Vətəni ilə
bütövləşib ucalan şair
Vətən məhəbbəti, vətənə
bağlılıq... Ancaq hər məhəbbət, hər
bağlılıq yox, şair məhəbbəti, şair
bağlılığı...Doğma torpağa bağlı
olan çox insanlar ola bilər, hətta
var da. Lakinbunların çoxu torpağa mədəsi ilə,
cibi ilə, maddi maraqları ilə bağlıdır. Ancaq mən
bir şeyə inanıram: inanıram ki, əsl sənətkarlar
torpağa qanı ilə, ruhu ilə, yaradılış
mayası ilə bağlanır və onların ruhu Vətən
torpağının ətrafında əbədi pərvanəyə
çevrilirlər. Görəsən, özülündə vətən
daşı olmayan, ruhu vətən torpağında
yaşamayan, vətəni öz yaradıcılığı
ilə yaşatmayandan sənətkar ola bilərmi?
Bəzən şairlər Vətən mövzusunu qələmə
alarkən tamamilə tərifdən ibarət, poetikliyini
itirmiş, poeziyamız üçün də əhəmiyyətsiz
şeirlər ilə vətəni yaşadacaqlarını,vətənə məhəbbəti dərinləşdirə
biləcəklərini düşünürlər. Təəssüf
ki, bu da istənilən nəticəni vermir, süni və
solğun görüntü effekti yaradır.
Əsl şairlər dünyaya gəldiyi gündən
çox-çox əvvəl doğulur. O, bir zərrəcik kimi
öz xalqının ürəyindən qopur,
doğulacağı torpağa düşür. Xalqının
nəfəsi ilə böyüyür. Bu
baxımda mənə elə gəlir ki, Məmməd Araz Azərbaycan
dağlarından qopub gələn bir qayadır, Xətai
qılıncından çaxan qığılcımdır,
Araz sularının həzin ağrısını gecə-gündüz
dinləyən sahil yovşanıdır. Xalq
şairi Məmməd Arazın şeirlərində Vətən
mövzusu yoxdur. Necə ola bilər
ki, özü bütövlüklə vətənlə səsləşən
birinə "vətən mövzusunda yazır" süni tərifini
yamayasan?! Məmməd Arazın özü
bütövlükdə vətənləşən
insandır. Ona görə də onun
şeirlərində vətən mövzusu yoxdur, vətənin
özü var. O, vətəni "Vətən məhəbbəti"
ilə yaşadır və şairin ruhu da vətənin hər
daşında, qayasında yaşayır.
Vaxtı ilə böyük Tolstoy bir pedaqoq kimi
uşaqlara deyirdi ki, Vətən Yasnaya Polyanadan
başlanır. Xalq şairi Məmməd Araz
üçünsə Vətən kiçik bir dağ kəndindən
başlayır. Məmməd Araz öz
kökləri ilə onu bəsləyən, boya-başa
çatdıran, ona böyük həyata vəsiqə verən
kiçik yurdunu incə məhəbbətlə sevir. Böyük vətəndaş sevgisinin ilk
qığılcımlarının məhz balaca Nursu kəndində
yaranması bu baxımdan heç də təsadüfü
deyil. İlk dəfə burada eşitdiyi əsrlər qədər
uzaqlardan gələn doğma ana laylasının,babasından, ən böyük alim
sandığı nənəsindən eşitdiyi, bir anda bir
neçə əsri uçub aşan saysız dastan və
nağılların hər birində vətən var:
Onun Araz
kimi kükrəyib daşan,
Kürün
nəğməsinə nəğmələr qoşan,
Hünər
dastanı da, sevinc səsi də,
Bəzən
söz üstündə titrəməsi də,
Nənəmin qəlbindən qəlbimə doldu.
"O əllər
mənim ilk müəllimim oldu" dediyi, dərələri,
dağları müəllim kimi tanıtdıran, sevdirən, hələ
ilk dəfə gəzməyə çıxanda xırdaca əllərindən
tutan isti, doğma ata əllərinin təmasının və
bəzən şairin çox sevdiyi kənd axşamlarında
qonum-qonşunun, qohum-əqrəbanın, sinədəftər
qocaların söhbətlərinin şairin hələ
uşaqlıqdan vətən sevgisi ilə böyüməsində
mühüm rolu olmuşdur:
Budur sinədəftər
qocalar yenə,
Enir tarixlərin dərinliyinə.
Kimi
Koroğludan, kimi Babəkdən,
Kimi də Gülgəzdən, Abbasdan deyir.
Məmməd Arazın qələmə aldığı
əsərlərin əksəriyyəti birbaşa ya doğma
kəndi ilə bağlıdır, ya da kənddən gətirdiyi
uşaqlıq, gənclik xatirələrinin şövqü ilə
yazılmış saf və səmimi duyğulardır. Həmçinin
şairin poemalarının əksəriyyətində də kəndli
həyatı, kəndli zəhməti qabarıq şəkildə
təsvir olunur. Müharibə
dövrünün kəndli həyatına qatdığı əzab-əziyyəti
də Məmməd Araz sonralar mahir bir şəkildə qələmə
alır. O cümlədən ,
"Üç oğul anası" poemasında Böyük
Vətən Müharibəsində üç oğlunu
itirmiş, özgələr çiynində gora gedən bir kəndli
qadının acı taleyini müşahidə edirik.
Xalq şairi yazılarının birində qeyd edir ki,
"Müharibə vaxtı yüz evlik kəndimizdə bizim
İbrahimovlar nəslindən də dönməyənlər
çox oldu.
Azərbaycanlı döyüşçülərin
Ukraynadakı döyüş yolunu izləmək üçün
qardaş torpağına getdim. Müxtəlif
qardaş qəbirləri - məzar şəhərlər
gördüm. Lvov şəhərində
bir qəbrin başdaşına İbrahimov
yazılmışdı. Bircə familiya! Nə ad, nə
ünvan! Elə oradaca bu misralar doğuldu və sonra bu misralar
"Əsgər qəbri haqqında ballada" poemasının
yaranmasına təsir etdi":
Bizim kənddən
doxsan igid qayıtmadı,
Doxsan ana
yola baxdı,
doxsan
ümid qayıtmadı.
Doxsan
cığırda ot bitdi,
Doxsan
yolda oraq-çəkic,
Dəryaz itdi, qələm itdi.
Kəndimizi
sevindirrəm
tapanda
bir itmiş adı...
Bu poema faşistlərə qarşı vuruşan, Vətən
yolunda həlak olan şairin dünənidir sanki. Berlinə
gedib çıxan kəndinin insanının qalib sədasıdır.
Həmçinin "Atamın kitabı" poemasında
ömrünün yüzüncü ilinə qədəm
qoymuş, vətəndaş müharibəsinin və ümumən
illərin sınaqlarından keçmiş, ən çətin
anlarında torpaqdan güc almış bir kəndli qocanın
həyatından söz açır. Şair qəlbinin
hökmü ilə kənd zəhmətkeşlərinin həyatından
publisist yazılar, qeydlər, söhbətlər yazıb.
Vətən
sevgisi ilə böyüyən və içindəki Vətən
məhəbbətini də özü ilə böyüdən
şairin kiçik bir kənddən başlayan Vətən
sevgisi zamanla sərhədləri aşan,məcraya
sığmayan bir ordunu ayağa qaldıra biləcək qədər
güclü bir vətəndaş sevgisinə çevrilir. Beləcə "Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı" nidaları ilə
səslənir, Azərbaycanı dünyası bilir, mamır
olub bu yurdun daşında, qayasında bitməyə can
atır, qayaların lal dilini başa düşür, ana yurdun
hər daşına üz qoyur. Məmməd
Araz üçün vətənin hər bir daşı da,
qayasıda Vətənlə, xalqla əbədiyyən birləşir.
"Şair qayalara, dağlara söykən"
deyəndə də heç vaxt "söykənəcək"
sözünü "dirsəklən, yastıq elə" mənasında
işlətmir. "Ona yönəl, ondan baş
götür, ona etibar et, ona inan və ona
qayıt" - demək istəyir. Bu, Xalq şairinin
yaradıcılıq yolunun üstündə əbədi
şüardır:
İnamdan
göyərsə bir dağdır inad,
Bu Vətən dağıdır, söykən ki söykən.
Nə
uçan quşunun dalınca daş at,
Nə qopan daşının dalınca söylən.
Məmməd Araz yaradıcılığı hər bir
Vətən övladını əsl vətənpərvər
insan kimi yetişdirmək gücünə malik olan ən
yaxşı müəllimdir. Onun şeirləri təkcə
vətənə sevgi aşılamır, bir çox məqamlarda
indiki gəncliyə Azərbaycanın qədim tarixini, əsrarəngiz
təbiətini öyrədir. Ta qədim zamanlardan
xalqımızın başına gətirilmiş müsibətlərdən,
xanlıqlar dövründə Azərbaycanın keçirdiyi
sarsıntılardan, ikiyə bölünmüş xalqın,
torpağın ayrılıq, həsrət
yanğısından söz açır:
"Mən-mən"
dedi bir ölkədə nə qədər xan,
Onlar
"mən-mən" deyən yerdə
Sən
olmadın, Azərbaycan!..
Dibək oldun öz duzunla, öz daşınla,
Ögey oldun doğma, əkiz qardaşınla...
Şair ağrılı tariximizi, xalqın ən böyük dərdini, cənub həsrətini şeirləri ilə yanaşı, Araz təxəllüsü seçməklə imzasında da yaşatdı. Bu təxəllüs yaraşıq naminə götürülməmişdi, hərbi and kimi qəbul edilmişdi. O, "Təbriz nə istəyir? Təbriz - qurtuluş" deyə hay çəkdi. Xan Araza neçə-neçə şeir yazdı:
Yox, Araz deyəndə mən
Yalnız çay düşünmürəm.
O, tarixdir, baxıram
Ağlayır da, gülür də,
Avestanın külündən
Bulanıqdır hələ də.
Məmməd Araz öz şeirlərində hər birimizə Vətəni qarşılıqsız sevməyi, ondan heç nə ummamağı, ona qəlbən bağlanmağı öyrədən örnək bir Vətəndaş obrazı yaratdı. Vətəni hamı sevir. Gücün çatırsa, Məmməd Araz kimi sev, yarat!
Öz şöhrəti heykəlinə dəmir əridən
Vətəndaşın Vətəni də bir evdir ancaq.
Vətən üçün can əridən, ömür əridən,
Bir
daşa da minnət qoyub pay ummayacaq.
Hərdən
şairin şeirlərini oxuduğum zaman qeyri-ixtiyari olaraq nəzərlərim
misralarda düyünlənib xəyalım uzaqlara çəkiləndə
düşünürəm ki, birdən zamanın kadrı dəyişsə,
Məmməd Araz bizim günlərdə doğulsa və qələm
götürsəydi, heç şübhəsiz, uzaqvuran toplar
kimi məğrur bir görkəmlə istədiyi hədəfi
nişan alardı. Onda yəqin ki, "sənət
cəngəlliklərində" ovçu tüfəngi ilə
fırlanan "ara-bərə yazarları" çox miskin vəziyyətdə
qalardılar. Qabağında heç kəs
dayana bilməzdi, qolundan dartanlar, ayağından tutanlar,
misralarında zərrəbinlə gəzənlər, yəqin
ki, öz dərd-sərlərini də Məmməd Araz
misralarıyla dilə gətirərdilər. Bir də Məmməd
Arazı bizim günümüzə gətirməyə
çalışmaq hədər iş deyilmi? Bugünümüzü
və elə sabahımızı da onsuz hesab eləməyə
kimin hünəri çatar ki? O, ədəbiyyatımızın
gündoğanında masmavi göy üzünü, rəngarəng
vətən dünyamızı öz şəfəqləri
ilə işıqlandıran, qızdıran Poeziya günəşi
kimi dayanıb. Vətəni ucaltmaq naminə yazıb-yaradaraq
özü də o ucalığa yüksəlib:
Yazmışam
hər şeyi könül naməmə,
Bircə
bu günahım bağışlanacaq
Neylədim,
Vətəni sevmək naminə,
Ucaltmaq naminə elədim ancaq.
Yazıdakı
materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap
olunub
Əzizə SÜLEYMANOVA
Məmməd Arazın Şahbuz rayonu
Nursu
kəndindəki Ev Muzeyinin direktoru
525-ci qəzet.-
2020.- 13 iyun.- S.23.