Beynəlxalq aləm: ziddiyyətlər,
münaqişələr, müharibələr
(Əvvəli ötən şənbə
sayımızda)
Romalılar Afinadakı Akropolun arxitektura abidələrini,
şəhərsalma qaydalarının səmərəliliyini
gördülər. Yunan elmi, fəlsəfəsi romalılar
üçün məktəb, universitet hesab oluna bilərdi.
Yunan qullar Romada müəllim, həkim işləyirdilər.
Roma şairləri Homerdən, Hesioddan, Sapfodan
öyrənirdilər. Teatr, musiqi də Yunanıstanda
çox inkişaf etmişdi, Romada yunan dramaturqları Esxil,
Sofokl və Aristofanla
bu sahədə müqayisə oluna bilən
heç bir istedad yox idi. Qədim yunanlar həm
də natiqlikdə yüksək zirvələrə
çatmışdılar. Perikl, Demosfen, İsokrat bu sahədə
zirvə sayıla biləcək nümunələr qoyub
getmişdilər. Təsadüfi deyildir ki,
böyük Roma natiqi və filosofu Siseron nitq mədəniyyətinə
sahib olmaq üçün Yunanıstandakı müəllimlərdən
dərs almışdı. Romalılar daha uzağa gedərək
yunan mifologiyasını bütünlüklə qəbul edərək,
onu özününküləşdirmək üçün
mifik qəhrəmanların yalnız adını dəyişmiş,
latın dilinə
uyğunlaşdırmışdılar. Adlar dəyişsə
də, mifologiyadakı heç bir hadisə, element dəyişikliyə
məruz qalmamışdı.
Yaxud Osmanlı imperiyası Sultan Səlimin dövründə
Şərqdəki istilalara böyük maraq göstərdiyindən
iri ərazilər işğal etdi. Osmanlıların hərbi
qüdrəti o vaxtlar özünə rəqib
tanımırdı və sultan Süleymanın idarəçiliyi
illərində isə Avropa bütünlüklə türk
işğalına məruz qalacağından qorxurdu. Çünki Mehmet Fateh hələ bir əsr əvvəl,
1453-cü ildə Konstantinopolu işğal etməklə,
Bizans dövlətini tarixdən silmişdi.
Sultan Səlim ərəblər yaşayan əraziləri
işğal etsə də, orada türk mədəniyyətini
tətbiq edə, yaya bilmədi, çünki ərəb mədəniyyəti
tüklərinkinə görə daha qədim və zəngin
idi. Ərəblər
(mavrlar) VIII əsrin əvvəllərində İspaniyanı
işğal etdikdən sonra bu ərazidə əsl mədəni
inqilab törətmişdilər, şəhərləri
möhtəşəm məscid və saray binaları ilə
abadlaşdırmış, çoxlu məktəblər və
kitabxanalar açmış, qədim yunan fəlsəfəsi
tərcümə edildikdən sonra İspaniyadan bütün
Avropaya yaymışdı. Vaxtilə işğalçı
olan və nəhəng ərazilərdə islam
xilafəti yaradan ərəblər XVI əsrdə artıq
osmanlıların əsarəti altına
düşmüşdü, türk sultanı İslamın
dini mərkəzlərini də ələ keçirdiyindən,
Xəlifə titulunu da qəbul etmişdi.
Lakin ərəb
mədəniyyəti təslim ola bilməzdi
və ona görə də türklər düzgün qərar
verib, ondan çox şeyi götürməyi məqbul
saydılar. Türk musiqisində ərəb
motivlərinin təsiri güclü idi. Şərqlilərin
dəbdəbəli həyat tərzi türk
sultanlarının saraylarına da ayaq açdı. Hələ
Səlcuqların dövründə isə burada fars dili ədəbi dil rolunu oynayırdı və
Cəlaləddin Rumi kimi dahi şairlər fars dilində
yazıb-yaradırdılar. Dini poeziyada isə ərəb
dili üstünlük təşkil edirdi.
Mərkəzi Asiyada ilk dəfə tarix səhnəsinə
çıxan türklər 552-ci ildə ilk türk
imperiyasinı yaratmışdılar. XIV əsrdən XX əsrin
ilk onilliklərinə qədər altı əsr davam edən
Osmanlı imperiyası nəinki bu ənənəni davam etdirmiş,
hətta ən uzun ömürlü imperiyalardan birinə
çevrilmişdi.
Ərəblər isə daha qədim tarixə və
sivilizasiyaya malikdir. Ərəb tayfaları lap qədimdən
Ərəbistan yarımadasında, səhranın kənarlarında
və dəniz sahillərində məskunlaşmışdılar.
Təsərrüfat və mədəni cəhətdən
ən inkişaf etmiş ərazilər Yəmən və
Hicaz idi. B.e.ə. I
minillikdə Yəməndə Sabey əkinçilik
sivilizasiyası inkişaf etmişdi. Yəməndən
və Hicazdan həm də mühüm ticarət yolları
keçirdi, onlar Hindistanla Roma imperiyasını birləşdirirdi.
Ərəblər ədəbiyyatda çox irəli
getmişdilər. Böyük ədəbiyyat erası VI əsrdən
XII əsrə qədər olan yarımminillik bir dövrü əhatə
edir. Bu vaxt poeziya aparıcı mövqedə
idi. İslamdan əvvəl qəsidə
janrı yaranmışdı. İslam
dininin yaranması ilə müqəddəs kitab olan Quran meydana
gəldi. Əməvi xilafəti
dövründə (661-750-ci illər) isə qəzəl daha
geniş yayılmağa başladı. İslam
Ərəb dünyasında həm də böyük birləşdirici
rol oynadı. Mədəniyyətin Şərq-
Qərb diffuziyasında ərəblər dünya əhəmiyyətli
həlledici tarixi rol oynadılar.
XVI əsrin ikinci onilliyndə Osmanlı sultanı Səlim
köhnə İslam xilafətinin torpaqlarını tutmaqla
öz imperiyasının ərazisini ikiqat böyütdü. Dövlətinin ərazisini
iki dəfə böyüdən həm də ABŞ-ın
üçüncü prezidenti Tomas Cefferson olmuşdu, sultan Səlimdən
fərqli olaraq, o, buna işğal vasitəsilə deyil,
Luiziananın nəhəng ərazisini Fransa imperatoru Napoleondan
satın alması ilə nail olmuşdu. Sultan Səlimin həmin əraziləri
tutması osmanlılar üçün çox böyük əhəmiyyətə
malik idi, yeni vergilər yığmaq imperiyanın maliyyə
problemlərinin həllinə şərait yaratdı, ən
mühüm İslam hökmdarı kimi sultanın mövqeyini
möhkəmləndirdi. Ən başlıca cəhət
isə yüksək İslam sivilizasiyasının intellektual,
incəsənət və inzibatçılıq irsinə yiyələnməyə
osmanlıların birbaşa çıxmaq imkanını əldə
etmələri idi, bu vaxta qədər bunlar sultanın ölkəsinə
yalnız dolayı yollarla daxil olurdu. Ərəb
dünyasından İstanbula bu vaxt həmin dövrün
aparıcı müsəlman intellektualları, sənətkarlar,
inzibatçılar və rəssamları gəldi. Abbasi xəlifələrinin dövründə xilafətdə
elm, xüsusən fəlsəfə, təhsil, həm də
idarəolunma üsulları çox inkişaf etmişdi,
bunlara isə elmi və mədəni inkişaf naminə
osmanlıların böyük ehtiyacı var idi.
Çingiz xanın tarix səhnəsinə
çıxardığı monqollar böyük ərazilər
tutdular. Lakin onlar heç bir yerdə öz mədəniyyət
izlərini qoya bilməmişdilər. Çində
hakimiyyətini quran Xubilay xan çinlilərə məxsus
olan mədəniyyəti qəbul etmiş, öz sülaləsinin
adını da Çin sözü olan "Yuan"
qoymuşdu.
Elə həmin
vaxt, XIII əsrin ortalarında Bağdadı tutan monqollar şəhəri
dağıtmış, Şərqin fəxri olan
"Beyt-ül hikmə"ni - Müdriklik
Evini məhv etmiş, kitabları yandırtmışdı. Monqol Hulaku xandan, Dəclənin sularının rənginin
çaya axıdılan qana görə qırmızıya
çevirməsi təəssüratından başqa heç
bir xatirə qalmadı. Monqolların
Asiyadakı Ərəb ərazilərinə vurduğu zərbə
o qədər dağıdıcı, məhvedici idi ki, ondan
sonra ərəb elmi və mədəniyyəti öz
inkişafını xeyli müddət dayandırdı.
Babur 1526-cı ildə Dehlini tutduqdan sonra Hindistanda
Muğal imperiyasını yaratmışdı. Bu ölkə Teymurləngin
də diqqətini cəlb etmiş, ölümündən 7 il əvvəl, 1398-ci ildə oraya hücum
etmişdi, lakin ölkəni qəti şəkildə
işğal edə bilməmişdi. Babur da onun
nəslindən beşinci törəmə idi, Ciğatay
türkü olmasına baxmayaraq, o, "Muğal" kimi
tanınırdı. O, öz əmisi və dayısı
ilə Fərqanə şahı olarkən vuruşmuşdu,
taxt-taca isə 11 yaşında gəlmişdi. Türk,
monqol, persiyalı və əfqan məsləhətçilərindən
hərbi taktikaları öyrənmişdi. O, Dehli ordusunu
darmadağın etdi, sonra isə böyük əraziləri
tutdu.
Özünün "Baburnamə" əsərində
o, Hindistanı bağları və yaşıllıqları
olmadığına, hindliləri isə qonaqpərvər
olmadıqlarına görə tənqid edir, ölkəyə
və xalqa mənfi münasibətini ifadə edirdi. Bu yazıdan
belə görünür ki, Babur Hindistanın qədim və
zəngin mədəniyyətə malik olduğundan xəbərsiz
imiş. Hindistanın şəhərləri
möhtəşəm arxitektura abidələri sərgisinə
bənzəyirdi, onların fasadı erotik mövzudakı
kiçik, gözəl heykəllərlə bəzədilmişdi.
Varanasidəki (Benaresdəki) heykəllər
hissiyyatlı məhəbbət səhnələrini əks
etdirirdi. Amerikan kino sənətkarları
onlara heyran olub, çoxseriyalı sənədli film çəkmişdilər.
Belə deyirlər ki, Birləşmiş
Ştatlarda pornofilmlər istehsalı bundan sonra
başlanmışdı. Axı hindlilər kişi və qadın arasında intim
yaxınlığı təqdir edir, ona həsr olunmuş məşhur
"Kamasutra" kitabını da dünyaya
ötürmüşdülər. Hindlilər
hissiyyat məhəbbətini vəsf edən poeziyanın
Avropada ilk yaradıcıları olan trubadurlardan min illər əvvəl
bu mövzuya müraciət etmişdilər. Hinduizm məbədlərinin
sütunu və döşəməsindəki bu sütunun
dayandığı mozaika kişi və
qadın uşaq meydana gətirən orqanlarını təsvir
edir.
Hindistan elmin, təhsilin inkişafına da böyük
qayğı göstərmişdi. Hələ b.e.ə.
III əsrdə çar Aşoka tarixdə ilk universitet
yaratmışdı, burada qonşu dövlətlərdən,
o cümlədən, Çindən gələn tələbələr
təhsil alırdı. Hind arxitekturası
bütün cənubi-şərqi Asiyaya
yayılmışdı. Kombocadakı Anqkor,
İndoneziyadakı Borobudur məbədləri fasadının
ecazkar bəzəyi ilə, çox saydakı heykəllərlə hindlilərin
təsirini əks etdirirdi. Babur hindlilərin
malik olduğu böyük dəyərlər nümunələrini
qoyub, xırda, xalqın mədəniyyətinə birbaşa dəxli
olmayan məsələlərdən
yapışmışdı.
Hindistanda yaşayan arilərin Vedaları b.e.ə. 2000-1500-cü
illərdə mövcud idi, onlardan da sonralar hinduizm dini meydana gəldi
və indi Hindistan əhalisinin 83 faizi hindusdur. Məgər
iudaizm və ondan sonra gələn dinlər özlərini
hinduizmlə və onun zəngin ədəbi əsası ilə
müqayisə edə bilərlərmi?
Xalqların dili də imperiyaların xeyrinə olan şəkildə
öz təsdiqini tapır. Böyük Britaniya, Fransa,
İspaniya, hətta Portuqaliya imperiyaları müstəmləkəyə
çevirdikləri ərazilərdə onlara məxsus olan
dövlət dilini tətbiq etməyə və yaymağa nail oldu.
Şimali Amerikaya XVI-XVIII əsrlərdə çox sayda
müxtəlif Avropa xalqları gəlsə də, bu ərazilərdə
ilk koloniyaları 1607-ci ildə Virciniyada, sonra isə 1620-ci ildə
Massaçusetsdə ingilislər yaratmışdılar. Hollandları
da sıxışdıran ingilislər Nyu-Amsterdamı tutduqdan
sonra onu Nyu-Yorka çevirmişdilər. İngilislərin
dili əsas ünsiyyət vasitəsinə çevrilməklə,
sonralar ABŞ və Kanada dövlətləri yarandıqda,
onların dövlət dili rolunu oynadı. Hindistanın hindi dili ilə birlikdə, Avstraliya və
Filippinin isə bütövlükdə dövlət dili ingilis
dilidir.
Qitə
Avropasından gələn immiqrantlar və onların
uşaqları Birləşmiş Ştatların
bünövrəsi olan 13 ştatda ingilis dilində
danışmağı öyrəndilər, bu vaxt həmin
ölkə, xalqları öz içində
qarışdıran bir qaynar qazan idi. Bu yolla
onlar öz linqvistik və mədəni mənşələrini
dəyişdirən, birləşmiş bir icmanın vətəndaşlarına
çevrildilər. Elə dövrlər var idi ki, hindu mənşəli amerikan uşaqlarına məktəbdə
ingilis dilindən başqa bir dildə danışmaq qadağan
olunmuşdu. Belə sərt qaydalar ingilis dilinin
aparıcı mövqeyə çıxmasına kömək
etdi.
Dil hər bir sotsium üçün vacib əhəmiyyət
kəsb edir, onun birləşməsi üçün sement
rolunu oynayır. Dil, insan davranışının digər aspektlərindən
az olmayan qaydada niyyət müdaxiləsi
subyektinə çevrilir. Müxtəlif dillərdə
danışan adamlar birləşməyə ehtiyac duyur, ona
görə də ikinci dili öyrənir və öyrədirlər.
İki dildən artığının tətbiqi
isə daha çox vaxt və cəhd tələb edir.
Roma imperiyasında latın dili linqua franca
kimi geniş istifadə olunurdu, onun Şərq yarısında
isə yunan dili aparıcı mövqedə idi. Roma
imperiyası dağılsa da, latın dili
bir çox Avropa dillərinin bünövrəsi rolunu
oynadı.
Sonralar Fransanın mədəni, diplomatik və hərbi
nüfuzu fransız dilini Avropa diplomatiyasının dili etdi. XVIII əsrdə
Almaniyada ədəbi dil kimi fransız dili işlənirdi.
Böyük Fridrix fransız dilində
yazırdı, bu vaxt alman dili atla danışmaq dili hesab
edilirdi. Fransız dilinin beynəlxalq əlaqələrdə
işlənməsi XX əsrə qədər qalırdı.
Britaniya kralı V Henrinin (1413-1422-ci illərdə hökmranlıq etmişdi) devizi olan və fransız dilində ifadə olunan "Dieu et mon droit" - "Allah və mənim hüququm" sözləri taca ilahi hüquq verilməsini əks etdirməklə, İngiltərə, XVIII əsrin əvvəlindən sonra isə Britaniya monarxiyasının devizinə çevrilmişdi. İndi də fransız dilindəki həmin ifadə Böyük Britaniya gerbini bəzəyir.
Yalnız İkinci Dünya müharibəsindən sonra aparıcı rol ingilis dilinə keçdi, buna elmdə, texnologiyada və beynəlxalq kommersiyada işləyən adamların ondan istifadə etməsi şərait yaratdı. Hindistanda yaşayan ingilis uşaqları isə ingilis dilini valideynlərindən, hind dilini isə dayələrindən və ailə qulluqçularından öyrənirdilər.
Başqa imperiyalar da öz dilinin tətbiqində ingilislərdən geri qalmırdı. İspanların işğal etdikləri ərazilərdə - Braziliya istisna olmaqla bütün Cənubi Amerikada, Şimali Amerikanın Mərkəzi Amerika sayılan hissəsində və Karib dənizi hövzəsində yaşayan əhali ispan dilində danışır. İspan dili bütün hindu dillərini, daha çox yayılmış Keçua tayfasının dilini sıradan çıxarmışdı. ABŞ-ın özündə də ispandilli əhalinin - latinosların sayı 40 milyona qədərdir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2020.- 13 iyun.- S.22.