Yaşamaq istədiyimiz dünya budurmu?!
BAŞIMIZA
GƏLƏNLƏRİN İZAHI ÜÇÜN "KASSANDRA
DAMĞASI" FORMULU
Çingiz Aytmatov imzasıyla
tanışlığım, nəsildaşım olan bir
çox azərbaycanlı kimi, orta məktəb dərsliyimizdəki
"Manqurt" hekayəsi ilə başlayıb. Böyük
qırğız yazıçısının "Gün var
əsrə bərabər" romanından sadəcə
kiçik bir hissə olan bu hekayədə təsvir olunan
manqurt və manqurtlaşmaq o qədər diqqətimi çəkmişdi
ki, ədibin başda sözügedən romanı olmaqla digər
əsərlərini də oxumaq ehtirası
yaranmışdı. Elə həmin günlərdə
kitabxanadan götürdüyüm "Çingiz Aytmatovun
seçilmiş əsərləri" kitabından
"Gün var əsrə bərabər", "Ana
tarla", "Ağ gəmi", "Dəniz kənarıyla
qaçan alabaş", "Çingiz xanın ağ
buludu", "Cəmilə", "Qiyamət" və
digər əsərlərini oxumuşdum.
Vəzifəsi "ölüm
kağızları"nı oxumaqdı...
Hər əsərində
həyatın oxucunun üzünə bir sillə kimi dəyən
həqiqətləri bütün
çılpaqlığı ilə qələmə alan
yazıçının İkinci Dünya Müharibəsi ilə
bağlı yaraları açıq-aydın hiss olunurdu.
Əlbəttə, 1928-ci ildə doğulmuş, müharibə
zamanında artıq özünü və ətrafında
baş verənləri anlayan bir yeniyetmənin sonradan əsərlərində
dövrün ən qanlı və bəşəri hadisəsini
yazmağı heç də təəccüblü
olmamalıdır. Ancaq bu yazılanlar daha fərqli və daha
orijinal hisslərdən, yaşantılardan xəbər verirdi.
Yəni, Çingiz Aytmatovun əsərlərindəki
müharibə oxuduğumuz digər müəlliflərin təsvir
etdiyi müharibədən fərqlənirdi. Ən
böyük fərq isə psixoloji fərq idi. Belə ki,
Aytmatov əsərlərində qanı, vəhşiliyi, topu,
gülləni deyil, insanın çölündəki və
içindəki müharibəni təsvir edirdi. Bu əsərlərdəki
müharibə eyni vaxtda iki fərqli məkanda gedirdi: insandan kənarda,
yəni dünyada və insanın öz daxilində...
Sonradan
Çingiz Aytmatovun həyatını və xatirələrini
oxuduqca bu hissin hardan qaynaqlandığını anlamaq
heç də çətin olmadı.
Sovetlər
Birliyinin ən qanlı zamanı olan repressiya Çingiz
Aytmatovun da ailəsindən yan keçməyib. Sovet
Qırğızıstanında nüfuzlu dövlət xadimi
olan atası Torekul Aytmatov 1937-ci ildə türklüyü və
türk birliyini dəstəklədiyi üçün həbs
olunur, 137 dövlət xadimi ilə birlikdə 1938-ci ildə
güllələnir və Qırğızıstanın
Çöl Daş deyilən yerində, köhnə kərpic
fabrikasında gizlicə basdırılır. Bir tatar
qızı olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi. Nəsildaşları
kimi Çingiz də yeni sistemə öyrəşmək və
atasız evdə uşaq yaşından kişilik öhdəliklərini
öz üzərinə götürmək məcburiyyətində
qalır. Ona görə də kiçik yaşlarından
kolxozda işləməyə başlayır.
Hələ
on dörd yaşında rusca oxuyub-yazmağı yaxşı
bildiyinə görə kənddəki katiblikdə kənd təsərrüfatı
maşınlarının qeydiyyatı, vergi hesablamaları kimi
işlər görür. Eyni zamanda bu savadı səbəbindən,
cəhbədən kəndə gələn bütün məktubları
da o oxuyurdu. Yəni cəbhədən gələn ölüm
xəbərlərini ailələrə vermək də onun vəzifələri
sırasında idi. Özünü yazdığına görə,
həyatının ən çətin dövrlərindən
biri məhz onda olub. Ən pisi isə övladı, əri,
qardaşı cəbhədə həlak olanlara bu xəbəri
vermək idi. O, gələcək əsərlərində
savaşın ağrısını, acısını,
soyuğunu daha çox bu dövrdə arxa cəbhədə
yaşaıqlarının fonunda qələmə alacaqdı.
Yuxarıda qeyd etdiyimiz kimi, Aytmatovun əsərlərindəki
fərqli müharibə təsvirləri də məhz burdan
qaynaqlanırdı.
Müharibənin
törətdiyi faciələrdən bəhs edən ilk ən
böyük romanı isə 1957-ci ildə yazdığı
"Üz-üzə" romanıdır. Romanı
avtobioqrafik əsər də adlandıra bilərik.
Yazıçı burada müharibə zamanında öz kəndində
gördüklərini, müşahidə etdiklərini qələmə
alıb. Əsərdəki bütün obrazlar realdır.
Burada müharibədən qaçan kəndlisi
İsmayılın hekayəsi ana xətt kimi seçilib.
Yazıçı taleyində Nənə
izləri
Atası
repressiya qurbanı olan, anası teatrda çalışan
balaca Çingizin tərbiyəsindəki ən önəmli
rol nənəsi (atasının anası) Ayımkana məxsus
idi. Yazıçının nənəsi qırğız adət-ənənələrinə
bağlı bir xanım idi və şifahi xalq ədəbiyyatını,
xalq nağıllarını, nəğmələrini, bayatılarını,
əfsanə və rəvayətlərini çox
yaxşı bilirdi. Aytmatov ta uşaqlığından nənəsinin
danışdığı nağılları, əfsanələri
dinləyərək böyüdü. Böyüdükcə
bu dinlədikləri onun yazıçı təxəyyülünün
genişlənməsinə və əsərlərinin
mövzu və sujet orijinallığına birbaşa təsir
göstərdi. Çingiz Aytmatovun sevərək, böyük
maraqla oxuduğumuz əsərlərinin hər birində
qış gecələrində nəvələrini
başına yığıb gələnlərdən-keçənlərdən,
xalqının tarixindən sevgiylə bəhs edən nənənin
izlərini görmək heç də çətin deyil.
"Manqurt"dan "Kassandra
damğası"na...
Yadıma
gəlir ki, universitetin ikinci kursunda ikən Türk xalqları ədəbiyyatı
fənnini müəllimimiz fənn kimi deyil, ayrı bir sevgi,
eşq kimi bizə tədris edirdi. Folklorumuzdan, öz ədəbiyyatımızdan
çox da fərqlənməyən bu ədəbiyyatın ən
çox gözlədiyimiz mövzularından biri isə
şübhəsiz, Çingiz Aytmatov idi. Artıq o vaxta kimi
Çingiz Aytmatovun qarşıma çıxan, məşhur əsərlərinin
hamısını oxumuşdum. Ona görə də həmin dərs
mənimçün ayrıca maraqlı olacaqdı.
Çünki deməyə sözüm çox idi. Həmin dərs
zamanı müəllim yazıçının əsərlərini
bir-bir sadaladıqca hamısını oxuduğumun fərqinə
varır, digər mütaliəli qrup yoldaşlarımla birgə
çox maraqlı bir müzakirəyə girirdik. Ancaq dərs
zamanı müəllimimiz o vaxta kimi heç birimizin eşitmədiyimiz
bir əsərin adını çəkdi: "Kassandra
damğası". O, bu əsərin Çingiz Aytmatovun son
romanlarından biri olduğunu, burada yazıçının
öyrəşdiyimiz mövzu və üslubundan tamamilə fərqli
bir temanın olduğunu dedi. Ancaq bizə pis bir xəbəri də
vardı: əsər o vaxta kimi dilimizə tərcümə
olunmamışdı. Dərsdən sonra "Kassandra
damğası"nın axtarışına başladıq və
onu nəhayət, o vaxtkı Qafqaz Universitetində oxuyan bir
tanış vasitəsilə həmin universitetin
kitabxanasında tapdıq. Elə həmin adamın köməyilə
kitabı sadəcə üç günlük
götürdüm və oxumağa başladım. İlk səhifələrdən
əsər həqiqətən də tamam başqa bir
dünyadan xəbər verirdi. Hətta həmin səhifələrdə
bunu doğrudan- damı Çingiz Aytmatovun
yazdığıyla bağlı şübhələrim də
vardı. Amma təbii ki, onun idi. Həm də bu qədər
ağır və dolaşıq, bir az da elmlə bağlı
bir əsəri Türkiyə türkcəsində oxumaq
işimi daha da çətinləşdirmişdi.
Nəhayət,
2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyat
İnstitutunun təşəbbüsü ilə əsər
dilimizə Nərgiz Cabbarlı tərəfindən tərcümə
edilib, çap olundu. Akademik İsa Həbibbəylinin kitaba
"Ön söz"ündən oxuduğuma görə,
yazıçı özü də "Kassandra
damğası"nın yeniliyini və
ağırlığını etiraf edirdi: "Mənim bu
romana qədər yazdıqlarım bir hissə, bu roman isə
başqa bir hissədir. Hər gün ancaq beş-altı
cümlə yazıram. Mən tamamilə başqa bir
dünyaya qərq olmuşam. Mənim indi
yazdığımı ola bilər ki, kütləvi oxucular
çətin başa düşəcəklər. Çox
oxumaq lazımdır".
Çingiz
Aytmatov 1996-cı ildə çap etdirdiyi,
yaradıcılığında yeni mərhələ olaraq
adlandırılan əsərində nə qədər yeni və
orijinal idisə, keçmiş mövzularından və əsərlərindəki
fikirlərdən tamamilə uzaqlaşa bilməmişdi.
İlk
növbədə, "Kassandra damğası" mövzusu
etibarilə "Manqurt"un yeni versiyasıdır, - deyə
bilərik.Lakin burada Qırğız çölləri, Alma
Ata, İssık göl, aullar, tanıdığı adi kəndlilər
yoxdur. Yazıçı bu əsərində o çevrəsindən
uzaqlaşıb. Özü də elə uzaqlaşıb ki,
birbaşa kosmosa qədər gedib çıxıb. Artıq
burada qırğız insanının problemləri, dərsləri
də yoxdur. Romandakı mövzu və problemlər
qlobaldır, bütün insanların taleyinə və gələcəyinə
aiddir.
Əgər
dünyaya gəlmək seçimi bizim öz əlimizdə
olsaydı nə edərdik?
Əsərdə
Kosmosda yaşayan və mühüm bir kəşf üzərində
işləyən rahib Filofey Roma papasına məktub
ünvanlayaraq "Tribun" qəzetinə göndərir. Məktubda
o, bütün insanlığı lərzəyə sala biləcək
kəşfindən danışır.
Kassandra
damğası embriyonun doğulacağı dünyada nələr
olduğunu və gələcəkdə onu hansı taleyin,
sonluğun gözlədiyini hiss etməsi və doğulmaqdan
imtina etməsi nəticəsində ananın alnında yaranan
bir damğadır. Yəni embriyon hələ doğulmadan bizə
dünyamızla bağlı mesajlar ötürür. Yəni,
doğrudanmı biz bu dünyanı o
qədər çirkləndirdik ki, buraya yeni insanlar gəlmək
istəmirlər?
Filofeyin məktubu
dünyaya yönəlmiş "SOS" siqnalı, həyəcan
təbilidir. Bu siqnal insanlığı gözünü
açmağa və dünyamız tamamilə məhv olmadan
onu xilas etməyə səsləyir. Filofeyin fikirlərini və
kəşfini dəstəkləyən azsaylı insanlardan biri
isə futuroloq alim Robert Borkdur. İnsanlığın öz əli
ilə öz başına açdığı bəlaların,
faciələrin onu məhvə apardığını dərk
edən alimin təyyarədən müşahidə etdiyi mənzərə
də Filofeyin kəşfini maddi aləmdə tamamlayan hadisə
idi. Belə ki, okeanda bütün balinalar sürü
halında sahilə çıxaraq intihar edirdilər. Bu hadisə
həmin günlərdə dünyanın gündəmini zəbt
etmişdi və alimlər bunun səbəbini tapa bilmirdilər.
Səbəb isə Filofeyin kəşfində, Borkun fikirlərində
gizli idi. Ana bətnində dünyanın fəlakətlərini
hiss etdiyindən doğulmaq istəməyib intihar edən
emriyonla sürü halında sahilə çıxan
balinaların səbəbləri, əslində, eyni idi.
Nə
yazıq ki, bütün dövrlərdə doğrular
yalançı və saxtakar adlandırıldığı,
onlara inanmaq rədd edildiyi üçün cəmiyyətdən
uzaqlaşdırılıblar. Elə damğanın adı da
boş yerə lənətlənmiş Kassandradan
götürülməyib. Yunan mifologiyasında Kassandra
Apollonun sevgisini rədd etdiyi üçün onun tərəfindən
lənətlənir. Onun öncəgörmələrinə
heç kim inanmır. Kitabdakı Robert Bork və Filofey də
Kassandranın taleyinə ortaq olurlar. Onlara kimsə inanmır və
insanlar tərəfindən məhvə sürüklənirlər.
Biz belə bir dünya
arzulamışdıq?
Əsəri
bu günlərdə yenidən oxumağım, fikrimcə, təsadüf
ola bilməzdi. Koronavirus pandemiyası və dünyaya hakim olan
karantin rejimi bizə hərəkətli həyatımızdan
bir az çəkilib, özümüzü və
dünyamızı müşahidə etmək şansı
yaratdı. Görəsən, müşahidələrimizdən
çıxan nəticələrdən hansımız nə qədər
razıyıq? Bizim yaşamaq istədiyimiz dünya budurmu?
Evinin içərisinə həbs olan insan yenə də
pisliyindən və dünyanı, insanlığı
çirkləndirməkdən əl götürmürsə,
özünü sürüylə sahilə atan balinanı, ya
da heç doğulmadan ölməyi seçən embriyonu
qınaya bilərikmi? Bəs bütün bunlara səbəb nədir?
Səbəbi yazıçı çox aydın və
dürüst şəkildə dilə gətirir:
"Çünki insanlar yer üzündəki pisliklərin
qaynağının özləri olduğunu qətiyyən qəbul
etmirlər. İndiki insan elə bir varlıqdır ki, hər
hansı bir şey olarkən əvvəlcə
özünü yox, sistemi günahlandırır".
Yəqin
ki, hamımız öz içimizə və ətrafımıza
baxsaq, bu iki cümlənin doğruluğunu vicdanımız da
bizə pıçıldayacaq. Məncə, bu günlər
bunun əsl zamanıdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 10 iyun.- S.17.