"Otuz doqquz
düyün"
İlk hekayələrini ötən əsrin
80-ci illərindən yazmağa başlayan
yazıçı-jurnalist Dilarə Rüstəm (Quliyeva) yeni
- 2-ci hekayələr kitabını "Otuz doqquz
düyün" adlandırıb.İki hissədən ibarət
kitabda müəllifin müxtəlif illərdə
yazdığı 38 hekayə və 1 povesti yer alıb. Birinci
hissədə hələ 20 il əvvəl
işıq üzü görən "Mənim Şərq
çiçəyim" adlı kitabına daxil etdiyi hekayələr
indi ilk dəfə latın qrafikası ilə bu kitabda da
çap olunub.
Mövzu etibarilə həm ötən
günlərin, həm yaşadığımız
dövrün, həm də gələcəyin çox aktual
problemlərinin əks olunduğu bu kiçikhəcmli əsərlərin
hər birinin öz bədii yükü var. Obrazların fərdi-psixoloji
dünyasının dərinliklərinə çox məharətlə
nüfuz etməyi bacaran müəllif öz oxucusunu da dərindən
düşünməyə, hadisələrin kökündəki
səbəbləri araşdırmağa vadar edir. Oxucu
özünü hadisələrin içərisində hiss
edir və həyatda tez-tez rastlaşdığı
insanların bir-birindən fərqli tale kitabını vərəqlədikcə,
yazıçının bu insanların əsl portretini
yüksək peşəkarlıqla yaratdığının
şahidi olur.
Əslində, əsərin
adındakı "otuz doqquz düyün" ifadəsini
müəllif kitabdakı hekayələrin sayına işarə
mənasında seçib. Əsərlərdəki
surətlərin dili ilə onların həyatlarının
görünməyən cəhətləri o qədər real
təsvir edilir ki, əsərin sonuna qədər bu gözəgörünməz
cazibə qüvvəsinin sehrindən çıxmaq
mümkün olmur. Bunun əsas sirri isə
yazıçının öz işinə çox məsuliyyətlə
yanaşmağında və milli-mənəvi dəyərlərimizin
bir vətəndaş olaraq təəssübünü çəkməsindədir.
"Məncə, cəmiyyətdə hərənin
öz yolu var, bəlkə də ona görə üzərimə
düşən məsuliyyəti hiss edirəm, yazmaq istəyirəm. Əgər
yaşadığım aləmə zərrə qədər
xeyir verməyi bacararamsa, o zaman ömrümün
hədər keçmədiyinə inanaram və buna xoşbəxtlik
deyərəm...", - yazır Dilarə xanım.
"Yaşadığı
aləmə zərrə qədər də olsa xeyir vermək"
arzusu ilə yaşayan Dilarə Rüstəmin kitabına
hörmətli Xalq yazıçımız Mövlud
Süleymanlının yazdığı Ön sözdən
götürülmüş aşağıdakı fikirlər,
yəqin ki, bu narahat yazıçının arzu və istəyinin
cavabı kimi səslənir...
"...
Yazıları oxuyandan sonra Dilarə xanımın bir qadın
yazıçısı olaraq
narahatçılığını anladım... Onun narahatçılığı birbaşa qələmə
aldığı mövzuların son dərəcə ciddi,
ağrılı olduğuyla bağlıydı və bu məsuliyyətə
görəydi hamısı. Ağrılarını
yaşadığı, özünə dərd hesab etdiyi, ildən-ilə
də genişlənən, dərindən dərinlərə
işləyən mənəvi pozğunluqlar, itirdiyimiz dəyərlər
onu narahat edirdi...
Əslində bizim hamımız bu itgilərin,
narahatçılıqların arasındayıq,
üstünü vurmayanlarımız, özünə
"mal" eləmiyənlərimiz olsa da,
ağrısını yaşayan və yaşamaqda olan məsuliyyətli
insanlarımız var, onlardan biri də yazıçı Dilarə
Rüstəmdir. Mən bunu bütün inamımla deyirəm..."
Mən də bir oxucu kimi, "Otuz doqquz düyün"
kitabında toplanmış hekayələri oxumaqdan
böyük zövq aldığımı etiraf etməklə
bərabər, həm də onların bəziləri barədə
qısa məlumat vermək və bir neçə kiçik
epizodu sitat kimi təqdim etməyi məqsədəuyğun
hesab etdim.
... Şəhərin
zənginlər məhəlləsində yaşayan, dövlət
işindən təqaüdə çıxmış
varlı və həm də çox ağır xasiyyətli
bir qocanın yaşam tərzini, əslində isə bu
varlı qocanın ən çox ehtiyacı duyduğu bir amili
- insani münasibətlərin dəyərinin heç bir
dünya malı ilə ölçülmədiyinin təsvirini
yazıçı o qədər məharətlə oxucuya
çatdırır ki, əlavə şərhə ehtiyac
duyulmur...
"Qulluqçu"
hekayəsindən: "...Varlı kişinin ailəsinə
qulluqçuluğa dəvət olunmuş Saqra adlı
qadının ilk tanışlıq anında, -
"köküm İrandan gəlmədir, adım da ulu nənələrimdən
birinin adıdır", - deyərək özünü təqdim
etməsindən sonra, ev sahibinin
qızının:
- Mənim
də anam alman qızıdır, - deyə sarışın
xanım özü ilə bağlı ilk
açıqlamanı verdi, sonra da əsas
mövzunu ortaya atdı:
- Saqra,
siz üç ay, anam Almaniyadan qayıdıb gələnədək
atama baxmalı olacaqsınız. Onu da deyim ki,
atam tünd xasiyyətlidir, hər kəsə bu qapıdan
içəri girməyə imkan verən deyil, amma nədənsə,
sizi bəyənib. Oğlumla bərabər
hər həftə evə baş çəkəcəyik.
Sizdən yalnız atamın sərtliyinə dözməyi rica
edirəm...
Sərt
xasiyyətli qoca az müddət ərzində
qulluqçuya əlçatmaz məbəd kimi baxmağa
başlamış və hətta üç ayın necə
keçdiyini hiss etməmişdi. Hətta
günlərin birində Almaniyadan arvadının
qayıtmağı barədə aldığı teleqram onun əhvalını
elə korladı ki, Saqranı itirmək qorxusu ona dəhşətli
göründü. Çünki özgəsi
üçün yanan, başqasına görə yaşayan,
çəkdiyi əzablardan yorulmayan bir qadınla üz-üzə
qaldığının fərqində idi və həyatı
boyu görə bilmədiyi insanlığı onun simasında
kəşf etmişdi... Və...
...
Qapı ağzında duran qoca əlində bir ovuc pulu bərk-bərk
sıxmışdı və qulluqçu qızla
görüşəcəyi anın həsrətini çəkirdi...
Xəstə olduğu günlərdəki kimi, gözləri
yenə çuxura düşmüşdü, yaman
yazıqlaşmışdı...
Amma qoca Saqranı itirmək istəməsə də,
Saqranın onunla paylaşacaq bir sözü
qalmamışdı".
"Bazar uşağı" hekayəsini oxumazdan əvvəl
oxucu sözün həqiqi mənasında imkansızlıq
üzündən bazarlarda veyil həyat keçirən bir
uşaqla rastlaşacağını zənn etsə də,
tamamilə başqa bir aləmə daxil olur. Yaxşı yaşamaq naminə
simasızlıqla, başqalarının hesabına
özünün rahat həyatını yaşayanların
iç üzünü məharətlə açıb
göstərən yazıçıya yalnız minnətdarlıq
duyğuları keçir insanın qəlbindən.
"Qəhrəman"ının
portretini mahir bir rəssam kimi göz önündə
canlandıran müəllif onu belə təqdim edir:
"...
Ortalıqda gözə dəyən 50-55 yaşlarında,
gödəkboylu, göbəyi özündən xeyli qabağa
çıxan kişi... saymazyana hərəkətlərlə
axşamkı boyat yeməkləri qızdırıb
masa-nın üstünə düzürdü. Süfrədəkilər
gözünə az dəyəndə,
üç-dörd yumurtanı da yağa çırpıb
vücuduna çirkinlik gətirən qarnını doydururdu.
O, ömründə acqarına evdən ayağını
çölə atmazdı...
Ancaq hər gün evini qalmaqallarla tərk edən bu
alçaqboylu kişini ayaq döyəcəyi məkanda tamam
başqa aləm gözləyirdi. Dilinə bal
qatıb, gün ərzində bəlkə də yüz
adamı yola salardı. Əvəzində cibləri
pulla dolurdu, onun müştəriləri dünyanın hər
yerindən şəhərə axışan turistlər idilər.
Milliyyətindən asılı olmayaraq, o, hər
kəslə ana dilində az-çox danışmağı
bacarırdı. Adına nahaqdan "bazar
uşağı" demirdilər...
...Gümüş
dükanının uzunburun satıcısı bir az öncə satdığı
gümüş bilərzikdən və boyunbağıdan
qazandığı 295 manatı kassaya qoyub, ortalıqda var-gəl
etməyə başladı. Düşüncəsində
ilişib qaldı ki, indi o sırtıq kişi
- "bazar uşağı" dönəcək, ondan
qazancın on beş faizini zorla istəyəcək. Könülsüz də olsa, ona pulu vermək məcburiyyətində
qalacaq. Yoxsa, müştəriyə mal satmaq o yana qalsın, bir də dükanın həndəvərindən
onu keçən görməz. Dükançı bazar
uşağındakı alış-veriş məharətini
özündə görmədiyi üçün öz
halına acıdı..."
İnsan
həyatının psixoloji anlarında sözün qüdrətinin
nəyə qadir olduğunu "İtyemiş" hekayəsində
yazıçı o qədər ustalıqla təsvir edir ki,
sonda təkcə əsərin qəhrəmanı deyil, oxucu da
sözün həqiqi mənasında şoka düşür:
"... Onun qollarındakı və dizlərindəki oynaq
sümükləri qəribə şəkildə ətinin
içərisinə burulmuşdu, batıqlıq büküləcəklərdə
dərin çuxur əmələ gətirmişdi. Dirsəkdən aşağı hər iki qolu və
ayaqları sümüksüz sallanan ət parçasına bənzəyirdi.
İtyemişi ilk dəfə görən adam
inana bilmirdi ki, şil-şikəst qolun-qıçın
sahibi bir kəndin görə bilmədiyi ən ağır
işlərin öhdəsindən asanlıqla gəlir...
Üzündə eybəcərliyini dərinləşdirən
iki qüsuru var idi, onlardan biri xeyli qabağa
çıxmış qaşları ilə saçları
arasındakı dar məsafəni adamın gözünə
soxurdu, qızın çöhrəsindəki yöndəmsizliyi
əməlli-başlı nəzərə
çarpdırırdı. Lakin İtyemişin
anadangəlmə qüsurlarını tamamlayan və onu daha
kifir göstərən bir nöqsanı da var idi.
Uşaq vaxtı üzünün bir hissəsi qudurmuş it tərəfindən
qapıldığı üçün, sol yanağından
qopmuş ət parçasının tarım çəkilmiş
dərisi peyvənd damğasına bənzəyirdi...
Əsl adını özü də unutmuşdu. İt qapan vaxtdan onu
İtyemiş kimi tanıyırdılar... Qondarma
adı həyatına ömürlük damğasını
vurmuşdu. Yalnız anası qızına
İtyemiş adını yaraşdırmırdı. Ona "Sünbül qızım" deyərdi.
Amma...
Amma bir
gün qızının insanlıqdankənar
insafsızlığına dözməyən ana içindəki
nifrətini qışqırtı ilə soyutmağa
çalışdı və istəkli qızına -
İtyemiş, at İtyemiş, - deyib bağırdı...
O, ilk dəfə
ən ağır cəzanı anasından aldığına
görə, hönkür-hönkür ağlayırdı. İtirdiyi pullara görə gözyaşı
axıtmırdı. İtyemişi ovutmayan
anasından duyduğu nifrət idi. Bu adla
onu təkcə anası çağırmamışdı.
Ən ağır zərbəni qazandığı nifrətin
təsirindən aldı..."
Reallıq baxımından bütün dövrlərdə
öz aktuallığını saxlayan bir mövzu -
şan-şöhrət həvəsi ilə
alışıb-yanan insanların öz istəklərinə
çatmaq naminə itirdikləri mənəvi dəyərlərin
qazandıqlarından çox olduğu hamıya yaxşı məlumdur. "Aktrisa"
hekayəsində müəllif bu ülvi dəyərlərin
qurban verildiyi məqamları çox məharətlə
canlandıra bilmişdir.
Bu mənəviyyatsızlığın əsl səbəbini
axtaran müəllif oxucunu da seçim qarşısında
qoyur.
"Kimdir günahkar?" sualının cavabı isə birmənalı
olaraq final səhnəsində verilir:
"...
Sonralar divara vurulmuş afişalarda adına
tez-tez rast gəlirdi. Onu əvvəlcə direktor yanına
çağırdı, rejissorun otağında gözə dəydi,
sonra başqa rəhbər işçilər... Qulağının dibində çeynəyib
tökdülər ki, aktrisaya ağıl lazım deyil, o,
yalnız emosiyalarla yaşamalıdır, bunu onlardan səhnə
tələb edir. O da razılaşdı, səhnə nə
tələb edirdisə, nəyi vardısa hamısını verdi. Əvəzində çox şey
qazandı: rejissordan istədiyi rolları qopara bilmişdi, əməlli-başlı
tanınırdı: televiziyada görünürdü, səsi
radiodan, möhtəşəm konsert salonlarından
eşidilirdi. Əynində cürbəcür şubaları,
gödəkçələri vardı, yeməyinə də kəmlik
vermirdi...
... Ailə,
paklıq və qocalıq heç vaxt onu
düşündürmədi, ta o vaxta qədər ki,
olanlarının çoxunu itirdi..."
Yeri gəlmişkən,
onu da qeyd edim ki, Dilarə xanım təkcə əsərlərindəki
obrazların deyil, elə özünün də portretini məharətlə
yarada bilmişdir:
"... Vaxt var idi buralardan baş götürüb getmək
istəyi içimə dolmuşdu. Elə bezmişdim ki,
əhatəmdə nə vardısa, - ev,
ailə, iş, dostlar - hamıdan ömürlük qopmağa
can atırdım. Gözləmədiyim təsadüf
gözümü açdı. Opera sənətçisi,
məndən kiçik bacım Türkiyənin məşhur
şəhərlərindən birinə işə dəvət
aldı və tezliklə ailəsi ilə bərabər yola
çıxdı, mən də onlara qoşuldum. Yolboyu küskün ruhuma haqq qazandırırdım,
düşüncəmin dərinliyində bir fikir ilişib
qalmışdı, nə olur-olsun, geri dönən deyiləm.
Hətta imkan tapıb oradan da Avropaya üz tutacaqdım..."
Amma
bütün rahatlıqla təmin olunan, hətta təsəvvürünə
gətirmədiyi cah-cəlallı bir evdə yaşayan və
şəhərin ən görməli yerlərini gəzməkdən
xüsusi zövq alan bu xanım çox
tez, cəmi üç gündən sonra bütün
düşündüklərinin əksinə olaraq,
peşmançılıq çəkdiyini etiraf etməyə
məcbur olur:
"Gəlişimizin
dördüncü günü evimizlə danışdım, qəhərləndim,
gözlərim yaşardı, ömrümdə ilk dəfə
anamla dərdləşməyi bacarmadım və həmin an qürbətə gəldiyimə görə,
ölçüsüz peşmançılıq hissi duydum. Əzizlərimdən
ayrılarkən, keçirdiyim bütün düşüncələrimin
üstündən xətt çəkdim. Bu qədər
gözəlliyin içində firavan görünməməyimin
səbəbini anladım. İstəsəm də, geri dönmək
qərarını verməyə cəsarətim
çatmadı və özümü qaçmaq istədiyim
qürbətdə yaşamağa məcbur etdim. Özümə
həmişə güvənmişdim, demək istədiyim
odur ki, ağlamağın var olduğunu qürbətdə
öyrəndim... Mən qürbəti də sevdim.
Çünki o mənə yarı olmuş ömrümdə
anlamadığım böyük sevgini yaşatdı, kimliyimi
içimə sübut etdi. Vətənimi ilk dəfə
qürbətdə sevdim..."
Xoş məramla
oxucu yaddaşını təzələyən, mənəvi
dəyərlərimizi, xüsusilə də insani münasibətlərin
dəyərini əbədiləşdirmək istəyilə
oxucuların görüşünə gələn "Otuz
doqquz düyün"ün müəllifinə daha
böyük uğurlar diləyirəm.
Maral POLADOVA
P.S. Narahat təbiətli Dilarə
xanım kitabın sonuna belə bir məlumat da əlavə
edib: "Bəzən müasir oxucuların fikri ilə
tanışlığa ehtiyac duyulur. Əminəm ki,
oxucularım qələmə aldığım hekayələrə
biganə qalmayacaq və düşüncələrini müəlliflə
bölüşməyə çalışacaqlar. Mən də
onlarla əlaqə saxlamağa maraqlıyam..."
525-ci qəzet.- 2020.- 12 iyun.- S.14.