"Azərbaycan cəmiyyətində həkimə
ümumi inamsızlıq var" - Faiq Orucoğlu ilə
müsahibə
TÜRKİYƏDƏ
ÇALIŞAN TANINMIŞ OFTALMOLOQ FAİQ ORUCOĞLUNUN
FİKRİNCƏ, YAXIN GƏLƏCƏKDƏ İNDİ
MÜALİCƏSİ MÜMKÜN OLMAYAN GENETİK GÖZ
XƏSTƏLİKLƏRİNƏ ÇARƏ TAPILACAQ
Türkiyədə yaşayan, tanınan azərbaycanlı
göz həkimi Faiq Orucoğlu 27 ildir ki, öz ixtisasında
müxtəlif uğurlara imza atmaqdadır. Cərrahlıq həyatında
indiyədək
20 mindən çox xəstə üzərində lazer əməliyyatı
aparan Faiq Orucoğlu gözün buynuz qişası sahəsində
ən yaxşı mütəxəssislərdən
sayılır.
Cərrah Ankarada Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin
idarə heyətinin üzvü və dörd il
dərnəyin gənc oftalmoloqlar qrupunun sədri olub. O,
hazırda İstanbul Birinci Göz Xəstəxanasının
baş həkimidir.
İki aydan bir isə Azərbaycana gələrək
burdakı xəstələri qəbul edir, ən ağır əməliyyatları
həyata keçirir.
Faiq Orucoğlu ilə söhbətimizi təqdim edirik.
- Faiq bəy,
ilk sualımla sizi 27 il öncəyə -
Azərbaycanı tərk edib təhsil üçün
Türkiyəyə getdiyiniz zamana aparmaq istəyirəm. Hansı arzular və xəyallarla tərk
etmişdiniz vətəni?
- Əslində, 1993-cü ildən bəhs etsək də,
bu suala cavab vermək üçün daha öncəyə
getmək lazımdır. Çünki bu, elə bir dövr idi ki,
Sovet hakimiyyəti dağılmışdı, Azərbaycanda
xalq hərəkatı vardı və Türkiyəyə maraq
çox idi. Məhz bu dövrlərdə tək arzumuz,
xəyalımız Türkiyəyə getmək, türklərlə
tanış olmaq, o vaxt bu şüar yox
idi, amma uyğunlaşdırsaq, "tək millət, iki
dövlət" halını gözümüzlə görmək
idi. Hamısı bu qədər. Gələcəklə bağlı bir arzum yox idi.
- Bəs
təhsiliniz və sənətinizlə bağlı?
- Dediyim
kimi, çətin zamanlar idi. Önümdəki
ideallar gerçəkləşməmişdi. Tək arzum uğurlu tələbə və
yaxşı həkim olmaq idi. Geriyə
dönüb baxanda, görürəm ki, həqiqətən də
uğurlu tələbə olub yaxşı həkim kimi
yetişdim.
- İlk getdiyiniz zamanla indiki zamanı müqayisə etsəniz
iki ölkə arasındakı münasibətlər necə
idi və necədir?
- O zaman
müstəqil Azərbaycan dövləti yeni idi və dövlətçilik
tam oturuşmamışdı. Ancaq zaman
keçdikcə həqiqi mənada inkişaf etmiş iki
dövlət arasında münasibətlər gücləndi.
O zaman insanların şüurları da fərqli idi. Daha çox milliyyətçilik ön planda idi.
Sonradan bu işin tək milliyyətçiliklə
olmayacağı, arada ciddi iqtisadi əlaqələr
qurulmalı olduğu anlaşıldı və quruldu. O
dövrlə bu dövrü müqayisə edəndə arada
ciddi körpülər olduğunu görürəm. İqtisadi, təhsil, siyasi, mədəni münasibətlər
daha da inkişaf edib. Onda sadəcə təhsil
üçün gələnlər vardı. Amma indi bu
iş daha da standartlara uyğun gerçəkləşdirilir.
Nəticə olaraq, aradakı münasibətlər
gedərək genişlənir, ciddiləşir və qüvvətlənir.
-
Türkiyə ilə Azərbaycan səhiyyələri
arasındaki fərqlər çox danışılıb. Bəs bu 2 ölkənin pasiyentləri arasında nə
kimi fərqlər var?
- Mənim
şansım hər iki yerdə də çalışmaq
fürsətimin olmasıdır. Pandemiyadan
öncə ay yarım-iki aydan bir mütəmadi Azərbaycana
gedərək orda da öz xəstələrimi, digər ifadə
ilə pasiyentlərimi görürdüm. Fərqə
qalsa, məncə, Azərbaycan cəmiyyətində həkimə
ümumi bir inamsızlıq var. Müraciət etdikləri həkimə
qarşı məsafəlidirlər, inamsız davranırlar.
Bunu çox həkim axtarmaqlarına əsasən
deyirəm.
- Bəs iki
ölkənin göz xəstəliklərini müqayisə etsəniz,
hansı ölkədə insanlar daha çox hansı xəstəlikdən
əziyyət çəkirlər?
- Ümumən
göz xəstəliklərindən danışmaq istəyirəm.
Bunlardan birincisi kataraktadır. Bu, hər iki ölkədə görmə qabiliyyətini
zəiflədən ilk xəstəlikdir. Katarakta
nə qədər çox yayılarsa, əməliyyat da o qədər
çətin olur. Açıq demək
lazımdırsa, Azərbaycanda daha irəli səviyyədəki
kataraktalarla qarşılaşıram. Göz
təzyiqi, qara su, başqa adla qlaukomada hər iki ölkə
insanlarının əziyyət çəkdiyi xəstəlikdir.
Bir başqası isə şəkərli diabet
və ona bağlı olan göz tutulmasıdır. Müqayisə etdiyimdə Türkiyədə diabetin
daha yayğın olduğunu görsəm də, Azərbaycanda
buna bağlı göz tutulmasının irəliləməsi
ilə çox qarşılaşıram. Təzyiq
və katarakta üçün də bənzər şeyi deyə
bilərəm. Bu da xəstələrin həkimə
daha gec müraciət etməkləri, bəlkə də həkimlə
əlaqə saxlamaqlarının çətinlikləri,
sığorta sistemindəki problemlərlə əlaqədadır
ki, nəticədə xəstəliklərin irəliləməsinə
səbəb olur.
- Tərcümeyi-halınıza
əsasən deyə bilərəm ki, gənc yaşda
böyük bir coğrafiyada tanınan peşəkara
çevrilmisiniz. Uğurun sirri nədir?
- Elə
mühüm bir sirr yoxdur. Hədəf və hədəfə
doğru çətinlikləri aşaraq getmək var. Yəni
çalışmaq əzmi. Həmişə
hədəflərim olub və həmişə də bunlara
çatmaq üçün çalışmışam.
Məsələn, ilk kitabı yazmaq
üçün bütün xəstələrimin göz
şəkillərini çəkdim, nümunələr
topladım və fikrimi sadəcə buna verdim. Sonra ikinci kitabım gəldi. Bunun
üçün də eyni əzmlə davam etdim. Fikirləşirdim
ki, göz həkimləri üçün faydalı olacaq bir
kitab yazmalıyam. Elə bir kitab ki,
gündəlik istifadə edilə bilsin. Buna
ciddi zaman ayırdım və çox
çalışdım. Elmi işlərdə
çalışmaq çox zaman ayırmaq lazımdır.
Bu da həmin zamanı yaxınlarınızdan,
sevdiklərinizdən oğurlamaq deməkdir. Ona görə də, bu, bir həyat tərzidir.
Sadəcə hansı yolda getmək istədiyinizi
qərarlaşdırıb o yolda da davam etməlisiniz.
-
Dünyada tibb bəlkə də ən sürətli
inkişaf edən sahələrdəndir. Oftalmologiyanın
inkişafı necədir? Gələcək
zaman bizə tibbin bu sahəsində nələr vəd edir?
- Bəli,
həqiqətən də tibb çox sürətlə
inkişaf edir. Hətta mənim tibbə
başladığım 1993-cü ildən bu yana
o qədər yeniliklər olub ki. İlk dəfə
göz sahəsində fəaliyyətə
başladığım 2000-ci ildən bu günə də
ciddi dəyişikliklər olub. Amma gələcəyə
baxanda mən oftalmologiyanın - gözün iki yöndə
inkişafından söhbət aça bilərəm. Biri kosmetik konfor ehtiyacları, digəri isə
müalicə edilə bilməyən və ya müalicəsi
çətin olan xəstəliklər. Kosmetik
konfor deyəndə, göz rənginin dəyişdirilməsi,
göz nömrələrinin yox edilməsi və göz
içərisinə qoyulan linzaların inkişafı nəzərdə
tutulur. Bunlarda ciddi bir mərhələ
var. Çünki yaş artır və 40-dan sonra yaşa
bağlı görmə problemlərinə daha çox
rastlayırıq. İnkişaf etmiş,
inkişaf etməkdə olan ölkələrdə də
yaşlı, orta nəsil gedərək artır. Əlbəttə,
dünya bunu görür, hiss edir və böyük şirkətlər
də bunun "qoxusunu alırlar". Ona görə
də bu sahəyə ciddi yatırımlar edilir. Nə üçün edilir bunlar? Məsələn, biz gələcəkdə
yaxın görmək qüsuru yaşamadan ən rahat, ən
asan yolu tapaq. Digər tərəfdə isə
görməyən, genetik xəstələrimiz var. Eyni zamanda,
müalicəsi olmayan xəstəliklər. Burada sinir ağının kök hüceyrəsindəki
inkişafı və ya gözün içərisində yerləşmiş
çiplərin inkişafı davam etməkdədir. Yaxın gələcəkdə bunların
inkişafı ilə, indi müalicəsi mümkün olmayan
bir çox genetik göz xəstəliklərinə çarə
tapılacaq. Amma buna hələ ki, bir az
zaman var.
- Bir
söz var: dərzi öz söküyünü tikə bilməz.
Siz həkimlər öz
sağlamlığınıza necə diqqət edirsiniz?
Məsələn, sizin gözlərinizin vəziyyəti
necədir?
- Əslində, bunda həqiqət var. Mənim də
gözüm irəli dərəcədə miyop idi, ancaq lazer əməliyyatı
ilə bu qüsurumu düzəltdim, yenidən doğulmuş
kimi oldum. Amma digər tərəfdən öz
gözümü mütəmadi müayinə etdirirəmmi,
qayğısına qalırammı? O qədər də
yaxşı deyil. Məsələn, biz klinikada ən az on həkim işləyirik və mən
buranın baş həkimiyəm. Sonuncu dəfə
həmkarımın yandakı otağına gedib
gözümü nə vaxt yoxlatdırdığımı
soruşsanız, yadıma gəlmir.
- Tez-tez Azərbaycana da gəlir, burda xəstələr
qəbul edirsiniz. Bizim insanlar da ən çox türkiyəli,
ya da Türkiyədə oxuyan həkimlərə etibar edirlər.
Bunun səbəbi təkcə təhsildir?
- Təhsil
doğrudan da önəmlidir. Türkiyədəki
tibb təhsilinə baxdıqda burada ciddi bir sistemdən, təhsil
səviyyəsindən söhbət gedə bilər. Deyək
ki, hər il təxminən 2 milyona
yaxın insan universitetlərə daxil olmaq üçün sənəd
verir. Tibbi qazanmaq üçün ilk on minlikdə
olmalısınız. Hətta İstanbul Cərrahpaşa
kimi köklü universitetdə tibb oxumaq istəyirsinizsə,
bu milyonların arasından ilk yüzlüyə girməlisiniz.
Bununla da 6-7 illik çox ciddi və çətin
bir tibb təhsili başlayır. Bununla da
bitmir. Ondan sonra uzmanlıq - ixtisas
imtahanına girirsiniz. Uzmanlıq
imtahanında istədiyiniz yeri qazanmaq şansınız o qədər
də yüksək deyil. Ümumi olaraq
uzmanlıq imtahanına girənlərin sadəcə dörddə
biri keçə bilir, o dörddə birinin də tam olaraq istədiyi
ixtisas olmur. Uzmanlığa girəndən sonra da həmin
ixtisasda ciddi şəkildə 4-5 il təhsil
görürsünüz. Təhsil və təcrübə
önəmlidir. Amma əlbəttə, xəstəyə
münasibət də digər faktordur.
- On minlərlə
əməliyyat etmisiniz. Ən çox
duyğulandığınız, heç
unutmadığınız hadisələrdən bizə
danışa bilərsinizmi?
- Əlbəttə ki, olub. Bir xəstəm
vardı, iki gözünün də görməsini
itirmişdi. Onu bir neçə mərhələli əməliyyat
etdim. Təxminən 3-4 əməliyyatdan sonra müəyyən
yol qət edə bildik. Ən sonuncu əməliyyatdan sonra
qapaqları bir-birinə tikmişdim ki, göz içəridə
sağalsın. O qapaqları açanda xəstənin
reaksiyası çox fərqli idi. Öncə əllərini
gözlərinin qabağına gətirib sağa-sola
çevirərək barmaqlarını saydı, sonra mənə
baxdı və "doktor, sizi görürəm" - dedi.
Sonra qızını gördü və onu qucaqlayıb
ağlamadı, "nəvəmi görmək istəyirəm"
- dedi. Məlum oldu ki, üç il öncə nəvəsi
doğulub, amma o, heç vaxt onu görməyib. Nəvəsini
göstərdilər. Onda onun sevinci və göz
yaşları hamımızı
duyğulandırmışdı. Başqa bir hadisəni də
danışım. İsveçrədən gələn gənc
bir qız xəstənin soyadındakı "Məmmədli"
sözü diqqətimi çəkmişdi. Türkcə
bilmirdi. Onunla danışanda məlum oldu ki, böyük
babası azərbaycanlı olub, İkinci Dünya Müharibəsində
əsir düşüb və İsveçrədə
qalıb, orda isveçrəli qadınla evlənib, bu qız
da onun nəvəsidir. Qız heç vaxt Azərbaycana getməmişdi,
amma onu Azərbaycanla bağlayan belə bir hekayəsi
vardı.
- Azərbaycan üçün darıxanda adətən
nə edirsiniz? Bu həsrəti necə dindirirsiniz?
- (gülür) Yutubu açıb Azərbaycan
mahnılarını dinləyirəm. Bəzən nostalji olur,
köhnə mahnılara qulaq asıram. Məsələn, Rəşid
Behbudov, Şövkət Ələkbərova, Akif İslamzadə,
Yalçın Rzazadə ifaları məni o dövrə
aparır. Bəzən də günümüzə
qayıdıram, indiki müğənniləri dinləyirəm.
Şahanə MÜŞFİQ
525- ci qəzet.- 26
iyun.- S.11.