Pedaqoq-maarifçi və şair Mirzə Xosrov Axundov 1889-cu ilin iyul ayının 13-də Şuşada ziyalı ailəsində anadan olub.Atası Mirzə Əli Aşiq öz dövrünün tanınmış şəxsiyyətlərindən idi. Onun Seyidli məhəlləsindəki məsciddə mədrəsəsi varmış. Müəllimlik etməklə yanaşı, şeirlər də yazıb. Xurşidbanu Natəvanın "Məclisi-üns", Mir Möhsün Nəvvabın "Məclisi-fəramuşan" ədəbi məclislərinin fəal üzvü idi. M.F.Axundzadə Şuşada olarkən Mirzə Əli Aşiqlə tanış olub. Mirzə Fətəli bir müəllim kimi ona 1857-ci ildə tərtib etdiyi əlifbanın təbliğini tövsiyə edib. M.F.Axundzadə yazır ki, Şuşada Mirzə Əlidən başqa heç kəsin onun ideyasını təqdir etmədiyini, bir qismi etirazını açıq şəkildə bildirsə də, digərləri üzdə bir, arxada isə başqa cür davranmışlar. M.F.Axundzadə Mirzə Əliyə bir bənd şeir də həsr etmişdi:

Bir neçəsi üzdə müsəddiq olur,

Qaib olur məndən, münafiq olur.

Mirzə Əli ancaq ki sadiq olur,

Yerdə qalan cümlə tapır zəlalət.

(M.F.Axundzadə. Komediyalar, povest, şeirlər. Bakı, "Yazıçı", 1982, s.238).

Mirzə Xosrov Axundovun babası Molla Zeynalabdin Sağəri Qarabaği 40 il mollaxanada müəllimlik etmişdir. Türkcə farsca iki böyük divanı vardır. Molla Zeynalabdin Sağəri Qarabaği haqqında məlumata Mir Möhsün Nəvvabın "Təzkireyi Nəvvab", Məhəmmədağa Müctəhidzadənin "Riyazül-aşiqin" adlı təzkirələrində rast gəlirik. Cavad Heyət, Cahangir Qəhrəmanov, Zəminə Hacıyeva, Paşa Kərimov, Zaman Əsgərli, Vasif Quliyev Sağəri Qarabağinin yaradıcılığı ilə bağlı öz məqalələrində geniş məlumat veriblər.

Xosrov Axundov belə bir ədəbi mühitdə böyümüşdü. O, ömrünün 50 ilini Şuşada savadsızlığın aradan qaldırılmasına həsr etmişdi. İbtidai sinif müəllimi olmaqla yanaşı, "Şaiq" təxəllüsü ilə şeirlər yazırdı. Xosrov Axundov 9 yaşında olarkən atası ilə "Məclisi-üns"ə gedərdi. İlk şeiri Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab" kitabında nəşr olunub.

Mirzə Xosrovun pedaqoji ustalığı onu Qarabağda məşhur etmişdi. Çoxları öz övladlarına onun dərs deməsini istəyirdi. Təsadüfi deyil ki, C.Məmmədquluzadənin oğlanları - Ənvər Midhətə, Xurşidbanu Natəvanın nəvələri Şəhla xanıma, Mir Qafara, Əbülfətə, Soltana da dərs demişdi. Mirzə Cəlil X.Axundovun müəllimlik qabiliyyətini yüksək qiymətləndirərdi. Mirzə Cəlilin qohumlarından biri Musa Vəzirov bildirir ki, biz Həmidə xanımın yaşadığı mənzildə tez-tez olardıq. Mirzə Xosrov Mirzə Cəlilin uşaqlarına dərs vermək üçün onlara gəlmişdi. Mən həmin gün orada idim. Müəllim uşaqlara dərs vermək üçün başqa otağa keçdi. Bu zaman Mirzə Cəlil bizə yaxınlaşıb dedi:

- Bu müəllim yaxşı pedaqoqdur, onun dərs üsulu çox xoşuma gəlir.

X.Axundovun "Şuşada yaşayan görkəmli şəxslərin xatirələri" (206 səhifə), "Şeirlər məcmuəsi" (171 səhifə), "Müxtəlif şeirlər" (21 ədəd dəftər) M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

X.Axundov 1960-cı ilin mayın 10-da dünyasını dəyişib. Onun həyat pedaqoji fəaliyyətindən bəhs edən "Mənalı həyat" adlı kitab "Gənclik" nəşriyyatında çap olunub. "Ömürdən səhifələr" adlı kitabını isə "Yazıçı" nəşriyyatı çap edib. Şuşa şəhərinin yaranmasının 250 illiyinə həsr olunmuş "Şuşa nəğmələri" kitabının birinci cildinə onun şeirləri daxil edilmişdir. 1993-cü ildən Binəqədi rayonundakı 102 saylı məktəbə Xosrov Axundovun adı verilib.

Mirzə Xosrov Axundovun Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı xatirələri vardır. Həmin silsilədən, Mirzə Cəlil Həmidə xanım haqqında təəssürat-xatirəsini təqdim edirik.

 

Mehparə Axundova

 

525-ci qəzet.- 2020.- 12 iyun.- S.15.