Zəlimxanlıq
Borçalıda Aşıq Kamandarın
qırxıydı. Bir ağbirçək dedi ki, 40 gündü, qara lent
bağlanıb aşığın sazına: onu biriniz
açın, dilləndirin, qoy saz yasdan çıxsın.
Zəlimxan irəli durdu, açdı qara lenti. Barmaqları
sazın yasa batmış telləri üstə gəzdi.
Həm özü inlədi, həm də bizi inlətdi.
Bundan az əvvəl qəbiristanda Kamandarın məzarı
başında çıxış etmişdi...
Sonralar mən bu məqamın təsiri altında
"Sazın yasdan çıxması" adlı bir şeir
yazıb çap etdirdim. Kim bilir, bəlkə də gələcəkdə
hansı aşığınsa Kamandarla bağlı
yaradacağı dastanın bir elementi də həmin əhvalat
olacaq?!
Aşıq Ədalət vəsiyyət etmişdi ki, məni
qara sazımla birgə dəfn edin. Aşıq Kamandarın sazı da
Kamandarsız yasa batmışdı... Bəlkə
onun da sazı ondan ayrı yaşamaq istəmirdi?!
Bunlar kiməsə adi görünməsin. Əslində,
mifik bir aləmlə bağlılığımızın əlamətləridir.
Füzuli Leyli ilə Məcnunu bir qəbirdə dəfn
edir.
Elə Zəlimxan da bu yolla gedib. Ələsgərlə
Səhnəbanını o da bir qəbrə qoyub. İnanmırsınız?
Bir qədər səbr edin.
Ən
ülvi məhəbbət dastanlarından biri "Leyli və
Məcnun" poemasının olduğu bəlli bir iş! Amma bu poemanı, xüsusilə, Füzulinin
yazdığı bu əsəri daha da ülviləşdirən
bir məqam var. Məcnun Leylinin öldüyünü
eşidib onun qəbri başına gəlir. Onu daha da sarsıdan qəribə bir hadisə baş
verir. Məcnun görür ki, bir
qarışqa Leylinin qəbrinə girməyə tələsir.
Qarışqaya yalvarır ki, sən Allah, səndən
bir ricam var, Leylinin cəsədinə neyləyirsən elə,
amma onun bircə qara xalı var, ona toxunma, yaxşımı?!
Bu səhnəni
izah etməyə qələmin gücü çatmır!
Belə bir sarsıdıcı səhnəyə Zəlimxan
Yaqubun "Göyçədən gələn səslər"
poemasında rast gəldim.
Bu poemanın sonluğu da həmin sarsıdıcı
gücə malikdir.
Epos təsiri bağışlayan bu əsərin sonuncu fəsli
"Son görüş" adlanır.
Z.Yaqubun həqiqətən də epos təfəkkürünə
malik olması sənətkarlığı (bir sözlə, əsl
Zəlimxanlığı!) bu poemada özünü daha bariz
şəkildə göstərir. Əsərin bu fəslində
Aşıq Ələsgərin ömrünün son günlərindən
söhbət açılır.
...
Böyük ustad can üstündədir, ölüm
yatağındadır. Onun da taleyin
yazdığı ömür kitabı tamamlanmaq üzrədir.
Təkcə insan əlində yazılan kitabları yox, o
kitabı da səhifə-səhifə gözdən keçirməlisən...
Bir
gün oxumalısan
Əzəl-axır onu da.
Kitabın
lap sonunda
O,
ölüm rəngindədir,
O,
Əzrayıl donunda.
Yox, hələ
ustadımız
Bu yeri varaqlamaz.
O, həyat
aşiqidir,
Bizi yasda saxlamaz.
Bəli, Aşıq Ələsgər son nəfəsindədir. Yadına ilk məhəbbəti,
Səhnəbanu düşüb. Oğlu Talıba ürəyindən
keçən fikrini açıqlayır:
-
Oğul, son nəfəsimdə
Onu
görmək bəsimdir,
Səhnəbanı
həsrəti
Məndən
sonra dünyaya
Haray salan
səsimdir!
Oğulsa
fikirləşir ki, yəqin son nəfəsidir, deyə atam qəribə-qəribə
fikirlərə düşür, bəlkə canı
darıxdığından az qala
sayaqlayır, mən bilə bilmirəm?!
Oğul
dedi, ay ata,
Nə
deyim bu həyata
Axı Səhnəbanının
Yatağından
durmağa
Yox taqəti,
imkanı...
Ata
razılaşmır, deyir:
Ona Ələsgər
baxıb,
Min il keçsə qocalmaz!
Yolda qoyma
gözümü,
Çatdır ona sözümü.
Məni
eşqə salan gün
Geyindiyi
paltarı
Yenə
geysin əyninə,
Cilvələnsin
qız kimi...
Ata onu da əlavə edir ki, Səhnəbanı onun
ölüm döşəyində olduğunu bilən kimi
dediyi paltarı geyib, cavanlaşıb gələcək. Oğul xatırladır ki,
axı sən dediyin vaxtdan 90 il keçib.
İndi
çürüyüb gedib,
Bu gün
Səhnəbanıda
Elə paltarmı qalar?
Ata
yalvarışla dolu gözləriylə israr edir ki:
Əgər
Ələsgər gözü
O paltara
baxıbsa,
Bircə
ilməsi belə,
Min il keçsə, çürüməz.
Beləliklə,
Aşıq Talıb atasının son arzusunu yerinə yetirmək
üçün qara köhlənini vaxtı ilə Səhnəbanını
var-dövlətinə güvənib Ələsgərin əlindən
alan Dollu Mustafanın həyətinə
sürür və aman Allah, nə görsə
yaxşıdır!?
İstədi
haraylasın, gördü görünmür qarı,
Xeyli nigaran oldu, çoxaldı intizarı.
Baxdı
bir qız dayanıb evin astanasında,
Sanki daranıb çıxıb gözəlliyin
tasında.
Paltarı
görən kimi Talıb dəhşətə gəldi,
Atasının
dediyi o atlazdı, o ipək!
Bir mühüm cəhəti etiraf etməyi çox vacib
bilirəm. Poemanın sonluğunu Zəlimxan qələmiylə
yazmayıb, sanki rəssam fırçasıyla çəkib.
"Mona Liza"nın
qarşısında tamaşaçı necə heyrətdən
donub qalırsa, bu səhnənin önündə də
oxucunun qəlbini heyrət hissi bürüməyə bilmir.
Məlum olur ki, Səhnəbanı Ələsgərin
ölüm yatağına düşdüyünü də,
arzusunu da ötən gecə yuxuda görübmüş. Onçün
də dediyi qızlıq paltarını geyinib eyvana
çıxıb Talıbı gözləyirmiş ki, gəlsin,
Ələsgərin yanına aparsın onu. Səhnəbanı
Talıba bunu da deyir ki:
Geyinmişəm
doxsan il saxladığım donumu,
Bu paltarın içində tapşıracam
canımı.
Əsərin
son misralarını oxuduqca bilmirsən poemanın sonluğunu,
yoxsa Ələsgərin ömrünün bitdiyinin
yaxınlaşdığınımı hiss edirsən...
Müqəddəsdi
əzəldən el adəti, el dəbi,
Səhnəbanı
apardı özünü ana kimi,
Özünü qadın kimi.
Baxışıyla danışdı hər mənanı,
mətləbi.
Ələsgər
istədi ki,
Ona doyunca baxsın, ancaq baxa bilmədi.
Ayaqlaşmaq istədi, dizə gücü
çatmadı.
Nəsə demək istədi, sözə gücü
çatmadı.
Necoldu
bayaqkı qız,
Ələsgərə
baxanda
Elə yandı, yaxıldı, gördülər ki,
qarıdı.
Yarımaz bu dünyadan bax, beləcə yarıdı.
Ustad yumdu
gözünü, tərk etdi nəfəs canı,
Dünyanı
silkələdi ellərin həyəcanı!
Bir anda
Ələsgərin can evi, can sarayı
Kərpic-kərpic
söküldü,
Ələsgərin
üstünə
Birinci
göz yaşları
Yenə Səhnəbanın
gözlərindən töküldü!..
Bu da son! Bu sənətkar təxəyyülünün
yaratdığı şahanə sonluğu biz dünya ədəbiyyatında
çoxmu görmüşük ki?! Heç də yox!
Az-az qələm
sahiblərinə, böyük sənətkarlara nəsib olub
belə möcüzəli səhnələri yaratmaq, məhəbbət
abidələri ucaltmaq, müdrik dünyanı real dünya ilə
uzlaşdırmaq!
Dünya ədəbiyyatı tarixində məhz mifik
mövzularda yazılan bu cür əsərlər öz təsir
gücünü bütün dövrlər üçün
qoruyub hifz edir.
Mən bir şeyə çox təəssüf edirəm
ki, indiyədək doğurdanmı haqqında söhbət
açdığım səhnəni bizim tənqidçilər,
ədəbiyyatşünaslar oxumayıblar? Oxuyublar! Ancaq
görünür, sadəcə üstündən sükutla
keçiblər. Heç belə
sonluğu olan əsərin də üstündən sükutla
keçilərmi?! Əslində, "Biz ruhuq, iki bədəndə"
deyən Füzuli qələminin enerjisi, ilahi gücü var
bu sonluqda!
HAŞİYƏ:
Mən Zəlimxan Yaquba bir neçə şeir həsr
etmişəm. O şeirlərdən birini indi oxuculara təqdim
etmək istəyirəm. Bu şeiri 20 Yanvar
qırğını günlərində yuxumda
yazmışam. Bu yuxu da yaddaşımda
bir mif kimi qalıb. Gördüm ki, Zəlimxanla
tapışıb, öpüşüb, baş-başa
durmuşuq və ağlayırıq. Sonra
mən başımı onun köksünə qoydum. Qeybdən
qulağıma bu misralar axdı:
Ana yurdun
torpağını, daşını
O,
daşladı, bu daşladı, Zəlimxan!
Namərdimiz
tez yollaşdı namərdlə,
Mərdlərimiz
yollaşmadı, Zəlimxan!
Düşmən
qəfil söndürsə də, çox ocaq,
Bir çınqıdan şölələndi qırx
ocaq.
Yalquzaqlar
haqdan qorxub, qorxacaq,
El
işini el başladı, Zəlimxan!
Onun günü xoş keçəsi, bilirsən.
Bunun günü boş keçəsi, bilirsən.
Bir
şaxtalı qış gecəsi bilirsən,
Tufan
qopdu, sel başladı, Zəlimxan!
Tülkü
dərə xəlvətləyib kol gəzir,
Şir
sinəsi sipər olub yol kəsir,
Yolsuz
oğlu yolsuz hələ yol gəzir,
Yol ürəkdə,
yol başdadı, Zəlimxan!
Dan yeri
yox, axan qandı, qızarır,
A
şairim, özün bunu yaz barı!
Güldən
gözəl, güldən göyçək qızları
Məzar
qucub, gül xoşladı, Zəlimxan!
Gördük
harda olub hazır, güllələr,
Gördün
kimə quyu qazır güllələr,
Qızıl
qana dəydi qızıl güllələr,
Xonça
tutub bel qurşadı, Zəlimxan!
Barat
sormur rəngin-rufun solmuşmu,
Sən də sorma, gözün-könlün dolmuşmu?
İndiyəcən
getdiyimiz yolmuşmu,
Vətən
təzə yol başladı, Zəlimxan!
Mən yazıçının mifoloji mövzulara
müraciətinin həmişə tərəfdarı
olmuşam. Ç.Aytmatovun, O.Süleymanovun
yaradıcılığında buna aid kifayət qədər
nümunələr tapmaq mümkündü. Bu, məncə, doğru yoldu.
"İnsanlığın tarixi miflərin tarixidir
" deyən Alber Kamyu daha haqlı deyilmi?! Düz deyirmiş ki, "Ənənəvi miflərin
yoxa çıxması ona gətirib çıxardı ki, son
iki yüz ili insanlıq əsməcə içində
keçirir".
Z.Yaqubun
Koroğluya həsr etdiyi bir şeir var. O şeirin bir beytində
şair qəhrəmanın ölümsüzlüyünü
belə mənalandırıb:
Hər
yerdə Koroğlu qalaları var,
Heç yerdə Koroğlu məzarı yoxdu.
Y.İmrənin 11 yerdə qəbri olduğu söylənilir. Z.Yaqubun da
Bakıda-Fəxri Xiyabanda, Borçalıda, Qarabağda, Təbrizdə,
Dərbənddə, Qazaxda, Göyçədə... məzarı
var.
Və həm
də Zəlimxan Yaqubun heç yerdə məzarı yoxdu!
Elə
Aşıq Ələsgərin də!
Səhnəbanının
da!
Leylinin də!
Məcnunun
da!
Barat VÜSAL
525-ci qəzet.- 2020.- 13 iyun.- S.21.