"Lo" romanı: gerçəkliyin
uğurlu bədii inikası
Ədəbiyyatın əzəli və əbədi missiyası gerçəkliyi bədii
şəkildə əks
etdirmə bacarığıdır.
Haqqında danışacağımız
romanın orijinallığı
və diqqətçəkiciliyi
də onun gerçəkliyində, tarixi
həqiqətləri bədii
dillə ifadə etməsində, yaxın dünənimizin qaranlıq
səhifələrini işıqlandırmasındadır.
Əjdər Olun "Lo"
romanında 1988-1993-cü illərdə
xalqımızın həyatında
baş verən sürətli dəyişikliklər
- Sovet İmperiyasının
çökməsi, ölkəmizdə
Milli Azadlıq hərəkatının başlanması,
siyasi böhranlar, sadə xalqın öz azadlığına
qovuşması üçün
apardığı mübarizə,
verdiyi qurbanlar, başına gələn
bəlalar, təcrübəsizlik,
bir sözlə, düşdüyümüz "Lo" sadə dildə bugünkü oxucuya və gələcək nəsillərə
çatdırılır. Əsərin
adı da bu mənada çox uğurlu və yerində seçilib. Doğrudan
da o dövrdə başımıza gələnləri
qısa, aydın və sərrast ifadə edəcək bir kəlmədir Lo. Bu əsər
ilk kəlməsindən
tutmuş sonuncu sətrinə qədər
oxuyub düşünməyi
tələb edir.
Hamımıza məlumdur ki, "Lo" elə bir dövrün romanıdır, bu mövzunu ədəbiyyatda
işləmək müəllifdən
cəsarət tələb
edir. Müəllif əsərdə canlandırdığı
obrazları özünün
dediyi kimi, "Həyatda da tanıyırıq". Bu
mənada Əjdər
Ol ikiqat cəsarətli hesab olunur. Çünki onun "Lo"sunda hər kəs öz adı ilə iştirak edir.
Belə bir
həssas və ehtiyacımız olan mövzunu roman janrı ilə gerçəkləşdirən yazar hadisələrə bədii rəng qataraq onu oxuculara
təqdim edir.
Əsər qəhrəmanın
Çernobıl atom stansiyasının yerləşdiyi
şəhərdə hərbi
xidmətdə olan qardaşından aldığı
müəmmalı teleqramla
başlayır. Bununla
da qəhrəmanın
dincliyi pozulur, cavabsız suallar, qara-qura fikirlər onu yorur. "Bilirdim ki, qardaşımın
Qazaxıstandan göndərdiyi
teleqramdakı "Gəl,
görüşək!" çağırışı nisgildən-zaddan doğan umsuq deyil".
Beləcə, Çernobıl atom stansiyasında başlayan,
ictimaiyyətdən gizlətmək
üçün ört-basdır
edilən qəza bir ailənin rahatlığını pozmaqla
bir cəmiyyətə
nüfuz edir, onun ahəngini pozur, quruluşun çökməsi prosesi başlayır. Bu prosesdən istifadə edib öz müstəqilliyinə
can atan Azərbaycan üçün
Qarabağ düyünü
- Topxana meşəsinin
qırılması - hadisələrin
gedişatını sürətləndirir.
Xalqımızın azadlıq
yanğısını coşdurur,
itkilərimiz, ağrılı-acılı
günlərimiz başlayır.
Qorbaçovun yenidənqurma siyasətindən
başlayan Sovetlərin
dağılmasını, cümhuriyyət
ideyalarının gerçəkləşməsini,
meydan hərəkatını,
20 yanvar, Xocalı faciələrini, total xaosu, Elçibəyin dövrünün qarışıqlığını,
Heydər Əliyevin hakimiyyətə qayıdışını
ardıcıllıqla təsvir etməklə bərabər, müəllif
həm də öz oxucusunu pərdəarxası məqamlardan
da xəbərdar edir. Həmin dövrdə ölkədə
vəziyyətin kritikliyini
ifadə edən "Bəlkə Qiyamət gününə yaxınlaşırıq.
Amma Qiyamət təkcə bir ölkədəmi baş verəcək?" kəlmələri
ilə dünya düzəninin dəyişməsinə
işarə edir.
Romanın iştirakçısı
geniş mənada xalqdır. Hadisələri
bizə danışan
isə bu hadisələrin iştirakçısı
olan qəhrəmandır.
Bu qəhrəman yaşadığı və
içindən keçdiyi
hadisələri, ağrılı-acılı,
qanlı-qadalı tarixi
dövrü bizə aydın şəkildə, soyuqqanlı
tərzdə, estetik məhdudluqdan uzaq olaraq nəql edir.
Bu Qəhrəman
bir qədər xəyalpərvər olsa da, təmkinli, səbirlidir, baş verənlərə ayıq
gözlə baxır.
"Deyəsən, ətrafdakılardan
daha çox məlumatlı idim və bildiklərimə daha ciddi yanaşırdım.
Qardaşım kimilər
isə hadisələrin
ləzzətini yaşayırdılar,
vacib işlər gördüklərinə inanırdılar".
Əsərdə meydan hərəkatı geniş və canlı təsvir olunaraq ordakı hadisələrə əhatəli yer verilib. Kütlənin həyəcanı, qüruru, coşqusu o qədər aydın və ustalıqla təsvir olunub ki, oxucu da
birbaşa meydanın iştirakçısına çevrilir,
gah həyəcanlanır,
gah kədərlənir,
gah məyusluğa qapılır, gah da ümidli, inamlı olur.
Gerçəkliyin real təsviri
Əjdər Olun qələminə sadiqliyindən,
güclü müşahidə
qabiliyyətindən irəli
gəlir. Çünki
o, bizə yaxşı
tanış olan portret hekayələrində
də usta yazar olaraq gerçəklikləri
şişirtmədən və
hamının gördüyü,
amma fikir vermədiyi yöndən təsvir edir.
"Lo"da
müharibə səhnələri
meydan hərəkatı
kimi geniş təsvir olunmasa da, onun törətdiyi
fəsadlar bir sıra fərqli situasiyalarla oxucuya çatdırılır, həmçinin,
yaşlı nəslin
müharibə haqqında
fikirləri də təqdim olunur.
Əjdər Ol bu əsərdə də yazıçı ustalığı
ilə bəzi məqamlarda hadisələri
ümumiləşdirmək, bəzən isə hər hansı bir lövhəni qabartmaq sayəsində oxucusunu ovsunlayır, onu həmin tarixi dövrün dolanbaclarında addım-addım
gəzdirir. Əsərdəki
tarixi fakt və istinadlar yazıçının
bu mövzuda ciddi müşahidələr,
dəqiq qeydlər, dərin araşdırmalar
apardığını göstərir.
Müəllif bununla həm əsərin canlılığını təmin
edir, romanın dəyərini artırır,
həm də oxucusunu maarifləndirir.
Onu da deyim ki, mən
bu əsərdə
"Əli və Nino" ilə bəlli bir bağlılıq, ruhən
doğmalıq hiss etdim. Hər nə qədər fərqli əsərlər
olsa da bu
iki roman bəzi cəhətlərilə
yaxındır. Bir eşq macərası olan "Əli və Nino" əsrin əvvələrində
tariximizin 1918-1920-ci illərini,
Cümhuriyyətin yaradılışını
və işğalın
qaranlıq səhifələrini
işıqlandırır. "Lo" isə elə həmin əsrin sonunda Azərbaycanın işğaldan
azad olub müstəqilliyə qovuşması
prosesini canlandırır.
Bundan başqa, "Lo"nun qəhrəmanı
ilə "Əli və Nino"nun qəhrəmanı Əli
xan Şirvanşir arasında ilk baxışdan çox da sezilməyən mənəvi yaxınlıq
telləri duyuram. Hər iki əsərin
qəhrəmanı öz
Bakısını sevir,
onu hiss edir: "Əli və Nino"da Əli xan "Nəyimə lazımdır
mənim özgə şəhərlər, özgə
damlar və özgə mənzərələr.
Mən düz dənizi və düz səhranı, onların arasında yerləşən bu qədim şəhəri sevirdim. Burda neft axtarmağa gələn səs-küylü
bəşəriyyət varlanandan
sonra çıxıb
burdan gedirdi" - deyir. "Lo"nun qəhrəmanı düşünür
ki: "Mənim öz Bakım vardı və şəhərdə tək
gəzəndə onu daha yaxşı duyurdum. Qız qalasının içindən
yuxarı qalxan pilləkənlərdə, yarıqaranlıq
araqatlarında ləngiyirdim.
Elə bil burda hörgülərə,
mazqallara baxıb vahimələnmək, üşənmək
istəyirdim, keçmişi
təsəvvür eləmək
üçün vasitələr,
nişanlar axtarırdım".
Ola bilsin ki, hər iki qəhrəmanın
mənəvi zənginliyi,
öz kökünə
bağlılığı, bədii cəhətdən
mükəmməl işlənməsi,
hər iki əsərin bizim mənəvi sərvətimiz,
keşməkeşli tariximizin
müəyyən səhifələrinin
yaşadıcısı olması
məndə bu təəssüratı yaratdı.
Əsl ədəbiyyat
həmişəyaşardır. Bu mənada, yazıçının
bizə təqdim etdiyi "Lo" romanı xalqımızın
milli ruhunu, azadlıq mübarizəsini,
verdiyi qurbanlar bahasına qazandığı
müstəqilliyini qoruma
tarixini, müəllifin
dediyi kimi, bütövlükdə son
dövrdə "Azərbaycanın
tərcümeyi-halını" əks etdirməklə bu günün, sabahın və gələcəyin romanıdır.
Sara Selcan
525-ci qəzet.- 2020.- 26 iyun.- S.20