Yaddaşlara köçmüş sənətkara məktub - Elvin Nuri

 

BÖYÜK TÜRK DRAMATURQU TUNCƏR CÜCƏNOĞLUNUN RUHUNA SONSUZ EHTİRAMLA...

 

Salam, böyük ustad, qüdrətli sənətkar əziz dostum! Bu məktubumu Sizə rahat yazıram, bilirəm ki, harda olsanız da, kimsə - bəlkə, mələklər, bəlkə, ulduzlar mənim məktubumu gətirib mütləq sizə çatdıracaqlar. Mən buna inanıram. 

 

Artıq bir il olacaq... Bir il olacaq ki, yoxsunuz aramızda. Bu bir ili sizsiz keçirdi dünya. Sizsiz payız gəldi, sizsiz qış düşdü, sizsiz bahar çiçəklədi, sizsiz yaya yetişirik. Yayda getdiniz, lakin gedişinizlə qəlblərimizə, türk sənət dünyasına elə çovğunlu, fırtınalı qış gətirdi ki yoxluğunuz, böyük ustad! Əzəmətli, vüqarlı sənətkar! Susdu qələminiz 2019-cu ilin iyulunda... Qələminizin yaşı 50 ilə az qalmışdı. Amma... Təəssüf! Çatmadı. Ömür vəfa etmədi. Fani həyatı tərk edib, ürəklərə, xatirələrə köçdünüz, Tuncər Cücənoğlu! Heyif sizdən!

 

Bir az yaddaşımı vərəqləyib, fikrimin, xəyalımın yelkənini ömür adlı dəryada sizinlə şəxsi tanış olduğum ilə çəkmək istəyirəm - 2018-ci ilə. Sizinlə sosial şəbəkə vasitəsilə tanış olmuşduq. Sizin pyeslərinizdən Azərbaycan dilinə tərcümə etmək üçün istəmişdim, Siz sevə-sevə mənə əvvəlcə "Ah, bir yoksul olsam"ı, daha sonra isə 10 pyesinizi yollamışdınız (Adlarını çəkməyə ehtiyac yoxdur). Amma bir az da geri fırlasaq ömrün lentini, mən "Tuncər Cücənoğlu" adı ilə dünya dramaturqlarının Azərbaycan dilində əsərləri toplanmış antologiya vasitəsilə tanış oldum. Həmin kitaba Sizin "Uçqun" ("Çığ") əsəriniz daxil olmuşdu. Mən heyran qaldım o əsərə. bir müddət keçdi, tale mənə Sizinlə şəxsən tanış olub, ünsiyyət qurmaq xoşbəxtliyini nəsib etdi...

 

Türk yazıçılarının bir çoxunun əsərləri ilə tanışam. Amma özləri ilə yox. Sizin isə həm özünüzlə tanışlığım mənə taleyin xoşbəxtliyi deyil, bəs nədir?.. Rəşad Nuri Güntəkin, Nazim Hikmət, Haldun Taner başqalarının təkcə əsərləri ilə tanışam, amma Tuncər Cücənoğlu dedikdə, həm şəxsi tanışlıq gəlir gözlərimin qarşısına.

 

İşıqlı simanızda həyat, yaşamaq həvəsi var idi. İnana bilmirəm yoxluğunuza. Vallah, "daha bu həyatda Tuncər Cücənoğlu yoxdur" deməyə dilim gəlmir. Hərdən elə bilirəm ki, sakitliyə, hamıdan uzağa çəkilib, yeni pyesinizi yazmaqla məşğulsunuz. Bir gün yenidən görünüb, teatrlara "Budur, yeni pyesimi bitirdim" deyə, qayıdacaqsınız yenidən afişalarda "Tuncər Cücənoğludan yeni pyes" yazısını görəcək gözlərimiz, ürəyimizsə həmin tamaşanı bir an öncə görməyə can atacaq.

 

Bilirsiniz, indi qəhrəmanlarınız Sizi axtarır. Mənim tərcümə etdiyim "Müəllim" pyesinizdəki Həsən müəllim, Maral, İlkər, Tanər, "Dalan"dakı Lilika, Celika, Spanos, "Ziyarətçi"dəki Qadın, Ana, Adam, Ziyarətçi... Hələ tərcüməsini tamamlamadığım "Vertolyot" əsərinizdəki Nazir, Operator sizi soraqlayır. Mən Sizi axtarıram. Axı, mənə söz vermişdiniz. Mən Sizi Şəkiyə dəvət etmişdim, Sizsə mənə: "Pyesim Şəki teatrında oynanılanda gələcəyəm" demişdiniz...

 

Yaxşı yadımdadır Azərbaycana son səfəriniz. Gəncəyə gəlmişdiniz - Gəncə Teatrında "Matruşka" pyesinizin premyerasına.

 

"Kordöyüşü"ndən başlayan yaradıcılıq yolu "Brutus ya Yuli Sezarın qətli" ilə sona çatdı. İlləri bir-birinin üzərinə gəlsək, 50 ilə yaxın yaradıcılıq yolunuz işıqlı, rəngarəng, bənzərsiz oldu. Heç kimin keçmədiyi yollarla ilk olaraq, Siz getdiniz. Keçilməz yollardan keçdiz, cığır açdınız, sanki. Bəlkə, maneələr oldu yollarınızda, çətinliklərlə üz-üzə gəldiniz, amma geri çəkilmədiniz, sənətinizlə, sənətkarlığınızla bütün çətinlikləri dəf etdiniz. Adınızı tarixin yaddaşına əbədi olaraq yazdınız! Silinməz izlər qoydunuz keçdiyiniz yollarda. O izlər həmişə Sizi bütün dünyaya xatırladacaq. Gələcəkdən gələcək səsiniz, Siz sabahın adamısınız.

 

Əziz insan, mən Sizinlə görüşə bilmədim, düzdür, amma Sizə verəcəyim suallarım var, onları bu məktubumda yazıram, zamansa cavab almaq ümidi ilə...

 

Sizi indi düşündürürmü "Müəllim"in taleyi?..

 

"Gözəlçələr"i düşdükləri səfalətdən, çirkab yollardan geri çəkməyi bacardınızmı?..

 

Görəsən, "Dalan"larda qalanlar ümid işığı tapa bildilərmi?..

 

Görəsən, "Qovluq" indiyəcən neçə dəfə açılıb-bağlanıb?..

 

"Biga - 1920" necə?..

 

"Qumarbazlar" günahlarını anlayıb, Haqq yoluna qayıdıblarmı?..

 

"Vertolyot"dakıların aqibəti necə oldu?.. Maraqlanmısınızmı?..

 

"Yıldırım Kemal" necə, sizi xatırlayırmı?..

 

"Matruşka"nın içindən xoşbəxtlik tapıldımı?..

 

Orda da "Ziyarətçi"ləriniz varmı?..

 

"Boyaçı" saçlarına ləkə düşməsin deyə, "Papaq" örtürmü?..

 

"Neyzen Tevfik" məzarınızı ziyarət edirmi?..

 

"Teatrçılar" ruhunuza dualar oxuyurlarmı?..

 

"Qızılırmaq"ın səsi qulaqlarınıza gəlib çatırmı?..

 

"Uçqun"lardan xilas yolunun gülüş, sevinc, dostluq olduğu hamıya bəlli oldumu?..

 

"Səbahəddin Əlini kim öldürdü?" Qatil tapıldımı?.. Günahkar cəzasına çatdımı?..

 

Rəşad Nuri Güntəkinlə "Yaşıl gecə"lərdə görüşüb, dərdləşirsinizmi?..

 

Allahdan: "Ah, bir yoxsul olsam" deyə, arzulayanlar varmı?..

 

Hal-hazırda olduğunuz yerdə "Gecə klubu"nun sakinləri daha çoxdur, ya "Qadın sığınacağı"nın?..

 

"Fosforlu Cevriyə" daha çox sizin görüşünüzə gəlir, yoxsa Suat Dərvişin?

 

"Yuli Sezarın qətli" necə, hamıya dərs oldumu?..

 

Görürsünüzmü, Sizə qədər suallarım varmış?! Bu qədər sualı məktubla cavablamaq çətin, ağır məsələdir, bilirəm... Ən yaxşısı, bu məktubumu saxlayın, Sizinlə ilk görüşümüzdə hamısını üz-üzə danışarıq... Əgər məktubumu mələklər ünvana çatdırmasalar da, heç qəm eləmərəm. Bu məktubda yazdıqlarım ömür boyu yaddaşıma həkk olunaraq qalacaq. vaxtsa görüşəndə, bu məktubda yazdıqlarımı sözbəsöz özüm Sizə deyərəm, cavablarını da Özünüzdən dinləyərəm... Mən inanıram ki, biz vaxtsa görüşəcəyik... Gəlmək vaxtım çatanda mütləq xəbəriniz olacaq, buna da inanıram. O zaman orada qarşılayarsınız məni.

 

 

Elvin Nuri

525-ci qəzet.-2020.- 24 iyun.- S.19.