Tarixçə
Jurnalist Müsəllim Həsənovun
Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə
bağlı son illər qələmə aldığı tədqiqat
və araşdırmaları, tarixi sənədlər əsasında
yazdığı ssenarilərə çəkilmiş filmlər,
televiziya verilişləri istər oxucuların, istərsə
də tamaşaçıların diqqətini çəkən
ən yaddaqalan layihələrdəndir.
Bu materiallar həm də
tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə
bağlı bir çox qaranlıq məqamlara işıq
salınması baxımından zəruri və
lazımlıdır. Müəllifin
son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi"
başlığı altında tarixin ən fərqli dönəmlərini
əks etdirən tarixçə tipli yığcam
paylaşmaları isə sosial şəbəkə istifadəçiləri
tərəfindən xüsusi maraqla izlənilir.
Bu diqqət və marağa
güvənərək həmin yazıları "525"in
oxucuları ilə də bölüşmək qərarına
gəldik. Niyyətimizi bildirəndə,
sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və
razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə
dərc olunsun.
Buyurun, oxuyun.
***
Azərbaycan
yazıçılarının "səhvi"
Bilirdinizmi ki, Azərbaycan KP MK 1962-ci ilin iyulunda bəzi
"yazıçıların səhvləri haqqında"
qərar qəbul edib?
"Səhv
edən" yazıçılar kim idi? Xəlil
Rza, Məsud Əlioğlu və Qulu Xəlilov. "Səhvlər"
nədən ibarət idi?
Xəlil
Rza:
Nə həsrət,
nə hicran olsun
Vahid Azərbaycan
olsun!
Qoy birləşsin,
bir can olsun
O sahil də,
bu sahil də!
Məsud
Əlioğlu ("Sevil" pyesi haqqında məqaləsindən):
"...Dilbər xanım özü ilə bərabər,
"Vətəninə" nə gətirmişdir? Yelbeyin ziyalıları yerindən oynadan, işvəkar
və aldadıcı hərəkətlər, pozğun əxlaq
"nəzəriyyəsi", bir də kazinolarda, ziyafət məclislərində
işlədilən yad bir dil!" (Dilbərin
fransız dilində danışmasına etiraz - M.H.)
Qulu Xəlilov: "...vur-tut 460 min əhalisi olan
Qabon Respublikasının, 560 min əhalisi olan Mavritaniya
Respublikasının... hər ölkədə səfiri var. Bəs
onda bizim qardaş-bacılarımızın altı-yeddi
milyondan çoxuna nə üçün öz ana dilində
danışmaq, oxumaq, yazmaq, məktəb açmaq qadağan
olunsun?"
MK-nın
qərarından: "Bizim partiyanın siyasətinə və
yüksək proletar beynəlmiləlçiliyi prinsipinə
zidd olan milli məhdudluq və lovğalıq kimi yanlış
mövqeyə yuvarlanmış şair Xəlil Rzanın və
tənqidçilər Məsud Əlioğlunun, Qulu Xəlilovun
davranışı pislənilsin. Mətbuatda səhv
çıxışına görə Məsud Əlioğlu
"Azərbaycan" jurnalının redaksiya heyətinin tərkibindən
çıxarılsın".
Xoşbəxtlikdən
təqvimdə il 1937 yox, 1962 idi...
Sənəddə sadalanan "səhv"lər də
çoxdur. Mən
sadəcə kiçik nümunələr verməklə kifayətləndim...
Alman kəşfiyyatçısı
1942-ci ilin Bakısını xatırlayır
Bilirdinizmi ki, 1942-ci ildə Bakı üzərində kəşfiyyat
uçuşu həyata keçirən alman radistinin xatirələr
kitabı çıxıb?
1942-ci ildə bu dəfə artıq Bakı neft mədənləri
rayonunun fotoşəkillərini alman kəşfiyyat təyyarələri
çəkməyə başlayıb. Alman hərbi-hava
qüvvələrinin son illərdə
açıqladığı rəsmi məlumata görə,
1942-ci ildə Bakı istiqamətində uçan kəşfiyyat
təyyarələrindən beşi Xəzər dənizi
üzərində (dəqiq yeri məlum olmayıb) vurulub.
Belə təyyarələrdən biri isə Xaçmaz
yaxınlığında yerə endirilib və təyyarə
heyəti əsir götürülüb. Həmin təyyarə
sonradan Dağüstü parkda qoyulub ki, camaat baxsın (məşhur
filmdə bu kadrlar var).
Amma Bakının fotoşəkillərini çəkib
sağ-salamat qayıdan təyyarələr də olub. Onlardan birinin
o vaxt cəmi 22 yaşı olan radisti Maks Laqoda uzun ömür
sürüb və 2016-cı ildə 96 yaşında vəfat
edib.
2011-ci ildə onun Almaniyada xatirələr kitabı nəşr
edilib.
Alman
dilində buraxılan kitabın adı bizim dildə təxminən
belə səslənir: "Keçmişə baxış:
Rusiya və Şərqə uçan kəşfiyyatçının
hərbi xatirələri".
Müəllif
xatirələrində 1942-ci il avqustun 18-də
Bakı üzərindən uçduğunu və keyfiyyətli
fotoşəkillər çəkdiyini də xatırladır.
Doğrudur, həmin təyyarəni sovet havadan müdafiə
qüvvələri görüb, hətta onun ardınca iki
qırıcı təyyarə göndərib. Lakin alman kəşfiyyat təyyarəsi
Dərbənd istiqamətində uçmaqla yenidən
sağ-salamat Mariupol (Ukrayna) bazasına qayıda bilib...
İran şahı Bakıda
kimin evində gecələyib?
Bilirdinizmi ki, 1902-ci ilin aprelində Avropaya səfəri
çərçivəsində Bakıya gələn İran
hökmdarı Müzəffərəddin şah erməni
Tumanyantsın evində gecələyib?
O vaxt
Rusiyada Müzəffərəddin şaha xüsusi hörmət
və ehtiram göstərilirdi.
Təsəvvür
edin ki, Peterburqdan general-mayor Nikolayev, fligel-adyutant qraf
Şuvalov, xarici işlər nazirinin sərhəd məsələləri
üzrə məmuru L.Koxanovski, süvari alayı
leyb-qvardiyasının rotmistri Xan Naxçıvanski və s.
kimi çar məmurları şahı qarşılamaq
üçün Bakıya ezam olunmuşdular.
Bakının qubernatoru, general-mayor D.Odintsov başda
olmaqla bu məmurlar İran şahının pişvazına
çıxmaq üçün bir neçə gün əvvəldən
Astaraya getmişdilər.
İran
şahını gətirən qatar
Bakı vağzalına səhər 10:15-də daxil olur.
Şahı Qafqazın baş mülki rəisinin
müavini general-leytenant A.Freze və digər generallar
qarşılayır.
Müzəffərəddin şah vağzalda onu
qarşılayanlarla mehriban görüşür. Sonra vağzalın
"çar otağı"nda şəhər rəhbərləri
və din xadimləri tərəfindən
qarşılanır...
Müzəffərəddin
şah vağzaldan xüsusi faytonla onun gecələməsi
üçün ayrılmış evə - İran təbəəsi
olan Bakı taciri Tumanyantsın evinə gedir...
P.S. O vaxt Bakıya gələn ən nüfuzlu qonaqlar
bir qayda olaraq H.Z.Tağıyevin evində gecələyirdilər. Məsələn,
Buxara əmiri həmişə Hacının evində
qalırdı. Zaqafqaziya Şeyxülislamı və
müftisi də Bakıya gələndə Tağıyevin
evini seçirdi...
İran
şahı isə...
Xəzərə gəmilər
gəlir. Faşist Almaniyasından...
Bilirdinizmi ki, İkinci Dünya Müharibəsi başa
çatandan sonra Almaniyadan qənimət kimi götürülən
gəmilərdən yalnız 31-i istismar üçün Xəzərə
göndərilib?
Almaniya donanmasının müttəfiqlər arasında
bölüşdürülməsi 1945-ci ilin dekabrında
başa çatır. Sovet İttifaqına 769, Böyük
Britaniyaya 621 və ABŞ-a 665 gəmi düşür.
Bakı bu gəmilərdən 37-sinin Xəzərə
göndərilməsi xahişi ilə Moskvaya müraciət
edir.
SSRİ
Nazirlər Soveti 1946-cı il mayın 7-də qərar qəbul
edir: Dəniz Donanması Nazirliyinin Xəzər Gəmiçilik
Donanmasını ("Kaspflot", "Kasptanker və
"Reydtanker") gücləndirmək məqsədilə
1946-cı ilin may-avqust aylarında Baltik dənizindən və
Ağ dənizdən Xəzər dənizində istismar
üçün 31 gəmi, o cümlədən, 19 quru yük
gəmisi, 6 neftdaşıyan gəmi və 6 yedək gəmisi
göndərilməsinə icazə verilsin.
Xəzərə köçürülən həmin gəmilərin
siyahısı Rusiya Dövlət İqtisadiyyat Arxivində
saxlanılır.
Təbii ki, bu gəmilər o vaxtdan Xəzərdə
sovet adları altında üzməyə başlayır.
Maraq
üçün onlardan bəzilərinin əvvəlki
adını təqdim edirəm: "Klaus Vilhelm",
"Elfride Şarlotte", "Beker", "Frida Reder",
"Sankt Yurgen", "Auqust Gissen", və s...
Alman əsirləri Bakıda
niyə "tətil" edib?
Bilirdinizmi ki, müharibədən sonra Hökumət
evinin tikintisində işləyən alman əsirləri bir dəfə
"tətil" ediblər?
Azərbaycan
K(b)P MK Bakıda "Sovetlər evi" -
"Dom sovetov" adlı bina tikilməsi barədə qərarı
1932-ci ilin fevralında qəbul edib. "Tamamilə
məxfi" qrifi (!) altında qəbul olunan bu qərarın
icrası maliyyə axtarışları ilə bağlı ləngiyib.
1934-cü
ildə yeni qərar qəbul olunur: Tikinti işlərinə
1935-ci ildə başlanılsın və 1937-ci ilin əvvəllərində
başa çatdırılsın. Amma sən
saydığını say...
Tikinti işləri yenə ləngiyir.
1936-cı ildə isə binanın tikintisinə
ayrılan vəsait azaldılır. Üstəlik, binanın adı da dəyişdirilir:
"Domsovet" bundan sonra "Dom pravitelstva" -
"Hökumət evi" adlanır...
Beləcə
müharibəyə qədər Hökumət evinin cəmi beş mərtəbəsi inşa olunur və hər
şey dayanır...
Müharibə
səbəbindən...
Hökumət evinin tikintisi yalnız 1945-ci ilin
yanvarında bərpa olunur.
Müharibədən sonra işlətmək
üçün Azərbaycana 42 min alman əsiri gətirilir və...
onların inşaat sahəsində təhsili və təcrübəsi
olanları seçilərək Hökumət evinin tikintisinə
cəlb edilir.
Və günlərin birində alman əsirlər işləməkdən
imtina edirlər. M.C.Bağırov hadisə yerinə gələrək
əsirlərin etirazının səbəbi ilə
maraqlanır. Məlum olur ki, almanlar tikintiyə
keyfiyyətsiz beton verilməsinə etiraz edirlər.
"Belə
betonla bina tikilməz" deyirlər...
Alman dəqiqliyi...
İki prezidentin oxşar taleyi
Bilirdinizmi ki, ABŞ-ın 35-ci prezidenti Con Kennedi ilə
26-cı prezident Avraam Linkolnun taleyi arasında qəribə bir
oxşarlıq olub?
Con Kennedi
Avraam Linkolndan düz 100 il sonra prezident
seçilib.
Linkoln bu vəzifəni 1861-ci ildə, Kennedi isə
1961-ci ildə tutub.
Hər iki prezident qətlə yetirilib.
Linkolnu öldürən aktyor Con But 1839-cu ildə
doğulub.
Kennedinin
qatili sayılan Li Harvi Osvald ondan 100 il sonra
- 1939-cu ildə anadan olub.
Prezidentlərin hər ikisi adamların gur olduğu yerdə,
həm də öz arvadlarının gözü
qabağında güllələnib.
Hər iki prezident cümə günü qətlə
yetirilib.
Hər iki prezidentə güllə peysərindən dəyib.
A.Linkolnu Ford teatrında öldürüblər, Kennedini
Ford zavodunun istehsalı olan "Linkoln" markalı avtomobildə.
A.Linkolnun şəxsi katibinin familiyası Kennedi,
C.Kennedinin katibinin familiyası Linkoln olub.
Hər iki prezidenti yüksək vəzifədə Conson
familiyalı vitse-prezident əvəz edib. A.Linkolndan
sonra bu vəzifəni tutan Endryü Conson 1808-ci ildə
doğulub.
Con Kennedini
əvəz edən Lindon Conson ondan 100 il
sonra - 1908-ci ildə anadan olub...
Stalinin oğlu əsirlikdə. Bu xəbəri ona kim verir?
Bilirdinizmi ki, 1941-ci ilin iyulunda Stalinin oğlunun almanlara əsir
düşməsi barədə məlumatı sovet rəhbərinə
ilk dəfə SİTA-nın direktoru çatdırıb?
İosif
Stalinin oğlu Yakov Cuqaşvili 1941-ci il
iyulun 16-da Vitebsk yaxınlığında almanlara əsir
düşür. Onun elə həmin gün kağıza
köçürülən dindirilmə protokolu belə
başlayır:
-
Adınızı bilmək istərdik?
- Yakov.
- Bəs
familiyanız?
-
Cuqaşvili.
- Siz Xalq Komissarları Soveti sədrinin qohumusunuz?
- Mən
onun böyük oğluyam...
***
1941-ci il iyulun 19-da SİTA-nın direktoru Y.Xavinson
G.Malenkova qısa bir məktub yazır: "Qavas-OFİ
agentliyinin Stalinin oğlu barədə yaydığı xəbəri
məlumat üçün sizə göndərirəm".
Məlumat
özü də qısa idi: "Qavas-OFİ agentliyi
Budapeştdən xəbər verir ki, Stalinin oğlu, quru
qoşunlarının leytenantı almanlar tərəfindən əsir
götürülmüşdür".
Sonralar
dünyaca məşhurlaşan "Frans-Press" agentliyi onda
hələ "Qavas-OFİ" adlanırdı...
G.Malenkov bu xəbəri Stalinə necə, hansı şəraitdə
çatdırıb? Stalinin ilk reaksiyası necə olub?
Bu suallara cavab vermək mümkün deyil.
Sənədin üstündə heç bir dərkanar
qoyulmayıb.
Sadəcə "20.VII" yazılıb. Çox güman ki, bu,
Stalinin katibi Poskrebışevin qeydidir və Stalinin sənədlə
məhz iyulun 20-də tanış
olduğuna işarədir.
Berlin radiosu Stalinin oğlunun əsir götürülməsi
barədə xəbəri iyulun 22-də, gündüz saat
12.30-da səsləndirir. Və həmin informasiyanın mətni elə həmin
gün sovet rəhbərinin stolunun üstünə qoyulur...
P.S.
Yakovun dindirilmə protokolunda əks edilən
bioqrafiyasından: 1908-ci il martın 18-də
Bakı şəhərində doğulub...
Müsəllim HƏSƏNOV
525-ci qəzet.- 2020.- 13 iyun.- S.9.