Əfsanə Rəvanın səhifəsi
GƏNC
ŞAİRİN ŞEİRLƏRİ HAQQINDA QEYDLƏR
Son vaxtlar
ən çox oxuduğum gənclərdir. Onların yeni səsi, nəfəsi, həyata və sözə baxışı
məni çox təsirləndirir.Bəzən yaşlı
şairlərdə tapmadığımı
onlarda tapıram və bu da
mənim yaradıcılığıma
müsbət təsir
göstərir. Bu hiss çox
qəribədir. Bəzən düz
başa düşülmür.
Yaşlılar 70-80 ildir,
dəyişməz qalır
(Demirəm, onların
yaradıcılığı pisdir, əksinə, yeni oxuyanlar üçün təzədir),
bilirsən ki, bunun həyata, vətənə baxışı
ancaq budur, o, dəyişmir, dəyişmək
istəmir və ya dəyişə bilmir. İndiyə kimi öyrəndiyimi
öyrənmişəm, daha
bu vərəqi qatlayıram, indi mənə ayrı səhifə lazımdır.
O ayrı səhifə
də ədəbiyyata
yeni gələnlərdir,
yəni gənclərdir.
Onlar da (əgər dəyişməsələr,
yaradıcılıqlarında yenilik eləməsələr)
mənim üçün
köhnələcək, kim üçünsə
təzə qalacaq. Mən də kimin üçünsə
köhnəlmişəm, kim üçünsə
təzəyəm hələ.
Olsun.
Belədirsə, bu da mənim günahım.
Gərək təzələnim,
yenilənim, daha ayrı əlac yoxdur.
Klassik, nakam şairimiz Mikayıl Mişfiq başdan-ayağa
təzə və yeni səhifələrdən
ibarətdir. "Yenə
o bağ olaydı"
şeiri bir səhifə, "Əbədiyyət
nəğməsi" yeni
bir səhifə və başqa- başqa səhifələr,
hamısı gözəl
bir filim kimi gəlib göz önündən keçir. Şairin "Qurban olduğum"
şeirinə baxaq.
... Yoxsa özgəsinə üzünü tutmuş,
Təzə sevdasına qurban
olduğum...
Bəlkə də çoxumuz bu şeiri dəfələrlə
oxumuşuq, əzbər
bilənlər də çoxdur. Amma heç kəs
bu iki misranın
üzərində dayanmayıb
bəlkə də.
Şair ondan üz döndərən
sevgilisinin təzə
sevdasına qurban olduğunu bildirir. Amma biz neyləyirik, sevdiklərimizi
qısqanclıqda suçlayırıq,
incidirik, boynuna günah yıxmağa fakt axtarırıq. Hələ müasir qəzəl şairlərimiz əğyarın
böyrünə bıçaq
soxmağa hazır dayanıblar. Bunlar heç
vaxt dəyişməyən,
stabil, qranit sifətli səhifələrdir.
Dünən də belə idi, bu gün də,
sabah da
belə olacaq.
İndi mən yeni səhifələri
oxuduqca, qarşıma
çıxan maraqlı
şeirlərdən qeydlər
aparıram. Həmin səhifələrdən biri də Şəkidə
yaşayan gənc şair Əfsanə Rəvanın səhifəsidir.
Gənc şair öz üslubu, təhkiyəsi ilə başqalarından fərqlənir. Amma bəzən dərindən
götürəndə hiss edirsən ki, müəllif get - gedə
özünü təkrara
gəlib çıxacaq.
Təfəkkürün məkan ərazisi
hələ ki balacadır. Şeirlərin tək bir məramı
var. Küsüb gedən
sevgilini geriyə qaytarmaq, onun gedişinə dözə
bilməmək. Küsən sevgilini
geri qaytarmaq uğrunda gənc şairin apardığı
cəhdlər, cəhdlərdə
üzə çıxan
poetik ovqat, uğurlu misralar müasir ədəbi prosesdə özünəməxsus
səciyyə daşıyır.
Təkliyə qorxa-qorxa,
Hürkə-hürkə dözürəm.
Bölünüb, parçalanıb,
Tikə-tikə gəzirəm.
Bəli,
Leyli kədəri dünən də olub, bu gündə,
sabah da
olacaq. Leyli də Məcnuna ünvanladığı məktubda
yazırdı: "Boynum
qolunu havadan dilər, gəl ayağının tozunu qəbrimə bəzək
elə". Leyli də Məcnunu
geri qaytarmaq istəyirdi, qəribə burasındadır ki, Məcnun da Leylini geri - özünə çağırırdı.
Axı mən də adamam,
Gəlmirsənsə, de, bilim.
Həyətdə bir ağac var,
Eşidərsən ki, bir gün
Asıb məni, sevgilim.
Yuxarıdakı şeirin son üç misrası gənc şairin özünəməxsus
cığırın başlanğıcı
kimi görünür. Yəni indiyə
qədər aşiq sevgilidən bu cür "qisas" çıxmaq istəməmişdir.
Bu qısas növü
şeirimizdə olduqca
yenidir.
Şeirlərdəki lirik qəhrəman aşiqini qaytarmaq istəsə də, hiss olunur ki, həm
də ondan narazıdır, daha doğrusu gileylidir. Şeirlərin
intonasiyasındakı əsəbilikdən
bu çox aydın hiss olunur.
Mən hər gün əllərimi,
Səmadan asdım Allah.
İntihar günah idi
Bağışla, bir də olmaz,
Bağışla, çaşdım, Allah.
Lirik mən yerlə, göylə əlləşir. Gah Allaha müraciət
edir, gah buluda, gah quşa.
Dünyada kim
və nə varsa, hamısından kömək istəyir ki, küsüb gedən o aşiqi geri qaytara bilsin.
İnsan
darıxmaqlara
Öyrəşir elə bil ki.
Mən də qəşəng öyrəşdim,
Darıxmaq dərd deyil ki..
Şair şeirlərində payız
kimi didərgindir, bəzən heç özü də bilmir ki, dünyadan
nə istəyir (Bu
hiss şeirdə əsas
şərtdir). Gah aşiqə deyir
gəl, gah deyir gəlmə. Daha mən də ayrılığa öyrəşdim.
Bir neçə şeir keçir ki, lirik mən
tez fikrini dəyişir, həyəcanla,
özü də bir az əsəbi şəkildə
deyir.
Öyrənmə unutmağa,
Ağrı verir sonralar.
Bütün bunlar onu göstərir
ki, Əfsanənin bütün şeirləri
bir poemadan ibarətdir. Poemanın iki qəhrəmanı
var. Aşiq və Məşuq. Poemanın məzmununu
Aşiqlə Məşuqu
ayıran zaman təşkil edir. Zamanın psixoloji məqamları aşiqi dağa, daşa salır, onun dövrə əsəbi reaksiyası əslində onun mənəvi zənginliyini
göstərir. Bir
az keçən
kimi yenə Aşiq fikrini dəyişmək istəyir.
Mən indi darıxmağı
Dərd hesab eləmirəm.
Daha sənə "qayıt, gəl,
Bir də getmə," demirəm.
Bəli, hiss edirsən ki, aşiqin gəldiyi qənaət, yetişdiyi məqam onu arxayınlaşdırıb, yəni,
artıq Qədərlə
barışıb. Amma bir neçə şeir keçəndən sonra aşiq yenidən üsyana qalxır, onun bu dəfəki
qərarı qətidir.
Müraciəti sevgi ilə deyilsə də, bir az da əmr
şəklindədir. Lirik
mən sevdiyinə geri qayıtmağın yollarını deyir: Yağış damlasında,
quş qanadında gəl. Belə gəlməyin özü
Allaha da xoş gələr. Burda elə bir pis
şey yoxdur. Nə günahımız varsa, bütün küsülülükləri,
yağışın damlası,
quşun qanadı təmizliyə bilər.
Vallah qınayan olmaz,
Keç inadından, qayıt.
Yağış damlasında gəl,
Quş qanadında
qayıt.
və yaxud
Hələ birinci qışdı,
Hələ ki yaza çox
var.
Yazda isinir hamı,
Qışda qayıt da, nolar...
Bu kövrək notlar
sevən qəlbin çırpıntılarıdır. Bəs Aşiqlə Məşuqi
kim ayırıb,
onları bir - birinə həsrət kim qoyub? Əlbəttə, zaman. Səməd Vurğun "Vaqif" dramında deyirdi: "O saf qəlbi pozan yalnız həyatdır". İndi Əfsanənin
lirik məni həm də qəhrəmandır. O, ruhdan
düşmür. Min cürə cəhdlərlə
aradakı zaman divarını sökmək
istəyir. Sevdiyini itirmək
istəmir.
Nəyisə bəhanə et,
Qayıt, bəlkə barışdıq.
Bir az havadan,
sudan,
Bir az bizdən
danışdıq.
Lirik "mən" sevgisinə qovuşmaqdan ötrü əlindən gələni edir. Amma qarşı tərəfdən bir səs-soraq yoxdur. Elə bil o, lal kimi dayanıb. Bəs niyə o, bu duyğulara laqeyddir? Görən həmişə laqeyd olmuşdumu? Olmuşdusa, lirik "mən" bu cür keçmiş günlər üçün bu cür cənfəşanlıq edərdimi? Lirik "mən" onda bir vəfa görmüşdü ki, indi bu cür ah-nalə edir. Həm də lirik "mən" çox kamildir, sevgisindən əl çəkmək istəməyən kamildir ki, öz sevgisi üçün bu cür əzab-əziyyətlərə qatlaşır. Böyük Füzuli deyirdi ki, aşiqi məşuqə mahir eylər. İndi aşiq o qədər mahirdir ki, hər atılan daşın və deyilən sözün dalınca getmir. Yalnız sevgisini istəyir.
Yollar çəkdim gözlərimin ağından,
Sənsə qaldın küçəmizin tinində.
İndi elə darıxıram səninçün,
Gəlsən, bəlkə, diz çökərəm önündə.
Bəli, lirik "mən"in
həyəcanlarına baxmayaraq, yar görüşə gəlmir. Fikrində qətidir.
Və gəlməyəcək də. Ona
görə ki, Əfsanin
axtardığı və gəlməyən o
adam elə Əfsanənin özüdür.
Əfsanə özünü geri qaytarmaq istəyir,
ürəyini əvvəlki yuvasına gətirmək üçün vuruşur...
Aşiq də və Məşuq də elə
şairin özüdür.
Leyli də beləydi, Məcnun da. İnsan iki hissəyə bölünəndə belə
olur. Əsas və həm də poeziya üçün
gözəl olan elə budur.
Qəşəm
NƏCƏFZADƏ
Əməkdar mədəniyyət
işçisi
525-ci qəzet.- 2020.- 12 iyun.- S.11.