bu şamın yağı əmək, piltəsi səxavəti idi. Əməklə  səxavət onda bir vəhdət təşkil etməsəydi, böyük xasiyyətli adam ola bilməzdi".

Müəllif dostluğa, valideynlərə, yurdsevərliyə dair bölümlərdə Vəli kişinin düşdüyü situasiyalarda doğru olanı gerçəkləşdirmək missiyasını təsvir edir, eyni zamanda, oxucuya, birinci növbədə genetik kodun daşıyıcılarına - övladlarına tövsiyələrini verir.

Əli Vəlioğlunun "Göylərə yazmışam şikayətimi" şeirlər kitabında, 19 avqust 1981-ci ildə Nüvədidə  yazdığı şeirin sonunda belə bir bənd var:

 

"Ədalət, həqiqət üzünə həsrət,

Dabandan soyulsam, dönmərəm yenə.

Ömrümün qayəsi doğru, ədalət,

Həqiqət anamdan yaxındır mənə".

 

Həqiqət uğrunda çarpışanlarınsa fiziki ömürlərindən sonrakı mənəvi məbədi - onların kitabları, tövsiyələri və müdrik kəlamlarıdır.

 

Hafiz İMAMNƏZƏRLİ

 

525-ci qəzet.- 2020.- 5 iyun.- S.19.