Başımda arpa-buğday saçlarım...
Başımda arpa-buğday saçlarım,
Ürəyimdə ağ-qara aclarım.
Başımdan ürəyimə,
haauzanar, yetməz.
O gün bir hallar
gördüm,
Ölərəm də gözümdən
getməz:
Acından bir qadın ağladı...
Başımda arpa-buğday saçlarım
Uzanar,
Ayağıma salama gələr.
Bu öylə bir dərd ki,
Nə göyə
yerləşər, nə
yerə sığar.
Nə də ki
Bir şeirə, kəlama gələr:
Acından bir qadın ağladı...
Başımda arpa-buğday saçlarım
Başımın başıma qaxıncı
olub.
Sabah son çərşənbə bayramıdı,
Sancısı o gündən qarnıma
dolub:
Acından bir qadın ağladı...
Başımda arpa buğday saçlarım
Başımda quzey güney iqlimlərimin,
Günəş-kölgə ayrılmazlığı
fəsillərimin qışlığı,
payızlığı,yazlığı
Başımda ağlı qaralı
ğünlərimin
gümüşü yaylığı
Başımda ürəyimin istisi,
soyuğu...
Və hər gün,
bir az qopub düşən ürəyimdən
saçlarıma düşən
dən...
Başımda...
gecə, gündüz,
qürub, dan...
Başımda
ağdan, qaradan
ibarət...
...başımda, ürəyimdə
iki əlamət, nişan,
... başımda ürəyim şan şan...
Başımda,
Bütün ürəyimdən olanlar,
Bütün başımdan gedənlər,
Bütün başıma gələnlər...
Başımda
Bütün xəyalımdan ötən,
Başımda vətən...
Vətənimin göylərin tutmuş
bulut...
Başımda,
Tutulmuş qaşım, qabağım,
Dolmuş
gözlərim, gözlərin...
Başımda,
Başımdan əskik olmayan duman, çən.
Başımda,
Bir şəhər həsrətim
- Təbrizim
Başımda
Səni
gəzdirirəm, sevgilim...
Orda bir göl vardı...
Urmu gölünə
Orda bir göl vardı,
Son gördüyümdə çox
bəxtiyardı...
Qızlar yuxularını danışarmış
sularına.
Gəlinlər sirlərini açarmış...
Gələnlərin
qabağına qaçarmış
o göl, deyirlər,
Gedənlərin
ardınca atılarmış,
Qalanların
qadasını alarmış,
Mahnılaşarmış,
İnsanlaşarmış...
"Qalarsan, qadan allam
Gedərsən, yola sallam"...
Sahil boyu,
tamsına-tamsına qalarmış
gecələr...
Deyişlə,
Quş izləri,
İnsan izləri yalarmış gecələr.
İskələsi,
Gəmisi,
Adası
varmış...
Sən demə,
onun da alınası qadası varmış.
Bir səfər də mən vardım,
Mən keçdim oralardan,
Bir səhər də
məndən keçdi
oralar.
Nələr yaşamadım,
görmədim o səhər!
Nə yaxşı,
o səhəri də yaşamadan
ölmədim o səhər!
Məsələn,
Günəşin ilk düşdüyü anı gördüm...
Heç
ağlıma da gəlməzdi ki,
günəşi görüm
dənizdə!
Gördüm,
Hələ yırğalanırdı da...
Ancaq
yenə də üzünə baxmaq olmurdu
Və öylə bir təsvir ki;
Sanki göydə də,
yerdə də asimanı gördüm!
Mən,
o səhər,
bambaşqa bir aləmi,
Urmulu, Göllü, Dənizli
Azərbaycanı gördüm...
Mən,
o səhər,
heç görmədiyim
həyəcanı gördüm...
Orda bir göl vardı,
İndi
"Yoxdu" - deyirlər...
"Qurudu!"
"Yerində yel vurur,
yengələr oynayır"
- deyirlər.
Bu qədər rahat,
Bu qədər fərqində
olmadan!
İnanmıram,
"Yalandı" - deyirəm,
Masaldı...
Orda bir göl vardı,
Orda bir
çöl olamaz,
Əsla
olamaz!...
2013
Əfrasiyab Nurullahi
525-ci qəzet.- 2020.- 5 iyun.- S.19.