Ədəbiyyatımızın romantizm mərhələsi:
təşəkkülündən sonuna kimi -
Azərbaycan
ədəbiyyatının hazırkı durumu bir tərəfdən
keçid dövrünün ictimai-sosial, mədəni şəraiti
ilə, digər tərəfdən ədəbi proses və
paralel olaraq, ədəbiyyatşünaslıq elminin daxili dəyişmələri
ilə şərtlənir. Yeni ictimai-mədəni
formasiyalarla xarakterizə olunan əsrimizdə ədəbiyyat
anlayışı da, ədəbiyyatşünaslıq da əvvəlkindən
fərqli dəyərləndirmələrlə şərhetməyə
açıqdır. Bunu ədəbiyyatşünaslığımızda
bütün sahələrə olduğu kimi, romantizmin tədqiqinə
də şamil etmək mümkündür.
Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında
romantizmə maraq artdığı üçün bu istiqamətdə
tədqiqatlar səngimir. Problemlərin qoyuluşu və həlli isə
heç də hər zaman ürəkaçanlığı
ilə seçilmir, bəzən əsası sovet
dövründə qoyulmuş metodoloji yanlışlıqlar
eynilə təkrarlanır. Bununla belə, milli romantizm
hadisəsinin obyektiv tədqiqinə yönlənmiş
azsaylı əsərlər də var. Bu baxımdan filologiya
elmləri doktoru, professor Timuçin Əfəndiyevin
"Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri"
monoqrafiyası (2020) yeniliyi, müasirliyi, problemə
dövrün tələblərindən çıxış
edərək yanaşması baxımından seçilir.
Ötən
əsrin 60-cı illərindən etibarən sistemli öyrənilməsinə
başlanılan Azərbaycan romantizmi haqqında yazılan istər
məqalə, istərsə monoqrafiyalar məsələyə
nəzəri-estetik yanaşma baxımından özündən
sonrakı tədqiqat işləri üçün
bünövrə ola bilsə də,
ideoloji basqının zərərli təsirindən yan
keçə bilmədiyindən həmin əsərlərdə
cərəyanın öyrənilməsində vacib hesab olunan
prinsiplər gözardı edilirdi. Buna görə
də romantizm və romantiklərin
yaradıcılığı haqqında o illərdə ərsəyə
gələn əsərlər əsasən ciddi metodoloji
qüsurlarla birgə meydana çıxırdı.
Timuçin Əfəndiyev monoqrafiyanın "Giriş"
hissəsində qeyd edir ki, 1985-ci ildə "Hüseyn Cavidin
ideyalar aləmi" əsərini yazarkən "ədəbiyyatşünaslığın
romantizm hadisəsini hələ bütün tamlığı
ilə üzə çıxarmaq potensialı" yox idi. Əlbəttə, bunun səbəbi mövcud rejim və
ideoloji basqının ədəbiyyatımızda
yaratdığı boşluqlar idi. Zamanla
Azərbaycan ədəbiyyatşünaslığı vulqar
sosioloji ideologiyanın təsirindən sıyrılmağa
çalışsa da, romantizmə münasibətdə vahid
metodloji prinsip mövcud deyildi.
Timuçin
Əfəndiyev özündən öncəki tədqiqatçıların
əsərlərini (xüsusilə, Mir Cəlalın "Azərbaycanda
ədəbi məktəblər (1905-1907)", Məmməd Cəfərin
"Azərbaycan ədəbiyyatında romantizm", Vəli
Osmanlının "Azərbaycan romantizmi"
monoqrafiyalarını), bu sahədə zəhməti
keçmiş ədəbiyyatşünasları qədirbilənliklə
xatırlayaraq, elmin fasiləsiz araşdırmanı sevdiyini və
bu mənada romantizm məsələlərinə yenidən
qayıtmağın labüdlüyünü qeyd edir. Həqiqətən də, zaman irəlilədikcə
onun ədəbiyyata da, ədəbiyyatşünaslıq elminə
də tələbləri dəyişir, qiymətlədirmə
meyarı müasir yanaşma tələb edir.
Dünya sivilizasiyasının qırılma və
dönüş nöqtəsində meydana gələn
romantizmin tarixi bəşəriyyətin mənəvi həyatında
bütöv bir epoxanı əhatə edir. Maarifçilik
ideologiyasına qarşı çıxan romantizm yalnız bir
ədəbi cərəyan deyil, bütövlükdə
baxışlar sistemi və dünyagörüş olaraq
meydana gəlmişdir. Timuçin Əfəndiyevin
"Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri"
monoqrafiyasının I fəsli romantizmin məram və mahiyyətini
aydınlaşdırmaqla başlayıb, manifestini,
estetikası və fəlsəfi əsaslarını, sənət
və insan konsepsiyalarını, əsas xüsusiyyətlərini
şərh etməklə davam edir. İnsanın
absolyut dəyərlər və ideallar olaraq, azadlıq, həqiqət
və gözəlliyə əbədi canatımı romantiklərin
şəxsiyyət konsepsiyasında geniş əksini
tapırdı. Romantizmdə insan konsepsiyasından bəhs
edərkən monoqrafiya müəllifi qənaətlərini,
xüsusən, Y.V.Höte, C.Bayron, V.Hüqo və H.Cavidin
romantik yaradıcılığına əsasən şərh
edir və fikirlərini belə bir qənaətlə
yekunlaşdırır: "Düşünürəm ki, Azərbaycan
romantiklərinin dünya romantizminə verdiyi töhfələr
içərisində məhz H.Cavidin insan konsepsiyası
mühüm yer tutur. Onun bu konsepsiyası
yalnız Azərbaycan ədəbi fikrini deyil, dünya ədəbiyyatını
da zənginləşdirir." (s.66)
Monoqrafiyanın I fəsli romantizmi nəzəri aspektdən
tamamilə izah və şərh edərək, növbəti fəsillər
üçün zəmin yarada bilir.
Əsərdə dünya romantizmi ilə bağlı fəsil
ədəbiyyatşünaslığımızda mövzu ilə
bağlı bu zamanaqədərki ən əhatəli tədqiqat
hesab oluna bilər. Belə ki, II fəsildə dünya ədəbiyyatında
romantizmin xüsusiyyətlərindən bəhs edilərkən
onun ümumi, ayrı-ayrı ədəbiyyatlardakı təzahüründən
danışılarkən isə fərdi xüsusiyyətləri
qabardılır. Burada alman, ingilis,
fransız, polyak, italiyan, rus, amerikan və türk romantizminə
ayrıca yarımfəsillər həsr olunaraq, onların
dünya romantizmi ilə ortaq, həmçinin, fərdi milli cəhətləri
şərh edilir. Hər bir ölkədə
romantizmin formalaşdığı mədəni-ictimai şəraitə,
yeri gəldikcə iqtisadi, siyasi vəziyyətə diqqət
çəkilir. Məsələn,
Türkiyə romantizmindən bəhs edilərkən onun
müəyyən qədər fransız romantizminin təsiri
ilə və Tənzimat dövründə meydana gəldiyini
vurğulayaraq, "Tənzimat" anlayışına və
bu dövrün yaranmasına aydınlıq gətirilir. Bəlli olduğu kimi, Tənzimat ədəbiyyatı
iki dövrə ayrılır. Monoqrafiya müəllifi
birinci dövrü təmsil edən İ.Şinasi, N.Kamal,
Z.Paşa və ikinci dövrün təmsilçiləri
Ə.Hamid Tarxan, M.Əkrəm Rəcaizadə və S.Səzainin
yaradıcılığındakı özəllikləri
şərh edərək, ikinci nəsil mənsublarının
ədəbiyyatda, xüsusən poeziyada yenilikləri tətbiq
etmək nöqteyi-nəzərindən romantizmin ifadəsində
daha irəli getdiyini vurğulayır. Əlavə
suallara yer qoymadan hər bir ölkənin ədəbiyyat
tarixində romantizmin bir cərəyan olaraq təşəkkülünü
və formalaşmasının yekun olaraq hansı dövrdə
yarandığını konkretləşdirir. Məsələn, Yaxın və Orta Şərq
ölkələri arasında Türkiyədə nisbətən
daha yüksək səviyyədə təmsil olunan romantizmin
XIX əsrin ikinci yarısında bu ölkədə bir ədəbi
cərəyan kimi tam hüquq qazanaraq üstün mövqe
tutduğunu yazır.
Müxtəlif xalqların ədəbiyyatında
romantizmin təşəkkülü milli ədəbiyyatın,
o cümlədən, romantizmin spesifik xüsusiyyətlərini
özündə ehtiva etməklə fərdilik kəsb
etmiş olur.
Buna görə də Azərbaycan romantizmi tədqiq
edilərkən ədəbi cərəyanın ümumi estetik
prinsipləri ilə yanaşı, milli romantizmin tipoloji keyfiyyətləri
də nəzərə alınmalıdır. "Romantizm: təşəkkülü, problemləri,
şəxsiyyətləri" monoqrafiyasında Azərbaycan
romantizminin təşəkkülü, inkişaf yolu və
sonlanması ardıcıllıqla və elmi prinsiplər əsas
götürülərək tədqiq edilir, bu vaxta kimi
qaranlıq qalmış müəyyən məqamlara
aydınlıq gətirilir. T.Əfəndiyev
belə bir qənaətdədir ki, romantizm ədəbiyyatşünaslıq
elmimizdə yerinə düzgün oturdulmayan yeganə cərəyandır.
Azərbaycan romantizminin təşəkkülündən
bəhs edərkən onun nəzəri və praktik cəhətdən
hələ də bütün yönlərilə
araşdırılmadığını qeyd edən müəllif
haqlı olaraq, ortaya xeyli sual çıxarır.
Azərbaycan romantizminin araşdırılmasında yol
verilən yanlışlıqları qruplaşdıran T.Əfəndiyev
onun yaranma tarixinin düzgün müəyyənləşdirilmədiyini,
yanlış olaraq siyasi proseslərlə əlaqələndirildiyini,
vahid məzmunlu cərəyan kimi götürülmədiyini
və hüdudlarının məqsədli şəkildə
1905-1917-ci illər arasına
sıxışdırıldığını xüsusi
vurğulayır. Otuz ilə yaxın müstəqillik
tariximizə baxmayaraq, milli ədəbiyyatşünaslığımızın
uzun illər sovet ideologiyasının basqısı altında
olduğunu nəzərə alsaq, bu sahədəki bəzi
boşluqların hələ də qalması təbii
sayıla bilər. Çünki ədəbi-nəzəri
düşüncəyə hakim kəsilmiş hətta
yanlış fikirlərdən belə, rahatlıqla əl
götürmək, müasirliyin tələb etdiyi yeni
baxış bucağından dəyərləndirmələr
aparmaq uzunmüddətli, dinamik zəhmət tələb edən
işdir. Bu baxımdan monoqrafiyada, ilk
növbədə, ədəbiyyatımızda romantizmin
yaranması məsələsinə nəzər yetirilir.
Timuçin Əfəndiyev Azərbaycan
romantizminin yaranmasını XX əsrin əvvəllərinə
aid edən akademik M.Cəfərov, V.Osmanlı, Y.Qarayevin və
türkiyəli tədqiqatçı Əli Erolun bu barədəki
mövqelərini sovet dövrü ilə əlaqələndirir
və bu yanlışlığın sonrakı tədqiqatlarda
kor-koranə davam etdirildiyini təəssüflə qeyd edir.
Vəli Osmanlının romantizmin
başlanğıcı ilə bağlı uyğunsuzluğu
ilk hiss edənlərdən olduğunu, daha sonra professor Bədirxan
Əhmədlinin məsələdəki
yanlışlığa diqqət çəkdiyini
vurğulayan monoqrafiya müəllifi problemin həllində
konkret mövqe nümayiş etdirilmədiyini yazır. Professor XIX əsr boyunca Qərbi
Avropa və Rusiyada çiçəklənmə
dövrünü yaşayan romantizmin Azərbaycan ədəbiyyatında
heç olmasa, hər hansı təzahürünün
mümkünsüzlüyünü qəbul etmir, qonşu
ölkələr ədəbiyyatlarında baş verən bu
prosesin bizim ədəbiyyatımızda əksini
tapmamasını şübhə ilə qarşılayır və
bütün bunların milli romantizmin mərhələlərinə
də yenidən baxılmasını zəruri şərtə
çevirdiyini qeyd edir.
Beləliklə, Timuçin Əfəndiyev haqlı
olaraq, Azərbaycan romantizmini birmənalı şəkildə
XX əsr hadisəsi kimi qəbul etmir və hər hansı bir
konkret tarixlə bağlamağın yanlış olduğunu,
burada romantizmin inkişaf yolu ilə yanaşı, romantizmöncəsi
prosesin nəzərə alınmalı olduğunu bildirir. "Bu baxımdan romantizmin
təzahürlərindən olan sentimentallıq bu
dövrün ədəbiyyatında da bu və ya digər
şəkildə öz əksini tapmışdır" qənaəti
ilə İsmayıl bəy Qutqaşınlının "həm
məzmunu, üslubu, həm də forması baxımından
romantik əsər" olan "Rəşid bəy və Səadət
xanım" hekayəsini sırf romantik əsər, romantizm
nümunəsi olaraq götürərək, Azərbaycan ədəbiyyatında
bu cərəyanın təzahürlərinin hələ XIX əsrdə
mövcudluğuna diqqət çəkir. Romantik
ədəbiyyatın ilk təzahürlərini bədii nəsrimizdə
axtarmağın daha doğru olduğunu qeyd edərək,
A.Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəsini
də dil və üslub, süjet və obrazların
dünyagörüşü baxımından romantik əsər
olaraq təhlilə cəlb edir. Hər iki
hekayəni müşayiət edən lirizm, sentimentallıq və
yuxarıda qeyd olunan cəhətlərinə görə
romantik əsər adlandıraraq, milli romantizmin
başlanğıcını XIX əsrə aid etməklə
Timuçin Əfəndiyev bu xüsusda yeni və vacib məsələlərə
diqqət çəkmiş olur.
Azərbaycan romantizminin milli hərəkat dövründən
bəhs edərkən müəllif N.Nərimanovun
"Bahadır və Sona", Z.Marağayinin "İbrahim bəyin
səyahətnaməsi" romanlarına istinad edir. T.Əfəndiyev N.Nərimanovu
"Azərbaycan romantizminin yaranmasına qədərki mərhələdə
yazan, ancaq sona qədər bu cərəyanın nümayəndəsi
olmayanlar" sırasına - milli "romantiklərin
üçüncü qrupu"na aid edir. Müəllif hər iki romanı romantik əsər
kimi qiymətləndirir, indiyədək onların romantik nəsr
nümunəsi kimi təhlilə cəlb edilməməsinin səbəblərinə
aydınlıq gətirsə də, bu məsələləri
daha geniş şəkildə araşdırmağı
çağdaş ədəbiyyatşünaslığın
vəzifələrindən biri kimi gələcək tədqiqatçılara
həvalə edir. Baxmayaraq ki, monoqrafiyada
xeyli problemlərə yenidən və yenilənmiş
münasibət var, bu və digər məsələlərdə
ortaya çıxan bəzi suallar gələcək elmi polemika
və geniş müzakirələr üçün meydan
açır.
Monoqrafiyada
milli romantizmin poetikasından, konsepsiyasından ətraflı bəhs
edilərək, romantizmin nəzəri və estetik prinsiplərinin
XX əsrin əvvəllərindən formalaşmağa
başladığı, bununla belə, yuxarıda adı
çəkilən əsərlərin timsalında romantik ədəbiyyat
nümunələrinin daha əvvəldən yaranaraq, romantizm
üçün zəmin yaratdığı barədə
yekun qənaətə gəlinir.
Azərbaycan romantiklərinin estetik platformasında
xalqın maariflənməsi, millət olaraq formalaşması,
bugünkü və gələcək taleyi əhəmiyyətli
yer tuturdu.
Milli romantizmin poetikasından bəhs edərkən Timuçin
Əfəndiyev Azərbaycan romantiklərinin
yaradıcılığında türkçülük,
turançılıq, islamçılıq, milli istiqlal və
hürriyyət ideyaları, vətən, millət
mövzuları üzərində də kifayət qədər
geniş dayanır və onların bu mövzularda daha çox
yazmasının romantizmin ən zəngin dövrünün
milli hərəkat dövrü ilə üst-üstə
düşməsi ilə bağlı olduğunu qeyd edir:
"Romantiklərin bütün arzuları vətənin,
xalqın, millətin səadəti və onu azad görməkdir.
Bu arzuların Azərbaycan cümhuriyyəti ilə
gerçəkləşməsi, əslində, romantiklərin
istəklərinin gerçəkləşməsi kimi mənalanır."
(s.281)
Romantizm cərəyanının bütöv şəkildə
nəzərdən keçirilməsi onun dünyanın dərki
və həqiqətə canatmada müxtəlif yanaşma və
tədqiqat metodlarından istifadə etdiyi barədə
düşüncəyə əsaslanmağımıza imkan
verir. Buna görə də romantiklərin irsinin dəyərləndirilməsi
zamanı onların yaradıcı
dünyagörüşündəki ziddiyyətləri
qanunauyğunluq kimi qəbul etmək labüddür. Nəzərə
alsaq ki, tarixi gerçəkləri analiz edərkən romantiklər
də əksərən realist mövqedən
çıxış etmişlər, deməli, onların
dünya görüşünü "rassional və
irrassional", "materialist və idealist" şəklində
qarşılaşdırmaq məqsədəuyğun deyil. Romantiklərin dünyagörüşünə
akademik fəlsəfə deyil, bütünlükdə etik və
estetik, elmi və bədii, həmçinin, ictimai
baxışlarına fəlsəfi, ədəbi-poetik təfəkkür
tərzi küll halında hakim olduğundan onların
yaradıcılığını vahid konseptuallıq çərçivəsindən
daha çox fikir plüralizminə əsaslanaraq şərh
etmək gərəkdir. Təsadüfi
deyil ki, T.Əfəndiyev Məhəmməd Hadinin
yaradıcılığından bəhs edərkən onun
"dünyagörüşündəki ziddiyyətlərin
mühüm yer tutmasına baxmayaraq, poeziyanın fəlsəfi
yönünün inkişafında böyük xidmətləri"
olduğunu vurğulayır.
Azərbaycan
romantizminin bütün fəsillərdə dünya
romantizminin bir parçası olaraq götürülməsi və
bu kontekstdə dəyərləndirilməsi monoqrafiyanın
üstün cəhətlərindən biridir: hər bir
romantikdən bəhs edilərkən onun milli və dünya
romantizmindəki yeri bircə cümlə ilə olsa belə,
öz yekun dəyərini alır. Məhəmməd Hadidən
söhbət açdığı zaman müəllif
vurğulayır ki, Qərb romantiklərinin daha çox məhəbbət
mövzusuna kökləndiyi halda, o, daha çox ictimai mətləblərə
nüfuz etmişdir: "M.Hadi romantizminin dörd
ayağının; azadlıq, hürriyyət, vətən və
millət platforması dünya romantiklərinin heç birində
bu şəkildə davamlı və sistemli tərənnüm
olunmayıb. Dünya romantiklərinin hər
birinin yaradıcılığında bu faktorlardan biri, yaxud
ikisinin olması halları olduğuna baxmayaraq, dördlü
formul bu şəkildə öz ifadəsini tapmayıb."
(s.304)
Monoqrafiyada Əli bəy Hüseynzadədən milli
romantizm manifestinin yaradılması və estetik
qaynaqlarının formalaşmasındakı fəaliyyəti
xüsusi qeyd olunmalı müəllif olaraq bəhs edilir. "Qırmızı
qaranlıqlar içində yaşıl işıqlar" məqaləsindən
də göründüyü kimi, Ə.Hüseynzadə
dünya ədəbi prosesindəki ədəbi cərəyan
və istiqamətlərə yaxşı bələd olmuş
və milli ədəbiyyatımızı bu istiqamətdə
inkişaf etdirmək üçün
çalışmışdır. Professor
Timuçin Əfəndiyev Ə.Hüseynzadə haqqında
Ofelya Bayramlı, Vəli Osmanlı və Azər Turanın tədqiqatlarına
diqqət çəkərək təqdir edir. Lakin ədibin romantik nümunələrinin bu vaxtadək
geniş araşdırılmadığını nəzərə
alaraq, məhz onların üzərində dayanmağı məqsədəuyğun
hesab edir. Təhlilin gedişatında müəllif
Əli bəy Hüseynzadənin öz bədii
yaradıcılığı ilə "poetik
turançılığın bünövrəsini"
qoyduğunu vurğulayır, "Hali-vətən",
"Heyrət, yaxud bir mələyin insanlara xitabı"
şeirlərini təhlil edir və sonda ədibin romantik
irsinin daha geniş və yenilənmiş münasibətlə
araşdırlmasının zəruriliyni önə çəkir.
Romantik yaradıcılığa elə fəaliyyətinin
ilk mərhələsindən başlayan Hüseyn Cavidin irsində
romantizm ədəbi məktəbi bütün parametrlərilə
təzahür edir. Monoqrafiyada XX əsr Azərbaycan
romantizminin ən böyük nümayəndəsinin
yaradıcılığından dünya romantizmini mövzu,
problematika, ideya, obraz baxımından zənginləşdirən
sənətkar olaraq söhbət açılır.
Timuçin Əfəndiyev Azərbaycan romantizminin mərhələlərindən
bəhs edərkən belə bir nəticəyə gəlir
ki, milli romantizm hadisəsi mövcud ədəbiyyatşünaslığın
qeyd etdiyi kimi, 1917-ci ildə sonlanmamış, 30-cu illərin
ortalarına qədər davam etmiş və H.Cavid ən
yaxşı romantik əsərlərini həm də bu
dövrdə yazmışdır.
Daha çox realizmə meyil edən Abbas Səhhət
haqqında yaradıcılığındakı vətəndaşlıq
keyfiyyəti, xalq və vətən tərənnümü ilə
poeziyaya yeni bir istiqamət gətirmiş romantikərimizdən
biri kimi bəhs olunur. Sovet ədəbiyyatşünaslığında
bir çox əsərlərinin bilərəkdən realizm
mövqeyindən öyrənildiyi Abdulla Şaiq isə həm
poeziya, həm də nəsr sahəsində romantik əsərlər
yazan azsaylı sənətkarlardan biri kimi əsərlərinin
"ana xəttinə romantizm estetikasının prinsipləri
dayanan" müəllif olaraq adlandırılır. "Romantizm ədəbi cərəyanının ən
gənc nümayəndəsi" olan Cəfər
Cabbarlıdan yaradıcılığının ilkin mərhələsində
həm poeziyası, həm də nəsr və
dramaturgiyasında romantik estetikanın tələblərinə
əməl edən, romantik düşüncənin 20-ci illərdən
sonrakı yaradıcılığında da bu və digər
şəkildə sonadək qorunub saxlanıldığı sənətkar
olaraq bəhs edilir.
Romantiklərə görə, mövcud gerçəklik
irrasional, əsassız, insanın təbiətinə və
şəxsi azadlığına düşmən mövqeyində
göründüyü üçün azadlıq məsələsi
romantizm mədəniyyətində mərkəzi xətt hesab
edilə bilər. Onların yaradıcılığında
Orta əsrlərə, xalq mədəniyyətinə
bağlılıq, dinə, təbiət və incəsənətə,
metafizik və transendent olana maraq gerçəklikdən
qaçış, azadlığa canatma aktı ilə şərtlənirdi.
Maarifçi düşüncədən fərqli
olaraq, onlar fərdin subyektiv azadlığını, müstəqil
iradəsini, şəxsi dəyərləri ümumiləşmiş
ideyalara; insanın mənəvi aləmini maddi təcrübəyə
qarşı qoyurdular. Buna görə də romantiklər
üçün insanın iç dünyası, hiss və
düşüncələr aləmi daha çox təsvirə
gəlirdi.
Buna
baxmayaraq, romantiklər dünyagörüşləri etibarilə
siyasətdən tamamilə uzaq ola bilməzlər,
çünki sənətkarın azad fikir ifadəsi siyasi
azadlığın tərkib hissəsidir. Təsadüfi
deyil ki, milli azadlıq hərəkatının baş verdiyi
ölkələrdə romantizm "inqilabi ifadə"
qazanırdı. Siyasi azadlığın
mövcud olmadığı yerdə söz
azadlığından danışmaq mənasızdır.
Bu baxımdan yalnız müəllifinin
yaradıcılığında deyil, Azərbaycan romantizmi və
bütövlükdə ədəbiyyatının ən əhəmiyyətli
əsərlərindən sayılan "Həpsi rəngdir"
şeirini Timuçin Əfəndiyev "romantik
poeziyamızda bir istiqamət"adlandırır. Səməd Mənsurun "ədəbi taleyini həll
edən amillərdən olan" (N.Cəfərov) "Həpsi
rəngdir" şeiri ədəbiyyatımıza siyasi proseslərin
müdaxilə etdiyi bir zamanda meydana çıxmış,
mövcud ideologiya ilə üst-üstə düşməyən
poetik bəyanatları ilə seçilmişdir.
Sözü
gedən monoqrafiyanı oxuyarkən bir çox məsələlərlə
bağlı sual yaranır: sovet ədəbi düşüncəsini
ən çox narahat edən nə idi ki, Azərbaycan
romantizminin öyrənilməsində belə böyük
boşluqlar yarandı? Niyə hər şeydən
çox məhz romantizmin araşdırılmasında təhrif
və çatışmazlıqlar üstünlük təşkil
edir? Timuçin Əfəndiyev monoqrafiyada
romantizmlə bağlı müxtəlif məsələləri
şərh edərkən dolayısı ilə bu suala da cavab
vermiş olur. "Romantizm: təşəkkülü,
problemləri, şəxsiyyətləri"
monoqrafiyasını oxuyub belə qənaətə gəlmək
mümkündür ki, dünya romantizmində olduğu kimi,
milli romantizmin də əsasını fəlsəfi fikir təşkil
etdiyindən; "Azərbaycan romantiklərinin
düşüncəsində maddi əlaqələr, daxili səbəblərdən
daha çox hadisələrin xaricində təsəvvür
edilən səbəblər" nəzərdə
tutulduğundan bu, dini idealizmə gətirib
çıxarırdı. Sovet ədəbiyyatşünaslığı
bunu bəzi romantiklərin ədəbiyyatı həyatdan
ayırmaq cəhdi kimi qəbul edir və "mürtəce"
damğasıyla qaralayırdılar. Bu sahədəki
boşluqlar məhz belə bir qeyri-obyektiv yanaşmanın
doğurduğu yanlış istiqamətli araşdırmalar,
metodiki yanlışlıqlar nəticəsində meydana gəlirdi.
Timuçin Əfəndiyev gələcəkdə ali təhsil müəssisələrində
romantizmlə bağlı ayrıca fənnin tədris
olunması ilə bağlı təkliflə
çıxış edərək vurğulayır ki, belə
olduğu təqdirdə romantizmin bütün yönləri ilə
öyrədilməsi mümkün olar. Fikrimizcə, bu
nöqteyi-nəzərdən müəllifin "Romantizm: təşəkkülü,
problemləri, şəxsiyyətləri" monoqrafiyası Azərbaycan
romantizminin hərtərəfli öyrənilməsi sahəsində
atılmış daha bir sanballı addımdır.
Məmməd
Əliyev
525-ci qəzet.- 2020.-
24 iyun.- S.21.