"Quş dili”ndə həqiqət sirləri

 

Təsəvvüf ədəbiyyatının məşhur simalarından olan böyük mütəfəkkir və mütəsəvvüf Əlişir Nəvai "Lisanut-teyr" ("Quş dili")  əsərini tam bir bəsirət gözü (ağıl - idrak gözü, təfəkkür gözü, qəlb gözü, ibrət gözü) ilə qələmə almışdır. Bu əsər, əslində, dünyanı dərk hadisəsidir. Nəfslə bağlı təsəvvüfi bir dastandır. Mənəvi eşqin şövq və zövqündən təsirlənərək təsəvvüfün incəliklərini açıqlayan "Lisanut-teyr" mərifət və irfan yolunun əsaslarına söykənən və öyrədən bir məxəzdir.

Əlişir Nəvai "Mühakimətul-lüğəteyn" əsərində yazır ki, "Lisanut-teyr"də ("Quş dili") tərənnüm düzmüşəm ki, orada quş dilinə işarət ilə həqiqət sirlərini məcaz surətində görkəzmişəm". Əsərdəki bütün hadisə və təfsilatlar məcazi məna daşıdığından  alleqorik xüsusiyyətə malikdir, yəni əsərin əsas qəhrəmanları quşlardır. Baş qəhrəmanları Simurq (Anqa) və Hüd-hüd (Şanapipik) olmaqla əlavə on dörd quş da iştirakçıdır. Həmin quşlar hadisələrin daim mərkəzində görünən obrazlardır: Tutuquşu, Tovuzquşu, Bülbül, Qumru, Göyərçin, Kəklik, Qırqovul, Qırğı, Şunqar, Qartal (Qaya Qartalı), Bayquş, Humay, Ördək, Toyuq. Əlişir Nəvai üç min altı yüz iki (3602) misralıq "Lisanut-teyr" əsərini (193 fəsil)  məsnəvi şəklində ("failatün failatün failün" əruz vəznində) yazmışdır.

Bu misralardan aydın olur ki, əsərin yazılış tarixi müəllifin 60 yaşına yeni qədəm qoyduğu ilə təsadüf edir. "Lisanut-teyr" əsəri həm də qəlbə, könülə bir müraciətdir, varlıq və ilahi görüşlər əks olunur və ya hər kəsin keçdiyi həyat yoluna özünün kənardan baxışıdır. Vəhdəti-vücud (varlıq birliyi) inancının şərhi olan "Lisanut-teyr" məsnəvisində quşlar - xalqın, Hüd-hüd - kamil insanın, Simurq isə Allahın rəmzidir. Başlanğıcda bunları dərk etdikdə əsərin süjet xəttində bütün hadisələrin, fikrin-mənanın hara, nəyə ünvanlanması məntiqini dərk etmək çox asan görünür. Hər quşun öz dili (bir-birilərini anlayan səsləri) olduğu kimi, öz xarakteri, dünyanı dərk edə biləcək baxışları, yaşam tərzləri də var. Günlərin birində bütün quşlar özlərinə bir başçı, padşah seçmək qərarına gəlirlər. Səbəbi odur ki, bir başçıları olmadığı üçün birliklərində tam bir nizamsızlıq, dağınıqlıq vardır, eyni zümrəyə mənsub olsalar da, lazım olanda bir yerə toplana bilmirlər.

Elə isə başçı kim olsun? Təbii ki, hər kəs özünü bu vəzifəyə layiq görür. Bir qərara gələ bilməyəndə onların köməyinə Hüd-hüd (şanapipik) yetişir: məsləhət və tövsiyələri ilə onlara padşahlıq edə biləcək quşun yalnız Simurqun ola biləcəyini anladır. O zaman bütün quşlar - minlərlə quş Hüd-hüdün rəhbərliyi ilə Simurqun ardınca, onu tapmağa yollanmalıdır. Simurq isə Qaf dağının arxasındadır. Oralara gedilən yollar isə çox uzun və məşəqqətlidir, üstəlik, uzaq Çin ölkəsinin üzərindən uçub gedəcəklər.

Yoladüşmə ərəfəsində Hüd-hüd tərəfindən on quşun  Tutuquşu, Tovuzquşu, Bülbül, Qumru, Kəklik, Qartal, Qırqovul (Çil Quş), Göyərçin, Şahbaz və Şunqarın (Şahin)  tərifi verilir. Bu təriflərdən sonra gedilən yol haqqında quşların Hüd-hüdə sualları (iyirmi dörd sual konkret olaraq hansısa quşun adı ilə deyil, "yenə bir quşun sualı" deyə təqdim olunur) və bu suallara  Hüd-hüdün cavabları (iyirmi dörd cavab) təqdim olunur.  Hüd-hüdün hər  cavabından sonra isə bir hekayət təqdim olunur. Həmin  hekayətlər əsərin üst qatında, alt qatında isə anladılan məsələlərin fəlsəfi, irfani, təsəvvüfi mənalarının görünməsi heç də çətin deyil, Hüd-hüd quşlara cavabından və hekayətlərdən sonra Simurqa çatmaq üçün yeddi vadidən keçilməsinin vacibliyindən söz açır. Gedilən yolların uzaqlığından və çətinliklərindən qorxan, çəkinən, tənbəllik edən quşların çoxu bu səfərdən - Simurqa yetişməkdən imtina edirlər. Simurqun yanına getməkdən imtina edən quşlar fikirlərini, bəhanələrini üzr istəyərək dilə gətirirlər, amma Hüd-hüdün cavablarından təsirlənib ibrət dərsi alaraq yola düşürlər. Hüd-hüd keçəcəkləri yollarda yeddi vadinin (Tələb, Eşq, Mərifət, İstiğna, Tövhid, Heyrət, Fəqrü-Fəna) hər biri haqqında söz açdıqca onların məcazi və ya belə deyək ki, fəlsəfi-təsəvvüfi anlamlarını da izah edir.

Yola çıxan minlərlə quşlardan uzun yollarda yorulanlar, isti-soyuğa dözməyərək xəstələnib ölənlər, ömür tamamı yetənlər, yolda kiməsə aşiq olub sıradan qalanlar və s. həyati hadisələrlə üzləşərək on dörd adda olmaqla cəmi otuz quş mənzil başına çatır. Simurqa yetişirlər. Simurq quşu onları bir-bir dinlədikdən sonra hər kəs Simurqda özünü görür, yollarda başlarına gələn hadisələri bir-bir Simurqa anlatdıqca heyrətə gəlirlər. Sən demə, Si (otuz) və murq (quş) sözünün mənası elə otuz quş demək imiş. Simurq deyə anlatdıqları isə elə özləri imiş (bəzən deyirik ki, Allah hər kəsin öz içindədir).

Bura qədər olan hadisələri, yəni əsərin bu qısa xulasəsini başqa yöndən də şərh edə bilərik. İlk olaraq, quşların belə birliyə ehtiyacları hansı zərurətdən doğmuşdu? Birincisi, Allahın canlılar üçün yaratdığı həyatda - cəmiyyətdə toplum olan yerdə, yəni "birlik olan yerdə dirilik də olar", "böyük-kiçik olan yerdə ehtiram, sayğı olar", "həyat - yaşam maraqlı, mənalı, dəyərli olar" və s. bu kimi  prinsiplər nəzərdə tutulur. İkincisi, hadisələr, yəni quşların məsləhət-məşvərətləri, Simurqun arxasınca gedilən zaman bahara təsadüf edir. Müəllif bu mövsümü, əslində, təsəvvüfi mənada - təbiətin doğuluşu,  bütün canlıların - quşların, insanların da doğuluşunun baharda - yazda baş verməsi anlamında verir.  Üçüncüsü, Simurqun arxasınca niyə məhz Çin üzərindən aşıb Qaf dağına doğru gediləcək? Peyğəmbərin (s) məşhur hədisində də buyurulur ki, "elm dalınca ta Çinə qədər gedin!".  Doğrudur indiyəcən belə güman edilir ki, Çin ən uzaq ölkə olduğu üçün, yəni dünyanın ən uzaq yerdə olmasına rəğmən deyilib. Amma hadisələrə elmin gözü ilə və dərindən nəzər yetirdikdə elə o zamanlar da Çində elmin ən yüksək səviyyədə olması səbəbi ilə Simurqun arxasınca da Çin üzərindən gedilməsi məqsədəuyğundur. Bunun  bir anlamı da əfsanələrdə Simurqun Çin ölkəsinin üzərindən uçarkən lələyini oraya salması motivləri ilə bağlıdır.

Quşların söhbəti ilə bağlı klassik ədəbiyyatda, xüsusən Ə.Nəvaidən də əvvəl bir neçə əsərin yazıldığı məlumdur. İlk olaraq, F.Əttarın "Məntiqut-teyr" əsərinin adını çəkə bilərik. Hətta Əlişir Nəvai "Lisanut-teyr" əsərinin başlanğıcında F.Əttara həsr etdiyi fəslində öz əsərini "Məntiqut-teyr"in tərcüməsi kimi qeyd edir.

Əsərlə tanış olduqda görürük ki, süjet xəttində oxşarlıq olsa da, əsərdəki hekayətlər, quşların sayı, onların üzrləri və Hüd-hüdün üzr istəyən quşlara cavabları və s. hadisələr tam fərqlidir. Nəvainin bu təvazökarlığına, onun kübar ədəbinə görə bəzən qərb tədqiqatçıları Nəvainin öz əsərlərinə isnad edərək onun əsərlərinin çoxunu orijinal yox, tərcümə kimi dəyərləndiriblər.

Əslində, əsl səbəb Əlişir Nəvainin təssəvvüfi baxışları, eyni təriqət daşıyıcıları olan (nəqşibəndlik)  Fəridəddin Əttara sonsuz məhəbbətindən irəli gəlmişdir. Əsərin giriş hissəsində bu haqda gözəl təfsilatla rastlaşa bilirik. Hələ üç-dörd yaşı olanda klassik Azərbaycan şairi Şah Qasım Ənvarın qəsidələrini əzbərdən deyərək hər kəsin heyrətinə səbəb olan Əlişir artıq altı-yeddi yaşlarında Fəridəddin Əttarın "Məntiqut-teyr" əsərini oxumağa başlayır. Bu əsər ona çox təsir edir və daim əsərin ruhu ilə düşüncələrə dalır. Belə olduqda valideynləri ona bu əsəri oxumağı qadağan edir. Amma balaca Əlişir "Məntiqut-teyr"i artıq çoxdan əzbərləmişdi. Onun bütün həyatını izləyəndə ta ömrünün axırınacan  təsəvvüfün təsirində, mərifət aləmində olduğuna şahid oluruq. Əlişir Nəvai "Lisanut-teyr"də quş dili ilə həqiqətə çatmağın yolunu, yəni Allaha yetişməyi ortaya qoymuşdur. Hadisələrin bütün şərh və izahlarında, istər Hüd-hüdün quşlara cavablarında, istər gedilən yolun vacibliyini və məqsədini  quşlara inandırmaq üçün söylədiyi hekayətlərdə Allah həqiqətini və yeganə istəyinin yalnız Allaha qovuşmaq sevgisini ifadə edir.

Nədən quş obrazına müraciət olunub? - sualına cavab axtarmalı olsaq, quş  motivinin mifoloji və ya ədəbiyyat tarixindən bir-iki nümunə ilə qoyulan cavaba qismən cavab verməli oluruq: Fəridəddin Əttardan əvvəl Süleyman peyğəmbərin quş dili bilməsi və quşlarla söhbəti, hətta Hüd-hüdə qarşı münasibəti (Hüd-hüd Bilqeys ilə Süleyman peyğəmbər arasında məktubları aparıb-gətirən bir quş olub. Daşıdığı məktublar islanmasın deyə Süleyman Peyğəmbərin yalvarışı ilə Allah onun başında çətirəbənzər bir bəzək də yaradıb), Əbu Əli ibn Sinanın "Risalətut-teyr" ("Quşlar haqqında risalə"), Firdovsinin "Şahnamə"sində Simurq quşunun qoruyucu və himayədar obraz olması, Gülşəhrinin "Məntiqut-teyr"i (F.Əttarın eyni adlı əsərinə nəzirədir) və s. əsərləri deyə bilərik.  Bir sözlə, Əlişir Nəvaidən əvvəl də, sonra da bu mövzuda yazanların sayı çox olmuşdır. Ondan sonra yazılanların hamısı orijinal əsərin təsirində olmaqla yanaşı, hər müəllif öz yaradıcılıq manerasından çıxış edərək mövzuya yeniliklər gətirmişdir. Amma adları eyni ilə üst-üstə düşən üç əsəri yan-yana qoyanda aşağıdakı mənzərənin şahidi oluruq:

Əlişir Nəvainin "Lisanut-teyr" ("Quş dili") türkcə yazıb, üç min altı yüz iki (3602) beytdir, on dörd quş iştirak edir, 1499-1500-cü illərdə (XV əsr) yazılıb. Əlişir Nəvainin əsərində iki əsas quşdan (Simurq və Hüd-hüd) əlavə,  istirakçı obraz olaraq on dörd zümrəyə aid minlərlə quşla Simurqun ardınca yola çıxır. On dörd quşun Hüd-hüdlə bu səfərə gedə bilmədikləri üçün üzrləri (cəmi yüz otuz dörd beytdən ibarət) verilir: Simurq, Hüd-hüd, Tutuquşu, Tovuzquşu, Bülbül, Qumru, Göyərçin, Kəklik, Qırqovul, Qırğı, Şunqar (Şahin), Qartal (Qaya qartalı), Bayquş, Humay, Ördək, Toyuq.  Və bu üzrlərə Hüd-hüdün iki yüz qırx doqquz  beytdən ibarət cavabı var.

Məsələn, Fəridəddin Əttar hər bir quşu özü tərif edir, amma Əlişir Nəvai kamil bir insan obrazı nəzərdə tutaraq quşların tərifini onların öz dili ilə xarakterini, yəni nəfslərindən kənara çıxa bilmədiklərini öz dillərindən (üzrlərindən) dinləyəndən sonra Hüd-hüd vasitəsilə də deyir.

Quşlar əzəldən təsəvvüfi bir obraz olaraq ədəbiyyatda, folklorda, xalq dilində söylənən, müraciət olunan bir varlıq olub. İnsanlar uzaq yerlərə quşlar (sülhün-barışın simvolu olaraq göyərçinin ayağına bağlanıb göndərilərdi) vasitəsilə məktub göndəriblər, saraylarda nazəninlər bülbül nəvasından zövq alarmışlar, şanapipik Süleyman peyğəmbərin sirdaşı olmuşdur və s. bu kimi bir çox misallar demək olar.

Simurq - haqqa yetişmənin rəmzidir: Hüd-hüd (şanapipik, ona "hop-hop" da deyilir) - kamillik rəmzidir:

Əlişir Nəvai tələb, eşq, mərifət, istiğna, tövhid, heyrət, fəqrü-fəna kimi vadilərin təsəvvüfi estetikasını açan hər biri haqqında ibratəmiz hekayət danışır. Bu hekayətlər elm və mərifət aləmində məşhur olan şəxslərin həyatındakı hadisələrə aiddir (bu haqda əsərin izahlı şəkildə təqdim etdiyimiz məzmununda geniş yazılır). Mövlana Cəlaləddin Rumi bu yeddi vadini yeddi eşq şəhəri kimi dəyərləndirib. Vadilərin fəlsəfi - idrakı məzmunu nədən ibarətdir? Bu sualın ardınca vadilərin təsəvvüfi anlamı,  məzmun dəyəri, məcazi mənası Hüd-hüdün sözləri ilə vəsf edilir. Bu tədqiqatın bütöv mətnində hər bir quş və vadilər haqqında  təfərrüatla yazılmışdır. Əsərin sonuna yaxın - vadiləri başa vurub çətinliklə Simurqa yetişən quşlar həqiqətdə özlərinin əksini gördülər.

Təsəvvüf fəlsəfəsinə görə, bu dünya Haqqın təcəllisi -  Allahın gözəlliyi imiş.

Vadilərin təsnifi verilən fəsillərindən sonra yeddi vadi yollarında quşların minacatları var - onlar günahlarının bağışlanmaları üçün Allahdan imdad - yardım, günahlarının bağışlanmalarını istəyirlər və hər minacatdan sonra bir təmsil - hekayət verilir. Məlumdur ki, Əlişir Nəvai türkcə yazdığı əsərlərinə "Nəvai", farsca əsərlərini isə "Fani" təxəllüsü ilə yazmışdır. Amma "Lisanut-teyr" əsərini - türkcə yazdığı bu təsəvvüfi nəzm dastanını "Fani" təxəllüsü ilə sonuclamışdır. Səbəbini özü əsərdə belə şərh edir: Bu izahı ilə bərabər, türkcə yazdığı əsərinə "Fani" təxəllüsü qoyduğuna görə də üzrxahlığını bildirir. İslam sultanlarından Əbül-Qazi və Sultan Hüseyn Bayqaraya ithafən öz dövlətlərinə xeyir-dua verəcəklərini, dinc və ədalətli bir həyat sürəcəkləri naminə Allaha dua edir. Əsərin son fəslində kitabın yazılma tarixi nəzmə düzülür və belə bir əsər yazarkən şairə qeyrət - qüvvət verdiyinə görə Allaha həmd-səna edir. Əgər yazdığı bu kitabında bir yanlışlıq varsa, buna görə də tövbə edib Allahdan əfv diləyir.

 

Almaz ÜLVİ BİNNƏTOVA

Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi

adına Ədəbiyyat İnstitutunun şöbə müdiri

 

525-ci qəzet.- 2020.- 10 iyun.- S.16.