Qəbul imtahanında əla qiymət
almaqdan böyük elmə
Professor Hüseyn Həşimlinin xatirəsinə
Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun direktor müavini, əməkdar elm xadimi,
filologiya elmləri doktoru, professor Hüseyn Həşimlinin vəfat
etməsi haqqında xəbəri qəfildən eşitdikdə
dərindən sarsıldım. İlk
növbədə əlli beş illik
ömrünün ən azı otuz ili mənimlə birlikdə
keçən çətin və mənalı dövrü ərzində
yaddaşıma əbədilik həkk olunmuş Hüseyn Həşimlinin
təmkinli siması bir an içində gözümün
önündən keçdi və bu acı xəbər qəlbimdə
şimşək kimi çaxdı. Təxminən
iyirmi gün bundan əvvəl telefonla danışıb, Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə AMEA
Naxçıvan bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun birlikdə hazırlanmasına
start verdiyimiz «Müstəqillik dövrü Naxçıvan ədəbi
mühiti» kitabının müəlliflər heyəti
haqqında dəqiqləşdirmələr aparmış, hal-əhval
tutmuşduq. Sonra xəstəxanada müalicə olunması
haqqında heç bir məlumat almamışdım. Vəfatından bir gün əvvəl mobil telefonuna
zəng vurmuşdum, cavab ala bilməsəm də ürəyimə
heç bir şübhəli hiss dolmamışdı.
Arxayın idim ki, işə-gücə, yazı-pozuya çox
bağlı olan Hüseyn Həşimli telefonda nömrəni
görən kimi özü zəng açacaqdır.
Lakin bir gün sonra Naxçıvandakı keçmiş tələbələrimizdən
biri Hüseyn Həşimlinin vəfatı haqqında xəbəri
çətinliklə olsa da dilinə gətirdi.
Hüseyn Həşimli ilə bağlı xatirələrimdən
bəzi notları yada salıram:
Hüseyn Həşimlini 1982-ci ilin avqust
ayının əvvəllərində Naxçıvan
Dövlət Universitetində qəbul imtahanı zamanı
tanımışdım. Ədəbiyyat üzrə şifahi
imtahandan biletə düşən sualların hamısına
mükəmməl cavab vermişdi. O zaman belə
bir yazılmamış qayda var idi ki, abituriyentə «əla»
qiymət yalnız qəbul imtahanına nəzarət edən
dövlət nümayəndəsinin və rektorun
iştirakı ilə verilə bilərdi. Əla qiymət
almaq iddiasında olan abituriyentlər fənn komissiyasının
qarşısında göstərdiyi biliyi çox vaxt
dövlət nümayəndəsinin və rektorun
iştirakı ilə aparılan sorğuda psixoloji gərginliyə
görə doğrultmaqda çətinlik çəkirdilər.
Belə hallarda rəhbərləri imtahana dəvət
edən müəllim də, qiyməti aşağı
yazılan abituriyent də çətinlik qarşısında
qalırdı. Ona görə də qəbul imtahanlarında
«yaxşı» qiymətdən narazı qalıb, «əla» almaq
arzusunu ifadə edən abituriyent də, həmin arzunu həyata
keçirmək üçün dövlət nümayəndəsini
və rektoru dəvət etməli olan müəllim də az
hallarda belə addımlar atmağa səy göstərirdi. Bu
dəfə də belə bir hal baş verdi. Abituriyent
Hüseyn Həşimli imtahan biletindəki sualların
hamısına cavab verdikdən sonra ona elan edilən
«yaxşı» qiyməti ilə razı
olmadığını çox təbii bir nəzakətlə
bildirdi. Həqiqətən də abituriyentin biliyi «əla» qiymətə
layiq idi. Dövlət komissiyasını və rektoru dəvət
etməmişdən qabaq Hüseyn Həşimliyə bir
neçə əlavə suallar verib, fikrimi qətiləşdirmək
istədim. Bütün suallara çox dolğun
cavab aldıqdan sonra qəbul imtahanlarına nəzarət edən
Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərovu
və Naxçıvan Dövlət Universitetinə yeni rektor vəzifəsinə
təyin edilmiş tarix elmləri doktoru, professor İsaq Məmmədovu
imtahana dəvət etdim. Hüseyn Həşimli bir qədər
gərginlik keçirsə də komissiyanın verdiyi
sualların hamısına inamla qaneedici cavablar verdi. Vilayət
Partiya Komitəsi katibinin abituriyentin atasının harada
işləməsinə dair sualına cavab verərkən
Hüseyn Həşimli bir qədər duruxdu.
Düşündüm ki, yəqin rayon səviyyəsində hər
hansı bir vəzifə sahibi olduğu üçün
abituriyent fikrini açıq ifadə etmək istəmir. Lakin
onun bu suala çətinliklə verdiyi gözlənilməz
cavab məni ehtimal edilə biləcək çətinlikdən
tam xilas etdi:
- Atam vəfat edib.
Vilayət Partiya Komitəsinin katibi: - «Əla»
ilə qiymətləndirmək olar. Get, radio qovşağı
ilə çıxış et və qəbul imtahanları
haqqında öz fikrini bildir.
Komissiya imtahan otağından gedər-getməz
Hüseyn Həşimlinin aşkarlıq dövrünün
hadisəsi kimi quraşdırılmış radio
qovşağı ilə pafossuz, lakin daxili bir inamla dediyi
aşağıdakı bir-iki cümləni indi də
xatırlayıram:
- İmtahanlar ədalətli keçir. Mənim
kimi sadə kənd uşaqları da öz biliyi ilə «əla»
qiymət ala bilirlər.
Həyatının sonrakı
bütün mərhələlərində Hüseyn Həşimli
sözün həqiqi mənasında nəcib insani keyfiyyətləri,
yorulmaz zəhməti və «öz biliyi» ilə müəllimlərinin
və ailə üzvlərinin başını uca etdi.
Çoxsaylı belə hadisələrdən daha iki əhvalatı
oxuculara çatdırmaq istəyirəm.
Səhv etmirəmsə,
üçüncü kursda oxuduğu vaxt, təxminən
1984-cü ildə Hüseyn Həşimli Azərbaycan ali məktəb
tələbələrinin Bakı şəhərində
keçirilən Respublika tələbə elmi konfransında
«Azərbaycan ədəbiyyatında alleqoriya» mövzusunda məruzə
ilə çıxış etmişdi. Görkəmli
ədəbiyyatşünas alim, Azərbaycan Dövlət
Universitetinin kafedra müdiri, professor Pənah Xəlilovun rəhbərlik
etdiyi Ədəbiyyat bölməsinin iclasında ölkə
üzrə səkkiz ali məktəbin iyirmiyə yaxın tələbəsinin
məruzəsi dinlənilmişdi. Ən çox fərqlənən
bir nəfər tələbəyə Ali Təhsil
Nazirliyinin təsis etdiyi «Ən yaxşı elmi-tədqiqat işinə
görə» medalının (döş nişanının)
verilməsi nəzərdə tutulmuşdu. Bölmədə
çıxış edənlərdən iki nəfər: Naxçıvan
Dövlət Universitetinin tələbəsi Hüseyn Həşimli
və Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tələbəsi
ən çox fərqləndirilən məruzəçilər
olmuşdu. Pənah müəllim hər iki tələbənin
məruzəsi haqqında
obyektiv fikir bildirirsə də, istər-istəməz
müqayisədə az da olsa, üstünlüyü öz tələbəsinə
vermişdi. Mübahisəni həll etmək
üçün Ali Təhsil Nazirliyi Elm idarəsinin
müdiri, texnika elmləri namizədi, dosent Valeh Orucovu və
Naxçıvan Dövlət Universitetinin Tələbə
Elmi Cəmiyyətinin sədri, Respublika tələbə elmi
konfransına göndərilmiş heyətin rəhbəri kimi
məni Ədəbiyyat bölməsinin yekun iclasına dəvət
etdilər. Hüseyn Həşimli də, Bakı Dövlət
Universitetinin tələbəsi də həqiqətən
çox yaxın bir səviyyədə bilik nümayiş
etdirdilər. Ali Təhsil Nazirliyinin nümayəndəsi
Valeh Orucov hər iki tələbəyə «Ən yaxşı
elmi-tədqiqat işinə görə» medalı verilməsi
haqqında o vaxt bu dövlət qurumuna rəhbərlik edən
Qurban Əliyevə əlavə təqdimat yazmaq haqqında qərar
qəbul etdi. Sonralar gördüm ki, Hüseyn Həşimli
haqlı olaraq tələbəlik illərində respublika
üzrə tələbə elmi işlərinin müsabiqəsində
«Ən yaxşı tələbə elmi-tədqiqat işinə
görə» medalını qazanmasını tərcümeyi-halında
qeyd edib. Halallıqla, zəhmətlə qazanılanda
mükafatın böyüyü-kiçiyi olmur.
Hüseyn Həşimli ilə əlaqədar
başqa bir hadisə də unudulmazdır. 1998-ci ildə
Naxçıvan Dövlət Universiteti üçün Azərbaycan
ədəbiyyatı ixtisası üzrə Dissertasiya
Şurası yaradılmasına ilk dəfə icazə
almışdıq. O vaxta qədər hələ ölkəmizin
paytaxtından başqa digər regionlarda dissertasiya
şuraları təsis edilməmişdi.
Ali Attestasiya Komissiyasının sədri,
dünya şöhrətli görkəmli elm xadimi, akademik Azad
Mirzəcanzadə Naxçıvan Dövlət Universitetində
Dissertasiya Şurasının yaradılması haqqında qərar
qəbul edərkən şuranın ilk iclasında iştirak
edəcəyini bildirmişdi. Başa
düşürdük ki, həddindən artıq tələbkar
alim olan Azad müəllimin iştirak edəcəyi həmin
iclasda yaranan təəssürat Dissertasiya Şurasının
gələcək fəaliyyətində həlledici faktor
olacaqdır. Elmi rəhbəri olduğum Naxçıvan
Dövlət Universitetinin müəllimi Hüseyn Həşimlinin
«Azərbaycan ədəbiyyatında sentimentalizm» mövzusunda
yazıb tamamladığı dissertasiyasını
Şuranın ilk iclasında müdafiəyə
çıxarmağa qərar verdik. Ali Attestasiya
Komissiyasının sədri, akademik Azad Mirzəcanzadə vəd
etdiyi kimi, Naxçıvan Dövlət Universitetində təşkil
edilmiş Dissertasiya Şurasının 2 sentyabr 1998-ci il
tarixli iclasında iştirak etmək üçün qurumun
bir neçə əməkdaşı ilə birlikdə
Naxçıvana gəldi. Dissertasiya Şurasının
ilk iclasında ədəbiyyatşünaslıq elminin
tanınmış simaları Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, professor Yaşar Qarayev və Azərbaycan
Dillər Universitetinin rektoru, professor Qorxmaz Quliyev də dəvət
olunmuş üzvlər kimi iştirak və
çıxış etdilər.
Hüseyn Həşimli həmişəki kimi
pafosdan uzaq, təmkinlə, sanki riyaziyyatçı dəqiqliyi
və analitik təfəkkürlə sentimentalizm cərəyanının
estetikası və poetikası haqqında öz
sözünü dedi.
Azad Mirzəcanzadə iddiaçı Hüseyn
Həşimliyə verdiyi dissertasiyaya aid olan və olmayan
çətin, ikibaşlı sualların hamısına onu
qane edən cavablar aldı. Nəhayət, Azad müəllimin
axırıncı sualı belə oldu: - Valideyniniz harada
işləyir?
Hüseyn Həşimlinin azca hiss olunan qəhərli
cavabı cəmi bir sözdən
ibarət idi: - Yoxdur!
Cavab nə qədər kədərli
olsa da, akademik Azad Mirzəcanzadə kimi tələbkar və
çətin xarakterə malik bir alimin dissertant
haqqındakı xoş təəssüratlarını bir qədər
də möhkəmləndirdiyi üçün zaldan gələn
alqış səsləri ilə qarşılandı.
Dissertasiya şurasının ilk iclasında akademik Azad Mirzəcanzadənin qısa məzmunlu və
qəti mövqe ifadə edən
çıxışını az qala sözbəsöz
xatırlayıram: - Əgər Dissertasiya Şurası
Naxçıvanda yox, Bakıda keçirilsə idi (yəni
Naxçıvana görə verildiyini yozanlar olmasa idi)
heç tərəddüd etmədən elə bu iclasda
iddiaçıya filologiya elmləri namizədi alimlik dərəcəsinin
verilməsi haqqında Ali Attestasiya Komissiyasının qərarını
elan edərdim.
Hüseyn Həşimlinin sənədləri
Ali Attestasiya Komissiyasına təqdim edildikdən cəmi iki
gün sonra təsdiq edildi…
Filologiya elmləri doktoru, professor Hüseyn Həşimlinin
namizədlik dissertasiyası kimi müdafiə etdiyi «Azərbaycan
ədəbiyyatında sentimentalizm» mövzusundakı
dissertasiyası ədəbiyyatşünaslıq elmimizdə
tam yeni olan bir problemə həsr edilmiş ciddi elmi-tədqiqat
işidir. Bu, Azərbaycan ədəbiyyatşünaslıq
elmində konkret bir ədəbi cərəyana həsr
edilmiş bir əlin barmaqları ilə sayılacaq qədər
az olan sanballı elmi-tədqiqat işlərindən biridir. Mövzunu az da olsa tərəddüdlə
qarşılayanlar olsa da, Hüseyn Həşimli böyük
zəhməti və aydın elmi təfəkkürü ilə
Azərbaycan ədəbiyyatında sentimentalizm adlı bir ədəbi
cərəyanın olduğunu və həmin cərəyanın
ona yaxın olan romantizmdən fərqli xüsusiyyətləri
ilə seçildiyini müəyyən edə bilmişdir.
Hüseyn Həşimlinin 2011-ci
ilə «Azərbaycan ədəbiyyatında Avropa mənşəli
lirik janrlar» mövzusunda böyük uğurla müdafiə
etdiyi doktorluq dissertasiyası da əhatə etdiyi problemin yeniliyinə
və yüksək professionallıq səviyyəsində elmi
həllinə görə hadisə kimi qəbul edilmişdir.
Onun eyni adla çap olunmuş monoqrafiyası respublika elmi
ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanmışdır.
Professor Hüseyn Həşimlielmi fəaliyyətində
ədəbiyyat nəzəriyyəçiliyi ilə ədəbiyyat
tarixçiliyini qoşa qanad kimi inkişaf etdirmiş və
onların qarşılıqlı əlaqəsi əsasında
orijinal elmi əsərlər yazıb nəşr
etdirmişdir. Alimin ədəbiyyat nəzəriyyəsi
üzrə ədəbi cərəyanlara, lirik ədəbi növün
janrlarına, klassik ədəbi irsə və mənsur
şeirin poetikasına həsr olunmuş tədqiqatları
yüksək nəzəri səviyyəsi və fakt zənginliyi
ilə səciyyələnir. Hüseyn Həşimli
hazır sxemlərdən deyil, ədəbiyyat tarixinin daxili təkamül
proseslərindən çıxış edərək nəzəri
model yaratmağı bacaran alimlərdən idi. Hüseyn Həşimlinin
imzası onun elmdə özünüisbatının
möhürü idi.
Ədəbiyyat tarixçisi kimi də
Hüseyn Həşimli təkbaşına çox
mühüm işlərin öhdəsindən gəlmişdir.
XX əsrin əvvəllərində
yaşayıb-yaratmış Əli Səbri Qasımov, Səid
Səlmasi, Əli Məhzun, Məhəmmədəli Sidqi, Nemət
Bəsir, Fərhad Ağazadə və başqaları kimi həyat
və fəaliyyətləri çox az öyrənilmiş Azərbaycan
yazıçı və şairlərinin tərcümeyi-hallarını,
yaradıcılıq yollarını
araşdırıb tədqiq etmiş, əsərlərini
üzə çıxarıb kitab halında çap etdirməklə
ədəbi-elmi ictimaiyyətə
çatdırmışdır. «İzzəddin Həsənoğlunun
ədəbi irsi» adlı monoqrafik tədqiqatı Hüseyn Həşimlinin
elmi maraq dairəsinin genişliyini və zənginliyini bir daha
nümayiş etdirir. XX əsrin əvvəllərində
çap olunmuş «Yeni füyuzat» və «Şeypur»
jurnallarının mətnlərinin transliterasiyası və nəşri işi də
Hüseyn Həşimlinin adı ilə bağlıdır.
Hüseyn Həşimli mətnşünas
ağırlıqlı ədəbiyyat tarixçisi və ədəbiyyat
tarixçiliyinin də iştirak etdiyi ədəbiyyat nəzəriyyəçisidir.
Bu, Azərbaycan ədəbiyyatşünaslıq elmində fərqli
bir yoldur. Həmin elmi istiqamətin inkişaf etdirilməsində
Hüseyn Həşimlinin böyük zəhməti vardır.
Professor Hüseyn Həşimli ölkə
miqyasında qəbul edilən görkəmli ədəbiyyatşünas
alim idi. O, bəlkə də respublikamızda elmlər namizədi
alimlik dərəcəsində Əməkdar elm xadimi fəxri
adına layiq görülmüş ilk elm adamı olmuşdur.
Hüseyn Həşimlinin elmi əsərləri Azərbaycan ədəbiyyatşünaslıq
elmini zənginləşdirən fundamental tədqiqatlardır.
Fəaliyyətində elmlə pedaqoji fəaliyyəti birləşdirən
Hüseyn Həşimli otuz ildən çox Naxçıvan
Dövlət Universitetində Ədəbiyyat nəzəriyyəsi
və Orta əsrlər Azərbaycan ədəbiyyatı fənlərindən
dərs demişdir. Onun mühazirələri də ədəbiyyat
tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəsinin
üzvü vəhdətindən yoğrulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatı kimi də Hüseyn Həşimli ictimai-siyasi və
elmi-mədəni mühitdə çox yaxından və fəal
surətdə iştirak etmişdir. Naxçıvan Dövlət
Universitetinin tədris işləri üzrə prorektoru kimi də
Hüseyn Həşimli səmərəli fəaliyyət
göstərmişdir. O, tədris işinin təşkili,
planlaşdırılması, idarə olunması və
metodikasını elm səviyyəsində
qavramışdır.
Uzun illər ərzində Hüseyn Həşimli
sona qədər bölüşdüyüm və ortaq cavab
ala bildiyim azsaylı insanlardan biri kimi də mənim
üçün unudulmazdır.
Azərbaycan Milli Elmlər
Akademiyası Naxçıvan Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə
direktor müavini vəzifəsində də Hüseyn Həşimli
ürəklə işə başlamışdı.
İnstitutun da, özünün də ciddi elmi planları,
bizimlə ortaq layihələrimiz var idi. İnanıram
ki, Naxçıvan Dövlət Universitetində və
AMEA-nın Naxçıvan Bölməsindəki həmkarları
və yetirmələri görkəmli alim, aydın elmi sima,
etibarlı dost və böyük müəllim Hüseyn Həşimlinin
xəttini davam etdirəcəklər…
İsa Həbibbəyli
AMEA-nın birinci
vitse-prezidenti, akademik
Mətndə səhv varsa, onu qeyd edib
Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
525-ci qəzet.- 26 iyun.- S.14.