Anarın Azərbaycan dastanı

 

BU TORPAĞIN ƏSRLƏR BOYU ŞAHİDLİK ELƏDİYİ MÜBARİZƏLƏRİN ƏSAS HƏDƏFİ - "YAŞAMAQ HAQQI" BARƏDƏ

 

Pandemiyadan əvvəlki günlər idi, "525"in şənbə sayını oxuyanda Xalq yazıçısı Anarın "Yaşamaq haqqı" kitabı barədə bir səhifəlik tanıtım məqaləsinə rast gəldim.Kitab roman və ya povest kimi deyil, dünyagörmüş yazıçının vətən tarixi haqqında düşüncələrinin yer aldığı əsər kimi dəyərləndirilirdi. Şübhəsiz, diqqətimi cəlb elədi. Oxumaq istədim. Lakin həyatımızı bir qayda olaraq lazımsız məzmunu ilə çulğalayan informasiya bolluğunda ciddi mütaliə üçün haçansa vaxt tapacağım çətin məsələ idi. Sağ olsun qloballaşan dünyamız, öz qlobal problemləriylə başımızı qatdığı kimi, nəhayət, kitab üzü açmağımıza da vəsilə oldu. Tezliklə taclı virus sarı sarmaşıq kimi dünyamızı ağuşuna alıb bizi öz evlərimizdə dustaq elədi. İnsanlar bir-birlərindən sosial məsafə saxlamağında olsun, mən də bu fürsəti fövtə verməməyimdə. "Qanun" nəşriyyatına zəng eləyib kitabı sifariş elədim, sifəti maskalı oğlan səhəri günü onu iş yerimə gətirdi, mən də məsafəni gözləyərək ödəniş eləyib kitabı aldım. İsti-isti deyim ki, ayrı vaxtı olsaydı "Yaşamaq haqqı"nın zəhmi məni basardı, elə-belə gəlməsin söhbət 1120 səhifəlik kitabdan gedir. Lakin mənim kifayət qədər vaxtım var idi, başqa sözlə desəm, insanlardan sosial məsafə saxladıqca sevdiyim dünyaya - kitaba yaxınlaşırdım.

Pərvin xanımın əsərin adınalayiq yerli-yataqlı "Ön söz"üylə tanış olduqdan sonra qərara gəldim ki, kitabı bu vaxta kimi alışmadığım formada oxuyum, yəni xronoloji ardıcıllığı gözləmədən. Folkner bunun adına "fraqmantal əksetdirmə" deyərdi, bir növ detalları ayrı-ayrı fraqmentlərdə öyrənərək məzmunu qavramağa cəhd göstərmək kimi.       

İxtiyari olaraq kitabın 997-ci səhifəsini açdım və elə mən bunu axtarırdım - "Azərbaycançılıq haqqında düşüncələr". Bəri başdan deyim ki, müəllifin bir fikriylə ikiəlli razıyam, "yazıçı kimi ideologiya sözünə allergiyam var (səh. 1013)", fəqət söhbət mənsub olduğum millətin, vətəndaşın olduğum dövlətin tək keçmişi və bugünü deyil, daha çox gələcəyi barədə düşüncələr sistemindən gedirsə, ona biganə yanaşmağa da haqqım yoxdu, ola da bilməzdi. Azərbaycançılıq ideologiyası nə deməkdir və bizə gələcəkdə gedəcəyimiz hansı ünvanları göstərir? "Yaşamaq haqqı"na qədər bu mövzuda o qədər koyuktur söhbətlər eşitmişdim ki, fərqli və ciddi fikir oxuyanda gözlərimə işıq gəldi. Anar azərbaycançılığın beş prinsipial əsasları üzərində dayanaraq bu prinsiplərin hər birini tarixi-ideoloji süzgəcdən keçirir və gəldiyi qənaətləriylə gənc dövlətə strateji yol xəritəsi təklif edir. Yazıçının irəli sürdüyü beş prinsip hansılardı və söhbət hansı yol xəritəsindən gedir? Bax, bu sualın cavabını yaxşı olar ki, kitabdan özünüz oxuyasınız. Bunu mənim tərəfimdən əsərin yüngülvari piarı kimi də qəbul edə bilərsiniz.

Boyasız, mübaliğəsiz şəxsi qənaətim budur ki, Azərbaycan barədə mənəvi haqqı çatan adamlar danışmalı və yazmalıdır. Doqquz iqlim qurşağının vətənimizdən keçməsi kimi əfsanələrlə öyünüb reallıq hissimiz itirməklə və ya yalançı patriotluqla özümüzü aldatmayaq. İqlim demişkən, Sovet vaxtında orta məktəblərin "Coğrafiya" dərsliklərinə yol açan bu fikrin sən demə, heç bir elmi əsası da yox imiş.

Pərvin haqlı olaraq belə qənaətə gəlir ki, "Yaşamaq haqqı" hamımızın həyatını əks etdirir. Maraqlıdır ki, kitabı hansı hissəsindən oxumağa başlayırsan başla, qırıq-qırıq parçaların hamısı ayrılıqda ümumi məzmunun daşayıcısı kimi çıxış edir. "Yaşamaq haqqı" türk milli ideyasının əsaslarına istinad edərək, əcdadlarımızın zamanın döngələrində itirdiyi izlərinin sorağına düşmək funksiyasını yerinə yetirir. Orxon, Yeniseydən Roma qapılarına qədər at üstdə dünyanı fəth edən insanların kimliyini, mübarizəsini və nəhayət, tarixi missiyasını məhz "Yaşamaq haqqı" formulu xarakterizə edir. Onlar bu dünyada yaşamağa haqlarının çatdığını sübut eləmək üçün tarix yaratmışdılar. Tarix yaradanların varisləri də əcdadlarının taleyini bölüşdükləri üçün mübarizə hələ də davam etməkdədir.

İndi dəbdə olan bir söz var, hamı yeri gəldi-gəlmədi işlətməyi xoşlayır - cəmiyyətdə mənəvi aşınma gedir, deqradasiya artıq dözülməz həddə çatıb və sairə və ilaxır. O məsələnin başqa tərəfidir ki, vəziyyətin bu həddə gəlib çatmasının günahı bir tərəfdən müstəqilliyini əldə edən kimi gənc respublikaya qarşı yönələn xarici təhdidlər, qlobal səciyyəli həmlələrdisə, digər tərəfdən mənəvi müqavimətimizin zəifləməsinin bir babalı da elə mənəviyyatımızı təmsil və tərənnüm edən adamların üzərindədir. Şükürlər olsun ki, zaman-zaman müxtəlif türlü siyasi-ideoloji sınaqlardan üzüağ çıxan xalqımız özünəməxsus dəyərlərini, dilini, adətini qoruyub saxlaya bilib. Azərbaycan mənəviyyatı aşındırmaq istəyənlərin yolunda sərt qaya kimi dayanan oğullarının, xüsusən də ümummilli ideyanın daşıyıcısı olan söz, fikir adamlarının sayəsində vətən məzmunu alaraq dövlətə çevrilə bilib. Tərəddüdsüz bir fikri söyləyə bilərəm ki, Xalq Cümhuriyyəti Azərbaycan ziyalısının ərsəyə gətirdiyi istiqlal ideyasının məhsuludu. Azərbaycanın müstəqilliyini memarı Azərbaycanın ziyalısıdı. Zamanın müxtəlif çağlarında artıb-azalan repressiyaların millətin qaymaqlarını, düşünən beyinlərini hədəfə almaqda məqsədi nəsillər arasında əlaqəni qırmaq, millətin genetik yaddaşını sarsıtmaq idi. Ürək ağrısıyla deməliyik ki, bu yönümdə itkilərimiz saysız-hesabsızdır. Azərbaycan xalqının özünün əsilzadəlik institutu ilə mənəvi körpüləri demək olar ki, sıradan çıxıb. Biz yalnız müəyyən istisnalardan, başqa sözlə desək, yaddaşımızın qızıl fondunda yer eləmiş qənimət adamlardan danışa bilərik. Anar əsilzadəlikdən gələn genetik yaddaşı ilə müxtəlif formasiyalarda ayaq üstə qalmağı bacarmış, az qala bir əsr boyunca Azərbaycan davasını aparmış nəsillər arasında canlı körpüdür. Onun valideynlərini çağdaş nəsil yaxşı tanıyır, ədəbiyyatımız qarşısında müstəsna xidmətlərini xatırlayırlar. Onun Gəncədə ilk maarifpərvər ziyalılardan biri, öz vəsaitinə məktəb açmış Ələkbər Rəfibəylinin nəticəsi, general Xudadat bəyin nəvəsi olduğunu da yada salmaq lazımdır. Ona vətənpərvər yazıçı, mütəfəkkir kimi yanaşmaqla yanaşı, babalarının bəyliyini, valideynlərinin istedadını məharətlə əxz edərək Azərbaycanın milli elitasının parlaq nümayəndəsi kimi də qiymətləndirmək lazımdır. Bakı Azərbaycanın inzibati paytaxtı, sənaye şəhəridirsə, Gəncə milli düşüncəmizin mərkəzi, Cümhuriyyətimizin sığındığı istinad nöqtəsidir.

Genetik yaddaşın nəticəsidir ki, nəsillərin keçdiyi mübarizə yoluna, böyük azərbaycanlıların irsinə Anar qədər müraciət edən, onun bədii təbliğatçısına çevrilən ikinci yazıçımız yoxdur. Üzeyir bəy, Cavid Əfəndi, Mirzə Fətəli, Mirzə Cəlil Anarın əsərlərinin qəhrəmanları kimi yenidən dərk olunur, gənclərin düşüncəsində öz yerlərini möhkəmləndirirlər. Heç şübhəsiz ki, Azərbaycanda Dədə Qorqud filminə baxanların sayı dastanı oxuyanlardan dəfələrlə çoxdur, nə qədər şahidi olmuşuq ki, Üzeyir bəydən danışanlar bu dahi azərbaycanlının əsərləri ilə yanaşı, Anarın filminə istinad edirlər.

"Yaşamaq haqqı" Azərbaycan xalqının genetik yaddaşının ensiklopediyasıdır, Qobustan kimi, Dədə Qorqud kimi. Kitabın məzmununda türk milli kimliyini yox etməyə və yaxud da ən yaxşı halda görməzdən gəlməyə yönələn mürtəce siyasətə qarşı etiraz ruhu var. Anarın düşüncəsinə görə, türk millətçiliyi kiməsə qarşı yönəlmiş, başqalarının hüquqlarını tapdamaqla yüksəlməyi hədəfləyən ideya deyil. Kitabda pantürkizm, panislamizm kimi cərəyanların hamısı saf-çürük edilir, Azərbaycanın düşünən beyinlərinin repressiyaya məruz qalmasında bu ideoloji xətlərdən bəhanə kimi istifadə olunduğu vurğulanır. "XIX əsr müstəmləkəçi müharibələrini, 1920-ci ildə müstəqil Azərbaycana divan tutmasını, 1990-cı ilin Qara Yanvarını mən heç vaxt rus xalqının əməli kimi qəbul etməmişəm. səh. 414", - bu prinsipial yanaşma elə "Yaşamaq haqqı"nın məzmunu ilə səsləşir. Söhbət haqqı çatanın varlıq mübarizəsindən gedir və burada qarşı tərəf yoxdu, yalnız qarşılıqlı anlaşma ola bilər.

Kitabın janrı barədə müxtəlif qənaətlər olsa da, mənim fikrimcə, əsəri tariximizin analitik təhlili istiqamətində atılan ilk addımlardan biri kimi dəyərləndirmək lazımdır. Dünya tarix elminin müasir çağırışları da yeni informasiya texnologiyaları kimi təzə trendlərlə zənginləşməkdədir. Rusiya Elmlər Akademiyasının Ümumdünya Tarix İnstitutunda İntellektual tarix yönümündə çoxdan tədqiqatlar başlamışdır. İntellektual tarix özündə həm intellektualların, həm də ideya cərəyanlarının keçdiyi mərhələlərin öyrənilməsini əks etdirir. Anarın əsərini bu baxımdan xronoloji çərçivələri nəzərə almadan fraqmentlər üzrə oxumağa başladım və özüm üçün maraq doğuran bir çox nəticələrə gəlib çıxdım. Məsələn, 1920-ci il aprel işğalının siyasi məzmunuyla bağlı bir nümunəyə diqqətimizi yönəldək, məlum məsələdir ki, işğala hüquqi don geyindirmək üçün Nərimanov Bakıda olmadığı halda yerli partiya komitəsi yaradılmış və xalq komissarlar soveti formalaşdırılmışdı: "İlk dəfə Bakıda sınaqdan keçirilmiş modeli, sonralar Sovet hakimiyyəti ayrı-ayrı ölkələrə - 1921-ci ildə Gürcüstana, 1940-da Baltikyanı ölkələrə, 1956-da Macarıstana, 1968-ci ildə Çexoslavakiyaya, 1979-da Əfqanıstana qarşı tətbiq edib (görünür, köhnə imperiya düşüncəsində bu klassik texnologiya heç vaxt dəbdən düşməyəcək, belə ki, analoji metod 2014-də də eyni "müvəffəqiyyətlə" Ukraynada da sınaqdan keçirildi N.M) - səh. 214". Bu sətirləri oxuyanda istənilən istilanı legitimləşdirmək texnologiyasının məzmun oxşarlığının nə qədər zaman keçməsinə baxmayaraq, dəyişilməz qaldığını görürük. Bu qəbildən xaricdən ixrac olunan demokratiyaya inanan ərəb ölkələrinin hazırda hansı taleyi yaşadığını xatırlatmağımız yerinə düşər.

Bir nüansı da vurğulamaq lazımdır ki, Anarın tarixdə rol oynamış şəxsiyyətlərə verdiyi qiymət təcrübəli loğmanın xəstəyə qoyduğu diaqnoz kimi dəqiqdir. Onlardan birinə nəzər salaq: "Peşəsinə görə həkim, ədəbi istedadına görə yazıçı, taleyinə görə siyasətçi olan Nəriman Nərimanov XX əsr Azərbaycan tarixində faciəli fiqurdur. Səh. 241". Əvvəllər tarixi yalnız keçmiş haqqında elm kimi qiymətləndirirdilər. Bir qədər keçmiş tarixi konkret zaman və məkan daxilində insanların fəaliyyətini öyrənən elmi olaraq dəyərləndirdilər. Tarix keçmişlə insanın yaşadığı dövr arasında bitməyən, sonu olmayan bir dialoqdur. Bəşəriyyət mövcud olduqca tarix də olacaq, deməli, baş verən hadisə və proseslər barəsində tədqiqatlar da aparılacaq. Bu günün tarixi dünəndən, daha əvvəllərdən, uzun əsrlərin qaranlıqlarından qaynaqlanır. Bu baxımdan tarix və müasirlik bir-biri ilə sıx bağlıdır. Tarixin ağ səhifələri, üzüağ çıxılmayan sınaqları isə həmişə millətlərin çiynində yükə çevrilib, onun tərəqqisinə sipər olub. Məsələn, Qarabağ dərdi kimi.

"Yaşamaq haqqı"nın əsas leytmotivini Qarabağ müharibəsinin gətirdiyi iztirablar təşkil edir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində viran qalmış yurdlarımızın, didərgin düşmüş soydaşlarımızın, məhz milli kimliyinə görə qətlə yetirilmiş insanlarımızın hamısının Yaşamaq haqqı var idi axı. Ermənilərin bəşəriyyətə qarşı qənim kəsilmələrinin motivinin harada axtarmaq lazımdır? Onları birləşdirən nədir? Anar yazır: "Yalnız bir hiss - ta körpəlikdən, beşikdən hər bir erməni uşağına təlqin edilən intiqam, qisas hissi, tarix böyük ədalətsizliyə, zülmə məruz qalmaları haqqında miflər, əfsanələr və mütləq bunun əvəzini başqa xalqlardan - ilk növbədə, türklərdən çıxmaq ehtirası. - səh. 1012". Mifin ətrafında birləşən xalqa aşılanan ideologiya kənarda, yəni türklərin timsalında düşmən obrazı yaratmağa və öz xalqını bu "düşmənə" qarşı daim səksəkədə yaşatmağa məcbur etməyə hesablanıb.

Ona da qeyd edim ki, kitabın analitik tərəfləri ilə yanaşı, faktoloji bazası da kifayət qədər zəngindir. Bir nümunə, "1926-cı il Bakıda Birinci Türkoloji qurultayda çıxış edən görkəmli erməni dilçisi Açaryanın məruzəsi erməni dilinə türk dilinin təsiri barəsində idi. Məruzədə türk dilinin erməni dilinin yalnız lüğət tərkibində deyil, həm də qrammatik quruluşuna təsirindən söz açılırdı - səh. 90". Bakıda Türkoloji qurultayın keçirilməsindən təbii ki, hamımız xəbərdarıq, amma orada belə bir məruzə edilməsi faktıyla ilk dəfəydi rastlaşırdım. Tək ölkə daxili auditoriya üçün deyil, elə dünyada Azərbaycan təbliğatına dəstək olmaqdan ötəri "Yaşamaq haqqında" yetərli dərəcədə belə faktlar var.

Hər bir xalq öz psixologiyasına, düşüncəsinə və fəaliyyətinə uyğun olaraq tarixini yaradır. Bundan kənarda xalqın tarixi yoxdur. Azərbaycan Xalq Cümhuriyyəti qətiyyən daxili amillərin nəticəsində deyil, bilavasitə bolşevik Rusiyasının işğalı nəticəsində süqut etdi. Bu işğala çoxlu beynəlxalq amillər ciddi təsir göstərdi. Amma əgər Cümhuriyyət qurulmasaydı, Azərbaycan Rusiya tərəfindən necə işğal ediləcəkdi? SSRİ-nin tərkibinə hansı formada qatılacaqdı? Formal olaraq müstəqil respublika olardımı? Azərbaycan SSR yaradılmasaydı, Cümhuriyyətin varisi olan indiki Azərbaycan Respublikasını yaratmaq asan olardımı? Tariximizə varislikdə, üzvi əlaqədə baxılmasında fayda vardır. Kitabda taleyüklü belə suallar ətrafında müəllif öz qənaətini bölüşür. Cümhuriyyət və onun qurucularına dərin etimad əsərin ruhuna elə hopub ki, onu görməzdən gəlmək sadəcə mümkün deyil. Əgər bütün ömrün bu gün də, yarın da mübarizələrin ön sırasında keçibsə, yaşadığın illərin dolğun məzmununu sözlə ifadə eləməyə ehtiyac qalmır. Anarın bioqrafiyasında nələr iz buraxmayıb ki: sovet imperiyasının çürük ideoloji buxovları ilə savaşmaq, yalan üzərində qurulmuş böyük bir ictimai-siyasi formasiyanın tamamilə darmadağın olmasının şahidinə çevrilmək, Qarabağ dərdi, müstəqilliyini qazanmış ölkəsində az qala repressiya illərini xatırladacaq hücumlara, həmlələrə sinə gəlmək, ideallarından uzaq düşməkdə olan cəmiyyətin mənəvi mühitinin saflaşdırılması üçün çalışmaq və daha nələr. Qəribə odur ki, bu qədər təlatümlərin içərisində ədəbiyyat yaranıb və yaranmaqda davam edir. Bu qədər hadisələrin bolluğu bir tərəfdən yazıçıya saysız-hesabsız mövzular verir, amma digər tərəfdən heç də sadə məntiqlə izah və dərk oluna bilməyən hadisələri təhlil etmək, süzgəcdən keçirmək imkanı olmur. Bunun üzərinə yaşadığımız əsrdə informasiyanın sürətlə ötürülməsi texnologiyalarının az qala günü-gündən təkmilləşdiyini gəlsək, razılaşın ki, indi insanın sadəcə düşünmək üçün vaxtı qalmır. "Yaşamaq haqqı" bizi məhz düşünməyə çağırır. Millətimizin keçdiyi yol və gələcəyi haqqında bizim əvəzimizdən kimsə düşünməyəcək.

"Yaşamaq haqqı" Vətən tarixinə dair mühazirələr kimi də geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq əsərdi. Anar müəllim bu fikirləri canlı mühazirə kimi böyük auditoriyalarda da səsləndirə bilər. Bu, tarix şüurunun oyanmasına töhfə verəcək müstəsna addım olardı. Keçən il türk tarixçisi İlbər Ortaylı Bakıda, Heydər Əliyev Mərkəzində "Qafqaz tarixi" mövzusunda mühazirə deməyə gəlmişdi. Bir vaxtlar Bakı Dövlət Universitetində eyni adlı fənni mən də tədris etdiyimdən bir növ tarixçi marağım güc gəldi və biletinin qiyməti "Yaşamaq haqqı"ndan dəfələrlə baha olan mühazirəyə gedib qulaq asdım. Təəssüf ki, piarı nə qədər parlaq olsa da, İlbər bəyin söylədiklərində bəzi mübahisəli məqamları çıxmaqla yeni heç nə eşitmədim, mənimlə birgə mühazirəyə qatılmış tarixçi dostlarımın da ürəyindən yekdil bir fikir keçdi, "kaş ki Azərbaycan tarixinə dair də belə mühazirələr təşkil olunardı. Amma kim öz çiynini belə yükün altına verə bilərdi ki?" Anar müəllimin kitabı Vətən tarixini öyrənmək istəyənlər üçün rahat dildə yazılmış və ən əsası təəssürat yarada bilən mühazirələrdir. Onları müəllifin dilindən eşitməksə, düşünürəm ki, ideyanın təsir gücünü daha da artırmış olar. Biz axı nəyə görə tutaq ki, Dmitri Bıkovun "100 mühazirəsi"ni dinləmək üçün məmnuniyyətlə onun "Youtube" kanalına abunə oluruq, lakin öz ədəbiyyatımızın inkişaf yolu barədə ciddi fikirlərin səsləndiyi elektron resurs tapa bilmirik. "Yaşamaq haqqı" bu baxımdan da praktik əhəmiyyət daşıyır.

Açıq ürək əməliyyatına getməzdən öncə Anar müəllimin yazdığı məqaləni "525"də oxumuşdum. "Yaşamaq haqqı"nın ruhuyla səsləşən bir məqamı xatırlatmaq istərdim: "Həyatımın çətin günləri başladı və hər şeyi tam dərk edərək ömrümün ən məsuliyyətli qərarlarından birini, bəlkə də ən vacibini verməli idim. Tərəddüdlərimin tam səmimi olmasına inanın. Özümçün qorxmurdum. Uzun və zəngin bir həyat yaşamışdım. Millətimçün, onun taleyi, ədəbiyyatı, sənəti, dili üçün əlimdən gələn az-çox işlər görmüşdüm. Bunu bilənlər bilir, bilməyənlərin də canı sağ olsun".

Etiraf edim ki, mən "Yaşamaq haqqı"nı vəsiyyətdən daha çox Azərbaycan dastanı kimi dərk elədim. Düzdür, kitab tarixdən söhbət açır, ancaq onun mesajları gələcəyədir. Yadıma Anar müəllimin səksən illik yubileyi ilə bağlı yazdığım məqalənin sərlövhəsi düşdü - "Anar, yaxud gələcəyin yazıçısı haqqında düşünərkən". Gələcəyin yazıçısına uğurlar arzulayıram.

 

Natiq MƏMMƏDLİ

Yazıçı, Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2020.- 10 iyun.- S.10-11.