Sözün cəfakeşi
Söz təkcə
danışıq, fikirlərin çatdırılması
vasitəsi deyil, həm də haqq işığı,
Tanrı sevgisidir. Yaşatma qüdrətinə
malik olduğundan min-min illərdən bəri tarixlər
sözlə yazılıb. Qobustan
qayaüstü rəsmlərində ifadə edilənləri
sonralar sözlə tarixləşdirmək mümkün oldu.
Rəsmləri yaradan şəkillərin ifadə
etdiyi fikirləri sözə çevirən təxəyyül
də bəşəri təxəyyül olub."Kitabi-Dədə
Qorqud" sözlə bir dövrün tarixi kimi
yaşamaqdadır və poetik, ədəbi abidə kimi
dünyanı indi də heyrətləndirir - "Kitabi-Dədə
Qorqud" xalqın düşüncə tərzinin,
düşüncələr sisteminin kitabıdır...
Nizami Gəncəvinin poetik hikməti də sözlə
yaşadılır, sözdə yaşayır.
Böyük
Füzulinin şeiriyyət dünyası söz
işığında necə də möhtəşəmdi!
Söz əbədiyyət ünvanlı olduğuna
görə solmaz və qocalmaz, öz gözəllik
taxtında əbədiyaşar qalır.
Bioloji 70
yaşı tamam olan Salam Cavadlı bunları Zəngilanda orta
məktəbdə oxuyanda da, ali təhsil alanda da, rayon qəzetinin
müxbiri, sonralar redaktoru olanda da düşüncələrinə
halə bilirdi; bildiklərini yaşadırdı, yaşatdıqlarının
cazibəsində sözə ömür verirdi - sözün cəfakeşiydi...
Yarım əsr
sözün keşiyində sədaqətlə dayanan
istedadlı jurnalist, vətənpərvər sair, yazıçı
Salam Cavadlı bir-birindən maraqlı publisistik
yazılarında, şeilərində həyatın
bütün sahələrini özünəməxsus bədii
ifadə vasitələrindən peşəkarlıqla, böyük məharətlə
istifadə etməklə təsvir edir. "Qayanın tənha
daşı", "Son gümanım - Zəngilanım "
, "Müqəddəs ruhları sızladan 20 il",
"Pyeslər", "Ağ yağış",
"Qardaşlar" (bu, Azərbaycan ədəbiyyatında
ilk dəfə olaraq üç şair qardaşın həmmüəllif
olduğu topludur) kitabları onun yaradıcılıq
hesabatlarıdı sanki! Bu kitablarda ifadələr
gözəl təhkiyyələrlə verilib, şeirlər
sadəliyi, lakin fikrin zənginliyi, bədii intonasiyası... ilə
səciyyəvidir.
Salam Cavadlı publisistikasının dili səmimi və
təsirlidir.
Həyatla, insanların duyumları ilə səsləşir.
Tarixi faktlara, hadisələrə sözün
qüdrətiylə yaşam verir, onları oxucu
düşüncələrinə incəliklə, sevgilərlə
hopdurur. Oxucu Salamın təqdimatında həmin
hadisələrə, faktlara sözün
işığında, həm də milli-xəlqi təəssübkeşliklə
baxır.
Salam
Cavadlının "Son gümanım - Zəngilanım
" kitabı tarixi-etnoqrafik kitabdır, müəyyən
mənada, Zəngilanın söz yaddaşıdır. Zəngilanın cənnət-məkan dövrü
var o kitabda, işğal tarixi var və işğaldan sonrakı
illərin ovunmaq bilməyən, yurd yerləri azad edilənə
kimi ovunmayacaq sızıltıları var orda. Zəngilan rayon ərazi özünümüdafiə
taboru yaradılanda mən də vətənpərvər fəalların
sırasındaydım, sonra taborun komandiri oldum. Zəngilanlılar
bu xatırlatmaya görə məni bağışlasınlar
- fikrimi özündən razılığa yozmasınlar: mən
komandir olmamışdan da Zəngilanın əsgəriydim,
komandir olanda da, sonralar da. Elə indi də əsgərəm
- Azərbaycanın əsgəriyəm. Həmin
vaxtlarda Salam Cavadlının yazıları əsgərlərimizin
mənəvi-psixoloji hazırlığının publisistik mənbələrindəniydi.
O yazılarda Vətən vardı, Vətən sevgisi
vardı, döyüş əzminin, qələbə ruhunun
söz ifadəsiydi o yazılar. Həm də
tanıdıqları adamlardan, tanıdıqları məkanlardan,
şahidi olduqları hadisə və faktlardan yazıldığına
görə beləydi. Yəni əsgərlərimiz
müdafiə etdikləri ərazilər haqqında
yazılanların iştirakçısı olanların varisləri,
hadisələrin iştirakçıları idilər deyə
bu yazılar onlara çox doğmaydı.
"Son gümanım - Zəngilanım" kitabında
tarixiliklə müasirlik vəhdətdə verilib. Rayonun tarixi, mənşəyi
haqda qeyd edilənlər təsdiqləyir ki, bu ərazi əzəli
torpağımızdır; istər "zəngi"
tayfasıyla əlaqələndirilsin, istərsə də
"gilan"la.
Salam Cavadlı vətənpərvər ziyalı, sadə,
mehriban, səmimi insan, öz dəstxətti ilə fərqlənən
gözəl qələm və sayılıb-seçilən
prinsipial əqidə sahibidir. Sözün əsl mənasında,
gənc jurnalistlər üçün canlı nümunədir.
Mənim də həvəskar jurnalist kimi
formalaşmağımda göstərdiyi əvəzsiz mənəvi
xidməti qarşısında dostum Salama borcluyam.
Respublika Yazıçılar və Jurnalistlər
Birliyinin üzvü olan Salam Cavadlının imzası
Respublika oxucularına yaxşı tanışdır. Səmərəli
və gərəkli fəaliyyətinə görə "Həsən
bəy Zərdabi" mükafatına layiq görülüb.
... Zəngilanı qorumaq mümkün olmadı. Ağrılı köçkünlük illəri
başlandı. Vətəninin,
el-obasının başına gələn müsibətdən
Salam Cavadlı da sarsıldı. Həyatında ilk dəfə
çox üzgün "göründü":
İndi
yurdsuz bihalam,
Üzür bu illər məni.
Desin Vətənsiz
balam,
Ağlasın dillər məni.
27 ildir təəssüf sazağında donan, həsrət
bürküsündə təntiyən zəngilanlı kimi
Salam Cavadlının yazılarında, şeirlərində
getdikcə artan, Zəngilan işğaldan azad edilənə
kimi davam edəcək yanğı, nisgil görürük. O, ana-ana yazır, yana-yana
yazır... Sonra da içindən gələnləri qələminin
dili və təəssüf hissi ilə etiraf edir:
Yurd həsrətli
şeirlər dərd yazdırır,
Şeir yara sağaltmır ki, dərd azdırır.
"Kənd həyatı" rayon qəzetindən
başlayan yaradıcılıq yoluna ilkin xeyir-duanı
anası Fatma xanım verib. Sinədəftər idi
Fatma ana. Bəzi mətləblərini də
şeirlə bildirərdi. Salamın
şeir-poeziya dünyasına ilk salamı da bu
işığın zərrəsidi. Anasının
məntiqli, dadlı-duzlu söhbətləri onun leksik
ehtiyatını zənginləşdirib - sözə
bağlılığını o vaxtlardan
formalaşdırıb.
Salam Cavadlının "Müqəddəs ruhları
sızladan 20 il" kitabı isə təkcə faktlar
kitabı deyil, bu kitab şəhidliyə elegiyadır. Belə
kitablar müəllifdən yüksək peşəkarlıq,
ümumiləşdirmə qabiliyyəti tələb edir.
Salam Cavadlı həqiqi vətənpərvərliyin bədii
mənzərəsini yaratdığı bu kitabla 233 zəngilanlının,
zəngilanlı olmayıb Zəngilan uğrunda həyatını
fəda edən 30 nəfərin
şəhidliyinə ədəbi abidə qoyub.
Salam Cavadlının sözə ehtiramı sözə
ehtiramlılara da ehtiram yaradıb. Gənc yazarlara
sayğı göstərib. Yerli qəzetin nəzdində
yaradılan "Şüşənin səsi" ədəbi
birliyində Zəngilanın Nəriman Əliyev, Məhərrəm
Mahi, Vaqif Qüdrət kimi istedadlı şairləri ilə
bir sırada gənclərin ədəbi, ədəbi-bədii
zövqünün formalaşmasında kifayət qədər əhatəli
və istiqamətverici fəaliyyət göstərib; ədəbi
təhlil bacarığıyla, sözü sözdən
seçmək qabiliyyətiylə, bədii ifadələr
vasitələrinə bələdliyiylə...
Salam Cavadlının "Gəl, Novruzum" pyesi Azərbaycan
Dövlət Milli Akademik Dram Teatrında 100 dəfədən
çox tamaşaya qoyulub. Bu, onun dramaturgiyada da
yüksək səviyyədə söz demək təfəkkürünün
təzahürü olmaqla Azərbaycan
teatrşünaslığında da əhəmiyyətli əsərlər
sırasındadır.
"Ağ yağış" kitabına uşaqlar
üçün yazdığı əsərlər daxil
edilib. Uşaq psixologiyasına, uşaq dünyasına bələd
olmayanlar uşaqlar üçün (ədəbi tənqid buna
uşaq şeirləri deyir) şeirlər yaza bilməz. Yazar, ancaq o şeirlər uşaqların
düşüncəsinə yol tapa bilməz. "Ağ
yağış" kitabına daxil edilən şeirlərin
hər biri hər birimizə tanış
detallardır və onları şeir qəlibində oxumaq nə
qədər xoşdur! Həm də o şeirləri
uşaqların maraqla, düşünərək
oxuyacaqlarına əminliyə görə xoşdur.
İlk
köçkünlük illərindən böyük fədakarlıq
göstərərək heç bir təmənna ummadan rayon qəzetini
yaşadan Salam Cavadlı, elə bilirəm sanballı publisist
yazıları, məqalələri ilə tanınan peşəkar
jurnalist, gözəl şeirlər, esselər, təmsillər,
fəlsəfi yük daşıyan çoxsaylı hekayələr,
bədii şuralardan uğurla keçən dram əsərləri
müəllifi olmazdan öncə, sözün tam mənasında,
el-obasının, bütövlükdə isə bu xalqın
oğlu, təəccübkeşidir. Ünsiyyətdə olduğum
ötən illər ərzində onu həmişə az danışıb, çox
çalışqan, səmimi görmüşəm, heç
zaman haqqı nahaqqa verməyib.
Salam
Cavadlının beş il öncə
yubiley yaşına xitabən yazdığı "Əzizim,
gəl, dərdləşək" şeirinin sonluğu bu
baxımdan onun həyatı, keçdiyi ömür yolu ilə
tam səsləşir.
İnan,
çalışdım, çarpışdım,
töhfələrini gərəksiz etmədim.
Sonradan
yanlış çıxan işləri də
ürəksiz etmədim.
Ömrümü
şam kimi yandıran,
ruhumu
duyğulandıran
sevincimlə, qəmimlə,
Kəsərinə
güvəndiyim qələmimlə
az
danışıb, çox işə sinə verdim.
Vallah, mənə
verdiklərini
Tanrının
töhfələrinə qatıb
elə
sənə verdim.
Doğma
Azərbaycana-
xalqa, Vətənə
verdim!
"Heyrət, kədər adlı hisslərin
ağuşunda didərgin ömrü yaşamaq ağır
yükdür.
Hər birimiz bu yükün altından çıxmaq,
doğma torpağa üz qoyub doyunca ağlamaq arzusundayıq...
İnanırıq ki, arzu etdiyimiz o gün mütləq gələcək. Biz yenidən
isti od-ocağımıza, doğmalarımızın, müqəddəslərimizin
uyuduğu məkana dönəcəyik".
Bu kövrək, həm də qətiyyət, inam dolu ifadələr də 70 illik ömrünün 50 ilini sevimli peşəsi jurnalistikaya həsr edən Salam Cavadlıya məxsusdur. O, yenə də iş başındadır. Gənclik illərində olduğu kimi, məhsuldar və məsuliyyətlə yazır, yaradır... "Zəngilanın səsi"nin yeganə naşiri olsa da, yoruldum sözünü dilinə gətirmir. Əksinə "Özümüzlə o dünyaya heç nə aparmalı deyilik. Ona görə də vaxt itirmək olmaz. Didərginlikdə dünyaya gələn, yurd yerlərini görməyən nəsillərdə doğma torpağın füsunkarlığını təsvirlərlə göz, təsirli deyimlərlə söz yaddaşına çevrilməliyik. Başqa cür etməyə, yurd istəyinin səngiməsinə imkan verməyə haqqımız yoxdur"- deyir Salam Cavadlı.
Əsl ziyalılıq və dərin vətənsevərlikdi bu, çox şərəfli missiyadı...
Təbiət etibarı ilə iddialı olmayan, bu səbəbdən də çəkdiyi çoxillik zəhmətin qarşılığını gözləməkdə maraqlı görünməyən Salam Cavadlı kimi ziyalılar, peşə sahibləri üçün, təbiidir ki, ən böyük mükafat el-obanın, xalqın etimadı, verdiyi qiymətdir. Bununla yanaşı, məncə, doğma peşəsinə qəlbən bağlanan, məsləki, məramı yolunda əsl fədailik göstərən Salam Allahverdi oğlu Cavadlının yarım əsrlik xidmətləri yüksək təqdimatlarla qeyd olunmağa layiqdir.
Şübhə yoxdur ki, Salam Cavadlının nəsr yaradıcılığı da, şeirləri də uzunömürlü olacaq. Bu baxımdan SALAM ALLAHVERDİ OĞLUNUN 70 YAŞI VAR qürurunu onun ağsaqqallıq yaşına çatması sevinciylə qarşılayırıq. Çox istərdik ki, Zəngilanın fədakar oğlu üçün bu yubiley yaşı uzunömürlüyün başlanğıcı olsun. 70 yaşın mübarək, Salam Cavadlı!..
Bayram
MƏMMƏDOV
Əməkdar
müəllim, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.- 2020.- 12 iyun.- S.10.