Qarabağ ədəbi-mədəni
mühitinin
tarixi yeni baxış müstəvisində
Bu gün hər bir təəssübkeş
Azərbaycan vətəndaşı, xüsusən ziyalılar
doğma Qarabağın xalqımız üçün,
dünənimiz, bugünümüz və gələcəyimiz
baxımından necə böyük dəyər və əhəmiyyətə
malik olduğunun fərqindədir. Odur ki, hər
birimiz Qarabağın azad ediləcəyi günü daha da
yaxınlaşmasına öz töhfəmizi verməyə can
atmalıyıq.
Bu mənada filologiya üzrə
fəlsəfə doktoru Səbinə Əhmədovanın
yenicə çapdan çıxan "Qarabağ ədəbi-mədəni
mühiti" (XIX əsrin ikinci yarısı-XX əsrin əvvəlləri)
monoqrafiyası həm haqq işimizə, həm də konkret
olaraq çağdaş ədəbiyyatşünaslığımıza
layiqli töhfədir. Nəşrin elmi
məsləhətçisi Əlyazmalar İnstitutunun direktoru,
akademik Teymur Kərimli, ön sözün müəllifi
filologiya üzrə elmlər doktoru, professor
Yaqub Babayevdir. Kitabın rəyçiləri filologiya üzrə
elmlər doktoru, professor Raqub Kərimov və filologiya üzrə
fəlsəfə doktoru Gülbəniz Babayeva, elmi redaktoru isə
filologiya üzrə fəlsəfə doktoru, dosent
Əzizağa Nəcəfzadədir.
Səbinə Əhmədova "Qarabağ ədəbi-mədəni
mühiti" (XIX əsrin ikinci yarısı- XX əsrin əvvəlləri)
monoqrafiyasında çoxəsrlik tarixə, zəngin mədəniyyətə,
böyük ədəbi mühitə sahib olan Qarabağı
bütün parametrlərdə tədqiqata cəlb etmişdir. O, monoqrafiyanın əvvəlində
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Qarabağın tarixinə ekskurs edir, XI əsrdən
başlayaraq qədim tarixi-etnoqrafik vilayətin sınaqlar
qarşısında qaldığını, Abbasilər,
Hülakilər, Qızıl Orda xanlıqlarının bu
yaşayış məskəninə yürüşlərinə
qədər öz təhlil süzgəcindən keçirir. Çingiz xan, Batı xan, Qazan xan kimi fatehlərin
Qarabağdakı daxili və xarici siyasəti ictimai-siyasi hadisələr
fonunda, tarixi müqayisəli şəkildə təhlilə cəlb
olunur.
Tədqiqatçı bu prosesləri ardıcıl olaraq
silsilə şəklində davam etdirərək əsas mətləbə
- Qarabağ xanlığının təşəkkülü
və formalaşması mərhələlərinə
geniş işıq salır. XVIII yüzillikdə
(1747) əsası Pənahəli xan tərəfindən qoyulan
xanlığın sonralar Mehrəli xan (1759-1763), İbrahimxəlil
xan (1763-1806) və Mehdiqulu xan (1806-1822) tərəfindən
idarə olunması tarixi faktlara istinad edilərək sənədlərin
dili ilə açıqlanır.
Müəllif Qarabağ xanlığının,
bütövlükdə Azərbaycan xalqının tarixinə
qanla yazılmış Kürəkçay müqaviləsini
(1805) xatırladır, 1822-ci ildə Qarabağ
xanlığının ləğv edilməsi kimi ədalətsiz
bir qərarın acınacaqlı nəticələrindən
söhbət açır. Tədqiqatın önəmli
cəhətlərindən biri də Qarabağ ədəbi
mühitinin ayrılıqda deyil, bütövlükdə -
Şimali və Cənubi Azərbaycan ədəbi-mədəni
mühiti kontekstində araşdırılmasıdır.
S.Əhmədova
Qarabağın siyasi, iqtisadi, sosial ədəbi-mədəni
mühitinin dünya sivilizasiyası ilə
ayaqlaşmasından bəhs edərək yazır:
"Qarabağ ziyalılarının Azərbaycanın digər
regionlarında yaşayan maarifpərvər adamları ilə
görüşmələri, məktublaşması,
Qafqazın və Türk dünyasının
tanınmış şəxsiyyətləri ilə əlaqəsi
Qarabağda közərən qığılcımların
alışmasına, buradan isə bütün Azərbaycana
yayılmasına səbəb olurdu. Bu ərazidə
boya-başa çatan, mükəmməl mədrəsə təhsili
görmüş gənclərin sonradan elmi biliklərini Rusiya
və Avropada artırmaları qarabağlı
ziyalıların timsalında Şərq və Qərb təfəkkürünün
mürəkkəb sintezinin formalaşmasına səbəb
olmuşdu".
Tədqiqatda
Qarabağ, mədəniyyət, musiqi, şeir, sənət
beşiyi olan Şuşa şəhəri
və onun böyük düha sahiblərinin fəaliyyəti
diqqət mərkəzində saxlanılır. Hələ
1830-cu ildən fəaliyyətə başlayan Şuşa Qəza
Məktəbinin dünya standartları səviyyəsində təhsil
verməsi, 1874-cü ildə Zaqafqaziyada ilk dəfə olaraq
Şuşa şəhər məktəbinin
açılması, 1881-ci ildən isə Şuşa
Realnı Məktəbinin fəaliyyətə başlaması
və ana dili ilə yanaşı rus, alman və fransız dillərində
dərslərin keçirilməsi burada maarifin, elm və mədəniyyətin
hansı zirvədə olmasından xəbər verən
qürurverici məqamlardır. 1896-cı ildə
isə bu qədim mədəniyyət mərkəzində 210
nəfər şagirdin təhsil aldığı ikisinifli
rus-tatar məktəbinin açılması maarif sahəsindəki
intibahın ən bariz nümunəsidir.
Tədqiqatçı Qarabağın qədim kökə
söykənən və milli dayaqlar üzərində bərqərar
olan ədəbi ənənəsini klassik dövrdən orta
çağa və eləcə də XX əsrin əvvəllərinə
qədər izləyərək dövrün epoxasını
sözlə rəsm edir. Tədqiqat obyektinə çevirdiyi mərhələnin
görkəmli nümayəndələrinin həyat və
yaradıcılıq yolunu, ictimai mühitə və mövcud
quruluşa münasibətini ayrı-ayrı oçerklərdə
əks etdirir. Bununla belə, Qarabağ ədəbi
mühitində yaşayıb-yaradan,
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında
realizm və xəlqilik anlayışını qərarlaşdıran
Molla Pənah Vaqif ədəbi məktəbinin Qarabağ ədəbi
mühitinə təsirsiz ötüşmədiyini də tədqiqatda
ön plana çəkir. Bütövlükdə
yaranan münbit şərait bir çox sənətkarların
yetişməsində və formalaşmasında müstəsna
rol oynamışdır. S.Əhmədova artıq adları
ədəbiyyat və mədəniyyət tariximizdə
özünəməxsus yer tutan Qasım bəy Zakir, Sədi
Sani Qarabaği, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan,
Növbəri, Həsənəli xan Qaradaği, Mirzə
Ələsgər Növrəs, Məmo bəy Məmai, Mirzə
Həsən Qarabaği Yüzbaşov, Abdulla bəy Asi, Məşədi
Əyyub Baki, Mir Mehdi Xəzani, Xarrat Qulu, Məxfi, Məşədi
Məhəmməd Bülbül, Bəhmən Mirzə Qacar
haqqında ayrı-ayrı oçerklərdə bəhs
etmiş, onların yaradıcılıqlarını ən dərin
qatlarına, incə məqamlarına qədər
açmağa nail olmuşdur. Monoqrafiyada hər
bir şairin yaradıcılığına istinad edən
müəllif həm onların zəngin folklor ənənəsinə
söykənən çoxçalarlı və
çoxqatlı örnəklərini, həm də Azərbaycan
klassik ədəbiyyatında stabilləşən şeir
formalarının özəlliklərini konkret nümunələr
əsasında şərh edir. Bütün
bunlar Azərbaycanda elm, maarif, təhsil sahəsindəki tərəqqinin
bir hissəsi kimi uğurlu və diqqətçəkəndir.
Qarabağ ədəbi-mədəni mühiti haqqında
söhbət açarkən 1864-cü ildə əsası
şuşalı şair Mirzə Rəhim Fəna tərəfindən
qoyulan ədəbi məclisi xatırlatmamaq mümkün deyil. Sonralar Xan
qızı Xurşidbanu Natəvanın rəhbərliyi ilə
onun evində davam etdirilən bu ədəbi məclis "Məclisi-üns"
(Dostluq məclisi) adı ilə fəaliyyət göstərmişdir.
Dövrün böyük ədəbiyyatını yaradan bu ədəbi
məclis öz ətrafında XIX əsr Azərbaycan ədəbiyyatının
inkişafında müəyyən xidmətləri olmuş
Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs,
Mirzə Həsən Yüzbaşov, Məmo bəy Məmai,
Hacı Abbas Agəh, İsmayıl bəy Daruğə, Mirzə
Sadiq Piran, Məhəmmədəli bəy Məxfi, Məşədi
Nəsir Lövhi, Hüseyn ağa Cavanşir, Mirzə Haqverdi
Səfa, Bəhram bəy Fədai, Mahmud bəy Mahmud, Mirzə
Səfər Köhnəfüruş, Məhəmməd
ağa Müştəri, Səməd bəy Səməd,
İsgəndər bəy Rüstəmbəyov kimi şairləri,
ziyalıları, sənət adamlarını
toplamışdır. Bu ədəbi məclislə
yanaşı, 1872-ci ildə Şuşada dövrünün
böyük ziyalısı, zəka və istedad sahibi Mir
Möhsün Nəvvabın rəhbərliyi ilə "Məclisi-fəramuşan"
(Unudulanların məclisi) adlı ikinci bir ədəbi məclis
də fəaliyyətə başladı ki, bu da o zamankı Azərbaycan
ədəbi mühiti üçün yeni bir hadisə kimi dəyərləndirilməlidir.
Qarabağ
torpağı aşıq ədəbiyyatının görkəmli
nümayəndəsi kimi şöhrət qazanan Aşıq Pəri,
incə ruhlu, aşiqanə qəzəlləri ilə
könülləri fəth edən Xurşidbanu Natəvan,
Fatma xanım Kəminə kimi qadın şairləri, Mir
Möhsün Nəvvab kimi zəngin ensiklopedik bilik sahibini, faciə
janrının ("Müsibəti-Fəxrəddin", 1896) əsasını
qoyan Nəcəf bəy Vəzirov, monumental tarixi roman müəllifi
("Qan içində", 1937) Yusif Vəzir Çəmənzəminli,
Azərbaycan ədəbiyyatşünaslığının əsasını
qoyan və 100-dən çox sənətkarın həyat və
yaradıcılığını aşkara çıxararaq ədəbiyyat
tariximizin salnaməsini yaradan Firidun bəy Köçərli,
böyük mütəfəkkir, publisist Əhməd bəy
Ağaoğlu, Şərqdə ilk operanın
yaradıcısı və banisi ("Leyli və Məcnun",
1908), professional bəstəkar, böyük düha sahibi
Üzeyir bəy Hacıbəyli və neçə-neçə
parlaq şəxsiyyət yetirmişdir. Bu ecazkar,
cənnət bir diyar haqqında nə qədər yazılsa
da, onun qeyri-adi gözəlliyinin, gücünün və
sehrkarlığının cazibəsindən qurtarmaq
mümkün deyil. S.Əhmədova
monoqrafiyada bütün bu diqqətçəkən, önəmli
məsələləri səbr və təmkinlə
araşdırıb.
Sözügedən mühitin real tarixi gerçəklikləri
bir sıra məxəzlərdə, o cümlədən
Qarabağ salnamələrində geniş şəkildə əksini
tapıb. Bütün bu dəyərli tarixi qaynaqlarla
yanaşı, Səbinə Əhmədovanın səmərəli
axtarışlarının nəticəsi kimi ortaya
çıxan "Qarabağ ədəbi-mədəni
mühiti" (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)
monoqrafiyası Qarabağ salnamələrinin boy
sırasını və əhəmiyyətini artıran yeni
bir araşdırma kimi qiymətli və dəyərlidir.
Bütövlükdə Qarabağın ictimai-siyasi, ədəbi-mədəni
həyatının real mənzərəsini canlandıran bu
sanballı tədqiqat əsəri bədnam
işğalçılara tutarlı cavab, onu sevənlərə,
qələbə müjdəsi gözləyənlərə əvəzsiz
bir ərməğandır. "Qarabağ ədəbi-mədəni
mühiti" (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)
monoqrafiyası "Qarabağnamələr"in
sırasında özünə layiqli yer tutan sanballı tədqiqat
əsəri kimi əhəmiyyətlidir. Bu dəyərli
tədqiqat əsərindən ali və
orta məktəblərdə dərs vəsaiti kimi istifadə
olunması mühüm fayda verə bilər.
Yazıdakı materiallar Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunub
Gülbəniz BABAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisistika
şöbəsinin aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2020.- 10 iyun.- S.23.