"Soyuq barmaqlıqlarda

ilahi arfa melodiyası..."

 

Təxminən 10-12 il əvvəl ədəbiyyatımızda bir qadın pıçıltısı eşidilməyə başladı.

Mətbəxdən gəlirdi bu pıçıltı. Amma hamı eşidə bilirdi. Əksər qadınlarımızın yaşantısı, içindəki səs idi bu:

Neyləyək?

Hər gün başımıza çırpılan çörək,

Hər gün ayağımız altına düşən ürək.

Sizi neyləyək?

Hansınızı gözümüz üstə qoyaq, saxlayaq?

Hansınızı dizimiz üstə qoyaq, ağlayaq?

Folklorumuzda - bayatılarımızda, xalq mahnılarımızda da qadınların səsini, həsrətini, acısını sezməmək mümkün deyil. Adi hal idi bu...  Amma həm adi deyildi. O qadın susmadı, pıçıldamağa davam etdi. davam etdikcə məlum oldu ki, onun ömür yolu mətbəxlə başlamayıb. O, Günəşdən qoparaq haçansa mətbəxdə ilişib qalıb. Amma qab-qacağın arasında həbs edilsə , daim üzü Günəşə sarı dayanıb. Keçmişi, əzəli üçün darıxıb:

Canımı donummu sarır

dəlicə,

küləkmi...

boynumda

 dənizinmi nəfəsi

gəzir beləcə...

oxşayır

Günəşin öpdüyü yerdən...

Burda

Sahil boyunca

Qağayılar rəqs edir

Dalğaların ritminə...

Mən hələ

Saçlarımla uçduğum günlərçin

Darıxıram...

Çoxluq içində tək idi, özünə aid yerdə deyildi bu qadın. İnsan övladının kələyinə uyub  dənizə geri dönə bilməyən su pərisi idimi, göylərə qayıda bilməyən mələk idimi? Nağıllardanmı çıxıb gəlmişdi? Bilmirəm, amma hansı idisə boğulurdu, çırpınırdı,  daim uzaqlara boylanırdı:

 

Sevdiklərin arasında

Sevilə bilmədinsə,

sevə bilmədinsə səni yalnız

Özlərinə bənzədərək sevənləri,

Demək doğulduğun yer

Sənə qürbətdir elə

Belədən-elə,

Elədən-belə...

 

Amma bu qürbətdə müəllif özünə qapanmamışdı. Bu çoxluq onu qəfəs dəmirləri kimi çevrəyə alsa da, sıxsa da, incitsə , ağrıtsa da, o, dəmirləri qırıb-tökməyi, parçalamağı yox, dəmirlərin soyuqluğunu sevməyi, ağrıları ilə birgə şirin nəğməyə çevrilib barmaqlıqlar arasından süzülərək Günəşə yol almağı bacardı:

 

Bu dünyada

qəfəs dəmirlərindən

musiqi qoparmağın

zəncir səsləriylə

dua pıçıltılarını

nəğməyə çevirməyin

sirrini

bir mən bilirəm,

bir İran müğənniləri...

Soyuq barmaqlıqlarda

İlahi arfa melodiyası...

donuq baxışlarda

Günəş sevdası...

 

Bəli, Günəş sevdalı xanım ona qovuşacağına inanırdı. Səbrlə, təmkinlə, inamla qaranlıq kahanın divarlarına pəncərələr çəkərək, pəncərələrdə Günəş, Ay, ulduzlar təsvir edərək irəliləyir, işığın zülmət üzərindəki  qələbəsinin nağıl yox, həqiqət olduğuna özü inanırdı, oxucunu da  inandıra bilirdi:

 

Çək,

Öncə bu kahanın divarlarına

Pəncərələr çək...

Birində Günəş,

Birində Ay, ulduzlar,

Birində ağac budağı

baharın ilk günü olsun...

Sonra boyun bərabərində

Çiyinlər çək

Başını qoymaq üçün...

 

Xilas olmaq insanın öz əlindədir. Sən buna cəhd edəcəksən, cəhdlərinin boşa çıxmayacağına özünü inandıracaqsan. Boşa çıxdığında isə bir təkrarlayacaqsan. Ömür yollarında şırımlar atacaqsan, illərində, aylarında, günlərində  barmaqlarının, dırnaqlarının izi qalacaq. Amma yorulmayacaqsan, usanmayacaqsan. Yetər ki, içindəki işıq ölməsin. Yetər ki, öz gücünə inanasan. İnansan bacaracaqsan:

 

Sonda isə

Bu zindanın

ən qaranlıq tərəfində

ən sonuncu şedevrini yarat

açıq qapı çək orda...

ilk əsərin -

bu qaranlıq kahadan

qurtul get

üfüqlərdən

təzə boya almaq üçün...

 

Azadlıq hissini təsəvvür etməklə yaşamaq tamamilə fərqlidir. Azadlığın verdiyi həzz ilahi həzdir, təsvirolunmaz duyğudur. Aşağıdakı misralarda azadlıq hissi təsvir edilməyib, sadəcə həmin anın yaşantıları ustalıqla misraya köçürülüb. Oxucu misraların ardıyca gedərkən özü yaşayır  o anı, o sevinci, o həzzi:

 

Üç dəfə

Şumlanmış tarla boyunca

Yürü mənimlə...

Bədirlənmiş Ayın nuru

əynimizə biçilmiş

bu gecə...

ayaqlarımız yalın,

vücudumuz arfa simi...

küləklər üstümüzə toxunub da

keçməkdə...

bu dəli melodiyanı

duydunmu..?

baax...

azadlıq hissidir bu..

dayanıb da nəfəsini dərincə

qollarını yana ...

dinlə ürəyini...

bir az otsan indi,

bir az dəniz,

bir az meşə,

bir az külək...

 

Qaranlıq kahaya qapı çəkərək, qəfəs dəmirlərini musiqiyə çevirərək, bir az ot, bir az su, bir az meşə, bir az külək olan yazımızın qəhrəmanının imzası da haldan-hala düşdü. Öncə Ryabina, sonra Cavi Dan imzasıyla tanıdığımız həmin şair-yazar bu həyatda ləyaqətli qadın, nümunəvi ana, şeirlərində isə yalnız ruh idi. Qohumlar, qonşular  üçün sadəcə sənədlərdəki adı ilə Gülüş olan bu qadın yemək hazırlayır, paltar tikir, qabları yuyur, övladlarını böyüdür, içindəki Cavi Dan isə yerlə göy arasında çabalayır, bəzən yağışlara qarışıb onu gözləyən uzaqlara doğru yol alır, "Tanrının göz yaşı boyda bir damlaya çevrilib, geri dönməməyə" çalışır. Amma biryolluq getmək, geriyə baxmamaq mümkünsüzdür. Gülüş yerdəki köklərinə, Cavi Dan isə göylərə bağlıdır. Qadın yerə, ruh isə göyə dartınır. Ömür bu çəkişmələrlə keçir onlar ortaq bir nöqtədə qalmağa məcburdur:

 

Üstündə bitdiyimiz köklər

Utandığından yerə girib

bizə görə...

üstümüzdə gəzdirdiyimiz şehlərsə

köməksiz...

 

Lakin köməksizliyin içində yenə bir təsəlli var, anlayış var, eşqin əzabına qəbullanmaq var:

 

Biz çəmənlik otlarıyıq, canım,

bizi sevərək tapdalayarlar...

 

Cavi Dan imzasıyla tanıdığımız şair  öz içindəki səsi eşidən, amma onun olduğunu bilməyən, yaxud bilsə belə üzə çıxarmaqdan qorxan qadınlara cəsarət verdi, onlara  yol göstərən bir mayak oldu. O, qəfəs içində azad ola bilməyin mümkünlüyünü sübut etdi. Azadlığın öncə ruhda olmalı olduğunu anlatdı. Ruhun azadsa, düşüncən azadsa, sevməyi bacarırsansa, buxovların, zəncirlərin səni dustaq etməsi mümkünsüzdür.

Cavi Dan imzasıyla tanıdığımız şair  illər öncə "azad qadın" ifadəsindən qorxan kişilərə bir az təhlükəli göründü. Tənqid atəşinə tutuldu. Şeirləri, fikirləri qınanıldı.  Amma həmin bəylər xəlvətdə Cavi Danın qadın hisslərini, duyğularını çılpaqlığı ilə təqdim edən şeirlərini acgözlüklə oxudular.

Cavi Dan imzasıyla tanıdığımız şair bir cığır açdı. Onun sayəsində öz dəyərini anlayan qadınlar bu cığırla getməyə, çoxalmağa başladılar. Bəzən ruhun çılpaqlığı ilə bədənin çılpaqlığını qarışdıranlar da oldu bu cığırda. Belələri büdrədilər, yıxıldılar, yarı yolda qaldılar.

Cavi Dan imzasıyla tanıdığımız şairi  üzdə tənqid edib xəlvətdə oxuyan bəylər sonra onun şeirlərini aşkarda oxumağa başladılar. Cavi Dan ruhunun özəlliyini, gözəlliyini etiraf etdilər.

Oxucu sayı günbəgün artdı... Sevənləri çoxaldı... Özünü onun şeirlərinə hava kimi, su kimi möhtac hiss edənlər oldu...

Lakin gözlənilmədən şeirlərə son qoyuldu. Doğrudur, bu, bitib tükənmək əlaməti deyildi, əksinə, daha böyük meydana çıxmağa başladı müəllif. Sözünü nəsrlə deməyə, hekayələri ilə yanaşı, dəyərli  romanlar yazmağa başladı. Lakin neçə-neçə şeirləri doğulmamış boğdu, məhv etdi, səssizliyə yuvarladı. Özünə haqq qazandırmağa çalışsa da, bu, haqsızlıq idi. Öldürülən şeirlərinə  oxucularına qarşı olan haqsızlıq.

Əziz Cavi Dan, bəli, yazdığın romanlar həqiqətən dəyərlidir. Onlar yazılmağa, oxunmağa sevilməyə layiqdirlər. Lakin sənin şeirlərin söz deyil, yaşantıdır, hissdir, nəfəsdir axı. Nəfəsimizi kəsmə. Öz sözlərinlə desək:

 

ən ağır vəzndə

ən sərbəsti yaz,

heç bir mahnıya yatmasın,

melodik olsun amma...

sirrindən utanım,

sehrindən çaşım,

ritmindən dəli olum...

şeir yaz mənim üçün

mənim üçün şeir yaz...

 

Məhsəti MUSA

 

525-ci qəzet.- 2020.- 10 iyun.- S.21.