İşıq adam - Yazı
Həyatda
ən çox güvəndiyim şəxs müəllimdir. Çünki
onun silahı kitabdır və bu silahla istənilən
düşməni çökdürmək
mümkündür.
Oğüst
Kont
Onun həyatını tanrınınmı deyək,
taleyinmi deyək yazdığı olduqca maraqlı bir kitaba bənzətmək
olar. Elə bir kitaba ki, hər sətrini həyəcansız
oxumaq mümkün olmur.
Qara kabus
kimi, ölüm qoxulu Böyük Vətən Müharibəsi
adlandırdığımız 1942-ci il...
Dünyaya gəlməsinə cəmi 10 gün qalmış
atasını, dünyaya gələndən 6 ay sonra isə anasını itirən, hələ
sümükləri bərkiməmiş körpəni tale sanki
amansız imtahana çəkirmiş kimi davranırdı... Əgər mistikaya inansaq, bunun özündə də
bir qanunauyğunluq olduğunu iddia edə bilərik. Həyata gəldiyi gündən ağır
imtahanlarla üzləşən və bütün
ömrünü başqalarından imtahan götürməyə
həsr edən bir insanın taleyi bəlkə də belə
yazılmalı idi? Ürfan fəlsəfəsi ilə məşğul
olanlar, insanın adının, taleyinin və
ömrünün hələ ana bətnində olarkən
yazıldığını deyirlər... Dünyanın
ən ağır günlərində, qanlı-qadalı illərdə
dünyamıza göz açan körpənin adını
Cahangir qoydular. İnsanların adları
onların məzmunlarını ifadə edir deyən
müdriklər heç də yanılmayıblar. O,
ölkələr, vilayətlər fəth edən,
qılıncını qan ilə suvaran çahangirlərdən
biri olmadı. O, insanların ürəyində, qəlbində
yurd-yuva salan, dərs dediyi tələbələrin
könüllərini fəth etməyi bacaran bir fateh, bir Cahangir, Müəllim
oldu...
Onun adı çəkiləndə istər-istəməz
gözümüz önündə bir tamlıq,
bütövlük obrazı canlanır. Bəlkə də biz
bilmirik, ömrünün hər anını məngənədə
sıxılıb, kövrükdə qızardılıb, zindan
üstə döyülməyənlərdən yaxşı
müəllim ola bilməzmiş?
Bəlkə
körpəliyinin, gəncliyinin hər ağır
keçən günləri tanrının bir
sınağıymış? Həyatı bir məktəbə
bənzəyən bir insanın qismətinə
düşmüş müəllimlik peşəsinin yolu belə
ağrılı, acılı illərdən keçməliymiş?...
Dosye:
Cahangir Əbdüləli oğlu Məmmədli 1942-ci ildə
Ağdam rayonun Novruzlu kəndində dünyaya göz
açıb. 1961-1963-cü illərdə Sovet
ordusu sıralarında xidmət edib. Hərbi
xidmətdən qayıtdıqdan sonra 1964-cü ildə indiki
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə
daxil olaraq, 1968-ci ildə həmin fakültəni əla qiymətlərlə
başa vurub. Həmin ildən jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasında baş laborant, baş
müəllim, dosent
vəzifələrində çalışıb.
1993-2005-ci illərdə Mətbuat tarixi və ideoloji iş
metodları kafedrasının, 2005-ci ildən bu günədək
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının müdiridir.
C.Məmmədli
2003-2005-ci illərdə Azərbaycan Mətbuat
Şurasının sədr müavini, 2005 -2017-ci illərdə
İctimai Televiziya və Radio Yayım Şurasının sədri
olub. Hal-hazırda Bakı Dövlət Universiteti Elmi
Şurasının, Universitet Tədris Metodiki Şurası
İdarə Heyətinin, Jurnalistika fakültəsi Elmi
Şurasının, BDU Seçki Komisiyyasının, BDU
filologiya fakültəsi nəzdində Müdafiə
Şurasının üzvüdür. Jurnalistika
fakültəsi Tədris-Metodiki Şurasının sədridir.
BDU Elmi əsərlərinin "Humanitar"
elmlər üzrə, Elmi xəbərlərinin "Füyuzat"
jurnalı redaksiya heyətinin üzvüdür. Filologiya elmləri doktoru, professordur.
Cahangir Məmmədli 2005-ci ildən Azərbaycan
Respublikası Prezidentinin Təqaüdçüsüdür. Bakı
Dövlət Universitetində ilin müəllimi, "İlin
kafedra müdiri" nominasiyalarının qalibidir. İki dəfə Təhsil Nazirliyinin, üç dəfə
Bakı Dövlət Universitetinin Fəxri Fərmanlarına
layiq görülüb. Mətbuat
Şurasının "Ali Media" mükafatı, Azərbaycan
Jurnalistlər Birliyinin "Zərdabi" mükafatları
laureatı, "Fəlsəfə dünyası"
Araşdırma Mərkəzinin diplomçusudur.
Professor Cahangir Məmmədli 20-yə yaxın
kitabın, 300-dən yuxarı elmi, 600-dən çox
publisistik məqalənin müəllifidir.
C.Məmmədlinin uzun müddətli elmi, pedaqoji fəaliyyəti
Azərbaycan Respublikası Prezidenti tərəfindən
yüksək qiymətləndirilərək "Şöhrət"
ordeni ilə təltif olunub.
Cahangir
müəllimin adı çəkiləndə istər-istəməz,
insana qarşı doğmalıq hissinin daha çox olduğu,
istiqanlı, insancıl bir müəllim obrazı göz
önündə canlanır. Az müəllimin
bəxtinə düşər ki, adı çəkiləndə
məkanından və zamanından asılı olmayaraq, dərs
dediyi tələbələri onun haqqında öz
doğması, əzizi, ən yaxın adamı kimi
düşünsün, ən gözəl sözləri deməyə
çalışsın... Cahangir müəllim haqqında
söz açarkən ilk növbədə "O, sevməyi bacaran bir
insan obrazıdır" - desək fikrimizi daha dəqiq ifadə
etmiş olarıq. O, doğulduğu el, oba kimi, bu vətəni
sevdiyi kimi, bir el qızını sevməyi bacaran bir ər, əsl
kişidir. O, öz sevgisindən təkcə
böyüdüb boya-başa çatdırdığı 5
qızına deyil, dərs dediyi minlərlə tələbəsinə
də pay verməyi bacaran bir müəllimdir... Cahangir müəllim
nəvələrini bu millətin gələcəyi qədər
sevən və düşünən qayğıkeş bir
babadır, vicdanlı bir vətən övladıdır...
Deyirlər
Allah bölməyi bacaran insanları sevər... Cahangir müəllim
insanda ən
dəyərli hiss olan sevgisini də, Allahın ona verdiyi bərəkəti
də bölməyi bacaran nadir
insanlardandır. O, dərs dediyi tələbəsinə
qızım, övladım deməyi də, onlara atalıq
hissini bağışlamağı da bacaran çox nadir
insanlardandır. Onun haqqında düşünərkən ilk
ağla gələn sual bu olur: "Görəsən, Cahangir
Məmmədli də, qızıl teştdə
çimizdirilib, tərxan böyüsəydi, bir qarnı ac,
bir qarnı tox böyüməsəydi, yenə belə səmimi,
belə müdrik, bu qədər insancıl ola
bilərdimi? Təbii ki, onu yaxından tanıyanlar
heç çəkinmədən insanlıq, xeyirxahlıq
onun həyat kredosu, yaşam fəlsəfəsidir - deyərdilər.
Cahangir müəllim vətəni ilahi eşqlə sevən
"Vətəncan" bir insandır... (Vətən
haqqında fikirləri...)
- Həyatda
heç vaxt kimə isə bənzəmək, kimi isə təkrarlamaq
istəməmişəm. Öz yolumun
yolçusu olmağı, özüm olub, özüm kimi
yaşamağı arzulamışam, ona can atmışam.
Əslinə qalsa, heç kimin də həyatının,
ömür yolunun mənə bənzəməsini arzu etmərəm.
Atasızlıq, anasızlıq ağır dərddir.
Bunu yaşamayanlar, bu hissin nə olduğunu
başa düşə bilməzlər. Gönlündən
keçəni deyə, ürəyin istəyəni ala bilmirsən...
Özün, özünə qoyduğun
qadağalarla yaşamağı öyrənirsən.
Özündən başqa səni kimsə olduğun kimi
anlamayacağını dərk edib özünlə həmdərd
olursan... Hətta, bəzən, indinin
özündə belə düşünürəm ki, mənim
günahım nə idi ki, Allahım mənim
uşaqlığımı əlimdən aldı?
Bilirsiniz, uşaq idim. Çıxış
yolunu yaxşı oxumaqda, fərqlənməkdə
görürdüm. Başa düşürdüm ki,
yaxşı oxumasam, düşdüyüm bu "Qara
dünyada" özümə bir ağ səhifə
aça bilməyəcəm. O illəri xatırlayanda nələr
yadıma düşür? Uşaqlığım... Elə
bilirdim ki, adam da, ot kimi, ağac kimi bir
şeydir. Yerdən çıxır... Onun atası, anası,
valideynləri olmur... Məktəbdə valideyn
iclası olanda, sinif yoldaşlarımın valideynləri
iclaslara gələndə düşünürdüm ki,
"görən mənimkilər haradadır? Niyə Allah onları mənim əlimdən belə
tez alıb?" Bəzən, etiraz etmək, hayqırmaq
istəyirdim... İstəyirdim Allahımın ətəyindən
yapışıb, qaytar mənim valideynlərimi. Mən
də atalı, analı olmaq istəyirəm, - deyəm.
Həyat,
sanki, onu dəmir parçası kimi qızardıb, öz
körüyündən keçirib həyata, bu günə
hazırlayırdı... Bu gün elə insanlar
var ki, onlar təkcə doğulduğu kəndin, elin,
obanın deyil, bütövlükdə bir millətin mənəvi
pasportuna çevrilib, adları təmsil etdikləri millətin
adı ilə qoşa yazılır. Cahangir Məmmədli
məhz millətin mənəvi sərvəti kimi mənəvi
zənginliyimizin zirvəsinə yüksəlməyi bacaran az saylı
ziyalılarımızdan, öz qələminin nuru, zəkasının
gücü ilə xalqımızın mənəvi
dünyasına işıq tutan az sayılı alimlərimizdəndir.
Gözümü açandan, gözüm yaxşı
insanlar görüb. İnsanlardan yaxşı söz eşitdim, yaxşı
əməllərinin şahidi oldum... Atasız,
anasız böyüsəm də, ağrılı,
acılı bir ömür yaşasam da, kimsədən acı
söz eşitmədim. Ömrümün
ilk çağlarında əmim oğlu Zeynal qolumdan tutdu, məni
yıxılmağa qoymadı. Arxamız,
dayağımız oldu. Bizi Allah yaratmışdsa da əmim
oğlu Zeynal yaşatdı... Daha sonra tale
qarşıma ən gözəl insanları
çıxardı. Oxuduğum fakültədə
ustadlarım, gözəl insanlar Şirməmməd müəllimin,
Nəsir müəllimin hər zaman qayğısını,
diqqətini öz üzərimdə hiss etdim. Arxasız,
dayaqsız olduğum onlar mənə unutdurdular. Həm də onlar yaşam fəlsəfəmi müəyyənlişdirməkdə
mənə örnək oldular. Həyatın yolunu
göstərən bir işığa çevrildilər... Dərk
etdiyim bu oldu ki,
insan yalnız evi, övladları, yaxınları
üçün yaşamamalıdır... Yaxşı insanlar
harada yaşasalar da, bioloji cəhətdən qohum olmasalar da, bir ailənin üzvüdürlər...
Mənə dayaq olanlar həm də, "arxasıza kömək
ol ki, desinlər ki, dayaqdır, arxalıya yaxın durma, deyərlər
ki, yamaqdır" - fəlsəfəsini mənə öyrətdilər...
Beləliklə, mənim Cahangirlikdən, Cahangir Məmmədliyə
gedən yolum başlandı...
Ömrünü jurnalist kadrların hazırlanmasına
həsr edən professorun adı bu gün müasir Azərbaycan
mətbuatı ilə qoşa çəkilir. Müsahibələrinin
birində:
... Mən
özümün ən maraqlı işimi universiteti bitirib
universitetdə qalanda tapmışam: Müəllimlik! Bu peşəni dəfələrlə dəyişmək
imkanım olub. Əməlli-başlı
"yağlı" vəzifələrə dəvət
olunmuşam. Amma 1968-ci ildən
tapdığım tələbələrimi heç vaxt itirmək
istəməmişəm. Tale elə gətirdi ki,
Bakı Dövlət Universiteti yəqin ki, son mənzilə yola salacaq
müqəddəs bir iş yerim olacaq. Müəllimlik
bağrıma basdığım tələbələrin məkanı
kimi mənə çox qiymətlidir.
Ömrünün
78-ci ilini yaşayan professor bu gün də 50 il
öncə fəaliyyətə başladığı
doğma Universitet auditoriyasına tükənməz enerji,
böyük bir həvəslə getməkdədir.
-
Yorğunluğumu iki şeylə çıxara bilirəm. Bir
tələbələrim, bir də ki, nəvələrim mənə
həm yorğunluğumu, həm də dərdlərimi unutdura
bilirlər...
Profesor
Çahangir Məmmədlinin jurnalistika fakültəsinin tələbələri
üçün yazdığı "Jurnalistikanın nəzəriyyəsi
və təcürbəsi" adlı dərsliyi
özünün dil, üslub, elmi potensialı
baxımından sanbalı ilə seçilən, jurnalistika
fakültəsinin müəllimləri və tələbələrinin
stolüstu kitabı, məsləkdaşı olan bir
kitabdır desək səhv etmərik.
Cahangir Məmmədli bu gün Azərbaycan filologiya
elminin ən ünlü isimlərindən biridir. Onun Azərbaycan ədəbi
tənqidinə, ədəbiyyatşünaslıq elminə həsr
etdiyi "Dünya sözə qalacaq",
"Çağdaş Azərbaycan nəsrinin inkişaf meylləri"
və digər kitabları
filologiya elminə verdiyi çox qiymətli xəzinə, müasir ədəbiyyatşünaslığın
ən gözəl nümunələrindən sayıla biləcək
qədər fundamental elmi nümunələrdir.
Deyirlər, yazarlar öz yazılarında özlərini
ifadə edərlər. Məsələyə bu aspektdən
yanaşası olsaq görərik ki, elmi, bədii
publisistikanın geniş imkanlarından məharətlə
istifadə etməyi bacaran professor, yazılarında
özünü çox ustalıqla ifadə etməyi
bacarıb. Xarakterindəki həlimlik,
barışdırıcılıq, konkretlik, sülhpərvərlik Məmmədli
yaradıcılığının leytmotivini təşkil etməklə
özünü ifadədə olduqca şəffaf formada
büruzə verir. Axıcılığı,
aktuallığı və hadisələrə yanaşma tərzi
fərqli olan yazıları
onun nurlu simasının, geniş və təmiz ürəyinin
parlaq cizgiləridir.
Cahangir Məmmədli siyasi publisistikanın
yaradıcılarındandır. Onun ürəyinin odu,
qələminin məhsulu olan "Vətənə sevginin
ölçüsüzlük ölçüsü", "Demokratik mətbuatın Heydər
Əliyev konsepsiyası", "Bakı Dövlət
Universitetinin məzunu: Heydər Əliyev" sərlövhəli
elmi publisistik məqalələri Cahangir Məmmədli
talantının sərhədsizliyinin bariz nümunəsi
sayıla bilər. Eləcə də ölkəmizin
birinci ledisi - Azərbaycan Respublikasının I vitse-prezidenti
Mehriban xanım Əliyevanın həyat və çoxsahəli
fəaliyyətinə həsr etdiyi elmi, siyasi məqaləsi siyasi
publisistikanın ən yaxşı nümunəsi sayıla biləcək
qədər mükəmməl bir əsərdir.
Söz sənətinin ən mahir simalarından biri kimi
tanınan, sözün qüdrətinə inanan, sözə əhya
verməyi bacaran Cahangir Məmmədli həyatının ən
çətin məqamında da, xoş günlərində də
sözə söykəndi. Sözün böyüklüyinə, ilahi qüdrətinə
inanmağı bacardı. Sözlə qanadlanıb, ilahi
yüksəkliyə qədər ucalan, sözü gözəlləşdirməyi
bacaran nadir qələm sahiblərindən biri ola
bildi. Cahangir müəllim bəlkə də yeganə
insandır ki, qızları ailə quranda, ər evinə zəvvar
olanda onlara ata payı, cehizlə yanaşı, bir məktub da
verir... Bu məktubda o, qızlarına, ər
evində davranış qaydalarını, ailəyə, vətənə
və dövlətə olan münasibətlərini təkrar
xatırladır. Bu məktubları, şərti olaraq
Cahangir Məmmədli ailəsinin konstitusiyası da
adlandırmaq olar...
Cahangir Məmmədli,
həm də böyük inam, inanc adamıdır.
Mən Allahıma da, dövlətimə də, onun
başçısına da çox inanıram. Məni
yaşadan inamdır. İnanıram ki, bu
gün düşmən tapdağı altında olan
doğulduğum o torpaqlar, anamız, ən əziz
övladlarımız qədər sevdiyimiz Qarabağımz
azad olacaq. Mən, uşaqlıq, gənclik
illərimin unudulmaz xatirələri ilə zəngin olan, hər
gecə yuxumda xəyalən gəzdiyim o torpaqlara, daha yuxuda
getməyəcəm. Hər hansı bir
dağ başından kənardan baxmayacam. Həsrətində
olduğum o torpaqları dizimi ataraq qucaqlayıb öpə
biləcəm. Həm də, ən böyük
arzum odur ki, bir zamanlar sinəsində gəzdiyim o torpaqlar məni
ana kimi qucağına alsın. Mən
doyunca öz anamın qucağında yata bilməmişəm.
Heç olmasa doğulduğum, vətənim olan o tarpaqlarda
rahat uyuya bilim...
Həyatında qara günlərinin sayı çox olsa
da, qaranlıq səhifəsi heç olmadı Cahangir müəllimin. Onu insanların ömür
yoluna nur çiləyən işıq adam
da adlandıra bilərik. Böyük müəllim,
ömrümüzə nur çiləyən işıq adam, yaşa var ol! Sizin kimi nurlu,
Allaha yaxın insanların niyyətini tanrı da tez qəbul
edir. Bir gün gələr, şəhid qanı ilə
qızardılıb, qəhrəman əsgərlərin əli
ilə Qarabağda qaldırılan üçrəngli
bayrağımıza qürur hissi ilə baxaraq "Mən bu
vətənin oğlu olduğum üçün fəxr edirəm"
- deyərsiniz... İndi isə hələlik "Biz Sizin tələbəniz
olduğumuz üçün Sizinlə fəxr edirik,
Cahangir müəllim", - deməyi
daha çox haqq edirik.
Elşən QƏNİ
525-ci.-2020.-qəzet.-
24 iyun.- S.19.