ZƏNCİ VƏ ZƏNG
Bütün zənglər mütləq
şəkildə nəyinsə dəyişdiyini
eyhamlaşdırır. Bu, bir işarədir: kontekstindən
asılı olaraq ya təhlükə, ya da xilas kimi mənalandırılır.
Qapı zəngi kiminsə gəldiyini
bildirir.
Kilsə zəngi ibadət zəngidir,
çağırışdır, haraydır: ideyanı
aktuallaşdırır.
Gəmi zəngi fəlakət zəngidir:
dirənişə, qurtuluşa səsləyir.
Saat zəngi müddət zəngidir,
vaxtın bitdiyini xatırladır.
Telefon zəngi məsafəli intim
ünsiyyətə dəvətdir.
Anam deyərdi ki, qutabın “zəngi”
var: bişirildiyi gün evə mütləq qonaq gələr.
Zəng
metaforadır.
E.Heminquey
və A.Tarkovski onu ikonaya çevirdilər, mədəniyyət
üçün fetişləşdirdilər.
Zəng
çalınmayıbsa əgər, heç bir səbəb səni
öldürə bilməz.
Ölüm
tanrı zəngidir, ömrün son zəngidir; əcəl məqamının
yetdiyini müjdələyir.
Tanrı
bu zənglə insanları qaytarır dərgahına.
Amerika zəncisi Corc Floydun da zəngi çalınmışdı: heç kəs onu xilas edə bilməzdi. Bu, birmənalıdır: onun ömrü bu qədərmiş... 46 yaşında ölməliymiş Təpəgöz bədənli bu adam… Oğurluq, çapqınlıq, güman ki, içki, uyuşdurucular, lotusayaq davranış tərzi, əsəbi xırda küçə toqquşmaları, 5 dəfə həbs qəti imkan tədbiri, beş illik türmə, Texasdan Minnesota ştatına köç bu qaya boyda zəncinin ürəyinin içini oyubmuş...
Bir gün gələn, bir gün gedir: dünya qapıdır, pəncərədir: bir gün açılır, bir gün bağlanır və insan bu fikirlə barışıb yaşayır, hər an ölə-ölə gözləyir, gözləyə-gözləyə ölür.
Təbiətin hökmü budur.
Bəs cəmiyyətin?
Xalqımıza məəttələm, heyranam: “su qabı suda sınar”. Hər vəziyyətlə bağlı ataların unikal bir zərb-məsəli var bizdə.
Mən “zənci” sözündən də ehtiyatlanmıram, “qara” sözündən də. Bunları təhqir də saymıram: “qara” coğrafi mövqeyin, iqlimin afrikalılara bağışladığı dəri rəngidir, “zənci” zamanın afrikalılar üçün müəyyənləşdirdiyi tarixi Taleyin, sosial Qismətin adı.
Bir də Səməd Vurğunun “Zəncinin arzuları” poeması, Nazim Hikmətin zənci “Taranta Babuya məktubları” mənə bəşəri bir bəraət qazandırır ki, bu sözdən kompleksə düşmədən geninə-boluna faydalanım.
Bundan əlavə azərbaycanlı “zənci” kəlməsini tələffüz edəndə ona toplumun sovet ədəbiyyatından qalma sevgisini də yükləyir.
Günün günorta çağı zənci Corc Floydu öldürdülər: ağ irqə mənsub polis Derek Şovin üzüqoylu yerə uzadılmış biçarənin boğazına 8 dəqiqə 46 saniyə müddətində dizini dirəyib saxladı və onun canını aldı, vəhşicəsinə, soyuqqanlıqla, “uf” demədən öldürdü zavallını... Gördü ki, zənci xırıldayır, dizini boğazından götürmədi, XXI əsrin 20-ci ilində Linç məhkəməsini tətbiq etdi və Martin Lüter Kinqin qəbir sakitliyini pozdu.
Bu sadizm, postpostfaşizm, zorakılıq nəyin təzahürüdür və bunun günahı kimdədir? Niyə insanın xisləti yaxşılaşmır? Yəni bu Amerika polisi bu qədər savadsız və mənəviyyatsızdır ki, amerikalıların özlərinin çəkdikləri “Yaşıl vahə” (“The Green Mile”) filminə baxıb da adamlığın nə olduğunu mənimsəməyib?
Mən həmişə dərslərimdə tələbələrimə bir həqiqəti anlatmağa çalışıram: ədəbiyyat və incəsənət insanlara insan olmağı, insaniyyəti öyrədir.
Bax, biz bunu unutmuşuq və ona görə toplum ədəbiyyata, teatra, kinoya lazımsız nəsnələr kimi baxır, əyləncə kimi baxır, vaxt itkisi və vaxtı öldürmək vasitəsi kimi baxır, bekar adamların məşğuliyyəti kimi baxır; öz bədii informasiya tələbatını isə internet sitələrində tapdığı heyvərə videolarla, lağlağı kliplərlə doldurur. Təsadüdfi deyil ki, bugün internet sitələri çoxluğu, kütləni permanent “horror”da saxlayıb horralaşdıran meyxana tipidir, eşitmək üçün yox, görmək üçün meyxanadır.
“Gözlər üçün internet-meyxana” insanın ruhsal dünyasını kiçildib çəltik dənəsi boyda eləyib. İnsanın ruhsal-mənəvi ehtiyatı gün-gündən sıfıra daha çox yaxınlaşır. Bu ehtiyat tükəndikcə insaniyyət azalır. İnsaniyyət azaldıqca xoşbəxtlik defisiti əmələ gəlir, fərdlər cəmiyyətin tənhalıq adalarına çevrilirlər.
İnsaniyyət insanla bərabər doğulmur, tərbiyə edilir, aşılanır. Yoxsa insan heç vaxt “xəstə vəhşi məxluq” (F.Nitşe, K.Q.Yunq) olmaqdan usanmayacaq.
İnsaniyyət vəhşi məxluqun sipəridir.
Bütün qərinələrin ədəbiyyatı, incəsənəti insanı bu vəhşidən xilas etmək üzərində qurulmuşdu.
Z.Froyd “vəhşi məxluq”u küçələrə buraxıb təpəsinə də bir qırmanc ilişdirdi. Bu bədheybətdən küçələrə dağılan qoxunun ardınca müxtəlif “izm” nümayəndələri sünək itlər kimi düşüb fırlandılar; elə bildilər ki, bu vəhşini insana hər gün göstərməklə, onu bilincaltının sirlərilə baş-başa buraxmaqla insanı arındıracaqlar.
Əksinə oldu, insanlar öz iç dünyalarında “vəhşini” sevib ona bənzəməyə, onun istəklərini tam ödəməyə çalışdılar.
Ədəbiyyatın, incəsənətin missiyası heyrətləndirmək, maarifləndirmək, öyrətmək deyil, nurlandırmaqdır, insanın bəsirət gözünü açmaqdır və burada mən reverslə qayıdıram nağıl diskursuna, harada kı müəyyən bir eyləmdən, əməldən sonra həmişə əmr formasında “bil və agah ol” cümləsi işlədilirdi, yəni ayıltmaq, oyatmaq, xəbərdar etmək, gələcək bəlalardan qorumaq niyyəti, məramı önə çəkilirdi.
Heyrət gərçi nurlanmaya gətirmirsə, deməli, əsl möcüzə yoxdur.
Heyrət gərçi agahlıq bəxş etmirsə, deməli, əsl möcüzə yoxdur.
Heyrət gərçi insana inam hissi aşılamırsa, deməli, əsl möcüzə yoxdur.
Allah insandan, insan
Allahdan heç vaxt ayrılmayacaq.
İnsanda gözəl nə varsa, onun adı
Allahdır.
Allah öləndə insan ölür, insan öləndə
Allah.
Sən əgər
gül əkirsənsə,
kəpənəkləri rəqsə
dəvət eləyirsən.
Sən əgər
ağac əkirsənsə,
küləyi bağa dəvət eləyirsən.
Sən əgər çarmıxda
bihal olmuş İsa peyğəmbər
heykəlciyini (rəssam
və fotoqraf Andres
Serrano) hermetik dördkünc
şüşə akvariumda
öz sidiyin içinə salırsansa,
nəcislə şəkil
çəkirsənsə, onda
şəhərə koronavirus
epidemiyasını dəvət
eləyirsən; icazə
verirsən ki, Allah ölsün və ağ dərili Derek Şovin vəhşi məxluq xislətini göstərsin, dizini zənci Corc Floydun xirtdəyinə dirəyib onu boğsun və bir daha təsdiqləsin
ki, Amerika hələ də “Madbaund ferması”ndan uzağa getməyib.
Sən nəcislə
şəkil çəkəndə
öz ruhi xəstəliyin barədə
və varlığın
mahiyyətilə əlaqəli
mesaj göndərirsən
topluma ki, murdar dünyada insan donuzdan fərqlənmir. Di gəl
ki, mesaj yeni deyil.
Nədən ki, İmadəddin Nəsimi lap çoxdan dünyanı zatında murdar adlandırmışdı. Amma buna
rəğmən insanı
dünyadan uca tutmuşdu, onu kamilliyə səsləmişdi,
Allahı bir ideya kimi kosmosdan
alıb insanın içinə yerləşdirmişdi.
Postmodernizm Moris Dyüşan,
Endi Uorholdan üzü bəri insanın insan qalmaq, insaniyyəti qorumaq şansına təcavüzdə bulundu:
Mişel Uelbek kimi insanda daima
donuzu görükdürməyə
cəhd elədi.
Bu, siyasi sifariş
idimi?
Başqa cür olsaydı, reklam təhlili üstələməzdi ki?
Postmodernizm dönəmində ədəbiyyat,
incəsənət “intellektuallıq
qəsri”ndə camaatdan,
kütlədən gizləndi. Çünki
postmodernçilərin insanlara
deyəsi sözləri
qalmamışdı: özləri,
zatən, oyuncaq idilər.
Əgər sən oyuncaqsansa, qəhrəman yarada bilərsənmi? Əlbəttə ki, yox.
Ona görə sən qəhrəmanı öldürməlisən.
Sən qəhrəmanı öldürəndə,
missiya sona yetir. Missiya sona yetəndə
heç nə maraqlı olmur.
Məhz
buradan qaynaqlanır “müəlliifin ölümü”
fikri...
Məhz
buradan cücərir “depressiv diskurs”: Atanı (qəhrəmanı)
öldürmək mümkündür,
vəhşi məxluq
isə ölmür və insanı azad olmağa qoymur. Azadlığı azadlıq haqqında
cəfəng danışa-danışa
öldürdülər və
vəhşinin ağzından
buruntaqı götürdülər.
Azadlıq içində azadlıq
yox oldu.
Postmodernizm bədii təfəkkürdə
bütün humanist ideyaları
“güllələyib” ədəbiyyatı
Don Kixotun xəlbir papağına döndərdi. İfşaçılıq tendensiyası, fasiləsiz
ironiya, lağ, şəbədə, ənənələrə
qarşı səlib yürüşü niyyət
alicənablığını və bütün qutsal dəyərləri çamurluğa soxub çıxartdı, insanın
insaniyyətinə inamını
tükətdi.
Gülüş həmişə aqressivdir:
empatini azaldır.
Muhamməd peyğəmbərə istinadən
bir hədisdə deyilir ki, gülüş
ürəyi qəddar
eləyir, qəlbi daşlaşdırır, üzün
nurunu aparır.
Heç
kim heç
kimə artıq etibar eləmir, hamı hamıdan şübhələnir. Koronavirus şübhələr,
gümanlar, ictimai-sosial
ilğımlar epidemiyasıdır.
Diqqət
eləyin, koronavirus pandemiyası, onun toplumda modelləşdirilməsi
necə də
postmodern romana, postmodern filmə
oxşayır!!!
Postmodernizm ədəbiyyatı və
sənəti Atakama səhrasına çevirdi,
elə bir səhraya ki, orada əldə çıraq tutub insan axtarışına çıxmaq lazımdır. Postmodernizmin
radikallığı insanı
güdaza verdi;
nədən ki, fikir insandan qoparılıb mətndə,
tekstdə, dildə, işarələrdə, simvollarlarda,
dekonstruksiyada, simulyakrlarda,
diskurslarda fokuslaşdırıldı.
Ona görə təəcüblənməyinə
dəyməz: bugünki
gerçəkliyi biz özümüz
sifariş eləmişik.
“Əskər atası” filmini xatırlayın: müharibə, zorakılıq,
ağrı, ideologiya:
amma sonu nurlanma. İnsan özü möcüzədir
öz insaniyyətilə.
O, xilas etməyə gəlir dünyaya, öldürməyə,
məhv etməyə yox; o, sevmək üçün gəlir dünyaya, doğub-törətmək
üçün yox.
Ədəbiyyat, incəsənət insanın
varlığına bir
himndir. Bu himn
işıq salmalıdır
hər bir insanın içinə.
“Vəhşi məxluq” yalnız nurun köməyilə insaniyyətə qovuşur.
Mövlanə deyirdi ki, əgər
Kəbəni yer üzündən götürsək,
bütün insanlar bir-birinin ürəyinə
səcdə edəcək.
Allah insanda, insan
Allahda gözəldir. Zatən, o bunda,
bu onda əbədi
yaşayır. Sən yer
üzündən Kəbəni
götürə bilərsən,
Allahı isə ürəklərdən – yox.
Allahı ürəklərdən götürəndə Derek Şovinin
qarşısında heç
bir mənəvi sədd, ruhsal qadağa olmur ki, o, yerə uzanmış zənci Gorc Floydun boğazından
dizini götürüb
ayağa qalxsın və hamıya sübut eləsin ki, hələ də insaniyyətini itirməyib.
Əfsus, tanrını Derek Şovinin
ürəyindən “oğurlamışdılar”.
Zəncinin qətli, koronavirus pandemiyasının sonsuzluğu,
dünya həkimlərinin,
yazarlarının, sənətçilərinin
acizliyi, siyasətçilərin
susqunluğu, iblisanə
feyklər, informativ vakuumda dolaşan qatmaqarışıq xəbərlər
dünyada bir xaos mənzərəsi görükdürür.
Bu ara iyun ayının
6-sından 7-sinə keçən gecə Forbes siyahısında
sıralanmış 10 milyarderin
varidatı daha 19,4 milyard dollar artıb. Koronavirus isə ölkələri
iflic edir.
Siz zəng
səsini eşidirsinizmi?
Aydın Talıbzadə
525-ci qəzet.- 2020.- 10 iyun.- S.9.