Dini ekstremizmə
qarşı multikulturalizm
"Din"
sözünün kökünün arami, ibrani, fars və ərəb
dilində olması ilə bağlı indiyədək müxtəlif
fikirlər irəli sürülüb.
Yunan dilində "qorxu ilə
qarışıq hörmət", latın dilində
"Allaha və dinlərə hörmət və ya Allaha
hörmət ilə qarışıq sədaqət hissi", Avestada
"daena", pəhləvi dilində (qədim fars)
"den" şəklində işlədilib. Bunların mənası
da "yol, üslub, tərz" deməkdir. Ərəb dilində
müqəddəsliyə olan sevgi və bağlılıq mənasındadır,
bu da həmçinin "tanrı qarşısında
borc" anlamındadır.
Hər bir cəmiyyətin inkişafında,
dünyagörüşü, davranış və fəaliyyətində
din tarixi hadisə kimi çox böyük rol oynayıb. Din
insan mənəviyyatının əsasında durmaqla
yanaşı, sosial münasibətlərin
tənzimlənməsində də, xüsusi rola malikdir. Mahiyyətinə
nəzər saldıqda isə, dinin insanlara xoşbəxtlik gətirdiyi,
ədaləti, digərlərinin hüquqlarına hörməti
və hər kəsin haqqının təmin olunmasını
təbliğ etdiyi açıq-aydın özünü
büruzə verir. Lakin real həyatda din pərdəsi
altında qeyri-humanist ideyaların tətbiqi də
müşahidə olunur. Din adından həyata keçirilən
hər hansı subyektiv fəaliyyət dinin naqisliyindən
qaynaqlanmır. Burada söhbət dini hökmlərin tətbiqində
qeyri-obyektiv mövqe nümayiş etdirilməsindən, dinin əsas
mahiyyətini və məqsədini nəzərə almayaraq,
ondan öz maraqları üçün yararlanmaqdan gedir. Və narahatlıq doğuran hal odur ki, bəzən
dindən siyasi məqsədlər üçün istifadə
olunmuş, insanları xurafata, fanatizmə sürükləməyə
cəhd göstərilmiş, din pərdəsi altında
radikal və ekstremist meyillər mənəvi cəhətdən
sağlam həyat tərzini korlamağa, vətəndaş
həmrəyliyini pozmağa, xalqın tarixi ənənələrinə,
milli düşüncə sisteminə zərbə vurmağa hədəflənmişdir.
Bu baxımdan dini radikalizm və ekstremizm bu gün də vətəndaş
cəmiyyəti, hüquqi, demokratik dövlət
üçün təhlükə mənbəyi hesab edilir.
"Dini radikalizm və ekstremizm nədir?"
sualına daha dəqiq cavab vermək
üçün, bu anlayışların mahiyyəti ilə
bağlı bəzi məqamlara diqqət yetirək. Ümumiyyətlə, radikalizm müəyyən bir hədəfə
çatmaq üçün başqalarının hüquq və
azadlıqlarını pozmağa hazır olan birlik və təşkilatların
fəaliyyəti ilə bağlı işlədilən
termindir. "Radikal" ifadəsi latın dilindən
"radix"
sözündən yaranıb. Mənası
"kök" deməkdir. Radikal hərəkatlar
cəmiyyətdə köklü dəyişiklik etmək istədikləri
üçün bu adla adlandırılıb. İlk dəfə
bu termini 1797-ci ildə İngiltərədə parlament
üzvü Çarls Ceyms Fox (Charles James Fox )
seçki sistemi ilə əlaqəli "radikal reform" ifadəsini
dilə gətirərkən işlədib. Daha
sonra elmi ədəbiyyatda siyasətdən incəsənətə,
ədəbiyyatdan dinə qədər köklü dəyişikliklərin
tərəfdarı olan qruplar üçün "radikal"
terminindən istifadə olunub. Dini radikalizm
yeni ictimai hadisə deyil. Tarix boyu din və
məzhəb zəminində qanlı münaqişələr
baş verib, günahsız insanların qanı
axıdılıb. Varfolomey gecəsi, səlib yürüşləri və
digər tarixi hadisələr bunun bariz nümunəsidir.
Hətta, bəşəriyyətin elmi-texnoloji,
siyasi-iqtisadi cəhətdən sürətlə irəliləməsinə,
Yer kürəsinin kiçik bir kəndə dönməsinə
baxmayaraq, dini radikalizm aktuallığını itirməyib, əksinə,
yeni qiyafəyə bürünərək qlobal təhlükəyə
çevrilib.
Radikal
qruplar xalq arasında yayılmış ənənəvi inanclara qarşı
çıxırlar, elm və texnologiyanın,
qloballaşmanın gətirdiyi hər cür yeniliyi rədd
edirlər, yalnız öz inanclarının doğruluğunu
müdafiə edir, öz "həqiqətlərini" isbatlamaq
üçün dini mətnləri öz məqsədlərinə
uyğun şərh edirlər.Günümüzdə
radikalizmin ən təhlükəli forması dini ekstremizmdir. Qeyd edək ki, radikalizm və ekstremizm sözləri
arasında nə qədər uyğunluq olsa da onları
bir-birindən fərqləndirən xüsusiyyətlər də
vardır. Ən başlıca fərq odur
ki, ekstremizm ifrat ideyaların zorakı yollarla həyata
keçirilməsidir.
Tədqiqatlar göstərir ki, müxtəlif dinlərin
nümayəndələrinə qarşı
dözümsüzlük, eyni zamanda konfessiyalararası
qarşıdurma mahiyyətcə dini ekstremizmə yol açan
amillərdəndir. Dini ekstremizmin tətbiqi əsasən dini
ekstremist təşkilat vasitəsilə həyata
keçirilir. Dini ekstremistlər milli-dini dəyərlərə
hörmətlə yanaşmır, bu dəyərləri məhv
etməyə, gözdən salmağa
çalışırlar. Onların fəaliyyətində
zorakılıq metodu üstünlük təşkil edir.
Daha dəqiq desək, ekstremist fəaliyyət
hakimiyyəti dəyişdirməyə və ya ələ
keçirməyə, hər hansı dövlətin suveren
hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr
yaratmağa, dini - etnik nifrət zəminində təxribata əl
atmağa səsləyən ideologiya və fəaliyyətləri
özündə əks etdirir. Əsasən
radikal dini birliklər bu mövqedən çıxış
edir. Onlar özündən fərqli dini
inanc və əqidələrə qarşı barışmaz
mövqe nümayiş etdirirlər. Onlar
aqressiv təbliğat metod və vasitələrindən istifadə
edir, cəmiyyətin nizamını pozmağa cəhd göstərirlər.
Bu dini radikalizmin ən təhlükəli
formasıdır.
Elmi ədəbiyyatda
ekstermizmin insanda mövcudluğu barədə diqqəti cəlb
edən üç əsas səbəb qeyd olunur: bioloji,
psixoloji-psixiatrik və sosioloji .Bioloji yanaşma, kimyəvi və
hormonal qarşılıqlı təsirlərin ümumiyyətlə
beynin fəaliyyətindən asılı olaraq zorakı
davranışların beyində yatmış olduğunu bildirir.
Psixoloji və psixiatrik yanaşmaya görə,
zorakılığa yönəlmiş davranışların
ortaya çıxmasında ağılın necə işlədiyi
və əqli xəstəliklərdən başqa psixopatoloji
sindromlar, instinktizm, özünüdərk, hiperaktivlik, zəka
səviyyəsi, şəxsiyyət pozğunluqları və əsəbilik
kimi şəxsiyyət əlamətləri təsirli olur.
Sosioloji yanaşmada zorakılıq fenomeni
ictimailəşmə prosesindəki təcrübələrlə
yaşadığı cəmiyyətin sosial-mədəni dəyərləri
ilə birbaşa əlaqəli şəkildə izah olunur.
Fərqli şiddət növləri ilə
radikallaşma arasında qarşılıqlı əlaqə
mövcuddur. Buna görə, insanın
şiddət yönümünün qaynaqlandığı
radikal düşüncələrin olmasına baxmayaraq, radikal
düşüncələrin formalaşmasında genetik,
psixoloji və sosioloji amillərin formalaşdırıcı,
istiqamətləndirici təsiri inkar edilə bilməz.
Ekstermizmi aradan qaldırmağın əsas yolu insanlar
arasında sevgi, xoşgörü, sülh, tolerantlıq, kimi
anlayışların təbliğ edilməsidir. Tolerantlıq
- dini dözümlülük, yəni digər inanc və əqidələrə
dözümlü yanaşmaq deməkdir. Daha
dəqiq desək, tolerantlıq insan hüquqları və
vicdanı ilə bağlı olmaqla yanaşı, insan
azadlıqları və hüquqlarının təsdiqi,
plüralizm və demokratiya əsasında formalaşır.
Onun üçün həm də irqçilik,
ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin
qəbul edilməməsi xarakterikdir. Multikulturalizm
isə, ayrıca götürülmüş ölkədə
və bütövlükdə dünyada müxtəlif millətlərə
və məzhəblərə məxsus insanların mədəni
müxtəlifliklərinin qorunması, inkişafı və
harmonizasiyasına, azsaylı xalqların dövlətlərin
milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.
Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq
multikulturalizm, tolerantlığın təcəssümüdür
ki, onsuz humanizm,
yüksək fərdi və beynəlxalq münasibətlər
mədəniyyəti, insanlar arasında
qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə,
dostluq və əməkdaşlıq mümkün deyil. Bir
çox minilliklərlə ölçülən təkamül nəticəsində ruh mədəniyyət bəşəriyyətin sosial inkişafının,
intellektual və mənəvi tərəqqisinin
universal əsası olmuşdur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların
dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin
xüsusiyyətlərini, tarixini öyrənmədən, onlara
qarşı tolerant münasibət, qarşılıqlı
anlaşma, mədəniyyətlərin və sivilizasiyların
dialoqunu qurmaq mümkün deyil. Buna görə
də, bu sosial problemə qarşı effektiv mübarizə
aparılması, həmçinin səbəb olduğu amillərin
müxtəlifliyi və özünü büruzə verən
fərqlər səbəbindən hərtərəfli sosial
siyasət və hərtərəfli tənzimləmələrin
hazırlanmasını zəruri edir. Çünki
yaşadığımız dövrdə bəşəriyyət
tarixdə əvvəllər heç olmamış kimi
radikallaşma və ekstermizmə qapılır, yaşanan
problemlər çərçivədən kənara
çıxmaqla yanaşı, bütün bəşəriyyətə
təsir edən ümumbəşəri ölçülərə
sahib olur. Bu səbəblə problemlərlə
qarşılaşarkən universal yolları və məzmunu
seçmək vacibdir. Ekstermizmin və
zorakılığın qlobal problemlərdən biri olaraq
qalması və hələ də bəşəriyyətin gələcəyini
təhdid etməsi, məsələnin həlli barədə səhvlərin
edildiyini və ya bu problemlə mübarizədə
çatışmazlıqların olduğunu göstərir.
Bu vəziyyətdə problemin qalıcı bir həll
yolu axtarma ehtiyacı ortadadır. Bu məqsədlə
multikulturalizmin daha dəqiq desək, ümumi dəyərlərdən
vaxt itirmədən "yüksək etimad mədəniyyətini"
canlandırmalı və dünyada genişləndirilməlidir.
Yüksək etimad mədəniyyəti hər bir insana ailəsi,
qohumları və dostları və yaxın və uzaq
mühitdəki digər insanların təhlükəsiz
olduğu, onların əsas hüquq və
azadlıqlarının qorunub saxlanıldığı öz
həyatı ilə birlikdə etibarlı və azad bir
mühitdə yaşamağa imkan verir .
Multikultural
cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan
qaldırmağa nail olmaq mümkündür, həm də
burada irqçiliklə bağlı ədalətsizliyə qətiyyən
yol verilmir. Məhz buna görə də bu siyasəti
təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək
vəzifə tutmayan digər nümayəndələri ilə
yanaşı, həm də milli və dini azlıqlarda dəstəkləyirlər.
Bir insanın öz qabiliyyətlərini
inkişaf etdirməsi və mənalı bir həyat qurma
arzusu yalnız bu cür azad və təhlükəsiz
mühitin mövcudluğundan asılıdır. Əslində, yüksək etimad mədəniyyətinə
əsaslanan sosial həyatın zəruriliyi təhlükəsizlik,
azadlıq, bərabərlik və ədalət dəyərlərinin
bərqərar olmasıdır. Sosial ədalət hər bir insana hər hansı
bir mövzuda haqsızlıq edildikdə, nəticədə
haqqını alacaqlarına və səhv edənlərin cəzalandırılacağına
inandığı universal bir qanundır. Və
bu qanun, qaydaları işə salmaqla təmin edilə bilər.
Çünki qanun olmadığı yerdə ədalət yoxdur və ədalətin
olmadığı təqdirdə daimi dəyərlərdən
danışmaq mümkün deyil. İnsanlar
arasında sədaqət və güvən əsaslı əlaqələrin
inkişaf etdiyi bir mədəniyyət mühitində ləyaqətli
bir həyat üçün tələb olunan minimum şərtlər
təmin edilir. İnsanlar yalnız belə
bir mühitdə qardaş, xoşbəxt və dinc həyat
gözləyə bilər.
Respublikamızda dini radikalizm və ekstremizm elementlərinin
yaranmaması, yaxud onlara qarşı mübarizə
üçün möhkəm qanunvericilik bazası vardır. Azərbaycan
Respublikasının Konstitusiyasında (maddə18. Din və dövlət,
bənd 2) göstərilir ki, "insan ləyaqətini
alçaldan və ya insanpərvərlik prinsiplərinə
zidd olan" dinlərin (dini cərəyanların)
yayılması və təbliği qadağandır". Konstitusiyanın 48-ci maddəsində (maddə 48.
Vicdan azadlığı. bənd
4.) göstərilir ki, "dini etiqad və
əqidə hüquq pozuntusuna bəraət
qazandırmır". Və qeyd etmək
mühümdir ki, dini radikalizm və ekstremizmə qarşı
mübarizədə ailədə aparılan tərbiyə
işi ilə bərabər, məktəbdə təlim-tərbiyə
işinin məqsədəuyğun təşkil edilməsi
mühüm əhəmiyyət kəsb edir. Təhsil
prosesində milli-dini dəyərlərin elmi-pedaqoji tələblərə
uyğun öyrədilməsi böyüməkdə olan nəsilləri
xalqımızın tarixi köklərinə,
türkçülüyə, azərbaycançılığa
möhkəm tellərlə bağlayır, onlar milli ruhlu
şəxsiyyətlər kimi yetişir, multikultural dəyərlərə,
digər xalqların da inanclarına, mədəniyyətlərinə
hörmətlə yanaşır, ümummilli birliyin möhkəmləndirilməsində
torelantlığın əhəmiyyətini dərk edirlər.
Beləliklə,
çoxmədəniyyətlilik, digər mədəniyyətlərin
bir-birinə davamlılığı həmçinin
onların qorunmasından asılıdır. Bu mənada cəmiyyət
olaraq birlikdə yaşamağın şərti, ədalətli,
azad və
humanitar dəyərlərə əsaslanan təhlükəsiz
bir mədəni mühitin
formalaşdırılmasıdır. Və ən əsası bütün mənəvi,
əxlaqi və hüquqi sistemlərin, ümumbəşəri dəyərlərin formalaşmasını təmin edən
ən üstün varlıq insandır. Buna görə də, mədəniyyətlərdəki
bu yüksək dəyərlərin potensialı fərdlərdən
başlayaraq, sonra cəmiyyət və qlobal ölçüləri
əhatə edəcək şəkildə yayılmasını təmin edəcək
imkanlar
araşdırılmalıdır. Bu
müddətdə bəşəriyyətə zorakılıq
yönümlü davranışın dünyanın hər
yerində qarşısı alınmalı,
zorakılığın yayılmaması üçün
lazımi tədbirlər görülməlidir. Bu vəzifənin həlli üçün
bütün dünyada "Homo sapiens" tipli insandan "Homo
culturalies" tipli insana keçid proqramının işlənib
hazırlanması və tətbiq edilməsi zəruridir.
Tahirə
MƏMMƏDZADƏ
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin əməkdaşı
525-ci qəzet.-2020.- 17 iyun.- S.11.