Patriarxla son görüş

Professor Şirməmməd Hüseynovun əziz xatirəsinə 

 

Əslində, yol uzaqdan başlayır... Mən əvvəlcə universitetdə Şirməmməd müəllimin tələbəsi olmuşam, auditoriyada mühazirələrini dinləmişəm, bir dekan kimi onun idarəçiliyini, mənəvi təmizliyini və sərtliyini görmüşəm. Sonra həmin universitetdə bir yerdə çalışmışıq, müəllim həmkarı və dost olmuşuq. Və bu dostluğun da əsası bir vaxtlar (1993-1996) Azərbaycan televiziyasında çox baxılan "7 gün" analitik proqramını apardığım illərdə qoyulmuşdu.

 

***

 

Auditoriyadakı dərsləri və dekanlığı professor Ş.Hüseynovu mənə çox zabitəli və klassik pedaqoq, həqiqəti deməkdən çəkinməyən vicdanlı bir müəllim kimi tanıtmışdı, amma televiziyadakı birgə işimizdə bu müəllimin daha böyük miqyasını, xarakterindəki daha parlaq çalarları gördüm. O vaxtdan Şirməmməd müəllimi təkcə böyük alim, araşdırmaçı, yaxşı qələmi olan publisist kimi deyil, həm də ictimai ölçülərlə yaşayan məslək sahibi, həqiqi millət adamı təki tanıdım. Artıq ona universitet müəllimi kimi yox, millət MÜƏLLİMİ kimi baxırdım. İllər keçdikcə onun da məni ən azı tələbə ranqından bir pillə yuxarı tutduğunu hiss edirdim. Bir gün zəng eləməyəndə "bəs sən haralarda qalmısan" deyə ərklə soruşurdu. Onun çox yaxınında idim, məsləhətlərindən faydalanır, yazdıqlarını oxuyur, danışdıqlarını dinləyib yaddaşıma köçürürdüm.

 

Bir millət müəllimi kimi onun əsas missiyası xalqı ən azı öz yaxın tarixi, bu şərəfli tarixin ortaya çıxardığı mənəvi irs barədə maarifləndirmək, topluma doğru yol göstərmək idi. Deyirdi ki, dünənin gedişatlarını bilməsən, bu gün kor kimi qalacaqsan, gərək hardan gəlib hara getdiyini dəqiq biləsən. Şirməmməd müəllim bilik xəzinəsinin üstündə oturmuşdu, hədsiz dərəcədə məlumatlıydı, xeyli hadisələrin şahidi və iştirakçısı olmuşdu, çoxlarının bilmədiyi, fərqinə varmadığı irili-xırdalı gizli axınlardan xəbərdarıydı, buna görə də yeriyən ensiklopediya idi. Onunla ötəri təmas da, yaxın ünsiyyət də, dərin dostluq da həmişə insanı zəngin mənəviyyat aləminə çəkib aparırdı. Bu nəhənglikdə həyat müəllimi ilə ünsiyyətdə olub nə isə öyrənməmək sadəcə, mümkün deyildi.

 

Əsl alim və görkəmli araşdırmaçı kimi onun heyrətamiz elmi təfəkkürü, dərin məntiqi vardı. Peşəkar tədqiqatçılığı, araşdırma meyarları, mənbələrlə işləmək metodu, yazı üslubu, müqayisə və paralellər aparmaq tərzi bir məktəb idi. Ona görə elmi işlərə, kitab və dissertasiyalara tamam başqa ölçülərlərlə yanaşardı. Cavanlı-qocalı dərin  biliyi olmayanlar, beynini kif basanlar, bəlağətli danışığı ilə işi yola  vermək istəyənlər ondan çox çəkinirdilər. Çünki Şirməmməd müəllim savadsızlara, dili ilə baş girləyənlərə, layiq olmayanlara güzəşt etməzdi. Yalana, ikiüzlülüyə, diletantlığa, yaltaqlığa nifrət edərdi. Bunları sözdə eləmirdi, əməli ilə göstərir, başqalarını da bu ruhda tərbiyə etməyə çalışardı.

 

Mən Şirməmməd müəllimin köksündə bu millətin qiymətli insanlarına həmişə tükənməz sevgi, dostlarına böyük sədaqət görürdüm. Məslək dostu Bəxtiyar Vahabzadə xəstə olanda zəng edirdi ki, "gəl, məni də götür, gedək Bəxtiyara baş çəkək". Ramiz Abutalıbovun Bakıya gəlişindən xəbər tutanda "o kişi ilə mütləq görüşək" deyirdi. Solmaz Tohidinin, Aydın Balayevin, Firdovsiyyə Əhmədovanın, Cəmil Həsənlinin, Georgi Mamulianın, Nəsib Nəsiblinin, Ədalət Tahirzadənin, Nəsiman Yaqublunun, Mehman Dəmirlinin və başqa tədqiqatçıların Cümhuriyyət mövzusunda yeni araşdırmalarına reaksiya verərdi. Yetirmələrinin uğurlarına çox sevinər, onlarla fəxr edər, iradları olanda da incə şəkildə bildirərdi. Amma onlardan köməyini də əsirgəmirdi.

 

Şirməmməd müəllimin güclü zaman hissi varıydı, zamanın havasını, gedişatını  dəqiq duyurdu. Bir də vaxtının üstündə əsirdi. Bir neçə il əvvəl əhvalının yaxşı vaxtında təklif etdim ki, gəlin, Cümhuriyyət marşrutuna çıxaq, sizi aparım Gəncəyə, 28 Mayı orda keçirək, Milli hökumətin müvəqqəti yerləşdiyi binanı, Nuru paşanın qaldığı evi ziyarət edək. Ertəsi gün də Göyçay və Qaraməryəmdə Qafqaz İslam ordusunun döyüşdüyü yerlərə baxaq, ordan da qalxaq İsmayıllıya - Lahıca gedək, Rəsulzadənin yaşadığı evə baş çəkək. Təklifim çox xoşuna gəldi, üzünə bir uşaq təbəssümü qondu, sifəti qəribə şəkildə işıqlandı, gözləri güldü. Sonra ciddi görkəm alıb qayğı ilə:

 

- Mən ora getsəm, azı iki-üç gün itirəcəm, bəs bu işləri kim görəcək? - deyə yazı stolunun üstündə qalaqlanmış materialları göstərib qayğılı-qayğılı soruşdu.

 

Onda Şirməmməd müəllim şövqlə Cümhuriyyətin 100 illiyinə hazırlaşırdı, "Azərbaycan" qəzetində parlament hesabatları"nı toplayıb nəşr etdirirdi. M.Ə.Rəsulzadənin "Əsərləri"nin 5 cildindən sonra bu "Hesabat"ların da iki sanballı cildi çapdan çıxmışdı. Yaxşı da rezonans doğurmuşdu. Axırıncı cildin üzərində ciddi-cəhdlə çalışırdı. Ustad tələsirdi...

 

***

 

Hər il mayın 28-də Cümhuriyyət günü münasibətilə  ilk olaraq Şirməmməd müəllimi təbrik edərdim. Keçən il də zəng elədim və telefonda xeyli danışdıq. Gözəl əhvalı varıydı və bunu istiqlal gününün xoş havasının yaratdığını sezməmək mümkün deyildi.

 

Ənənəvi olaraq "bilirsən, nələrdən xəbərsiz qalmışıq" cümləsindən sonra mühacirət mətbuatından tapıb üzə çıxardığı təzə materiallardan danışmağa başladı. Maraqlı sitatlar gətirdi, o vaxtlar Ankarada və Parisdə 28 Mayın necə qeyd olunmasına aid xəbərlər oxudu. Sonra da dedi ki, bu söhbətlərin çoxu telefonluq deyil, bu günlərdə vaxt elə gəl, evdə rahat-rahat danışaq.

 

Bir neçə gündən sonra Rafael Hüseynovla "gedək kişiyə baş çəkək" söhbətini təzələyib, birlikdə Şirməmməd müəllimgilə yollandıq. Bizi özü qarşıladı, kefi əməlli-başlı açıldı. Elə oradaca üst-üstə qalaqlanmış kitablardan hərəmiz üçün bir neçəsini seçib kənara qoydu ki, bunlar sizindir, gedəndə apararsınız.

 

Biz hər şeydən danışırdıq, daha doğrusu, ustad danışırdı, biz qulaq asırdıq. Söhbət Cümhuriyyətdən, onu quran kişilərdən, bəzilərinin Qurucu babalara olan qısqanc və layiqsiz münasibətindən gedirdi. Şirməmməd müəllim Məclisi Məbusandan danışırdı, millətin qürur yeri olan Rəsulzadənin dərin zəkasından, Nəsib bəyin dar macaldakı parlaq fəaliyyətindən, Xoyskinin diplomatik manevrlərindən, Topçubaşovun Vilsonla görüşündən, Həsən bəy Ağayevin parlament iclaslarını necə məharətlə idarə etməsindən, Üzeyir bəyin "Azərbaycan" qəzetindən, bolşevik fraksiyasının məkrlərindən, yerli satqınlardan, o dövrdə Rusiyada gedən proseslərdən, Milli Ordunun Qarabağ zəfərindən söhbət açırdı. Bu söhbətin ruhundan və dediklərinin bizə olan təsirini görməkdən zövq alırdı Şirməmməd müəllim. Çünki bütün diqqətimiz onda idi, zaman anlayışını da itirmişdik, hansı il olduğunu da unutmuşduq, hipnoz olunmuş adamlar kimi özümüzü xəyalən 100 il əvvəlin dramatik hadisələrinin içərisində hiss edirdik.

 

Mübahisəli görünən məsələlər olanda sual verib fikrimizi soruşurdu. Suallarımızı da  dərhal cavablandırmırdı, diqqətlə dinləyir, başladığı hər hansı fikrini sona çatdırandan sonra maraqlı cavablar verirdi. Rafaelin sualları daha çox idi, çünki milli radiomuzun ən populyar verilişi olan "Axşam görüşləri" üçün Şirməmməd müəllimlə qeyri-adi söhbət hazırlayırdı. Bu söhbət dünənlə bugünün müqayisəsi kontekstində gedəndə və ayrı-ayrı tarixi şəxsiyyətlərə aid olanda xeyli maraqlı nüanslar ortaya çıxırdı.

 

Ülkər xanımın hər dəfə "çayınızı soyutmayın" xəbərdarlığı, sanki  bizim yeni mövzulara keçməyimiz üçün əsas olurdu. Bu dəfə Şirməmməd müəllim "525-ci qəzet"də çıxmış sonuncu yazılardan danışırdı. M.Ə.Rəsulzadənin "Yeni Qafqasiya" dərgisində "Azər" imzası ilə Atatürk haqqında yazdığı "Qazinin heykəli" və Cümhuriyyəti ittiham edən bolşeviklərə yönəlik "Vəsiqələr nə diyor" məqaləsinin şərhini verirdi. Bu məqalələrdə tarixi ədalətsizliklərin millətlərə hansı fəlakətlər gətirməsindən, mürəkkəb siyasi şəraitdə millət özündə güc tapıb necə səfərbər olunmalıdır kimi ciddi məsələlər qabardılırdı.

 

Şirməmməd müəllimin bir maraqlı xasiyyəti də var idi: xoşuna gələn və əhəmiyyətli hesab etdiyi bir yazını kiməsə ucadan oxutdurub dinləyərək zövq alardı. Bu dəfə də o şakərindən qalmadı və Rafaellə hərəmizə bir yazı oxutdurdu.  Mən məşhur qazax siyasətçisi və publisisti, "Vahid Türküstan" uğrunda mübarizənin ideoloqu Mustafa Coqay oğlunun "Erməni məsələsində rus siyasəti" məqaləsini oxudum. Bir az uzun olsa da, axıra qədər dinlədi və sonra yazıdakı siyasi tezisləri müzakirə elədik.

 

Daha sonra "525-ci qəzet"i üzünə tərəf qaldırıb orada qara şriftlərlə verilmiş  "Qafqaslıyam ayrılmışam elimdən. Qorxum yoxdur Vətən üçün ölümdən!" misralarını ucadan səsləndirdi və  qəzeti R.Hüseynova tərəf çəkib Mirzə Bala Məmmədzadənin "Yeni Qafqasiya" (16 fevral 1926, ¹8) jurnalından transliterasiya etdiyi  "Vətən qaldı" hekayəsini oxumasını xahiş etdi. Hekayədə Gəncə üsyanından sonra Milli Ordunun güc-bəla ilə İrana keçə bilmiş bir əsgərinin  Bakıdan bolşeviklərin əlindən qaçıb canını qurtarmış öz həmyerlisi ilə görüşündən bəhs edilirdi. Çox təsirli hekayə idi və R.Hüseynov özünəməxsus səsi və oxu tərzi ilə bu təsiri bir az da artırırdı. Həmin hekayədəki dialoqun bir məqamı hələ də qulaqlarımdan getməyib:

 

"... Hekayəsini bitirdikdən sonra mənə döndü:

 

- Şimdi söylə baxalım vətəndə nə var? Kimlər sağdır, kimlər ölmüş.

 

Ölən ölmüş, qalan qalmışdır, dedim.

 

- General Səlimov sağmıdır?

 

Öldürdülər.

 

- Ah, qatillər!.. Pəki, general İbrahim Ağa?

 

Onu da öldürdülər...

 

- General Tilxas?

 

Onu da...

 

Bir az susdu... Dərin nəfəs alıyordu... Sonra yenə müraciət etdi:

 

- Nəsib Bəy nərədə?

 

Bəlli degil...

 

- Həsən Bəy, Fətəli Xan?..

 

Öldürmüşlər... O qızdı:

 

- Həp öldürmüşlər... Kim var öldürmüşlər... O halda kim qaldı!

 

Üzünə baxdım. Sitəmdən solmuş yanaqlarında gözyaşı vardı.

 

Sağ qalan, dedim çoxdur.

 

- Bütün rəisləri məhv etmişlər, bir kimsə qalmamış!

 

Xayır qalmışdır...

 

- Kim?

 

Onları yetişdirən Millət... Milləti yaşadan Vətən!...

 

- Əvət, dedi, Vətən!... Yalnız Vətən qaldı!..

 

 Dışarıda yenə günəş çıxmışdı. Bulud keçmiş, yağmur bitmiş, ətraf yenə aydınlanmış, bahara dönmüşdü... Rəşid hənuz düşünüyordu   birdən bilaixtiyar:

 

- Əvət, yalnız Vətən qaldı!.. İstila bu bulud kibi müvəqqəti və keçigidir. Madam ki Vətən qalmışdır, istiqlal ümidi də qalmışdır!... - deyə mənə döndü".

 

Hekayə hamımızı sarsıtmışdı. Susmuşduq. Və bu sükutu yenə Şirməmməd müəllim pozdu və qayğılı-qayğılı "bildiniz də söhbət nədən gedir" deyə bizi sınayıcı nəzərlərlə süzdü. Suala da özü də cavab vedri:

 

- Yəni millət durursa, onu yaşadan Vətən yerindədirsə, demək hər şeyi yenidən bərpa etmək, qurmaq-yaratmaq mümkündür.

 

Söhbətimiz gecəyədək uzandı. Amma biz içərisində olduğumuz o uca anların, ömrümüzə yazılan o saatların Azərbaycan jurnalistikası və tarix elmimizin patriarxı ilə sonuncu görüşümüzün olacağını bilmirdik. Bunu heç ağlımıza belə gətirmirdik, çünki yaşının 95-i haqlamasına baxmayaraq, Şirməmməd müəllim gümrah görünürdü. Xəstəliyini bilirdik, amma bədəninin müqavimətinə də bələd idik, gözümüzə çox diri görünürdü, danışdıqca bir az da canlanırdı, içinin enerjinin onu hələ çox yaşadacağı təmənnasında idik...

 

***

 

Professor Şirməmməd Hüseynovu bizdən ayıran bir illik zaman onun araşdırmaçı-alim, millət yaddaşının keşikçisi, pedaqoq və publisist kimi miqyasını, həm də dəyərini bir daha göstərdi. O, ilk növbədə mətbuat tariximizin, bu mətbuata hopmuş milli məfkurə, ictimai düşüncə və istiqlal tariximizin araşdırmaçısı idi. Gerçək elmi mühit görmüşdü, Moskva Dövlət Universitetinin aspiranturasını bitirmiş, peşəkar tədqiqatçılıq məktəbi keçmişdi. Tarixi bilikləri, bu tarixə aid olan milli problemləri ustalıqla populyarlaşdıra bilirdi. Şirməmməd müəllimin bir üstünlüyü də araşdırmaçı-alim fəhmi ilə publisist məharəti ustalıqla birləşdirməyi bacarmasında idi. Onun bizə zəngin irs kimi qoyub getdiyi bütün əsərlərində bu keyfiyyət özünü göstərir. Bu gün internetdə tez-tez qarşılaşdığımız, ustadın canlı nəfəsinin duyulduğu televiziya-radio çıxışları da məhz bu səbəbdən xeyli populyardır. Şirməmməd müəllim bu xalqın yaddaşında həm də Cümhuriyyət tarixinin, onun qurucusu M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı və təbliğatçısı kimi qalıb. Ona görə də professor Şirməmməd Hüseynovun adı həmişə Cümhuriyyətlə, istiqlal düşüncəsi ilə, öz əsərləri ilə həmin düşüncəni qidalandırmış Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəylinin adları ilə birgə assosiasiya olunacaq.

 

 

 

Qulu MƏHƏRRƏMLİ

525-ci qəzet.- 2020.- 24 iyun.- S.7.