Şeirsiz yaşaya bilməmək...
YUSİF
NƏĞMƏKARIN 65 YAŞINA
Yusif Məhəmməd oğlu Mədətov - Yusif Nəğməkar! Bu ad ədəbi ictimaiyyətə də, poeziya həvəskarlarına da yaxşı tanışdır.Şairi tanıtdıran, sevdirən nədir? Şeir kitablarımı? Şeirlərinə yazılan
mahnılarmı? Özünün oxucularla, şeiri sevənlərlə
mütəmadi ünsiyyətimi? Ya bəlkə
bircə şeirimi ki, o şeir illərdən bəri dildə-ağızda
gəzib-dolaşsın? Açığını deyim,
bunların heç biri... Məncə, şairi tanımaq, sevmək,
onun şair olduğunu etiraf etmək rus şairi Sergey Yeseninin
bu misralarına haqq qazandırır ki: "Bəli, şair
olmaq odur ki, gərək, Pozmayıb həyatın ilk qanununu,
Öz damarlarından qanı çəkərək Vurub isidəsən
özgə qanını". Yusif Nəğməkarın
da şairliyi elə bu misralardakı həqiqətlə səsləşir.
Onun şeirlərini oxuyur və hiss edirsən ki, o şeirlərdə
sən də varsan, sən də belə
düşünürsən, o misralar - o şeir sənin də
hissindən, duyğundan xəbər verir. Əslində,
Azərbaycan şeiri elə bunun üstündə qurulub.
Və Yusif Nəğməkar da dədə-baba
şairlərimizin bu ənənəsinə sadiq qalır.
"Bu il 65 yaşı tamam olan, 40 ilə yaxın bədii
yaradıcılıq yollarında yorulmadan irəliləyən
Yusif Nəğməkardan bizim müasir poeziyaya nələr bəxş
olunub" sualını verməmək də olar. Amma qırx və
altmış beş rəqəmləri
ömrün ucalıq və qocalıq dövrünün
hesabatıdırsa, sual yerindədir. Bu suala
cavabı ancaq onun şeirləri cavab verə bilər.
Onsuz
gülüşüm də, qəmdi, nisgildi,
Ağıya köklərəm könül
tarımı.
Anam torpaq
geymiş həsrətdi indi,
Gizlədin anamın paltarlarını.
Gizlədin,
görməyim bircə gülünü,
Açılmır könlümün gülü
haçandır.
Gizlədin
donunun o çil-çilini,
O ipək
mirəsdi, o çil də andır.
Tutun o dəsmalın
siz yasını da,
Evində hər şeyə hopurmuş insan.
Əbədi
tənhalıq "libasını" da,
Ana itirəndə tapırmış insan.
Uşaqlıq
çağıma qaytarın məni,
Analı günlərin tamını duyum.
On iki
taxtalı tuman üstünə,
Gətirin bir anlıq başımı qoyum.
Yusifin ana həsrətilə yazdığı bir
şeirdə nə parlaq təşbihlər, nə də
metaforalar var. Amma adi sözlər də deyil, ana həsrətini
səmimi və ürək yanğısıyla ifadə edən
bu şeirdə oğul-şair kədəri yetərincədlir.
Yusif Nəğməkara
ilk xeyir-duanı unudulmaz Xalq şairimiz Rəsul Rza verib: "Ədəbiyyat və incəsənət"
qəzetinin 30 aprel 1977-ci il nömrəsində
"Təsadüf"adlı Yusif Nəğməkara həsr
etdiyi məqaləsində Rəsul Rza yazırdı:
"İiki yazısını oxuculara təqdim etdiyim Yusif Mədət
(Nəğməkar) istedadlı gənclərdəndir... Yusif yavaşdan yazılarını oxuyur,
nigaranlıqla mənə baxırdı. "Kor
qızın mahnısı", "Yata bilmirəm",
"Oktyabr"... Get-gedə diqqətim bu gəncin
səsindən ayrıla bilmirdi. O, qovluqdakı son
yazısını oxuyub qurtaranda səslər eşitdim:
- Sağ
ol, bala!
-
Yaxşı şeirlərdir.
Demə, biz bir kənara çəkilib, yazıları
oxuyanda otaqdakı yazıçı yoldaşlar da səssizcə
yaxınlaşıb Yusifi dinləyirlərmiş.
Bu gəncin
yazı manerası, dili, bənzətmələri, mövzu
axtarışları yaxşı təsir
bağışlamışdı...
Yazıları...
uğurlu bir yaradıcılıq yolundan xəbər verən
şeir həvəslisi Yusif Mədətə (Nəğməkar)
uğurlar olsun - dedik..."
Başqa bir görkəmli sənətkarımız -
Xalq şairi Bəxtiyar Vahabzadənin isə Yusif Nəğməkarın
şeirləri barədə iki geniş məqaləsi ilə
tanışam.
Bəxtiyar müəllim onun poeziyası barədə
yazır: "Yusif həyatdakı hadisələrə,
gördüyünə fəlsəfi yanaşmağı
bacarır. Balaca bir şeirdi, deyir:
"Qızılgülün
budağında
tikan
bitib,
Qaratikan
kolunda
yaşıl, sığallı yarpaq.
Zərifliyi
qoruyan sərtliyə,
Sərtliyi
gizlədən
zərifliyə bax!.."
Bu təzadda nə qədər fəlsəfi məna gizlənir. Bax, bu fəlsəfi
mənanı tapmaq və onu şeirləşdirmək hər
şairin işi deyil".
Yusifin Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə
həsr etdiyi "Çingiz çini" poemasına Xalq
şairi Ramiz Rövşən və akademik Nizami Cəfərov
önsöz yazıblar. Onları təkrar etmək fikrində
deyiləm. Amma onu demək istəyirəm ki,
"Çingiz çini" poeması qəhrəmanlığın
sərrast poetik dərkidir:
Torpağı
getməyən yerə
Ayağı getdi.
Ayağı
gedən yerə torpağı -
Dayağı getdi.
Çingiz
hara getdisə
Qəlbiylə,
özüylə birbaşa-
Elə Çingizsayağı getdi.
Yusif Nəğməkarın
uşaq şeirlərinin “bal dadı” » Yarpaq.az
Lap bu yaxınlarda Yusif Nəğməkar mənə
"Sevgi məbədi" adlı yeni şeirlər
kitabını bağışladı. Son illərin
sevgi şeirləri toplanıb bu kitabda. Adətən,
yaş əllini, altmışı keçəndən sonra
"payız sevgisi"ni qələmə
alırlar: ömrün ötən illərinin solmayan xatirələri
dilə gəlir, ilk məhəbbətin vüsalsız aqibəti
yada salınır, ya da ürəkdə yeni bir sevda doğulur
ki, o da təəssüf doğurur, çünki "yaş
o yaş deyil ki..." (F.Qoca). Amma Yusif Nəğməkarın
sevgi şeirlərində "payız duyğuları" ilə
yanaşı, hələ cavanlığı ötüb
keçməyən sevgi yaşı ilə üz-üzə gəlirik.
Gül-çiçəkli
yaz kimisən,
Çöhrəsi
bəyaz kimisən...
Ürəyim
içində ürək,
Gözümdə muraz kimisən.
Aldığım
nəfəsim bəlli,
Həsrətin nəvası bəlli.
Çarəmin
sirri - sən adda,
Dərdimin dəvası bəlli.
İlahi
eşq gendən gəlir,
Demə,
yaşdan-sindən gəlir
Sənə
gözəllik Tanrıdan,
Mənə həyat səndən gəlir.
Yusif Nəğməkar heç vaxt oxucularını
intizarda qoymur.
Hər yeni görüşündə də baxıb
görür ki, oxucularının sayı az
da olsa, artıb. Əslində, şair hər
yeni kitabında və deyərdim ki, hər gözəl
şeirində dünyaya yenidən gəlir.
Yusifin
kitablarında onun xalqa, millətə məhəbbətini nişan verən onlarla şeir tapmaq olar. Bəxtiyar
Vahabzadə poetik məktəbindən dərs alasan, ola bilməz ki, onun yolunu davam etdirməyəsən!
Bir kitabında "Mənim millətimi hifz elə,
Allah!" rubrikasında toplanan şeirlərin əksəriyyətində
Bəxtiyar yolunu görürük. Amma bu
yolda təqlidçilik yoxdur, davam var, yolun yeni
cığırları var.
Elə mövzular var ki, artıq ənənəviləşib
və hər bir şair o mövzuya təzədən
müraciət eləyəndə yeni söz deməyə
çalışır, amma buna müvəffəq olurmu? Çətinliklə.
Yusif Nəğməkarın da "Xudafərin
körpüsü" şeiri var. O bu ənənəviləşmiş
mövzuda təzə söz deməyə cəhd edib və cəhdi
uğurludur:
Bu qəm
- çox çəkilən bir ah,
Heç susayıb içəni yox.
Körpüyə
bir bax, ay Allah -
Üzərindən
keçəni yox!
O
körpünün daşı-sinə,
Adamlar - sinə dağıdır.
Batıb
su zümzüməsinə,
Qəzəbim sinə dağıdır.
Araz
üstdə, su üstdədir,
Su - aydınlıq, son dayağı.
İllər
boyudur xəstədir -
Dərmanı - insan ayağı.
Vüsalın
yolu nə sərtmiş!..
Dərdim dəryadan dərindir.
Üstünü
ələmlər örtmüş
bu sinəm
- Xudafərindir...
Yusif Nəğməkarın
"Koroğlu heykəlinə" adlı bir şeiri də
var və bunu onun ən sanballı şeirlərindən biri
hesab etmək olar:
İgidi
salamat, diri, sağ ucalt,
Ad var, sahibinin duz yükü deyil.
Koroğlu
adında tuncdan dağ ucalt,
Yüzü Koroğlunun bir tükü deyil.
Bu heykəl
meydanda, qılınc oyununda,
Qalxıb qan gölündən tabuta kimi.
Ancaq qiymətlidir
tarix qoynunda
Mərdlik şərəfinə abidə kimi.
Abad tuta
bilməz düşmən torpağı,
Zəfər idrakladır, səs ilə deyil.
Qıratın
kölgəsi düşən torpağın
Koroğlu işığı kəsilən deyil.
Yusif Nəğməkarı bir şair kimi səciyyələndirən
xüsusiyyətlərin biri və mənim fikrimcə, birincisi
onun şeirlərindəki musiqililikdir. Çox maraqlıdır: o,
əruzda da, hecada da, sərbəstdə də yazır və
bu vəznlərin hər birində həmin xüsusiyyət
itmir. Çünki musiqililik, poetik ritm, ahəng
Yusif Nəğməkar şeirinin əzəli xüsusiyyətidir.
Onun gözəl qoşmaları, gəraylıları,
heca şeirləri var, xalq şeirinin poetik gözəllikləri
onun şeirlərində də nəzərə
çarpır. Ənənəyə
bağlı şairdir Yusif Nəğməkar. Və bu yerdə düşünürsən ki,
"Nəğməkar" təxəllüsü ilə onun
şeirləri arasında uyğunluq yerinə
düşür. Lap sonuncu şeirlərindən birində
deyir:
Sərçeşmələr
belə yumub-çiləməz,
Sən
ağlama, qoy bulaqlar ağlasın!
Heç göylər
də bu cür leysan ələməz,
Sən
ağlama, qoy bulaqlar ağlasın!
Kövrək duyğun çiçəklənib sözündə,
Zərif təbin ləçəklənib üzündə,
Qoşa damla inci şehdi gözündə,
Sən ağlama, qoy bulaqlar ağlasın!
Yusifi bir şair kimi səciyyələndirən cəhətlərdən çox danışmaq olar. Onun ustadlara məhəbbəti, onlarla canlı ünsiyyəti, poeziyalarına münasibəti də maraqlıdır, dəyərlidir. Xalq şairi Rəsul Rzaya gözəl bir poema həsr edib. Ayrı-ayrı şeir-anımlar formasında qələmə alınan bu poema ustada həsr olunan əsərlər sırasında seçilir. İllər boyu Bəxtiyar Vahabzadə ilə dostluq edib, onun poetik məktəbindən dərs alıb. Xalq artisti Niyaməddin Musayevə həsr olunan "Ah-Naz - "Şahnaz" poeması da xoş təsir bağışlayır.
Çox danışmaq olar Yusif Nəğməkarın
şeirləri barədə. Hətta bəzi şeirləri
barədə tənqidi iradlar da bildirmək olar. Amma
açıqca görürəm ki, o, 65 yaşına kamil bir
şair kimi gəlib. Odur ki, mən Yusif Nəğməkara
uzun ömür, cansağlığı və təbii ki, yeni
yaradıcılıq uğurları arzulayıram!
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2020.- 12 iyun.- S.13.