Əfəndi Elçinin əfəndiliyi

 

İnsan taleyində səbəb və nəticədən hansı daha əsasdır?.. Bunu dərindən çözmək də hünər istəyir. Biri digərinə bağlı olan bu dilemma, həyati keçidlər, təbii ki, eləcə zəruri, vacib yaşam elementi kimi bir-birini törədir və tamamlayır. Amma hansı daha önəmlidir? Bu da patetik olduğu qədər də, hər kəsi düşündürən taleyüklü  sualdır. Bizə, adətən, daha çox nəticə maraqlıdır. Hansı səbəbdən törəyirsə törəsin, fərqi yoxdu.

Gələcək nə qədər mistik, absurd və dumanlı olsa da belə, hər halda bizim arzularımızın ünvanıdır. Amma çox vaxt  arzu və istəklərimizə rəğmən bu gələcək qəzavü-qədər kimi də yaşanır. Doğrudan da səbəb bu dərəcədə mistik bir təsadüfün törəməsi ola bilərmi?..

Dünya şöhrətli medium, spritisizm nəzəriyyəsinin banisi, görkəmli pedaqoq Allan Kardekin prinsipial ideyalarından biri olan bu sözlər onun məzar daşında da yazılıb: "Hər bir nəticənin bir səbəbi var, hər bir ağıllı nəticənin ağıllı bir səbəbi olur. Nəticənin qüdrəti və əzəməti səbəbin qüdrət və əzəmətindən gəlir". Burada "ağıllı" ibarəsini "xeyirxah" sözüylə də əvəz etmək olar. Hər şey kökdən, qaynaqdan gəlir. İlkin gələnək səbəbdir. Nəticədən daha öncə tale (qəzavü-qədər) cövhəri kimi səbəb çıxış edir. Görkəmli yazıçı, istedadlı nasir, geniş erudisiyalı alim, alicənab insan Elçin müəllimlə mənim tanışlığımın kökündə də xeyirxah bir səbəb (təsadüf) dayanırdı.

 

***

 

Universiteti yenicə bitirmişdim. "Sovet kəndi" qəzetində işləyirdim. Məqalələr, oçerklər, felyetonlar yazmaq öz yerində, bədii yaradıcılıqla da məşğul olurdum. "Bəyaz dünya" adlı hekayələr kitabım çapdan çıxmışdı. "Ot tayası" adlı povest yazmışdım. Qələm yoldaşlarımızın bəzisi oxuyub bəyənmiş, yazı barədə xoş sözlər söyləmişdilər. Lakin çap elətdirmək üçün yer tapa bilmirdim. O dövrdə bir-iki ədəbi orqan vardı, onların da həndəvərinə üzükmək hünər istəyirdi. Bu ərəfədə rayona getdim. Atamla xeyli dərdləşdik, qəzetdə çıxan yazılarımdan söz saldı:

- Bədii yaradıcılıqda nə var,  yox?.. - Qəfil soruşdu. - Təzə kitab-filan fikirləşmirsən?..

Təzə bir povest yazdığımı dedim.

- Bə niyə çap elətdirmirsən? - Ərklə üzümə baxdı.

- Nə bilim, fikirləşirəm... Münasib bir yer axtarıram, - deyə mızıldandım.

Susdu, heç nə demədi. Sirli və müəmmalı sükut idi. Sanki, ehtiyat planları vardı, amma mənə açmırdı.

Səhəri gün məni yola salanda qalın, cod bığlarını sığallaya-sığallaya məhrəm bir təbəssümlə:

- Bunun yolunu tapmışam, - dedi. - Rayonumuzun səhiyyə şöbəsinin müdiri Üzeyir həkim mənim ən yaxın dostumdur, qəlb sirdaşımdır, sözümüz-sirrimiz həmişə birdir. İlyas Əfəndiyevin bacısının həyat yoldaşıdır. Elçinin bibisinin... Elçin müəllimlə onlar təkcə qohum deyillər, həm də yaxın dostdurlar, məncə, Elçin müəllim onun sözünü yerə salmaz... (Gözəl ziyalı, ləyaqətli insan Üzeyir Məmmədov sonralar Bakıya köçdü, ömrünün sonunadək Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Universitet) müəllim işlədi. Ruhu şad olsun).

Bakıya qayıtdım. Düzü, ağlım, hələ də bir şey kəsmirdi. Hələ yeniyetməlikdən Elçin ən çox sevdiyim yazıçılardandı. Şəxsi tanışlığımız olmasa da, xeyirxahlığı, alicənablığı, dürüstlüyü barədə çox eşitmişdim. Azərbaycan sovet ədəbiyyatının (həm də ümumən sovet ədəbiyyatı) renesans dövrü hesab edilən 60-cı illər hərəkatı bizim və bizdən sonrakı nəslin yaddaşında həm də Elçin dövrü ədəbiyyatı kimi qalıb. Elçin Azərbaycan ədəbiyyatına yenilik gətirən, onun bədii ovqatını cilalayan yazıçılardandır. Azərbaycan nəsri quru şablondan, standart epiqonçuluqdan, sürtülmüş cansıxıcı ideoloji çərçivələrdən həm də onun simasında qurtulub.

Qeyd etdiyim kimi, onun yaradıcılığıyla orta məktəb illərindən tanış idim. Hekayələri ilk cümlələrdən məni alıb aparmış, sadə, adi, gündəlik həyati hadisələr, qəlbə və ruha toxunan ibarələr, ifadələr, zəngin üslubi çalarlar təbii bir ritmlə sanki insanın özünü özünə tanıdırdı. Elçin ruhsal, duyğusal yazıçıdır. Öz hisslərini, duyğu və düşüncələrini beynimizə heç vaxt amiranə tərzdə, israrla, qətiyyətlə, iradi güclə yeritmir, sadəcə təbii və səmimi şəkildə ruhumuza hopdurur. Sən bir insan, bir oxucu kimi ona tabe olmaya bilmirsən.

Onun ədəbiyyatının qəribə magiyası var: ilk məhəbbət kimi qəlbinə hopub qalır. Dilindəki şirinlik, axıcılıq, poetik vüsət, gözlənilməz ritmik dönümlər, təsvir edilən adi həyat hadisələrinin iç qatında yaşayan fəlsəfi laylar... Bütün bunlar Elçin dünyasının şəfəqləridir. Məhz elə bütün bunlara görə də Elçin zaman-zaman öz ədəbi manifestilə sübut etmişdir ki, mütəfəkkir yazıçı, sənətkar heç də həmişə insanlarla, kütləylə birgə durmağa məhkum deyil, həm də onlardan çox-çox ucada dayanmalıdır.

Elçinin ilk povest və hekayələri yüzlərlə, minlərlə mənim kimi məktəbli uşağın ruhuna hopmuş, yaddaşının əbədi yol yoldaşına çevrilmişdi. Bu ədəbi (həm də əbədi) nümunələr oxucunu ənənəvi ədəbiyyatın darıxdırıcı, asketik, boğucu təsirindən qurtarmış, sənəti və həyati mənəvi azadlıqların aydın səmtinə yönəltmişdi. Ondan əvvəlki sovet dövrü ədəbiyyatında mənəviyyat adamı üçün, sanki, belə azadlıqlar, heç nəzərdə tutulmamışdı. O, öz Baladadaşlarıyla, sanki insan azadlığı və mənəviyyatının zorlanmasına qarşı üsyana qalxırdı.

Nəhayət, Elçin müəllim öz yaradıcılığı ilə həm də maarifləndirirdi; mənim kimi həvəskarlara yazıçılıq dərsi keçirdi, onun əlifbasını, texnologiyasını, metodologiyasını öyrədirdi. Baxıb görürdün ki, ədəbiyyat bu qədər yaxın, əlçatan olduğu halda, sən onu tamam başqa yerlərdə, uzaqlarda, yad və anlaşılmaz ünvanlarda axtarırsan. O, yazıçılıq haqqında düşüncələrimizi konkretləşdirir, məhdud çərçivədən uzaqlaşdırırdı. Nədən, necə yazmağı, hansı həyat faktlarını seçib-sonalamağı öyrədirdi. Sən demə, ətrafın, evinin içi, həyət-bacan, məktəbin, hər gün çiling-ağac oynadığın uşaqlar, kənd camaatı, hamısı ədəbiyyatdır. Biz isə ədəbiyyat deyəndə mücərrəd aləmlər haqda düşünürdük. Mən ali məktəbdə oxuyan iki gəncin, necə deyərlər, nakam məhəbbəti barədə bir hekayə quraşdırmışdım (O vaxt, deyəsən, səkkizincidəydim). Gördüyümə yox, görəcəyimə getmişdim. Dil də ki, nə dil... Deyərdin bəs, inoplateniantlar danışır. Saxta pafos, təmtəraq, kitab ibarələri, robot diksiyası, orta əsrlərin boş və dayaz bəlağəti... Elçin müəllimi oxuyandan sonra xəcalət çəkdim, hekayəni də cırıb atdım. Elçin müəllimin əsərləri mənə nəinki yazmağı, danışmağı da öyrətdi.

Elçin ədəbi tənqidə də isti, səmimi yazıçı nəfəsi gətirib. Onun tənqidi görüşləri snobizm və saxta akademizmdən, ibarəçilik və terminlərlə dolu əllaməçilikdən uzaqdır. O, oxucuya da, müəllifə də açıqdır, demokratik ruhlu, azad düşüncəli ədəbiyyatşünasdır. Əmmamə düşüncəli bəzi ədəbiyyatşünaslardakı quru, şablon tənqidçi ədası onun səmimi yazıçı duyğuları və təfəkkürü işığında əriyib gedir. Elçin müəllimin ədəbi-tənqidi görüşləri daha çox canlı həyatla üz-üzədir, energetik varlıqla təmasdadır - nəsri kimi.

 

***

 

Rayondan qayıdandan sonra başım işə bərk qarışsa da, qulağım şəkdəydi, atamdan hər an telefon zəngi gözləyirdim. Çox çəkmədi o zəng gəldi. Hal-əhvaldan sonra: "Yazını da götür, get Elçin müəllimin yanına, səni gözləyir, Üzeyir danışıb, - dedi. - Get, elə bu saat..." - təkid etdi.

Elçin müəllim yenicə Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdi. İş yerini Akademiyadan - Ədəbiyyat İnstitutundan Yazıçılar İttifaqına dəyişmişdi. O vaxt cavan bir oğlan idi Ümumiyyətlə, fizionomiyası, antropoloji quruluşu, şux və şən siması onu həmişə cavan saxlayıb. Həm də qəlbən saf və təmizdir, axı... Bu cavanlıq onun yaradıcılığına da hopub. Onun yazdığı sətirlər şuxluğu, emosionallığı, nikbinlik dolu notları ilə həmişəcavandır. Bu gün də, yaşının müdriklik çağında da yazdığı əsərlərdə bir cavanlıq şövqü, bir gənclik ədası, sabaha inamlı baxış hiss olunur. İnanmırsınızsa, ən ağır (ağrılı), ən ləngərli, ən sanballı əsəri olan "Baş" romanını oxuyun. Bütün ağrı-acıların, hüznlərin, qan-qadanın, dəhşətli insan faciələri və ağrılarının içində qaynar bir şuxluq, nikbinlik, həyata, gələcəyə, insan səadətinə yazıçı əxlaqından və ümidindən süzülüb gələn sonsuz bir gənclik inamı var.

... Dördüncü mərtəbədə otururdu. Yazıçılar İttifaqının binası - bu qədim tikili əslində, üç mərtəbədən ibarətdir. Dördüncü mərtəbə çardaq kimi bir şeydi, sonradan mərtəbə kimi istifadə olunurdu.

Elçin müəllimin kabineti də sınıq-salxaq bir otaq idi. Düzü, əvvəlcə bir az şaşırdım. Mən onu çox dəbdəbəli, zəngin bir kabinetdə təsəvvür edirdim. Düzdür, Elçin müəllim sonralar daha geniş, işıqlı, təmtəraqlı bir çox kabinetlərdə oturdu, uzun müddət Respublika Baş nazirinin müavini kimi məsul vəzifədə çalışdı, amma bu sadə otaqdan tutmuş təmtəraqlı kabinetlərədək, hər halda heç vaxt belə şeyin fərqinə varmadı. Çünki Elçin müəllim özü kabinetləri rövnəqləndirən, hörmətə, urvata mindirən insanlardandır. O, harada olursa-olsun, harada əyləşirsə-əyləşsin, ora hörmətli olacaq, diqqət mərkəzinə çevriləcək...

Qapını döyüb çəkinə-çəkinə içəri girdim. Nəsə yazırdı. Başını qaldırıb özünəməxsus şuxluqla: - Gəl, gəl, - dedi. - Çəkinmə. - Sonra da ayağa qalxıb masadan bir addım aralandı və mənimlə köhnə tanış kimi şəstlə görüşdü. Yer göstərdi, oturdum. Diqqətlə üzümə baxdı. Yəni "dinləyirəm", - demək istədi...

Bir az çaşqın vəziyyətdəydim, ilk andan ünsiyyət forması axtarır, deyəcəyim sözləri ürəyimdə cilalayırdım, savadlı cümlələr quraşdırmaq istəyirdim. Görünür, bütün bunları duyduğundan məni bu qeyri-müəyyənlik əndişəsindən qurtarmaq üçün özü yenidən şux bir əda ilə dilləndi:

- Deyəsən, əlidolu gəlibsən, - qoltuğumdakı kağız qovluğa işarə vurdu.

Elə bil diksindim, nə üçün gəldiyim yadıma düşdü:

- Üzeyir müəllim deyən adamam, - mızıldandım...

- Dayan, dayan... Loğman Rəşidzadə?   - deyə soruşdu.

- Bəli, - dedim.

- Üzeyir qohumdan öncə mənim dostumdur. Onu çox istəyirəm, ləyaqətli, şərəfli adamdır. Hər şey üçün də xahiş eləyən deyil... Deyəsən, sənin atanla yaxın dostluqları var...

- Bəli, - dedim.

- Atan da həkimdir?..

- Xeyr, - dedim. - Atam Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Məktəb direktorudur.

- Demək, o da əsl ziyalıdır. Üzeyir təsadüfi adamla dostluq eləməz...

Elçin müəllim şux, sərbəst danışır, universal hərəkətlər edir, sanki münasib sərbəst mühit yaradıb məni də vəziyyətin içinə çəkməyə çalışırdı. Doğrudan da, yavaş-yavaş qırışığım açılırdı.

- İndi də baxıb görək, sənin boxçanda nəyin var?  - yenə də şuxluqla kağız qovluğu qabağına çəkib açdı. Yazıya ötəri nəzər yetirdi.

- İşləyirsən? - gözünü yazıdan çəkmədən soruşdu.

- "Sovet kəndi" qəzetində, - cavab verdim.

- Nəriman Zeynalovun qəzetində? - Tələsik də əlavə etdi: - Yaxşı redaktordur. Az vaxtda o qəzetdə inqilab edib, - dedi.

Sonra araya ani sükut çökdü. Elçin müəllim yazımı oxuyurdu. Birinci vərəqi qurtardı, keçdi ikinci vərəqə. Bir-iki cümlə oxuyub qovluğu tələsik qapatdı. Sanki, aludə olub axıra qədər oxumaqdan yayındı. Sonra da kağız qovluğun qaytanını bağlaya-bağlaya dedi:

- Üzeyir mənə dedi ki, siz ona çox doğma adamsınız. Üzeyirə doğma olan mənimçün də, heç şübhəsiz, əziz adamdır. Sənnən belə danışırıq... - Danışa-danışa əlini ahəstəcə bir neçə dəfə mənim qovluğuma vurdu. - Bu gündən biz oluruq dost. Nə sözün, nə qulluğun olsa, çəkinmə... Bir az utanan, çəkingən adama oxşayırsan, - dedi. - Böyük qardaş kimi gücüm çatanı əsirgəmərəm. Qaldı ki, sənin əsərinə... Oxuyacam,  xoşuma gəlsə, sənnən ədəbi dostluğumuz da olacaq. Xoşuma gəlməsə, ümumi dostluğumuz yerində, amma ədəbi dostluğumuz baş tutmayacaq, deyəcəm, qardaş, get jurnalistliyini elə. Yenə deyirəm, ümumi dostluğumuz isə dostluğunda qalacaq.

Sonra qalxdı, söhbətin bitdiyinə işarə vurdu, qapıya qədər məni yola saldı. Qapının kəndarında dayandı:

- Əlimdə indi işim çoxdur. Mənə iki-üç ay vaxt ver, oxuyub fikrimi deyəcəm... Darıxmazsan ki? - nüfuzedici nəzərlərlə mənə baxıb soruşdu.

 

***

 

Beləcə, redaksiyaya qayıtdım. Yenə cari işlər, redaksiyanın tapşırıqları, şəxsi qayğılarım... Sanki bütün bu olanları unutmuşdum. İki-üç ay söhbəti isə məni ən azı bu uzun çəkəcək müddətə artıq kökləmişdi. Bu dəm Nəriman müəllim məni çağırtdırdı. Otağa girən kimi əlindəki siqareti külqabına qoyub:

- Elçin Əfəndiyev zəng vurmuşdu, səni axtarır. Nə məsələdir?.. - soruşdu.

Çiynimi çəkdim. Fərqinə varmadan davam etdi:

- Tez get, deyəsən, təcilidir, əlimyandıda axtarır...

Özümü fövrən Yazıçılar İttifaqına yetirdim. Elçin müəllim məni xüsusi təntənəylə qarşıladı:

- A kişi, gəl çıx də... Səbrimiz tükəndi ki... Sonra ciddi görkəm aldı. - Əsərini oxudum, çox xoşuma gəldi, sən əsl yazıçısan, təbrik edirəm. Demişdim mənə iki-üç ay vaxt ver... Doğrudan da, əlimdə işim çoxdur. Amma oxumağa başlayanda yerə qoya bilmədim. Bir daha təbrik edirəm. Demək, biz bundan sonra ikiqat dost oluruq.

Donub qalmışdım. Elçin müəllimin bu sözləri sanki uzaq bir aləmdən süzülüb gəlirdi. Karıxmışdım. Quruca:

- Çox sağ olun, minnətdaram, böyük qiymət verirsiz mənə, - deyə bildim.

Əyləşdik. Elçin müəllim özünəməxsus şux bir işgüzarlıqla:

- Bəlkə "Azərbaycan"a verək, çapa?

Mənimçün bu da gözlənilməz oldu. "Azərbaycan" jurnalında çap olunmaq, doğrudan da, böyük prestij idi. Elçin müəllimin ədəbi ictimaiyyət arasında nüfuzu o həddəydi ki, bircə sözü kifayət edirdi. Üstəlik, ədəbi orqanlar katib kimi onun kurasiyasındaydı. Odur ki, şübhəyə yer qalmırdı. Mənim nə deyəcəyimi gözləmədən telefonun dəstəyini qaldırdı və kiminləsə danışmağa başladı. Təxminən bilirdim kiminlə danışdığını. O vaxt "Azərbaycan" jurnalında baş redaktor vəzifəsi boş idi (Eləcə uzun müddət boş da qaldı). O dövrdə müavin də, şöbə müdirləri də müəyyən sərbəstliklər qazanmışdılar, avtonom hüquqa malikdilər. Elçin müəllim mənim haqqımda soruşurdu. Xəttin o başındakı da məni yaxşı tanıdığını deyirdi. Telefonu asıb, qovluğu tələsik mənə uzatdı:

- Apar ver, gözləyirlər. Üstəlik səni də tanıyırlar, lap yaxşı. Minnətləri olsun, belə orijinal, maraqlı və mənalı bir əsəri dərc edəcəklər.

 

***

 

Redaksiyada qarşılanmağım məni heç açmadı. Sanki qapılarına borca gəlmişdim. Burun-turun, minnət-filan, soyuqluq, laqeydlik... Nə isə, bu ilk pis təəssürat sonrakı əndişələrin uvertürası oldu. Bu adamlar barədə heç də bədgümanlıqla danışmaq istəməzdim (Onların çoxu dünyasını dəyişib. Ölünün dalınca isə ya danışmazlar, ya da yaxşı danışarlar). Mən başıma gələn bu əcaib hadisəni, sadəcə xəbis situasiyanı təsvir etmək zorundayam. Onlar mənə qarşı pislik etdilər, bu, başadüşüləndir. Elçin müəllim kimi təmiz, vicdanlı, xeyirxah alicənab insana isə xəyanət. Bax, bu, nanəcibliyin  son həddiydi. Vəzifəsi bir yana, axı onların hər birinin ədəbi taleyində Elçin müəllimin xidmətləri kifayət qədər mütləq və danılmazdı.

 

***

 

Çox sevdiyim, hədsiz hörmət bəslədiyim bu jurnalın ("Azərbaycan") redaksiyası bəzi adamların simasında mənimçün əcinnə yuvasına çevrildi. Bura gələndə elə bilirdim biyara göndərirlər məni. Görüşəndə gülümsünürdülər, hörmət-izzət əndazəsini aşırdı, qayğı-diqqət də öz yerində. Məsələ yazıya gələndə, qızıl ilana dönürdülər. Bu oxuyub ona verirdi, o oxuyub buna verirdi. Bu, bir cümləni çıxarır, o, bir abzası ixtisar eləyirdi, vergül elə, nöqtə belə. Yazının başına tərs dəyirman daşı fırladırdılar. Əsl komediya, mükəmməl bir fars. Dözürdüm, səsimi çıxarmırdım, amma elə an gəlirdi ki, qılınc qırğına çıxmalı olurduq. Bu da mənim ziyanıma işləyirdi. Əlli cürəsini də üstünə qoyub Elçin müəllimə çatdırırdılar. Guya mən onun adından istifadə edib özümü ərköyün aparıram, heç kimi saymıram. Düzdür, Elçin müəllim həssas qəlbiylə hər şeyi duyur, iti, parlaq zəkasıyla deyilənləri diqqətlə analiz edib məni heç də günahlandırmır, mənə münasibətdə hörmət və məhəbbətini zərrəcə azaltmırdı. Amma el içində deyilən kimi, milçək bir şey deyil, ürək bulandırır. Bu milçəklər də, mozalanlar da sancmaqla, sanca-sanca iyrəndirməklə məşğuldular. Elçin müəllimin dönməz mövqeyi onları bir az da cin atına mindirirdi.

 

 

***

 

 

Bir dəfə Elçin müəllimlə Yazıçılar İttifaqında pilləkənlərlə aşağı düşürdük, üçüncü mərtəbəylə ikinci mərtəbənin arasında "Azərbaycan" jurnalının əməkdaşlarından biri ilə rastlaşdıq. Salam-kəlamdan sonra:

- Loğmanın yazısını niyə  çap eləmirsiniz? - Elçin müəllim sərt bir tonla soruşdu.

Əslində, həmin adamlıq bir şey yox idi. O, bu mənada redaksiyada heç söz sahibi də deyildi. Texniki məsələlərə baxırdı. Xeyirxah, təmiz adam idi, münasibətlərimiz isti və səmimiydi. Elçin müəllimin də, bilirdim ki, ona münasibəti çox yaxşıdır. Amma Elçin müəllim, bu anlarda sanki "Azərbaycan" jurnalının kiçikdən böyüyə hamısına qəzəbliydi.

- Elçin müəllim, Loğman yaxşı oğlandır, biz hamımız onu çox istəyirik, - deyə dostumuz təbəssümlə cavab verdi və gərginliyi bir qədər yumşaltmaq istədi.

Elçin müəllim yenə də eyni sərtliklə, ironik bir sarkazmla:

- Əşşi, Loğmandan zəhləniz getsin, amma yazısını verin, - deyib qolumdan tutdu və cavab gözləmədən pilləkənləri sürətlə enməyə başladı.

 

***

 

Bu əndişələr hələ bir xeyli də davam etdi. Tamam bezmişdim, yorulub əldən düşmüşdüm. Bir dəfə Elçin müəllimin kabinetində söhbət zamanı soruşdu:

- Əsərindən bir xəbər yoxdu?..

- Hələlik təzə bir şey yoxdu, - dedim.

Əsəbi şəkildə telefonun dəstəyini qaldırıb kimisə yığdı. Təxmin etdim ki, mənim işimi buran dəstənin başçısına zəng vurur. Salamsız-kəlamsız hücuma keçdi:

- Mən səni bu qədər xəbis, bu qədər cılız və bu qədər ucuz adam bilməzdim. Bu Loğman cavan uşaqdı, sizin onnan nə düşmənçiliyiniz ola bilər?..

Hiss olundu ki, xəttin o başından adam nəsə demək istəyir. Elçin müəllim eyni intonasiyayla davam etdi:

- Qulaq as, sözümü kəsmə, nəsə, Loğmanla sizin münasibətlərinizi qoyaq bir kənara. Ən azından bu yazını mən xahiş eləmişəm axı. Sən ki, mənim zövqümə də, ədəbi mövqeyimə də, əqidəmə də bələdsən. Sən heç, bir yana, axı hamı mənim zövqümə kifayət qədər inanır. Və hamı bilir ki, mən zəif əsəri heç vaxt məsləhət bilmərəm. Keçək məsələnin başqa tərəfinə. Yazıçılar İttifaqının katibi kimi ədəbi orqanlar nizamnaməyə görə mənim kurasiyamdadır. Mən ən azından sizə inzibati qaydada göstəriş verə bilərəm. Allaha şükür ki, mənim belə inzibati metodlardan uzaq olduğumu hamı yaxşı bilir. Bunu da qoyaq bir tərəfə. Biz axı dostuq, qələm yoldaşıyıq, bir təşkilatda çalışırıq, ən azından hər gün qabaq-qənşər gəlirik, salamlaşırıq. Tutaq ki, bir yoldaş kimi sizdən nəsə bir şey xahiş etmişəm, siz əvəzində belə hərəkət eləməlisiniz?.. Çox təəssüf.

Sözünü bitirib cavab gözləmədən telefon dəstəyini aparatın üstünə tulladı. Üz-gözünü turşutdu. Sanki, nədənsə iyrənirdi. Yadıma müdriklərdən birinin sözü düşdü: "Zalımın zülmündən, adilin qəzəbindən qorx". Araya qeyri-müəyyən bir sükut çökdü. İndi povestin çap olunub-olunmaması heç vecimə də deyildi. Bircə Elçin müəllimi əndişələrə saldığım üçün özümü qınayırdım. Dəymirdi axı. Belə uca, ləyaqətli bir adamın bu həşəratlarla öcəşməsi ürəyimi ağrıdırdı. Sanki fikirlərimi oxuyub yenə də özünəməxsus şuxluqla:

- Fikir vermə, -  dedi. - Bircə ruhdan düşmə, qələmdən bərk yapış...

 

***

 

Axır ki, tilsim qırıldı. Redaksiyaya növbəti gəlişim zamanı, yadımda deyil, kimsə mənə yaxınlaşıb: - "Təbrik edirəm, əsərin mətbəəyə göndərildi", - dedi. Düzü, heç bir sevinc-filan hiss etmədim. Bu illər boyu mənasız əndişələr, çəkişmələr, boz və hissiz-duyğusuz sifətlər məni sanki keyləşdirmişdi. Adicə, sevinə bilmirdim. Elçin müəllimin axırıncı dəfə abırını ətəyinə bükdüyü həmin adamın kabinetinə girib nəzakət xatirinə təşəkkür etdim. Soyuq qarşıladı, boz bir sifət göstərdi, üzünə qonmuş vaxtsız qırışlar bir az da dərinləşdi, mənim təşəkkürümü sanki söyüş kimi qəbul elədi (Hər kəsin qəlbindəki). Sonra da ironik bir tonla:

- Düzdü, Elçin müəllimin xətrinə yazını mətbəəyə göndərdik, amma şəxsən mən sənin yerinə olsaydım, o yazının çapına razı olmazdım. Çox zəif və primitivdir. Onun çapı sənə heç də başucalığı gətirməyəcək, - dedi.

- Bunu gələcək göstərər, - deyib laqeydliklə qapını vurub çıxdım.

Bəli, sonuncu zəhərli oxlarını da beləcə atdı. Amma vecimə deyildi. Mənim üçün meyar bunun kimi əbləhlərin məkrli sözləri yox, Elçin müəllimin fikri idi... Mən xeyir-duamı almışdım. Bundan sonra kim nə zəvzəkləyir zəvzəkləsin...

Nəşriyyata qayıtdım ("Kommunist", indiki "Azərbaycan" nəşriyyatı). Dünyanın ən təmənnasız adamlarından biri, dostumuz Tofiq Mahmudov (Allah ona qəni-qəni rəhmət eləsin!) o vaxt "Azərbaycan" jurnalının texniki redaktoru idi. "Kommunist" nəşriyyatının mətbəəsində beşinci mərtəbədə balaca, xudmani bir otağı vardı. Özümü verdim ora. Tofiq məni görən kimi ucadan gülüb:

- Təbrik edirəm, - dedi. - Deyəsən, işlər düzəlir axı... - dedi.

Əhvalatdan xəbərdar olmayan yox idi.  Şair dostumuz Ağacəfər Həsənli də burdaydı. O da həmin vaxt jurnalda çalışırdı. Tofiq materialları qabağıma qoydu. Öz yazımı tapıb baxanda sifətim dəyişdi, qanım lap qaraldı. Sonuncu dəfə də əclaflıqlarından əl çəkməmişdilər. Əsərdəki "povest" sözünü pozub, yerinə "hekayə" yazmışdılar. Üçümüz də pərişan olduq. Araya sükut çökdü. Tofiq əlini nazik sünbül bığlarına çəkə-çəkə mənə ürək-dirək verdi:

- Kefini pozma, düzəlməyən iş yoxdu. Bilirsiz də, Cabir müəllim, Cabir Novruz jurnala beş-on gündür ki, təzə baş redaktor təyin olunub. - Sonra da özünəməxsus əda ilə ürəkdən gülüb əlini çiynimə vurdu. - Bildirçinin bəyliyi qurtardı. Sənin dırnaqarası dostlarının hökmranlığı bitdi.

Sonra bir az ciddi görkəm alıb:

- Bəlkə belə bir şey eləyək, - dedi. - İkiniz də elə indicə durun gedin Cabir müəllimin yanına. Bir kəlmə "hə" desin, boş şeydir, "hekayə" sözünü pozub "povest" yazaq, bununla da iş bitsin.

 

***

 

... "Azərbaycan" jurnalı redaksiyası təzəcə "Baksovetlə" üzbəüz qədim binaya köçmüşdü. Redaksiyaya qalxdıq. Geniş, işıqlı otaqlar, demək olar ki, bomboş idi, mebelsiz-filansız. Cabir müəllim (ruhu şad olsun) bizi son dərəcə səmimi və gülərüzlə qarşıladı.

- Cavanlar xoş gəlib! - şuxluqla dilləndi. - Köçə-köç də bizi lap haldan salıb, - boş divarlara baxıb öz-özünə gileyləndi. - Sonra yenə eyni şuxluqla: - Sözlü adama oxşayırsız, nə sözünüz-qulluğunuz varsa, xidmətinizdəyəm.

Ağacəfər cəsarətə gəldi:

- Loğmanın bir sözü  vardı Sizə, - dedi.

Cabir müəllim mənə tərəf çevrildi və ərklə dedi:

- Çəkinmə, sözünü de!

Mən başıma gələn əhvalatı qısa, lakin təfsilatı ilə danışdım. Diqqətlə qulaq asdı, sonra da əlləriylə üzünü örtüb:

- Görürsən, - dedi, - əclaflığın dərəcəsinə bax e... Demək, hələ Elçin müəllim kimi əjdahanın sözündən sonra sənin başına belə oyun açıblar?.. Ay nadanlar, Elçin müəllimin fikri sizin üçün ən böyük meyar deyil, yəni? Əslində, onlar normal ziyalı olsaydılar, Elçin müəllimin rəyindən sonra bu əsəri oxumadan birbaşa mətbəəyə göndərməliydilər. Sonra da özlərinə ədəbiyyat adamı deyirlər, belə ədəbiyyat adamı olar?..

Cabir müəllim bir qədər fikrə getdi, gözləri yol çəkdi. Sonra elə bil bizim burada olmağımızın fərqinə varıb özünə qayıtdı.

- Deyirsiz  yazı mətbəəyə gedib də... Lap yaxşı, təbrik edirəm. Başqa problem qalmayıb ki? - soruşdu.

"Hekayə" və "povest" məsələsini dilə gətirdim, bu problemin həlli üçün razılıq verməsini xahiş etdim.

Yenə bərk əsəbiləşdi, üzü bir az da ciddiləşdi:

- Ay nadanlar, - dedi. - Bu həddə qədər düşmənçiliklərini aparıblar?.. Deynən axı nə fərqi var, "hekayə"  , "povest" də hardasa eyni şeydir. Hər iki ədəbi termin bizə ruslardan keçib. "Hekayə", yəni "rasskaz", danışmaq deməkdir. Danışmaq sözündə bir yığcamlıq var, hadisənin qısa, yığcam təqdimi. "Povest" isə povestovaniye, yəni nəql etmə anlamındadır. Bu da hər hansı bir hadisənin hekayədən bir qədər geniş, ətraflı və təfsilatıyla təqdimidir. Görürsüz, bir elə fərqi yoxdur, Loğmanın əsərinin "povest" qrifiylə çap olunmağının, deynən, sizə nə isti-soyuqluğu?.. Bunun üstünə "hekayə" yazmaqla nə qazanacaqsınız?..

Cabir müəllim bir az da masaya tərəf əyildi, astaca danışmağa başladı. Arabir ora-bura baxırdı, sanki kiminsə eşidəcəyindən ehtiyat edirdi. Tanıyanların hamısı yaxşı bilir ki, Cabir müəllim çox xeyirxah, qayğıkeş adam idi. Amma bir az ehtiyatlılığı, çəkingənliyi də vardı. Həmişə hər şeyi sülhlə, barışla, qarşılıqlı anlaşmayla həll eləməyə çalışardı.

- Tofiq nə deyir, bilir? - soruşdu.

- Elə Sizdən xahiş eləmək ideyasını Tofiq verdi. O, beşəlli razıdır, - dedik.

- Lap yaxşı, gəlin belə bir iş görək. Gedin mətbəədə dediyiniz xətanı düzəldin, - dedi. - Zarafatından da qalmadı: - Texniki səhvdir də, yoluna qoyun, - astaca gülümsündü. Elə bil öz-özünə toxtaqlıq verirdi. - Amma mənim xəbərim yoxdu... Danışdıq?

İkimiz də bir ağızdan:

- Nə danışırsız, Cabir müəllim, buna söz ola bilməz, - dedik.

Cabir müəllim davam etdi:

- Bir dəstə adam bu redaksiyanı qaragüruh yuvasına çevirib də... Uzağa getmək lazım deyil ki, görmürsən, - əlini mənə uzatdı, - uşağın başına nə oyun açıblar?.. Hələ Elçin müəllimin sözündən sonra, - dedi. - Odur ki, məni düzgün başa düşün... Eh.. - əlini hirslə yellədi, - iş-işdən keçəndən sonra qoy nə qədər hürürlər-hürsünlər... Gedin, düzəldin!..

... Tofiq şad xəbəri eşidəndə xeyli sevindi. "Hekayə" qrifini "povest"lə əvəz etdik. Fürsət idi, materialı qabağıma qoyub başdan-ayağa oxudum. İxtisar olunmuş bəzi yerləri bərpa elədim, redaktə (guya redaktə) nəticəsində pozulmuş bir sıra məntiqi ardıcıllıqları da düzəltdim... Sonra da bu hadisəni Tofiqin xudmani otağında üçlükdə yüngülvari qeyd elədik. Tofiqin ehtiyatı həmişə olurdu...

 

***

 

Jurnal çapdan çıxdı. Deyim ki, sevinmədim, düz olmazdı. Dost-tanışın, ədəbiyyat camesindəki zövqünə etibar etdiyim tanışların təqdir dolu sözləri bu sevinci birə-beş qat artırdı. Bu əndişələrin sonu kimi çoxdan zəruri ehtiyaca çevrilmiş toxtaqlıq, sanki uzun marafondan sonra finişdə dərindən nəfəsalma mənəvi rahatlıq gətirir, sevincdən daha çox həzz verirdi.

 

***

 

Moskvada çap olunan məşhur "Literaturnaya qazeta"da adətən, mütəmadi "Azərbaycan" jurnalının illik xülasəsi verilirdi. Bu dəfə xülasəni rusdilli korifey ədəbiyyatşünaslarımızdan hesab olunan, son dərəcə istedadlı, obyektiv, yüksək intellekt sahibi, nüfuzlu ədəbiyyat tənqidçisi Arif Hacıyev yazmışdı. İcmal A-2 formatlı qəzetin bütöv bir səhifəsini tutmuşdu. Birinci sütun isə başdan-ayağa mənim "Ot tayası" adlı povestimə həsr olunmuşdu. Müəllif əsəri geniş təhlil edir, yüksək qiymətləndirirdi. Yekun fikrini də belə ümumiləşdirirdi: Azərbaycan ədəbiyyatına yeni nəfəs gəlmişdir. Bu fikirlər məni xeyli toxtatdı, şüurumu aydınlaşdırdı, özümə qarşı az-çox şübhəmi də dağıtdı.

Bundan üç-dörd gün sonra həmin adamla, mənim başıma min cür oyun açmış "Azərbaycan" jurnalının əməkdaşı ilə "Kommunist" nəşriyyatının ikinci mərtəbəsində (bizim redaksiya orada yerləşirdi) rastlaşdıq. Heç nə olmayıbmış kimi əlimi sıxdı və gülə-gülə:

- Sənə dedim axı bu əsər səs salacaq, gördün?.. Harda-harda, "Litqazeta"da... Özü də kim?... Arif Hacıyev... Dünya dağılsa da, o, üzgörənlik eləməz, elə-belə, nəyinsə xatirinə bir cümlə də yazmaz. Təbrik edirəm, təzə yazılarını gözləyirik, - deyib əlimi sıxdı və uzaqlaşdı.

Düzü, matım-qutum qurumuşdu, çaşıb qalmışdım. Bu insanlarda neçə sifət olarmış?.. Bəlkə sifət yoxdur, eləcə üst-üstə maskadır. Soyduqca elə hey, maska gəlir?..

 

***

 

... Bu, bir xatirədir, deyə ötəri baxıb keçməyin. Hər hadisə, hər yaşantı xatirəyə çevrilmir. Ruhumun yaddaşına hopmuş bu olay mənim həyatımın həm də çevrilişi, dönüm anıydı. Elçin müəllimlə tanışlıq, yaxınlıq ilk anlardan mənim daxilimdə ciddi oyanış, tərpəniş yaratdı.

Azadlıq - insanın özünün özünə məxsusluğu deməkdir. Bu da özünüdərkdən başlayır. Sən özünü dərk etdikcə özünə qayıdır, daha çox özünə məxsus olmağa başlayırsan. Belədə sən nəyəsə inanırsan və ruhən azad yaşamağa davam edirsən. Ən adi bir təkan isə buna ciddi stimul verir. Bunun adı xeyirxahlıqdır. Elçin xeyirxahlığı, Elçin qayğısı, dünyəvi və mənəvi düşüncənin ölçülərinə sığmayan əfəndi himayəsi...

P.S. Əfəndi sözünün lüğəvi mənasını dəqiq bilmirəm. Buna görə lüğət kitablarına da baxmamışam. Amma yəqinimdir ki, bu ifadədə ən ali düşüncələr, ən nəcib mənalar ehtiva edilir: alicənablıq, kübarlıq, xeyirxahlıq, ləyaqət, mərdlik... Əslində, bu siyahını çox uzatmaq da olar. Çünki bu uzun siyahıda göstərilə biləcək bütün nəcib cəhətlər (mənalar) Elçin Əfəndiyevin mənəvi sifətlərini də özündə yaşadır. Əfəndi sözü, bu gün şəxsən mənim üçün Elçin müəllimin soyadı olaraq daha doğmadır, ən üstün mənəvi dəyər statusundadır. Bəli, o, təkcə Əfəndiyev Elçin deyil, həm də Əfəndi Elçindir.

 

May, 2020-ci il

Bakı.

 

Loğman Rəşidzadə

 

525-ci qəzet.- 2020.- 10 iyun.- S.14-15; 20.