Ozan-aşıq sənətinin öyrənilməsi
və təbliğinə mühüm töhfə
Son dövrdə Azərbaycan dövlətinin, ölkə
rəhbərliyinin milli mədəniyyətin qorunması və
təbliği yönündə yürütdüyü məqsədyönlü
siyasət bu yöndə bir-birindən gərəkli
addımların atılmasına yol açıb.
Ozan-aşıq mədəniyyəti sahəsində
görülən işlər də məhz bu əsasda həyata
keçirilib.
2009-cu ildə aşıq sənətinin UNECKO-nun Qeyri-maddi mədəni
irs üzrə "Dünya sənət şedevrləri"
siyahısına daxil edilməsi isə Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın birbaşa diqqət və təşəbbüsünün
göstəricisidir.
Azərbaycan Aşıqlar Birliyinin fəaliyyətinin
güclənməsi, ozan-aşıq sənətini öyrənmək,
gənc istedadları üzə çıxarmaq, ustadların
yaradıcılıq ənənələrinin davamı naminə
gördüyü işlər də öz qaynağını
məhz dövlət və hökumətimizin mənəvi mədəniyyətimizə
olan həssas münasibətindən alıb. Birinci cildi
2019-cu ilin sonunda, ikinci cildi isə 2020-ci ilin əvvəllərində
işiq üzü görən "Ozan-aşıq
ensiklopediyası" da bu istiqamətdə uzun illərin
ağır, həm də gərgin əməyinin sayəsində
reallaşıb. Bu baxımdan, "Ozan-aşıq ensiklopediyası"nı xalq mədəniyyətinə məhəbbətdən
yaranmış abidə adlandırmaq olar. Fundamentallığı
və mənbə zənginliyi ilə seçilən belə
bir nəşrin hazırlanmasına çoxdan ehtiyac vardı.
İki mindən çox mini-informativ təqdimatı və
yığcam oçerki sərgiləyən bu abidənin
aşıq sənəti ilə bağlı ən incə mətləbləri
də əks etdirməsinə çalışılıb. Azərbaycan Aşıqlar
Birliyinin sədri, Dövlət mükafatı laureatı,
Əməkdar elm xadimi, professor Məhərrəm
Qasımlının rəhbərliyi altında hazırlanan bu
abidənin yaradıcı heyətinin üzvləri - professor
Mahmud Allahmanlı, professor İradə Köçərli və
professor Kamilə Dadaşzadə uzun illər gərgin
çalışmalar və axtarışlar sayəsində bu
nəşri ərsəyə gətiriblər.
Nəşrdə
qam-şaman, ozan-epos mədəniyyəti, ozandan
aşığa keçidin tarixi mənzərəsi, aşıqlığın
təşəkkül və inkişaf mərhələlərində
sənətin keyfiyyət göstəriciləri, aşıq
adı ilə tanınmadan sonranın
ümumi mənzərəsi, baxşı, akın, varsaq,
yanşaq və digər adlar şəbəkəsinin sərgilədiyi
təsəvvür haqqında hər iki cilddə maddələr
üzrə lakonik bilgi verilib. Folklorşünasların,
aşıq ədəbiyyatı tədqiqatçılarının,
musiqişünasların, etnoqrafların bu məsələdə
gəldikləri qənaətlər də diqqətdə
saxlanıb.
Burada
aşıqlığın bir sənət kimi xalqın təsəvvüründə
formalaşdırdığı status, "aşıq el
anasıdır", "aşıq haqq
aşığıdır", "aşıq
gördüyünü çağırar", "aşığa
hər yer məhrəmdir" kimi deyimlərin sərgilədiyi
məzmun bütün ensiklopediya boyu çeşidli maddələrdə
təfsilatı ilə açıqlanır. Ayrı-ayrı
aşıq mühitləri, aşıq
yaradıcılığında mühit və məktəb məsələləri,
sufi terminologiyasının aşıq
yaradıcılığında işləkliyi, təkyə
(zaviyə) və təkyə ocaqları, aşıq və
aşıq ocaqları barədə mülahizələr diqqəti
daha dərin mətləblərə yönəldir. Təbriz,
Qaradağ, Göyçə, Qarabağ, Borçalı,
Urmiya, Şirvan, Dərbənd, Gəncəbasar, Zəncan,
Naxçıvan, İrəvan, Dərələyəz və
başqa aşıq mühitləri, bu mühitlərin
özünəməxsus sənət şəcərəsi,
repertuar ənənəsi, dastan söyləyiciliyi və tarixi
mənzərəsi haqqında mükəmməl mənzərə
yaradılır.
Aşıq
ədəbiyyatının ustad sənətkarları Qurbani,
Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım,
Abdalgülablı Aşıq Valeh, Ağ Aşıq,
Varxiyanlı Məhəmməd, Aşıq Alı, Hüseyn
Şəmkirli, Aşıq Ələsgər, Aşıq
Hüseyn Bozalqanlı, Cıldırlı Şenlik, Molla Cuma,
Əsəd Rzayev, Mirzə Bayramov, Şair Nəbi
Borçalı, Xındı Məmməd, Şair Ağacan,
İsgəndər Ağbabalı, Əkbər Cəfərov,
İmran Həsənov, Hüseyn Saraclı, Əmrah Gülməmmədov,
Kamandar Əfəndiyev, Mikayıl Azaflı, Ədalət Nəsibov,
İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və
başqaları haqqında verilən oçerklər bir tərəfdən
avtobioqrafik səciyyəsi ilə mühüm önəm
daşıyırsa, digər baxımdan tarixi-mədəni
prosesin daim dövriyyədə olmasını əks etdirir. Çağdaş mərhələdə
yaşayıb- yaradan aşıqlara diqqət göstərilməsi
və onların sənət ənənələrini hansı
səviyyədə qorunması da ensiklopediyada geniş yer
alıb.
Ustad sənətkarların ədəbi irsinin, eləcə
də repertuarlarında olan örnəklərin toplanması, nəşri
və tədqiqi məsələləri də
ensiklopediyanın ümumi axarında mühüm bir hissəni
təşkil edir. Orta əsr əlyazmaları, Ə.Qaradağinin, H.Zərdabinin,
M.Mahmudbəyovun, A.Şaiqin, Ə.Haqverdiyevin, H.Ə.Qaibovun,
M.M.Nəvvabın, M.Müctəhidzadənin, S.Mümtazın,
H.Əlizadənin, V.Xuluflunun, F.Köçərlinin,
Ə.Abidin, M.F.Köprülünün, M.Erginin,
O.Ş.Gökyayın, İ.Qəfəsoğlunun, M.H.Təhmasibin,
H.Araslının, M.İbrahimovun, Ə.Axundovun, P.Əfəndiyevin,
M.Həkimovun, V.Vəliyevin, S.Paşayevin,
İ.Abbaslının, R.Rüstəmzadənin və onlarla
başqalarının gördüyü gərəkli işlər
ensiklopediyanın müvafiq bölmələrində əksini
tapmışdır. Bunların bir araya gətirilməsi, mənbələrin
ciddi şəkildə izlənməsi və bütün məsələlərə
akademik üslubda yaradıcılıq təcrübəsi əsasında
mümkün ola bilər və materiallarla
tanışlıqda bu, aydınlıqla görünür. Ən maraqlı məsələlərdən birisi
burada aşıq sənətinin və
aşıqşünaslığın inkişaf tarixi,
keçib gəldiyi yol, evonyusion irəliləyiş məsələləri
bir bütöv olaraq əksini tapmasıdır.
Aşıq yaradıcılığının zənginliyində
mühüm bir hissəni aşıq şeir üslubunda
yazıb-yaradan el şairlərinin yaratdığı poetik
örnəklər tutur. Onlar öz ruhu, düşüncəsi ilə
aşıq şeiri ənənələrinə köklənmiş
və ustadların repertuarında bu gün də özünə
geniş yer almış poetik nümunələr
yaratmışlar. Onların müəyyən
hissəsi saz çalıb oxumağı bacarsalar da, ancaq məclis
aparmamış və aşıq yaradıcılığının
tarixinə dillər əzbəri olan şeirləri ilə
adlarını yazmışlar. Yunus Əmrə,
Qaracaoğlan, Dadaloğlu, Seyid Əbülqasım Nəbati,
Mustafa ağa Arif, Şair Məmmədhüseyn, Məlikbalı
Qurban, Şişqayalı Aydın, Ağdabanlı Qurban,
Çoban Əfqan, Şeyda Əziz, Mirzə Səməd,
Şair Vəli, Paşa Salahlı və başqaları
haqqında verilən bilgilər də aşıq
yaradıcılığının zənginlik axarını
müəyyənləşdirmək baxımından dəyərlidir.
Sənətin ümumi axarına töhfələr
vermiş böyük şəxsiyyətlərin də
ensiklopediyanın ayrı-ayrı bölmələrində
özünə yer alması müsbət təsəvvür
formalaşdırır. Ş.İ.Xətai, M.P.Vaqif, M.V.Vidadi, S.Vurğun,
O.Sarıvəlli, H.Arif, M.Günər, N.Həsənzadə,
M.İsmayıl, İ.Tapdıq, Z.Yaqub kimi yazılı ədəbiyyatın
istedadlı nümayəndələrinin haqqında verilən
oçerklər aşıq
yaradıcılığının ana axarında mükəmməl
bir qaynaq olması ilə bağlı təsəvvürü də
möhkəmləndirir. Onlar özlərinin ən
yaxşı əsərlərini aşıq şeiri ənənələrinə
köklənməklə yazmış və sənətin daha
geniş şəbəkəli xarakterli olması təsəvvürünü
ortaya qoymuşlar.
Aşıq yaradıcılığının mühüm
tərkib hissəsini şeir biçimləri və
çeşidlərinin rəngarəngliyi təşkil edir. Mətn, musiqi,
ifaçılıq səviyyəsində reallaşan bu hissədə
bayatı, təsnif, gəraylı, qoşma, təcnis, divani,
müxəmməs, cahannamə, vücudnamə, deyişmə
və onların müxtəlif çeşidli örnəklərində
ifadəsini tapır. Yaradıcı heyətin
bacarığı və səriştəsi sayəsində bu
məsələlər münasib madələrlə
ensiklopediyanın ayrı-ayrı səhifələrində
faktlaşır. Burada təkcə forma
xüsusiyyətləri deyil, həm də həmin formada
yaranan örnəklərin saz havalarında ifaçılıq
məqamları, bayatı, gəraylı, qoşma, divani və
sair formada yazılmış şeirlərin etimologiyası məsələlərinə
və bu istiqamətdə yazılmış tədqiqatların
xülasələrinə də diqqət yetirilmişdir.
Zəngin
saz havaları ilə əhatələnən aşıq sənətinin
inkişaf mənzərəsində ozan havaları ("Yelətmə"),
"Koroğlu" havalar silsiləsi, "Kərəmi"
havalar silsiləsi, eləcə də digər aşıq
havaları ("Dilqəmi", "Zarıncı",
"Baş sarıtel", "Orta sarıtel", "El
havası", "Aran gözəlləməsi"
(ümumiyyətlə, "Gözəlləmələr")
və sair mükəmməl şəkildə
musiqişünaslıq baxımından təhlil olunur.
Ensiklopediyada böyük önəm daşıyan məsələlərdən
birisi aşıq havalarının
notlaşdırılmasıdır. Ayrı-ayrı
aşıq havalarının not yazılarının verilməsi
bu möhtəşəm abidəyə əlavə çalar
qatmışdır. Ü.Hacıbəyov,
Bülbül, C.Qaryağdıoğlu, X.Şuşinski,
Q.Pirimov, C.Hacıyev, Q.Hüseynli və başqa böyük
musiqiçilər haqqında verilmiş oçerklər
aşıq sənətinin musiqişünaslıq qanadında
gedən prosesin zənginlik mənzərəsini əhatələyir.
Burada qopuzun, sazın musiqi aləti olaraq
quruluşu, yaranma tarixi, düzəldilmə prinsipi, sazın pərdə
düzümü, cürə sazdan tavar saza qədər
inkişafı və sair məsələlər öz təhlilini
tapır.
Aşıq yaradıcılığında sənətin
tarixi dinamikası ustad-şagird ənənəsi ilə
bağlıdır. Bu ənənənin öyrənilməsi
və tarixi mənzərəsi həmişə
aşıqşünaslığın qarşısında
mühüm vəzifə kimi dayanıb. Folklorşünas
alimlər müxtəlif səviyyələrdə
ayrı-ayrı ustad sənətkarların sənət ənənəsinə
əsaslanmaqla məsələnin mahiyyətinə həssaslıq
göstərmişlər. Dastanlarda bu ənənənin
klassik örnəkləri vardır. Eləcə
də ustad sənətkarlar timsalında Ağ Aşıq,
Aşıq Alı, Aşıq Ələsgər kimi mükəmməl
nümunəsi örnəkdir. Hüseyn Şəmkirli,
Hüseyn Bozalqanlı, Ağacan, Dərələyəzli
Aşıq Alı, Cıldırlı Şenlik, Hüseyn
Saraçlı, Əmrah Gülməmmədov, Mikayıl
Azaflı kimi sənətkarların şəxsində olan
ustad şagird ənənəsi bunun klassik nümunələridir.
Ensiklopediya bütün mahiyyəti ilə
bunları əhatələmək kimi ciddi missiyaya köklənmişdir.
Dastanları haqqında verilən bilgilər də
bütövlüyü və dastançılığın
inkişaf dinamikasını öyrənmək cəhətdən
böyük əhəmiyyət daşıyır. "Dədə Qorqud",
"Koroğlu" ,"Tahir və Zöhrə",
"Aşıq Qərib", "Qurbani", "Əsli və
Kərəm", "Abbas və Gülgəz", "Nəcəf
və Pərizad", "Şah İsmayıl" (məhəbbət
və qəhrəmanlıq hüdudunda dayanan dastan),
"Alı xan və Pəri xanım" (ailə-məişət
dastanı), "Xəstə Qasım və Mələksima",
"Valeh və Zərnigar", "Şahzadə
Əbülfəz", "Aslan şah" və sair dastan
nümunələri haqqında verilən oçerklər də
ensiklopediyanın strukturunda geniş yer alıb.
Aşıq qurultayları, Azərbaycanda Aşıqlar
Birliyinin yaradılması, ayrı-ayrı bölgələrdə
aşıqların özək təşkilatlarının
formalaşması və bunların gördüyü gərəkli
işlər, respublika və beynəlxalq səviyyədə tədbirlərin
keçirilməsi və sair mövzular da ensiklopediyada
tarixi-xronikal ardıcıllıqla təqdim və təhlil
olunub.
Azərbaycan
Aşıqlar Birliyinin və bu Birliyin sədri, Əməkdar
elm xadimi M.Qasımlının rəhbərliyi ilə
gerçəkləşən "Ozan-aşıq
ensiklopediyası" xalqımıza, onun zəngin mədəniyyətinə,
tarixinə olan sevgidən yoğrulub. Belə nəşrlərə
bütün zamanlarda ehtiyac olub və bu gün də ehtiyac
vardır. İnamla deyə bilərik ki,
xalqımızın milli-mənəvi mədəniyyətinin
mühüm bir sahəsi bu möhtəşəm abidə ilə
kitablaşıb.
Simuzər ƏLİYEVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.2020 - 24
iyun.- S.20