Sadəlikdə gözəlliyin Vahid
nümunəsi
Ulu
ustadı Məhəmməd Füzulidə olduğu kimi,
böyük qəzəlxanımız Əliağa Vahidin də
iki qisim qəzəli var: "sadədil zəriflər" və
"kamil müdəqqiqlər" üçün. Hər kəs
öz payını aparır Vahiddən.
Birinci tip
qəzəllər sadə və anlaşıqlıdır,
asan başa düşülür, onlarda ərəb-fars tərkibləri
yoxdur, saf Azərbaycan türkcəsində yazılıb. Bu qəzəllərin şərhə ehtiyacı
olsa da, izaha ehtiyacı yoxdur. Bir-iki misal göstərək:
Öyünmə çox, gözəlim, çox da
gözlərin qaradır.
Təbiətin
işidir, gündə min gözəl yaradır,
Bu canı istə verim, özgə bir şeyim yoxdur.
Mən
aşiqəm, nəyim olsa, mənimki aşkaradır...
Desəm
qılınc qaşına, qorxuram dilim kəsilə,
Sözün
düzü, nə bilim, bəlkə əyri ayparadır...
İndi də
başqa qəzəldən beytlərə nəzər yetirək:
... Etməz,
mələk olsa, bu qədər naz ilə qəmzə,
İnsaf
elə barı, gözəlim, sən ki bəşərsən.
Naz ilə
gələrkən qədəmin qoy gözüm üstə
Qoyma quru yer üstünə, birdən sürüşərsən.
Bu beytlərin yer aldığı qəzəl də tərtəmiz
Azərbaycan türkcəsindədir.
Sözümüz qəribçiliyə salınmasın
deyə onu da qeyd edək ki, ərəb-fars tərkibləri
olan bəzi qəzəlləri də 1-ci tipdən hesab eləmək
olar. Məsələn, "Demə Məcnuna dəli, bəlkə
də Leyla dəlidir" mətləli qəzəli.
İkinci
tip qəzəlləri isə başa düşmək
üçün, necə deyərlər, bir az
xüsusi savad tələb olunur. Klassik ədəbiyyatda
işlənən frazaları bilmək fayda verər. Sufi terminləri lüğətinə bələdlik
lap yaxşı olar. Ümumilikdə,
Vahidin dili sadələşdirilmiş klassik qəzəl
dilidir. Fikrimizi daha da aydınlaşdırmaq
üçün Vahidin kəlmələr aləminə ötəri
bir nəzər yetirək: gül, bülbül, güli-xəndan,
bülbüli-şeyda, güli-rəna, yar, əğyar, dost,
düşmən, mey, kaşanə, meyxanə, saqi, rind, zahid,
piri muğan, xərabat, rindi-xərabati, qaragözlülər,
pəriçöhrə, nigar, nazənin, dilbər, pəri,
xosrovi-xuban, xubru, qönçədəhan, ahu
baxışlı, şam, pərvanə, zülf, şanə,
həlqeyi-zülf, aqil, pərişan, məst, sərməst,
dəm, lül, badə, qədəh, əyaq, sağər,
şakər, bica, cami-şərab, eşq, aşiq, can, canan,
eşq əhli, zəncir, dəli, divanə, xəzan,
gülüstan, gülzar, çəmənzar, binəva,
bimehr, bivəfa, biganə, həngamə, ahəstə, peyvəstə,
gənc, gəncinə, viranə, tuti, şəkəristan,
gülşən və sair.
Sadəcə, yaddaşımıza əsasən
yazdığımız bu ifadələr və daha yüzlərlə
belə kəlmə olmadan Əliağa Vahid qəzəllərini
təsəvvür etmək mümkün deyil. Göründüyü
kimi, burada adi oxucu üçün anlaşılmayan məfhumlar
da vardır. Buna baxmayaraq, Əliağa
Vahidin şeirləri asanlıqla oxunur. Buna
səbəb nədir? Səbəbin biri odur ki,
Əliağa Vahid yüz illərlə qəzəl ədəbiyyatında
işlənmiş, dəbdən düşsə də, öz
əhəmiyyətini itirməmiş bu ifadələri
müasir Azərbaycan poetik təfəkkürü alovunda
bişirərək ona bir az da milli şirə qatır və
bu sözlərə tamamilə yeni lətafət, təzə
dad verir.
El
düşdü bütün heyrətə divanəliyimdən,
Sirrim demədim bir kəsə mərdanəliyimdən.
Xakəstəri
eşqəm, mənə təhqir ilə baxma,
Min gənc çıxar zahirə viranəliyimdən.
Məcnun
kimi mən barigəhi-eşqi bəyəndim,
Keçdim bu təmənna ilə şahanəliyimdən.
Hələlik
burada dayanaq... Sıravi oxucu bir qəzəlin
2-ci beytinin dadını, duzunu lazımınca hiss edə
bilirmi? Əlbəttə, yox.
Füzuliyə istinad edərək, şərti olaraq,
Vahid qəzəlləri üçün də əsas
götürdüyümüz bu bölgü haqqında
fikirimizi yekunlaşdırırıq. Çünki
Ə.Vahid qəzəliyyatının bu baxımdan tam təsnifatını
vermək fikrində deyilik.
Vahidin qəzəllərinin
xüsusiyyətlərindən biri də odur ki, beytlərin
birinci və ikinci misraları, eləcə də ümumən
bütün beytlər arasında bağlılıq var. Məsələn,
"əlinə" rədifli qəzəldə söhbət
əvvəldən axıra qədər meydən gedir,
heç bir yerdə dağınıqlığa, süniliyə
yol verilmir. Hər şey təbiidir. Yarın badə götürməsinə səbəb
olan saqi alqışlanır. Badənin xam
adamlar üçün olmadığı qeyd olunur. Mey "ləli-girənmayə" kimi qiymətləndirilir
və "cənnət açarı" hesab edilir. Onu
"cahilü bədnam"lara verməmək
tövsiyə edilir. Ömər Xəyyam xeyirlə
və rəhmətlə yad olunur və sair.
Vaxtilə Məhəmməd Füzuli türkcə
şeir-qəzəl yazmağın çətinliklərindən
gileylənirdi.
Vahidin xidmətlərindən biri də odur ki,
XX əsrdə Azərbaycan türkcəsinin əruza dair
imkanlarını olduqca məharətlə nümayiş etdirə
bilmişdi.
Etiraf etmək lazımdır ki, bu cəhətdən
Vahiddən əvvəl də, sonra da ona bənzər bir qəzəlxan
olmayıb. Qəzəlin bütün klassik xüsusiyyətlərini
saxlamaqla, olduqca sadə, başa düşülən, yadda
qalan, doğma sözlərin çoxluq təşkil etdiyi, ən
müxtəlif təbəqələrdən olan adamları
öz cazibə dairəsində saxlayan Vahid kimi bir qəzəlxan
yoxdur. Vahid ana dilimizin danışıq
üslubundakı şeiriyyəti də çox ustalıqla qəzəllərində
və digər əsərlərində nümayiş etdirib.
Şairin qəzəllər divanında "necə oldu",
"çıxsın getsin", "eşitdiyimə görə",
"evdə qalıb", "yadımdan
çıxdı", "ağlatdı məni",
"heç kim bilməsin", "bəs nə deyim",
"özü bilsin", "kim olar", "əcəb
oldu", "inşallah", "hərdənbir",
"bildinmi", "nə xəbər var" rədifli
nümunələr şifahi nitqdə işlənən kəlmə
və ifadələr əsasında yazılıb.
525-ci Qəzet
- KİVDF-nin yazı müsabiqəsində yeniliklər
Klassik ifadə vasitələri işlətdikdə isə
şairin olduqca dəqiq davrandığı aydın
görünür. Vahid haqqında yazan mütəxəssislərin
bu baxımdan ona heyrət etməsinin səbəbi qəzəl
və digər məhəbbət şeirlərindəki sadəlikdə
gözəllik nümunəsi olan saysız-hesabsız nümunələrdir.
Bir misraya nəzər salaq:
Demədim
dərdimi canana, yadımdan çıxdı...
Ədəbiyyat aləmində insan
duyğularının, hiss və həyəcanlarının
belə təbii və səmimi şəkildə təsvirinə
çox nadir hallarda təsadüf edilir. Bir sıra beytlərə
diqqət edək:
... Vahid,
yenə Məcnunusan ol şuxun, eşitdim,
Biçarə, sənin də heç yox imiş əqlükamalın.
... Vahid,
mənə çoxdan bu can
ağırlıq edirdi,
Ey kaş onu da yarə verib, yüngül olaydım.
... Dedi ol
yar mənə, dəftərimiz evdə qalıb,
Eşqə dair yazılan sözlərimiz evdə
qalıb.
... Bir ov
itirən ovcu kimi Vahidi gördüm,
Heyran dolanır çölləri, ceyran necə oldu?
...
Mübtəlası olasan bir gülər üzlü gözəlin
Hər səhər küsdürəsən
könlünü axşam alasan.
Vahid özündən əvvəlki ədəbizəmin
üzərində yetişərək ucalmış bir sənətkardır. Məlumdur ki, Füzuli
yaradıcılığının Əliağa Vahidə təsiri
daha çox hiss olunur. Bu təsir bəzən
açıq, bəzən də gizli şəkildə
özünü büruzə verir. Sözün
doğrusu, bu məsələni araşdırmaq o qədər
də asan məsələ deyil və xüsusi tədqiqatın
mövzusu ola bilər. Mətləbdən
uzaqlaşmadan aşağıdakı iki beytə nəzər
yetirmək istərdik:
Füzulidə:
Həvəsim
badeyi-gülgünə o ümmid ilədir,
Ki olam məst, tutam daməni-dilbər küstax.
Vahiddə:
Canana
ürək sirrini dəmsiz demək olmur,
Hal əhli cəsarətli olurmuş dəm olanda.
Burada Füzuli deyir ki, gül rəngli şəraba (meyə)
o ümmid ilə həvəs göstərirəm ki, məst
olam, yarın ətəyindən tutmaq
küstaxlığını edə biləm. Füzulinin bu beyti başqa
cürə də izah oluna bilər: Ona görə meyə həvəs
edirəm ki, məst olam, yarımın küstax damənini
tuta bilmək cəsarətim ola.
Əliağa Vahidin beytini isə izah etməyə ehtiyac
yoxdur. O ki
qaldı "dəm" sözünə, o, indinin
özündə də bərk kefli mənasını verir.
Bir az da ədəbi şəklə salsaq,
"dəm" burada məstliyin çox yüksək səviyyədə
olmasına işarədir. Burada Vahid deyilmiş
sözü deyir, əslində. Yəni
dediyi yeni fikir deyil, Füzulidən gəlmədir. Amma deyilmiş fikri Vahid yeni, deyilməmiş tərzdə
ifadə edir.
Başqa
nümunələrə baxaq:
Füzulidə:
Məndə
Məcnundan füzun aşiqlik istedadı var
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
Vahiddə:
Vahid, məni
sərdəftəri eşqiçrə yazıblar,
Məcnun sözü dillərdə bir əfsanə
üçündür.
Füzulidə:
Gər
dersə Füzuliki, gözəllərdə vəfa var,
Aldanma ki, şair sözü əlbəttə
yalandır.
Vahiddə:
Vahid, hər
şuxə inandımsa, vəfasız çıxdı,
Bu gözəllərlə
mənim həşrdə divanım ola.
Füzulidə:
Canı
canan diləmiş, verməmək olmaz ey dil
Nə niza eyləyəlim, ol nə sənindir nə mənim.
Vahiddə:
Can
hanı məndə, məni eşqdir ancaq yaşadan
Onu canan mənə vermişdi, yenə qaytardım.
Bu beytlərdə də Füzuli təsiri sezilir. Ümumiyyətlə,
Vahidin qəzəllərində təkcə məzmun cəhətdən
deyil, forma və digər cəhətlərdən də
Füzuliyə bağlılıq çoxdur.
Vahidin qəzəllərində çox zaman bir
sözü belə dəyişməyin
mümkünsüzlüyü nahaq yerə söylənilməyib
və əsaslı fikirdir. Məsələn,
aşağıdakı beytə nəzər salaq:
Fələyin
qəddi bükülmüşsə, mən ondan qocayam,
Onda ki, yoxdu nə dünya, nə fələk - mən
vardım.
Birinci misrada bükülmüşsə sözünə
fikir verin. Burada əyilmişsə sözü də işə
yarayardı. Ancaq əyilmə və bükülmə
arasında fərqlər var. Qədd-qamət azacıq da əyilər,
əyilib ikiqat da ola bilər. Bükülmə isə mənanı daha da qüvvətləndirir,
əyilmənin qatbaqat olduğunu bildirir. Şair
demək istəyir ki, fələk o qədər qocalıb, qəddi
tamam bükülüb, buna baxmayaraq, yenə də mən ondan
qocayam. Yaranış etibarı ilə fələkdən
və dünyadan əvvəl olduğunu ifadə edir. Məsələ burasındadır ki, beytdə fələyin
qəddindən söhbət gedir. Fələk
- göylər deməkdir, asiman deməkdir. Fələklər də qat-qatdı, təbəqə
təbəqədi, yəni əyilmiş deyil, əslində,
bükülmüş vəziyyətdədir.
Cəsarətlə demək olar ki, Əliağa Vahidin
yaradıcılığı ilə Azərbaycan qəzəli
özünün yeni inkişaf mərhələsinə qədəm
qoydu. Əliağa Vahid müasir dövrdə bu janrın
misilsiz örnəklərini yaradıb yadigar qoydu. Onun dil baxımından da zəngin materiallar təqdim
edən yaradıcılığının dərindən
araşdırılması Azərbaycan dilçiliyi
üçün mühüm fayda verə bilər. Çünki Əliağa Vahid öz qəzəllərində
Azərbaycan türkcəsinin misilsiz imkanlarını
ustalıqla nümayiş etdirib. XX əsrdə ədəbiyyatımızın
bir çox janrlarında ədəbi dilimizin inkişafı
özünü aydın hiss etdirib. Qəzəl
janrında isə bu nailiyyət məhz Əliağa Vahidə
qismət olub.
Arif ORUCOV
525-ci qəzet.- 2020.- 26
iyun.- S.23