Hüsniyyə Mürvətova: “Bəlkə də səsimlə

daha çox yadda qalacağam”

 

Bu gün Bakı Bələdiyyə Teatrının aktrisası, sevilən sənətçi, Əməkdar artist Hüsniyyə Mürvətovanın ad günüdür. Pandemiya və karantin zamanı olmasına baxmayaraq, zəhmətkeş aktrisanı bu dəfə də iş başında tapdıq. Yeni hazırlanan mono tamaşanın məşq prosesinə gedib çıxdıq. Məşqdən sonra onunla ad günü, ötən illər, səhnə fəaliyyəti və həyatının ən maraqlı, bilinməyən nüanslarından danışdıq. Müsahibəni təqdim edirik:

- Hüsniyyə xanım, ad günlərinin sizin üçün özəlliyi nədir? Yaş üstə yaş gəldikcə, çoxlarında yaranan qorxu sizdə də olurmu?

- Əslində, mən özümü indi olduğum yaşda hiss etmirəm. Ümumiyyətlə, deyirlər ki, qadının üç yaşı var: doğulduğu, kənardan göründüyü və özünü hiss etdiyi. Mən özümü çox gənc hiss edirəm. Uşaqlıqda bu yaşdakı insanlara artıq yetişkin bir insan kimi baxardım. Əslində, yaşımızın o vaxtıdır, amma mən hələ də onu hiss etmirəm. Bəlkə də bu, daxilimdən irəli gəlir.

- Ümumiyyətlə, daxilən necə insan, necə qadınsınız?

- Kiçik şeylərdən xoşbəxt olmağı bacaran insanam. Həmişə gələcəyə ümidlə baxmışam, şükür Allaha ki, heç bir şey məni sındıra bilməyib. Təkcə əzizlərimizə heç nə olmasın, ölüm-itim olmasın, qalan hər şeyə xırda şeylər kimi baxıram, bütün problemlərdən keçə bilirəm. Çünki Allaha çox inanıram. Məni bu dünyada saxlayan ona olan inamım, gələcəyə ümidli baxmağımdır. Bunlar məni güclü edir. Daxilən güclü insanam. Bu gücümü yalnız əzizlərimin itkisi müəyyən qədər sındıra bilər.

- Geriyə boylananda nələr görürsünüz? Necə keçdi bu illər? Nə qazandırdı sizə?

- (düşüncəyə dalır) Siz məni harda görürsünüzsə, elə onları. Siz deyəndə hər kəsi nəzərdə tuturam. Hər kəs məni ayrı-ayrılıqda harda, necə görürsə, onları qazanmışam. Amma düşünürəm ki, özüm üçün daha çox şeylər edə bilərdim. Buna mənim daxili imkanlarım, istedadım, gücüm çatırdı. Bir aktrisa kimi daha böyük işlər görə bilərdim. Amma bilirsiniz ki, bizim sənətimiz asılı sənətdir. Təkcə özümüzlə iş bitmir. Yenə də hansı imkanlar olubsa, onlardan istifadə etmişəm, çox yaxşı işlər görmüşəm. Daha çoxunu isə edə bilərdim. Bəzən insan o illərin getməyinə heyfslənir. Gənclik illərin öz rolları var, filmlərdə daha çox oynaya bilərdim, daha fərqli obrazlar yarada bilərdim. Gəncliyimdə az filmə dəvət olunmuşam. Halbuki, bir Azərbaycan qızını xarakter səviyyəsində yarada bilərdim. Buna mənim istedadım, potensialım və vizual görünüşüm də əl verirdi. Həmin zamanlarda məni başqa ölkələrdən dəvət edirdilər filmlərə baş qəhrəman kimi. Məsələn, o vaxt Azərbaycanda keçirilən Rövşən Almuradovla birgə qatıldığımız Asiya filmlərinin festivalında bir əcnəbi rejissor məni görmüş, filminin baş qəhrəmanı ola biləcək aktrisa kimi bəyənmişdi. Festivalın son günündə məni öz ölkəsinə dəvət etdi, silsilə filmlərə çəkilə biləcəyimi dedi. Mən də ailəmlə məsləhətləşmiş, razılıq almışdım. Amma nədənsə, onlardan səs çıxmadı. Bir ildən sonra Rövşən müəllim oraya gedəndə həmin rejissor demişdi ki, biz o aktrisaya dəfələrlə məktub yazdıq, dəvət etdik, o, niyə heç bir məktubumuza cavab da vermədi? O vaxt telefon, sosial şəbəkələr yox, məktub ya teatra gəlirdi, ya da kinostudiyaya. Amma mənim o məktubların heç birindən xəbərim olmamışdı. Mənə o məktubları çatdırmamışdılar.

Ondan başqa Azərbaycanda da həmin vaxtlarda filmlərə baş rol üçün dəvət olunurdum, dəyərləndirdiklərim, çəkildiklərim olsa da, çəkilmədiklərim də çox olurdu. Hətta universitetdə oxuduğum vaxtlarda rejissorlar seçirdilər, dəvət edirdilər. Amma bəlkə də yaşımın az olmasına görə çəkinirdim, səhlənkarlıq edirdim. Ya da bəzən açıq-saçıq səhnələr olacağını görüb imtina edirdim. Əslində, çox şanslar yaranıb, dəvətlər olub ki, həyatımı tamam başqa cür qura bilərdim, silsilə filmlərdə baş rollar oynayardım. Amma necəsə qarşıma bu cür əngəllər çıxıb. Yenə də geriyə boylananda görürəm ki, bunların müqabilində xeyli filmlərdə, seriallarda baş rollara çəkilmişəm. Buna görə də özümü şanslı aktrisa hesab edirəm.

17-18 yaşımdan müxtəlif teatrlarda işləmişəm. İlk işlədiyim Sumqayıt Dövlət teatrı olub. Beş il orda işlədim. Sonradan isə taleyim Bakı Bələdiyyə Teatrı ilə birləşdi. Nə yaxşı ki də belə oldu. Mərhum Amaliya Pənahova məni çox gözəl qarşılamışdı. Bakı Bələdiyyə Teatrında ilk rolum Tomiris olub. Amaliya xanım Tomirisin monoloqunu verdi ki, oxu, baxım. Mən də oxudum, dedi, Tomirisi Hüsniyyə oynayacaq. Hətta öz kostyumunu mənə vermişdi. Orda hər kəs təəccüblənmişdi ki, Amaliya xanım öz kostyumunu heç kimə verməz. Beləcə işləməyə başladım. 2002-ci ildə- Teatrın 10 illiyində dövlətimiz tərəfindən “Əməkdar artist” adını alanlar sırasında mən də oldum.

- Demək ki, bu illər ərzində qarşınızı kəsənlər, paxıllığınızı çəkənlər də olub.

- Bəli, olub, amma mən vaxtında bilməmişəm. Üstündən xeyli keçəndən sonra xəbər tutmuşam. Olur belə şeylər, bəlkə indinin özündə də var, amma biz bilmirik. Paxıllıqlara da heç vaxt fikir verməmişəm, öz yolum, öz işim olub. Elə şeylər mənimçün həmişə maraqsız olub. Əgər dönüb onlara baxsaydım, fikir versəydim, xırdalanardım, içimdən yeyilərdim, nəticədə indiki Hüsniyyə olmazdım. Mənə edilən pislikləri belə unutmağa çalışıram ki, daxilən mənəvi zərbə almayım.

- Erkən yaşlarınızdan aktrisalığa başlamısınız. Həmin dövrü də nəzərə alsaq, ailəniz necə reaksiya verdi bu istəyinizə? Sənətə gələn yolunuz maraqlıdır.

- Bu, “Min bir gecə” nağılıdır (gülür). Mən dağlıyam, çox qatı adətləri, qadına qarşı sıx tələbləri olan ailədə doğulmuşam. Özüm də daxil olmaqla heç kimin ağlına gəlməzdi ki, Vaqifin qızı aktrisa olacaq (gülür). Amma atamın özünün uşaqlıqdan rəqsə, şeirə incəsənətə marağı olub, Siyəzəndə yaşayarkən dram dərnəklərinə gedib. Hazırda Yazıçılar Birliyinin üzvüdür, qəşəng şeirlər yazır. Mənimsə aktrisalığa həvəsim vardı, istəyirdim İncəsənət Universitetinə gedim, amma təbii ki, qorxumdan səsimi çıxara, evdə aktrisa olmaq istəyirəm deyə bilməzdim. Həmişə fikirləşirdim ki, bu, bir arzu olaraq ürəyimdə qalacaq. Bir gün atamla tələbə dünyası haqqında bir verilişə baxırdıq. Orda da Mədəni maarif fakültəsinin tələbələri danışırdılar. Atam birdən dedi ki, Hüsniyyə, bəlkə elə sənədlərini bura verəsən, bağça müdiri, klub müdir falan ola bilərsən. İnanın ki, şoka düşdüm. Xoşbəxtlik deyilən hissin nə olduğunu mən o gecə bildim. Səhərə kimi xoşbəxtlikdən yata bilmədim. Mənimçün əsas o idi ki, incəsənət universitetinə sənədlərimi verim, orda oxuyum. Qismətdən sənədlərimdə bəzi qarışıqlığa görə mən elə Mədəni Maarifin “Teatr kollektivləri rejissorluğu” fakültəsini bitirdim. Bu, çox uzun söhbətdir. Qısa şəkildə deyim ki, sənədlərimdə qarışıqlığa görə mənə dedilər ki, siz bir il bu profil üzrə hardasa işləyin, sonra biz sizin sənədlərinizi universitetə götürək. Sumqayıt Teatrına müraciət etdik. Universitet üçün hazırladığım tamaşa işimi teatrın baş rejissoru Yusif Əkbərova göstərdim, onlar da çox bəyənib, məni köməkçi qrupa işə götürdülər.

Bəxtimdən, həmin il teatra Rafiq Səməndərin “Dərs” tamaşası təqdim olundu. O da mənimçün yaranan bir şans idi. Tamaşa məktəbli bir qızın taleyindən bəhs edirdi. Rolu mənə və universitetdən teatra təzə gələn Ziba adlı qıza verdilər. Elə bil rol mənim boyuma ölçülmüşdü. Məndə daha uğurlu alındı, ictimai baxışa da məni təqdim elədilər. Bu rolla sanki sənətə gəliş biletimə möhrümü vurdum. Ətrafın bu qədər bəyənməsi sanki məni həvəsləndirdi və aktrisalığa davam etmək qərarı verdim. O rol olmasaydı, bəlkə də davam etməzdim. Heyf ki, o tamaşanın nə lent yazısı, nə şəkli qaldı. Bundan sonra başladılar neçə ilin təcrübəli aktrisaları ilə məni dublyor verməyə. Hətta eşitmişdim, hansısa aktrisa gedib rejissora deyirdi ki, ya rolu mənə tək ver, ya da o aktrisa ilə verirsənsə, oynamayacam. Dünənki uşaqdan niyə qorxurdular, başa düşmürəm (gülür). Həqiqətən də həmin teatrda çox uğurlu tamaşalarda gözəl rollar oynadım. Məsələn, “Şah İsmayıl” tamaşasında canlandırdığım Şah İsmayılın yoldaşı Taclıbəyim obrazım çox sevilmiş, səs salmışdı. Tamaşaya baxanlar hiss eləməmişdi ki, mən o tamaşada iki rolda çıxıram səhnəyə. Digər rolum rəqqasə idi. Sonra o rəqqasənin kimliyini soruşub mən olduğumu biləndə çox təəccüblənmişdi hər kəs.

Ötən illərdə bir dəfə təsadüfən Qalaaltında Taclı nənənin qəbrinə gedib çıxdım. Bilməmişdim ki, bu, Şah İsmayılın yoldaşı Taclıbəyimin qəbridir, insanlar ona Taclı nənə deyirlər. Onun rəvayətini eşidəndə dedim, mən səhnədə onun obrazını canlandırmışam. Ondan sonra hər il qəbrini ziyarətə gedirəm. Ümumiyyətlə, həyatımda bu cür üst-üstə düşən, maraqlı nüanslar çox olur.

- Aktrisa olmaq üçün istedad, zəhmət, təhsil, şarm, şans...bunların hansı olmalıdır?

 

- Hamısı olmalıdır. İstedad şərtdir. Amma istedadın var, zəhmət çəkmirsənsə, heç nə edə bilməzsən. Eyni zamanda təhsil, görüntü, şans da önəmlidir. Aktyor tamaşaçının diqqətini öz üstünə çəkməyi bacarmalıdır, temperamentli olmalıdır.

- Bir qadın və aktrisa kimi çərçivələriniz var?

- Var, açıq-saçıqlıq. O da çox deyil, yəni yerini bilirəm. Daxilən azad insanam. Kənardan qoyulan çərçivələri qəbul etmirəm. Kimsə “bunu eləmə” desə, mütləq edəcəm. Amma qarışmasalar, nəyi edib, nəyi etməməyin lazım olduğunu yaxşı bilirəm.

Filmlərdə, səhnədə isə estetik gözəlliyi pozmamaq şərtiylə açıq-saçıqlıq ola bilər. Məsələn, əxlaqsızı da elə gözəl təqdim eləmək olar ki, tamaşaçıya iyrənc görünməz. Bəzən adi bir səhnəni elə bayağı təqdim edirlər, izləyici onun alt qatındakı mənanı görə bilmir, o bayağılıq, iyrənclik ürəyini vurur, əsəblərinə toxunur, qıcıqlandırır. Bax, bunu heç vaxt eləmərəm.

- Tək qadın olaraq həm karyeranızda uğurlusunuz, həm də oğul övlad böyütmüsünüz. Çətinlikləri nələr olub?

- (gözləri yol çəkir) Bu, gözəl çətinliklərdir. Allah olmayanlara qismət eləsin. Oğlumun hər işində yanına olmağa çalışmışam. Ali məktəbə qəbul imtahanında oğlum dedi ki, sən gəlmə, uşaqlarla gedərik. Dedim, necə gəlməyim, bu günü neçə illərdir gözləyirəm, övladımı imtahan zamanında qapıda gözləmək həyəcanını yaşamaq istəyirəm. Axı bir də bunu yaşamayacam. Oğlumla bağlı hər şeyi tam şəkildə yaşamaq istəmişəm. Amma bəzən arxaya dönüb baxanda görürəm ki, oğlumun uşaqlığını doya-doya görməmişəm. Onun dörd aylığında işə çıxdım, həmişə işləmişəm. İndi şəkillərinə baxanda oturub ağlayıram, darıxıram onun həmin illəri üçün. Bilmirəm, bütün analar belədir, ya yox, amma tövsiyə edərdim ki, gənc analar övladlarının uşaqlıqlarını doyunca yaşasınlar. Analıq ən gözəl duyğudur. Orxan mənim şah əsərimdir.

- Son zamanlar filmlərdə, seriallarda daha çox görürük sizi. Razısınız bu sektordan?

- Mənə elə gəlir ki, son dövrlərdə daha çox inkişaf var. Gənclərimiz çalışmağa, yeniliklər kəşf etməyə meyillidirlər, texnologiyanı daha yaxşı bilirlər, dövrlə ayaqlaşırlar. Uğurlar arzu edirəm hər birinə. Onlardır bizim gələcəyimiz. Filmlərimiz indi daha çox gedir beynəlxalq festivallara, uğurlu nəticələr əldə edənlər də var. Uğurlu film üçün ssenari güclü, rejissor və aktyor işi peşəkar olmalıdır.

Seriallar isə adətən, günlük işdir. Daha çox evdə qalan, gününün çoxunu evdə keçirən xanımlarımız baxırlar. Seriallar arasında da sevilənlər var. Fikrimcə, imkanlarımız nəyə çatırsa, onu da edirik. Pul hər şeyi olmasa da, həqiqətən də, çox şeyi həll edir. Elə sənətdə də pul lazımdır ki, keyfiyyətli iş görülsün. Çox istəyərəm ki, aktyorların qonorarı bir az qalxsın. Çünki yaxşı başlamışdıq. Əvvəllər Azərbaycanda serial çox çəkilməyən zamanlarda mən çəkilmişəm. 1992-ci ildə Rövşən Almuradovun “Ünvansız qız”, 1996-cı ildə Bəhram Osmanovun “Mənim taleyim” serialları ilk seriallar idi ki, çəkilirdim. Sonra Elçin Cahangirlinin “Yanmış körpülər”, “Susmuş vicdan”, “Xəzər” TV-nin “Aramızda qalsın” seriallarına çəkildim. “Aramızda qalsın” televiziyanın öz layihəsi olduğu üçün çox yaxşı idi. Hər şeylə təmin olunurduq, geyim, pavilyon, yemək və sair yüksək səviyyədə idi. Əvvəllər həqiqətən yaxşı idi, amma sonralar dəyişdi vəziyyət. Əlbəttə, biz arxada baş verənləri, çıxan xərcləri bilmirik. Bizim ancaq aktyora çatan qonorardan xəbərimiz olur. O da bir az artsa yaxşı olar.

Ötən il gündəlik “Qara yazı” serialına çəkildim. Bu serialların səviyyəsindən narazılıq olur bəzən. Amma bu, həqiqətən çox ağır bir iş idi. Biz bəzən günə 30-40 epizoda çəkilirdik. O çəkilişlər, sonra onun montajı, efirə çatdırılması və sair çox ağırdır. Hətta sonlara yaxın artıq ürəyim ağrıyırdı, tab gətirə bilmirdim. Bu qədər yüklənəndə də əlbəttə, keyfiyyət bir az aşağı düşür. Bitəndən sonra dedim bir də gündəlik seriala çəkilmərəm.

- Ən sevdiyiniz rolunuz hansı olub?

- Şablon kimi çıxmasın, amma hamısı mənə doğmadır. Əgər bir rolu yaradırıqsa, ona canımızı, ürəyimizi qoyuruq, özümüzünkü edirik. Ona görə də epizoddan tutmuş, baş rola kimi hamısı əzizdir. Amma məncə, Sofoklun “Elektra” əsərindəki “Elektra” obrazı daha çox yaxındır. Həm vizual görüntüsünə, həm də daxilinə görə.

- Obrazlarda özünüzü axtarırsız, yoxsa özünüzdə onu?

 

- Yox, özümü axtarmıram, o obrazı axtarıram. Özümdən nələrsə qatıram.

- Sənətiniz vəfasızdır?

- Çox (gülürük)... Həmişə bu sənəti qadına bənzədirəm. Qadın da gözləyir ki, kimsə onu seçəcək. Düzdür, mən seçən qadınlardanam. Məni seçən insan heç vaxt özüm istəməsəm seçə bilməz. Amma bizim kimi qadınlar azdır. Adətən, qadınlar gözlədiyi kimi bizim sənətimiz də gözləyir. Rejissor kişi mövqeyindədir, aktyorluq qadın. Düzdür, pulum olsa, ssenari yazdırar, rejissor tapar, bütün hər şeyi özüm həll edib, baş rolda da çəkilə bilərəm. Amma bunu da hamımız edə bilmirik ki.

- Rejissorlarla münasibətiniz necə olub?

- Əla... Rejissor işlədiyi aktyoru sevməlidir, onunla arasında bir yaradıcılıq elektriki olmalıdır, sevməsə işləyə bilməz. Məni sevməyən rejissorla işləyə bilməmişəm, bilmərəm də. Mənim də onlarla münasibətim hər zaman qarşılıqlı olub.

- Tənqidlə aranız necədir? Sizə ən çox tutulan irad nədir?

- Tənqidlə aram gözəldir. Tənqid inkişafa xidmət edir. Oynadığım obrazlarla, sənətimlə bağlı isə heç vaxt irad eşitməmişəm (düşünür). İradların hamısı yaratdığım obrazlara olub. Tutaq ki, mənfi rolu canlandırmışam, sonra görmüşəm tamaşaçılar onu söyür. Məsələn, “Qara yazı” serialında yaratdığım Floranı bütün gün yutubda pisləyirdilər, qarğış edirdilər. Bəzən buna sevinirdim ki, demək, alınıb obraz.

- Mətbuatla aranız necədir?

- Çox yaxşı. Həmişə də yaxşı olub. Biri elə siz. Necədir aramız?

- Əla... (gülürük)

- Bəli, sizə çox böyük hörmətlə yanaşıram. Jurnalistlərə hər zaman hörmətim olub. Deyim ki, özümə qarşı da həmişə hörmət görmüşəm onlar tərəfdən. Hələ olmayıb ki, haqqımda nəsə artıq-əskik bir şey yazsınlar. Hətta kənardan da eşitmişəm ki, mətbuat nümayəndələri arasında hardasa söhbət olub, məni tərifləyiblər, haqqımda xoş sözlər deyiblər. Sağ olsunlar. Hər biriniz çox sağ olun. Qələminiz iti olsun.

- Təşəkkür edirik. Sosial şəbəkələrdə də aktivsiniz.

- Bəli, darıxanda oluram ən çox. Səhifə mənimdirsə, demək ki, ora məni sevənlər yığılıb. Sağ olsunlar, tamaşaçılar çox diqqət göstərirlər, gözəl sözlər yazırlar. Mən də onların bu sevgisini qarşılıqsız qoymuram.

- Sizcə, insanların yadında ən çox bu vaxta qədər oynadığınız hansı obrazınızla qalacaqsınız?

- Məncə, səsimlə daha çox yaddaşlarda qalıram. Bəzən olur ki, tamaşaçı deyir filan filmə baxmayacaqdım, səsiniz məni saxladı. Rollar isə fərqlidir. Kimə harda daha çox təsir edə bilmişəmsə, elə o obrazla da qalacam yaddaşlarda. Məsələn, “Aramızda qalsın” serialında Gülnarənin uşaq eviylə bağlı keçmişi açılmışdı, bir oğlan mənə dedi ki, Hüsniyyə xanım, ondan sonra mən uşaq evinə getdim, onlarla görüşdüm. Bax, o oğlanın yadında Gülnarə kimi qala bilərəm. Və ya “Qırmızı qar” filmində yaratdığım qəhrəman qız obrazına görə şəhərdə məni görəndə o qədər gözəl sözlər deyiblər ki.

- Dediniz ki, səsinizə görə filmə baxdığını etiraf edən tamaşaçılarınız var. Bəs siz özünüz keçmişdə kimin səsinə pərəstiş etmisiniz?

- Şahmar Ələkbərov və Amaliya Pənahovanın. İkisinin də səsinin vurğunu idim. Uşaq idim, 5-6 yaşlarımda belə televizorda onlar danışanda gedib səsini artırır, qulaq asırdım. Heç bilmirdim, anlamırdım orda nə danışılır, amma səsə diqqət kəsilirdim. Özümdə də belə şeylər olub deyə tamaşaçının səmimiyyətinə inanıram.

- Səsdən söz düşmüşkən, dublyaj və bədii qiraətlə də məşğulsunuz. Hansı sizə daha yaxındır?

- Şeiri uşaq vaxtımdan oxuyardım. Məktəbdə müəllimim həmişə şeirləri mənə oxutdurardı, intonasiyamdan, səsimdən xoşu gəlirdi. O vaxtdan həvəsim qalmışdı. Universitet vaxtlarında da şeirlər üzərində işləyirdik. Sevdiyim şeirlər var. Məsələn, Ramiz Rövşənin “Qara paltarlı qadın”, “Ayrılıq” onlardandır. Düşünürdüm ki, nə vaxtsa, bunları yazdıracam. Onda hələ çox yayılmamışdı bədii qiraət. Sonra elə oldu ki, tale məni dublyajla bağladı. Bilməzdim ki, səsim insanların ürəyinə bu qədər yol tapa, sevilə bilər. Gördüm ki, səsim haqqında çox danışılır, çox sevilir. Bundan çıxış edərək başladım şeirlər səsləndirməyə. İlk səsləndirdiyim isə Cəlil Cavanşirin “Susma” şeiri oldu. O da dublyajla bağlıdır. Dublyajda idim, şeiri gətirdilər ki, şairin kitab təqdimatı olacaq, istəyirik aktyorların ifasında onun şeirləri də olsun. Şeiri oxudum, çox xoşuma gəldi. Onu sosial şəbəkədə yerləşdirəndə də gördüm çox baxış sayı topladı, diqqət gördü. Onu yazdırandan sonra elə həmin səs rejissoruna dedim ki, gəl “Qara paltarlı qadın”ı da, “Ayrılıq”ı da yazaq. Başladım sevdiyim şeirləri də oxumağa. Yazdırdıq və qoyduq yutuba. Ondan sonra qərar verdim ki, albom çıxartdırım. 2013-cü ildə adını Sona Vəliyevanın “Gəl, sənə bir həzin şeir söyləyim” adlı şeirindən götürdüyümüz albomu çıxartdırdıq. Amma televiziyada şeir deməyimiz elə uşaqlıqdan olub. 17-18 yaşımda AzTv-də Tofiq Bayramın “Ay gecikən məhəbbətim” şeirini səsləndirmişəm. İndi fikirləşirəm ki, görəsən, o yaşda, o hissləri keçirtmədən o şeiri necə demişdim? (gülür) Rejissorun təklifi idi. Yəni o vaxtdan efirlərdə şeir deyirəm.

- Dublyajla bağlı cəmiyyətdə çox narazılıqlar var. Bunun səbəbi nədir, sizcə?

- Mən o narazılıqlarla barışmıram. Çox zaman tamaşaçı filmin orjinalındakı söyüşləri efirdə verməməyimizi qüsur kimi göstərir. Bunlar mənə bayağı görünür. Onlar tam mənasıyla, açıq-saçıq söyüşlərdir, axı biz o söyüşü qoya bilmərik. Bizim adət-ənənəmiz, mentalitetimiz qəbul etmir. Birinə xoş gəlirsə, onunda qıcıq yaradır. Amma elə filmlər də yazmışam. “Balans” studiyasında olub ki, prodüsser deyib, istəyirəm belə yazılsın, yazmışıq. Elə filmlərə baxmaq istəyənlər onların saytına girib baxsınlar. Söyüş istəyənlər üçün də filmlərimiz var, amma saytda, televiziyaya olmaz. Televiziyanın öz qayda-qanunları var.

- Və sonda, pandemiya sonrası üçün nələr planlayırsınız?

- Sizin də indi gəlib gördüyünüz kimi mono tamaşa üzərində işləyirəm. Rejissor Bəhruz Vaqifoğlu ilə birgə işləyirik. Çox həvəsliyəm bu tamaşa üçün. Əsəri demək olar, bir yerdə işləyə-işləyə yazırıq. Fərqli bir işdir. Əslində, mono tamaşanı çox zaman aktyorlar özləri hazırlayırlar. Amma mən istədim bir rejissor əli olsun. Bəhruzdan xahiş etdim, o da məmnuniyyətlə razılıq verdi, sağ olsun. Ona görə də indi vaxtdan istifadə edərək hazırlaşırıq. İnşallah, düşünürəm ki, sentyabrda, yeni mövsümdən təhvil verərik. Bundan başqa, Dövlət Televiziyasından bir layihəyə dəvət olunmuşam, eyni zamanda serial da olmalıdır. Görək, hansı başlayacaq. Onlar başlayana kimi istəyirəm, bu mono tamaşada müəyyən yol qət edək. Çünki burda təkəm, kollektiv iş deyil, məşq etmək də asandır. Təki, dünyamız düzəlsin, sağlıq olsun, yeni işlərimizlə tamaşaçılarımızı sevindirəcəyik, İnşallah!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 10 iyun.- S.24.