Türkologiyanın böyük fədaisi:
professor Bəkir Çobanzadə
, Bakı
Dövlət Universitetinin professoru, Azərbaycan elminə
mühüm töhfələr vermiş krım-tatar əsilli
Bəkir Çobanzadə qanlı 1937-ci il
repressiyasının qurbanı olub. Onun həbsi
və öldürülməsi ümumilikdə dünya
türkologiyasına, xüsusən Azərbaycan filoloji elminə
ciddi zərbə hesab edilir.
B.Çobanzadənin repressiya olunmasına dair (müəyyən
qədər ixtisarla verilən) bu material F.D.Aşnin, D.M.Nasilov
və V.M.Alpatovun "Məhv edilmiş Türkologiya" əsərindən
parçalardır. Həm aktuallığını nəzərə
alaraq, həm də professor B.Çobanzadəni bir daha anmaq
üçün təqdim etdiyimiz materialı dilimizə
Bakı Dövlət Universitetinin dissertantı İmanyar
Quliyev çevirib.
***
Repressiyaya qurban gedən ən dəyərli elm
adamlarından biri də (12493 nömrəli məhkəmə
qovluğu əsasında) məşhur türkoloq Bəkir
Vahaboviç Çobanzadədir. Onun elmi tədqiqatları
bu kitabın müəlliflərindən biri (Aşnin) tərəfindən
ətraflı araşdırılıb. Ona
görə də burada onun elmi fəaliyyətinə dair təfərrüatlara
toxunmayacağıq. Burada B. Çobanzadənin
Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin (indiki DTX - tərc.) 26926 nömrəli məhkəmə
qovluğunda əksini tapan tərcümeyi-halından əsas məqamları
qeyd edəcəyik.
1883-cü ildə çoban ailəsində (elə
soyadını da atasının peşəsindən götürmüşdü)
dünyaya gələn B.V.Çobanzadə məşəqqətli
ömür sürüb. Krım tatarlarından (türklərindən)
olan Çobanzadə orta məktəbi İstanbulda oxumuş,
1914-19-cu illərdə Budapeşt Universitetində
türkologiya üzrə mükəmməl təhsil
almışdı. Sonralar özünün də məhkəmə
işində qeyd etdiyi kimi, universiteti qurtardığı il Macar Qırmızı Ordusunun tərkibində
təşkil edilən əcnəbilər alayının
koordinatoru olmuşdu.
1920-ci ildə o, başqa bir adamın pasportu ilə
Krıma qayıdıb. Ancaq yarımadada hakimiyyət Krım
türklərinin bütün siyasi fəaliyyətlərinə
qadağa qoyan Vrangel idarəsinin əlində idi. B.
Çobanzadə - istintaqda verdiyi ifadəyə görə -
siyasi qadağasına cavab olaraq "Ağ
qvardiyaçılar"a qarşı gizli fəaliyyətə
başlayıb. O, bütün hallarda Krım türklərinə
milli muxtariyyət vəd edən Sovet hakimiyyətini qəbul
edib. 1924-cü ilə qədər ictimai həyatda
aktivlik göstərib. O, əvvəlcə qanuni fəaliyyət
göstərən "Millə Firqə"
partiyasının rəhbərlərindən və Krım
İnqilabi Komitəsinin üzvlərindən olmuşdu. Ancaq bir müddət sonra "Milli Firqə"çilər
təzyiqlərə məruz qalmışdılar. B.
Çobanzadə bəzi məsələlərə görə
bu partiyadan uzaqlaşmışdı. Krım
türklərinin əlifbası məsələsində o,
"Milli Firqə"çilərlə eyni fikirdə deyildi.
"Firqə"çilər ərəb əlifbasının
dəyişdirilməsini istəmirdilər, B. Çobanzadə
isə latın əlifbasından istifadənin
tərəfdarı idi.
Bütün bunlar onun siyasətdən uzaqlaşıb
elmi-pedaqoji fəaliyyətə yönəlməsindən xəbər
verirdi. 1925-ci ildə Krımı birdəfəlik tərk
edib, həbs olunanadək Bakıda yaşayıb. O,
Bakı Universitetinin professoru olub, 1930-cu illərdə isə
SSRİ EA-nın Azərbaycan bölməsində işləyib.
***
B.Çobanzadə Krım və Bakıda dəyərli
elmi araşdırmalara imza atıb. Həbsxanada, ölümündən
əvvəl elmi fəaliyyətini bu sözlərlə qiymətləndirmişdi
(Bu sənəd Məhkəmə işinin I cildinə daxil
edilib, ancaq nömrələnməyib):
"Mən öz sahəmdə Sovet Şərqinin ilk
professoruyam. Üstəlik, məni bu mövqeyə Sovet
İttifaqı gətirib. Bu ölkələrin
öz dillərində açıq dərslər
keçmişəm. Universitetdə bir
çox kurslar ilk dəfə öz dillərində təşkil
edilmişdir.
Elmi fəaliyyətim dövründə 150-dən
çox araşdırma aparmışam. Onların ən az 100-ü Azərbaycan dili və ədəbiyyatının
elmi bünövrəsini təşkil edən ilk tədqiqatlardır.
Bunların çoxu bu gün də öz elmi dəyərini
itirməmişdir.
Dil və ədəbiyyat üzrə yüzlərlə
mütəxəssis yetişdirmişəm. Bu tələbələrim
arasından elmi araşdırmaları ilə özünü
təsdiq edən və başqa ölkələrdə belə
elmi fəaliyyəti məqsədəuyğun sayılan onlarla
yüksək ixtisaslı elm adamı, dosent, dosent köməkçisi
çıxmışdır".
B.
Çobanzadənin istedadını sübuta yetirən fakta -
uydurma olmadığına inanırıq - məhkəmə
işində də rast gəlirik. Həbsdə
olan tarixçi Vəli Xuluflunun bildirdiyinə görə, əcnəbi
elm adamlarından ibarət bir heyətin Bakıya səfəri
zamanı o dövrün məşhur botaniki A. A. Qrossqeym
(sonralar professor olacaqdı) tərcüməçi kimi dəvət
edilibmiş. Ancaq o, tərcüməçilik
işinin öhdəsindən gələ bilmir. Orada olanlar arasında fransız dilini təkcə
B.Çobanzadə bilirmiş. Vəziyyətdən
çıxmaq üçün heyətin işinə kömək
edir. Bu hadisədən sonra azərbaycanlı
alimlər "Biz Qrossqeym kimilərinə layiq
olmadıqları dəyəri veririk. Öz
kadrlarımızı layiqincə qiymətləndirmirik"
demişdilər (III c., s. 773).
B. Çobanzadə Bakıya köçəndən
sonra xüsusən elmi dairələrdə nüfuz
qazanmışdı. İlk dövrlərdə Bakıda yerləşən
Yeni Əlifba Komitəsinin fəaliyyətində aktiv
iştirak etmiş, 1926-cı ildə Bakıda keçirilən
I Türkoloji Qurultayın təşkilatçılarından
olmuşdu. Ancaq 20-ci illərin sonu 30-cu illərin
əvvəlində "burjua millətçilərə"
qarşı mübarizə başlayanda tənqid atəşinin
ilk hədəflərindən birinə çevrildi. Dindirmələrin birində ta 1930-31-ci illərdə
həbs edilməyi gözlədiyini və bunu azərbaycanlı
kommunist dostlarından öyrəndiyini bildirmişdi (II c., s.
601). Belə ki, o illərdə həbs
edilməmiş və 1937-ci ilə aid həbs sənədində
"əvvəllər məhkum olunmamış" qeydi
yazılmışdı. Bəlkə də,
o dövrdə Ruhulla Axundov onun həbsinə mane olmuşdu (R.
Axundov 1930-32-ci illərdə Bakıda olmasa belə). R.
Axundov bir müddət sonra SSRİ EA-nın Azərbaycan
bölməsinin rəhbəri işləyəndə də
professor Çobanzadədən dəstəyini əsirgəməmişdi.
1936-cı ilin dekabr ayında R.Axundovun həbsindən dərhal
sonra SSRİ EA-nın Azərbaycan bölməsində də həbslər
başladı və elə ilk qurbanlardan biri də
B.Çobanzadə oldu.
1937-ci ilin yanvar ayında o, Kislovodska getmişdi. İstintaq sənədləri
təzəcə düzəldilmişdi. Köhnə
müsavatçı M.H.Baharlı və trotskist
Çiçikalovdan onun əleyhinə ifadə
alınmışdı (o vaxtadək R.Axundov hələ ifadə
verməmişdi). Bu ifadələr onun həbsi
üçün kifayət edirdi.
Məhkəmə qovluğu həbsə əsas gətirilən
sənəd (Ic. s1) və həbs üsulunun seçilməsi əmri
ilə başlayır (I c. s.2). Hər iki sənəd Aərbaycan
NKVD-nin Dövlət Təhlükəsizliyi Komitəsinin
4-cü bölməsinin 4-cü şöbəsinin direktor
müavini, leytenant (əslində polkovnik-leytenant) Serov (əvvəlki
mövzularda adına rast gəlmisiniz) tərəfindən
tərtib edilmiş, əmr isə 27 yanvar 1937-ci il tarixində
Sumbatov tərəfindən imzalanmışdı. Həmin gün alimin Bakıdakı mənzilində
axtarış aparılmış, 38 kitab və digər sənədlər
müsadirə edilərək
götürülmüşdü (axtarış protokolu I c.
s.8). B.Çobanzadə isə yanvarın
27-dən 28-nə keçən gecə Kislovodskun
"Qornyak" (Dağ mədənçi) adlı
sanatoriyasında həbs edilmişdi. (Bəzi
sənədlərdə 12 yanvar tarixində həbs edildiyi
yazılsa da, bu, məhkəmə işində öz təsdiqini
tapmır.) Həbs barəsində 28 yanvar
tarixli əmr Şimal Qafqaz NKVD Dairəsinin direktor müavini
Rayev tərəfindən imzalanmışdı.
Məhkəmə qovluğundakı sənədlərdən
məlum olur ki, Çobanzadə xüsusi mühafizəçilərin
nəzarəti altında Bakıya aparılmazdan əvvəl
Pyatiqorsk şəhərində həbsxanada
saxlanılmışdı.
Bakıya fevralın 2-də gətirilib. Çobanzadə iki dəfə
həbs sənədini doldurub: birinci dəfə Pyatiqorskda (I
c., s.15), ikinci dəfə Bakıda, fevralın 2-də (I c.,
s.12). Həmin sənəddə təvəllüdü də
(15 may 1883-cü il) daxil olmaqla bioqrafik məlumatlar
yazılmışdır. Bu doğum tarixi daha məntiqli
gəlir. Belə ki, Böyük Sovet Ensiklopediyasında
(XXIX c., s. 229) başqa bir tarix ? "9(21)
yanvar 1883-cü il" təvəllüdü
göstərilmişdir. "Əcnəbi dil
biliyi" sütununda "rus, fransız, macar, fars, ərəb
və digər dillər" qeydi var.
Məhkəmə işinin əsas hissəsini (s.18-771
ümumi nömrəli), I cildin, demək olar ki
hamısını, II cildin hamısı və II cildin bir
qismini B.Çobanzadənin dindirilməsinə dair protokollar təşkil
edir. Birincisi
7-9 fevral 1937-ci il, sonuncusu 1 sentyabr 1937-ci il
tarixli olmaqla 32 dəfə dindirildiyi qeyd olunub. Daha
sonra, yəni III cildin qalan qisminə (III c., s. 772-1004) digər
məhbusların dindirilmə protokollarından Çobanzadəyə
aid hissələr daxil edilib. B.Çobanzadənin
məhkəmə işi Bakıda
araşdırdığımız sənədlərdən ən
iri həcmlisidir və həcminə görə,
Q.S.Gubaydullinin istintaq işinə yaxındır. (R.Axundovun istintaq işi də bəraət hissəsinin
böyüklüynə görə həcmcə xeyli
çoxdur). B.Çobanzadədən başqa heç kim bu qədər ətraflı ifadələr
verməyib. Əvvəllər gizli fəaliyyətlə
məşğul olan, qorxmağa bir əsas görmədiyi
üçün uzun müddət müqavimət göstərən,
başqa sözlə, özünü ələ verməməyə
çalışan R.Axundovdan fərqli olaraq, qorxudulmuş elm
adamı B.Çobanzadə özünü tez "ələ
vermişdir". Çox güman ki, bu cür
ətraflı ifadələr verməklə bəraət
almağa çalışmışdı.
İstintaq materiallarından görünür ki, məhbus
ifadələrini çox da uzatmamağa
çalışmış, ancaq müstəntiqlər onu
"olmayan günahları" da boynuna almağa məcbur
etmişlər.
Müstəntiqlər onun tərcümeyi- halında əksini
tapan əksər fəaliyyət və hadisəni cinayət
kimi götürürdülər. Məsələn, alimin Krım
mühacirlərinin lideri C.Saydametovdan "Sovet hakimiyyətinə
mübarizə aparmaq tapşırığı"nı yerinə yetirmək məqsədi ilə
1920-ci ildə Krıma qayıtdığını iddia edirdilər.
(III c., s.768) Halbuki o, "bu
tapşırığı alanda" Krım hələ
Vrangelin hakimiyyəti altında idi.
1926-cı ildə Bakıda keçirilən I
Türkoloji Qurultay istintaqda "gizli toplantıya"
çevrilmişdi. B.Çobanzadənin 1936-cı ildə
şivə və folklor materialları toplamaq üçün
rayonlara təşkil etdiyi elmi səfərləri "müəllimləri
və xalq dastançılarını təşkilata üzv
qəbul etmək" (I c., s. 300), "folklor toplamaq bəhanəsi
ilə kəndliləri təşkilat ətrafında birləşdirmək"
(I c., s. 303) məqsədinə xidmət edən fəaliyyət
kimi təqdim olunurdu. 13-14 iyul 1937-ci il
tarixli raportda A.N. Samoyloviçin də adı var (II c., s.
608-642). Burada iki böyük türkoloqun şəxsi
əlaqələrinə dair gerçək faktlar əksini
tapır. Onlar 1924-cü ildə Bakıda keçirilən
Azərbaycan Regionşünaslıq Qurultayında tanış olublar. Daha sonra
1925-ci ildə Leninqradda (Sankt Peterburq - tər.)
görüşüblər. Həmin ilin
sonunda I Türkoloji Qurultaya hazırlıq məqsədilə
Bakıya gələn Samoyloviçlə Çobanzadənin
1926-cı ilin fevralında keçirilən Qurultayda da
görüşləri olub. Onlar 1928-ci ilin
axırında Bakıda keçirilən Orfoqrafiya
konfransında, həmi il Leninqradda, 1929-cu
ildə Səmərqənddə keçirilən Ədəbiyyat
və Dil Problemləri konfransında da görüşüblər.
Son görüşləri 1936-da Leninqradda
baş tutub. Burada Samoyloviçin
Çobanzadənin SSRİ EA-nın müxbir
üzvlüyünə dair müsbət rəy verdiyini və
bu istiqamətdə cəhdlər göstərdiyini oxuyuruq ki,
bunlar da həqiqəti əks etdirir. Burada bir həqiqət
də var, o da adı çəkilən alimlər arasında
olan və ifadədə xatırladılan söhbətlərin
məzmunudur: "Elm cəbhəsinin
dağıdılması, ziyalıların
sıxışdırılıb çıxılmaz vəziyyətdə
qoyulması, elm və kültürə dəyər verilməməsi"
(II c., s. 620). Ancaq bu gerçək haraylar "alimin
"pantürkçü ideya və planları", onun
SSRİ EA-nın nəzdindəki Şərqşünaslıq
bölməsi və digər qurumlar vasitəsilə "əksinqilabi
təşkilatlarda" iştirakı kimi əsassız
ittihamların arasında itib batırdı.
Yuxarıda qeyd edilən raport və Çobanzadəyə
yaxın vaxtda dindirilmiş Qubaydullinin ifadələrinə
dair oxşar məzmunlu raport isbat edir ki, o vaxt hələ həbs
edilməmiş A.N.Samoyloviç əleyhinə məqsədli
şəkildə "dəlillər" toplanırdı. Demək,
Samoyloviçin həbsinə hazırlıq
görülürdü. Çobanzadənin
adı Samoyloviçin istintaq işində mühüm əhəmiyyət
daşıyırdı. Ancaq "Yaponiya
lehinə casusluq" ittihamı ilə müqayisədə
"Pantürkçülük" ikinci planda qalırdı.
Yazıdakı materiallar Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunub
525-ci qəzet.- 2020.-
24 iyun.- S.23.