Bədii sözlə
mücadilədə
Rus ədiblərindən birinin belə
bir fikri var: "Şair ya var, ya yoxdur, yerdə qalanlar işığın ətrafında
pərvanələrdir, oda toxunan kimi sıradan
çıxırlar". Şairliyini elə ilk
şeirlərindən sözlə amansız mücadilədə
təsdiqləyən Kəramət (Şükürov) bu
gün çağdaş poeziyamızın ünlü
imzalarından biridir. Az yazır, yaxşı yazır,
İlahi sözün çürüyünü
çıxarmır, necə deyərlər, onun alt
qatlarına enməyi, dalğıc kimi dəryanın dibinə
düşməyi bacarır. Bunu Kəramətin
"Xatirə muzeyi (Adam)" poeziya toplusu da təsdiqləyir.
Kitab
müəllifin "Qurumuş ağacları sulamazlar"
şeiri ilə açılır: elə ilk səhifədəcə
poetik və estetik fikrin ahənrüba sehrinə
düşürsən. Həqiqətən götürəndə
ilk baxışdan
doğru məntiqdir: qurumuş ağacları
heç sulamağa dəyməz. Ancaq düşünəndə ki, ağac bir insan taleyidir və
haçansa, kimsə onu əkib-becərib,
qayğısını çəkib, suyunu bol eləyib, dibini
vaxtında yumşaldıb. Bu zaman ağac
ağaclıqdan çıxır, səninlə nəfəs-nəfəsə
dayanan bir yaşıl varlığa çevrilir, hətta dil
açıb, danışır da. Çünki indi məlul-məlul
quru budaqlarına baxdığı adamın atasının
yadigarıdı.
...
Budaqlarından asılan yellənçəkdə -
gündoğanla günbatanın arasında,
yellənmişdi balaları.
kölgəsində şellənmişdi
imisti
yay havaları.
Dərd burasındaydı, "o da qocalmışdı,
indi ağac da qurumuşdu". Bu, eyni taleyin yaşam
tərzi deyildimi? Şeir bütün bir
xatirəni varaqlayır. Və həssas oxucu dərhal
hiss edir ki, vaxtilə bu ağacı atası balasının adına əkibmiş. Nəsildəyişmə
gözəl ənənə qoyur. O da
övladının adına qələm
basdırıb böyüdür və təbii surətdə
həmin yamyaşıl ağac da qocalır. Bir dəfə isə
lap ahıl qonşusu hövsələdən
çıxır, buna əsəbiləşir:
"Quruyan
ağacları sulamazlar",
pıçıldadı ahıl qonşu.
"Qocaldıqca
ağlın çaşıb,
Yaman xərifləmisən".
Epik məzmunlu lirik riçətlərlə
yüklü şeirin axırı daha faciəvi mətləbi
anladır. Kor-peşiman kişinin əl-ayağı soyuyur,
ağlına batır ki, qurumuş ağacları sulamazlar.
Daha düz sözə nə deyəsən.
Vaxtdı, bu göz dağını aradan
götürmək lazımdı, quru budaqları
uşaqmuşağın, qonum-qonşunun başına
tökülməsin.
... baltaya bülöv çəkdi,
- səhər kəsərəm, -
düşündü.
Açıldı
sabah,
əlində balta
yeridi
quruyan ağaca sarı.
Elə
yeriyirdi ki,
axşama
çatardı on addım yolu.
gözündən yaş,
baltadan
qan damcılayırdı -
balta qan
ağlayırdı.
Sözün alt qatına heyran olmamaq olmur, "balta qan
ağlayırdı", çünki onun da sapı başqa
bir kəsilmiş yaş ağacdandı. Canlı təbiətlə
cəmiyyət arasında üzvi vəhdət,
bağlılıq təkcə bu poeziya nümunəsində
deyil, Kəramət Kəramətin əksər şeirlərində
var. "Dünyayla oyna", "Qar çiçəklədi",
"Ana qucağı, gor qucağı",
"Yaşasın bahar",
"Yaz tənhalığı", "Duel kişi
işidi", "Bataqlıq", "Özü qərib, qəbri
qərib", "Quş dimdiyi",
"Sığmazlıq", "Yeri", "Səhra",
"Şəhər kənarında", "Ömrün
bahar arzusu", "Sonu görünməyən yol",
"Yaddaşımın mahnısı", "Ovcumda əriyən
qar dənəsi", "Səhrada yeriyən qum
topasıyam", "Külək sərgisi", "Barama
qurduyam", "Gecə pıçıltısı",
"Əyri güzgü", "Evimin içinə
yağdı bu yağış", "Altı otuzda
quşlar", "Duman paltarlı gəlin" və digər
poetik nümunələrində şairin bu fəlsəfi
özünüdərki və özünəinamı daha
qabarıqdır.
Əslində, "təbiət şeiri" deyilən
bir ayrıca bölüm ədəbiyyatda yoxdur, hər kəs
öz məntiqiylə "köhnə bazara təzə
nırx qoyur". Ola bilsin ki, müəyyən bədii mətndə
ağacların, quşların, çayların,
yağışın-qarın adları çəkilsin,
heç həmin parçanın təbiətə dəxli
olmasın. Və ya əksinə, heç
ümumiyyətlə bu predmetlərdən söhbət belə
getməsin, şeir təbii hadisələrdən bəhs
etsin. Məsələn, necə demək olar,
"Ağaclar yıxıldı ucalığından. Kişilər yıxıldı kişiliyindən"
misralarında birbaşa təbiətə işarə var?
Bu harmonik vəhdətdir, təbiətlə cəmiyyətin
eyniliyidir, əksikliklərin vəhdəti qanunundan doğan
poetik qanundur, aksiomdur. Və belə bol-bol
filosofyanə deyim tərzləri Kəramətin
yaradıcılığında kifayət qədərdir.
Sübhdən
qovlayırsan, söz daşlarınla,
sevib
öpəcəyim qeylü-qalını.
Yalvara
bilsəydim göz yaşlarımla,
Yuyardım göyərçin ayaqlarını.
Və yaxud şairin
"Yerim yox" şeirini misal gətirək. Cəmi üç bənddən
ibarət bu lirik mətn
böyük bir fəlsəfi-həyati traktat təsiri
bağışlayır. Doğum-ölüm, yaranış,
sirr-sehr dolu kainat, yer-göy və s. nəsnələri
idrakının süzgəcindən keçirən şair "özümün
özümdən dönən yerim yox" qənaətinə
təsadüfən gəlmir. Axı, bu min bir
problemiylə üzləşdiyimiz həyat ciddi sınaq
meydanıdır insan üçün. Doğurduğu
hər suala cavab axtaranda, qaneedici mətləb hasil eləməyəndə,
tapmayanda, başlayırsan içini çevirməyə, ələk-vələk
eləməyə. "Qulaqlar kardısa,
laldı hər tərəf. Qadası, mənim
də dinən yerim yox" dilemması isə şairin
alın yazısıdır.
...
Yüz səni Bircəyə, Birə dəyişdim,
Ömrü girov qoyub, sirrə dəyişdim.
Yerimi
göylərdən yerə dəyişdim,
Daha yerdən yerə enən yerim yox.
Ay yerin
uşağı, hardan gəlirsən,
Bələkdən gəlirsən, gordan gəlirsən.
Əvvəl-axır
birdi, Birdən gəlirsən,
Diri bir,
ölü bir... Ölən yerim yox.
O
sirri-xuda, o vahid, o bütöv tam məhz Birdir. Bəşəri
xəlq eləyən Allah. Söz-sov onundu,
çünki bircə hökmüylə "Ol"
eşidib, qulaqlarımızı şəkləmişik.
Elə yer-göy də Onun mərhəmətindən
yaranıb. Həqiqətin mayası ondan
qaynaqlanır ki, "Daha Yerdən yerə enən yerim
yox". Ancaq müvəqqəti də
olsa, ölüm-itimin bütün
qaçılmazlığı fonunda yer-göy bütün sərvətiylə
Adəm oğluna məxsusdur. Əsrarəngiz
təbiət, ətraf mühit, su mənbələri,
torpağın dərin qatlarında gizlənmiş faydalı
qazıntılar. O bir belə
fərman verib, sərəncamı budur. Dahi Məhəmməd
Füzuli demişkən, "hökm Onun hökmüdür, fərman
onun fərmanıdır".
Kəramətin şeirləri mənbəyini intellet təfəkkürdən
və xalq təfəkküründən götürüb. Ona görə,
bu nümunələri sakit-sakit oxuyarkən, sintez edərkən
düşüncələrə dalırsan, vadar olursan ki,
baş sındırasan. Təbii ki, belə
"çətin həzm" hamı üçün deyil,
kütləvi oxucunun dərkindən kənardır, elə
marağından da uzaqdır. Axı, zəkalı-savadlı,
ədəbi zövqə malik oxucu başqadı, adi
sıravi kitab oxucusu başqa. Bütün hallarda o əsərlərdən
seçmələri mütaliə edərkən, bəzi həyati
suallara cavab tapırsan.
Danışır,
qışqırır, boğuşur hamı,
Belə
susa-susa adam lal olar.
Yediyim
çörəkdə Xəzərin tamı,
Udduğum havada neft qoxusu var.
Şeirin
özünəməxsus adı var: "Sən niyə
susursan? - sualına atüstü cavab".
Şeir isə heç də
"atüstü" yazılmayıb, şair qələmini
ürəyinin qanına batırıb. Kəramət
qədim dilimizin bütün şəhd-şirəsindən
ustalıqla istifadə eləməyi sanki "anadangəlmə"
öyrənib. Şirin, yüyrək, duzlu
bayatı-oxşama dili bəzi seçmə nümunələrini
aforizm səviyyəsinə qaldırır, kövrək layla
havasını qoruyub saxlayan müəllif bədii
sözün koloritindən məharətlə
işləmək gücünə malikdir:
Dəvələr
asta gedər,
Dəvələr
usta gedər.
Bu səfərin
duz yükü,
Dəvələr üstə gedər.
Ədəbiyyatımızda,
mifik düşüncəmizdə, klassik söz sənətimizdə
elə mövzular, predmetlər var, bəlkə də
tapdağa dönüb, min dəfələrlə sağ-sola işlənib.
Misal çəkmək naminə güzgünü
götürək. Bu məişət əşyası kəşf tarixindən
üzü bu yana, bütün yazarların
diqqət mərkəzində olub. Mifologiyada
"ölünün üzünə ayna tutarlar" deyimi də
mövcuddur. Nizaminin, Füzulinin, Sabirin ("yoxsa bu ayinədə
əyri görürsən, özünü?") təbirincə,
ayna həm də insanın daxili aləmini göstərmək
üçündür. Əlqərəz, Kəramətin
"Əyri güzgü" şeiri bir növ sələflərinə
cavabının təzahürüdür. Fikir, obraz, deyim
təzəliyi elə ilk misralardaca oxucunu ovsunlayır, qeyri-adi mənzərə
açır qarşısında:
Torpağa
batdıqca,
əyilir
baş daşları.
Günaha
batdıqca
əyilir
adam.
Məni
düz saxladı dar ağacları,
Bir qızıl güllənin haqladığı yer.
Sınmağa qoymadı yazdığım şeir.
Bu şeirdə bircə zəif misra, köntöy ifadə
tapa bilmədim, mətn başdan-başa tapıntıdır,
möcüzəvi obraz silsiləsidir. Müəllif o qədər daxili məntiqə
varır ki, müəyyən
bəndlərdə tamam qafiyələri unudur, sərbəst
buraxır. Sanki sözlərin "nəfəs
dərməsi" üçün şərait yaradır.
Məhz bu "istirahət" bədii fikri
duruldur, dərinləşdirir, sözlərə dirilik (əhya)
verir.
Xıncım-xıncım
olub, gedərdim yoxsa,
Qoymadı
uşaqlar, dedilər: "şax dur!".
Allahın əmrindən çıxıb gedirəm,
Mən uşaq əmrindən çıxa bilmərəm.
Bəli, bu dünyada ki, bu qədər mizan-tərəzi pozulur, insan insanın qəniminə çevrilir, bəzən lap burda qalmağının da peşimançılığını çəkirsən.
Əyilir, əyilir bu Yer kürəsi,
Üstündə ağacı, quşu əyilir.
Birinin qulağı, birinin gözü,
Yüzünün, mininin işi əyilir.
İndi bəsit söz dəllallarının
gur-gur guruldadığı, qalın-qalın, cild-cild kitablar
buraxdığı bir dövrdə Kəramət
Yasamaldakı kiçik hücrəsinə
sığınıb, namuslu sözlə mücadilədədir.
Bu qeyri-bərabər savaşın isə nə qalibi var, nə
məğlubu!..
Ağacəfər HƏSƏNLİ
525-ci qəzet.- 2020.- 12 iyun.- S.12.