Böyük xanəndənin 90 il sonra
aşkarlanan sənət inciləri
Beynəlxalq
Muğam Mərkəzi yarandığı ilk gündən Azərbaycan
muğam sənətinin, milli musiqisinin
araşdırılıb öyrənilməsi,
tanıdılması və təbliğatı istiqamətində
bir sıra faydalı işlər görməkdədir.
Hazırda ölkədə və dünyada hökm
sürən mövcud vəziyyətlə əlaqədar olaraq
mərkəz öz tədqiqat və təbliğat işlərini
sosial şəbəkə hesablarından müxtəlif layihələrlə
davam etdirir. Mərkəz bu günlərdə daha bir ilkə -
parlaq işə imza atıb. Belə ki,
aparılan çoxistiqamətli araşdırmalar sayəsində
XIX əsrin II yarısı muğam
ifaçılığının ən görkəmli
nümayəndələrindən biri olan Məşədi Məmməd
Fərzəliyevin irsi ilə bağlı musiqi mədəniyyətimizə
məlum olmayan bir sıra yeni sənədlər aşkar
edilib. "Unudulmayanlar" layihəsi və
sözügedənmühüm hadisə haqqında geniş
bilgini layihənin koordinatoru tədqiqatçı alim
Gülhüseyn Kazımlıdan öyrəndik. Alim
mövzu ilə bağlı suallarımızı cavablayaraq, əldə
edilən məlumatların Azərbaycan incəsənət
tarixi üçün ciddi önəm
daşıdığını dedi: "Ümumiyyətlə,
Beynəlxalq Muğam Mərkəzi təkcə konsert salonu
kimi fəaliyyət göstərməklə qalmır, həm
də Azərbaycan Respublikası Prezidentinin Muğam Mərkəzinin
yaradılması haqqındakı sərəncamında nəzərdə
tutulduğu kimi tədqiqat işlərilə də məşğul
olur. Tədqiqat işləri də əsasən
muğam korifeylərinin həyat və
yaradıcılığı, eləcə də
muğamın və ya bizim instrumental çalğı alətlərinin,
yəni milli musiqi alətlərinin tarixi, bugünkü vəziyyəti,
ölçü sistemi haqqında elmi-nəzəri, praktiki
konfranslar və dəyirmi masalar, müzakirələr
keçirilməsi ilə əhatə olunur. Bildiyiniz kimi, BMM-in foyesində 30 muğam korifeyinin
büstü qoyulub. Əslində, bu büstlərin
sayı daha da çox ola bilərdi. Çünki bizim muğam korifeylərimizin sayı
30 nəfərlə məhdudlaşmır, daha artıqdır.
Amma məkandan asılı olaraq, hələlik
30 nəfərdir. "Unudulmayanlar"
layihəsinin əsas məqsədi muğam korifeylərinin həyat
və yaradıcılığını öyrənərək
təbliğ etmək və eyni zamanda, indiyə qədər müxtəlif
tədqiqatçıların əməyi sayəsində
aparılmış araşdırmalardan başqa, məlum
olmayan, tapılmayan, arxivlərdə qalan sənədlərin
və ya məlumatların tapılaraq Azərbaycan musiqi tarixinə
və muğamsevərlərə təqdim edilməsidir.
"Unudulmayanlar" layihəsinin rəhbəri,
Xalq artisti Murad Hüseynovdur. Bu yöndə
çox işlərimiz olub. Layihə
çərçivəsində ilk işimiz Bülbülcan
haqqında oldu. Hacıbaba Hüseynov, Sadıqcan, Cabbar
Qaryağdıoğlu, Mirzə Güllər, Mirzə Məhəmməd
Həsən və başqaları haqqında faktları
araşdırıb təqdim etmişik.
XIX əsrin II yarısı muğam
ifaçılığının ən görkəmli
nümayəndələrindən biri Məşədi Məmməd
Fərzəliyevdir. O, 1872-ci ildə Şuşada anadan olub, görkəmli
ifaçı və müəllim Xarrat Qulunun məktəbində
yetişib. Amma maraqlıdır ki, Şuşada
çox qalmayıb. Bir müddət Tiflisdə
yaşayıb. Sonra Fikrət Əmirovun
atası Məşədi Cəmil Əmirov özüylə bərabər
Gəncəyə aparır. O, bir neçə il Gəncədə yaşayır və
Əmirovun açdığı musiqi məktəbində
muğamatdan dərs deyir. Və orda da Xədicə
xanımla evlənir. Son 2-3 gündə əldə
etdiyimiz məlumatlara görə, onların övladı olmur,
Mahmud adında bir uşağı övladlığa
götürüb böyüdürlər. 1929-cu ildə qastrol adı ilə Azərbaycandan
çıxır. Qastrol səfərində
Vladiqafqazdan başlayaraq, Tbilisi, Batumi və başqa şəhərlərə,
hətta Avropanın bir çox ölkələrinə qədər
gedib çıxıb. Sonda gəlib
Türkiyədə məskunlaşıb. Ondan
sonra bir daha Azərbaycana qayıtmayıb. Görkəmli
ifaçı 1929-cu ildən 1962-ci ilə qədər aktiv
musiqiçi həyatı keçirib. Müxtəlif
konsert və layihələrin həyata keçirilməsinə
rəhbərlik edib".
Mərhum
xanəndənin vətəndən bu gedişinin səbəbinin
bəlli olub-olmadığını soruşanda alim dedi ki,
indiyə kimi də bunun səbəbi məlum deyil. Heç bir tarixi mənbədə bu barədə məlumat
yoxdur. Bəs necə oldu ki,
"Unudulmayanlar" layihəsi çərçivəsində
M.Fərzəliyevin məzarının axtarışına
başlanıldı?
"O
zamanların ən məşhur xanəndələrindən
Hacı Hüsü, milyonçu olandan sonra oxumağı tərgidən
bir başqa xanəndə Seyid Mirbabayev də vaxtilə ölkəni
tərk ediblər və hazırda məzarları başqa
ölkələrdədir. Biz onların da məzarlarını
axtarırıq. Bu layihənin ideyası
Xalq artisti Murad Hüseynova məxsusdur. Biz
onunla məsləhətləşdik və qərara aldıq
ki, ustad xanəndələrimizin son mənzilinin
tapılması çox vacib işdir.M.M.Fərzəliyevin
1962-ci ildə Türkiyənin İstanbul şəhərində
vəfatından sonra bu günə qədər onun məzarının
məlum olmaması səbəbindən xanəndənin məzarının
və arxivinin axtarışını zəruri hesab etdik.
Bu işdə ilk müraciət etdiklərimizdən biri
həmin vaxt Türkiyənin Azərbaycandakı
keçmiş Mədəniyyət müşaviri İrfan
Çiftçi oldu. Onun axtarışları nəticəsində Azərbaycan
Milli Arxiv İdarəsindən Tarix Arxivinin direktoru Aslan Kənanın
köməyilə vaxtilə Gəncə Filarmoniyasının
direktoru olmuş Şirin Rzayevin musiqişünas Firudin
Şuşinskiyə yazdığı məktub tapıldı.
Görünür, Firudin Şuşinski Şirin Rzayevgilin Xədicə
xanımın qohumu olduğunu (qardaşı nəvələri)
bilirdi ki, Məşədi Məmmədin ünvanını
soruşub.Məktubda xanəndənin İstanbulda
yaşadığı ünvan göstərilib və onun
Mehmet Çaylı (Ferzalı) adı ilə fəaliyyət
göstərdiyi qeyd edilib. Ünvan İstanbulda Bəyoğlu
məhəlləsindədir.Bu araşdırmaya, həmçinin,
Türkiyədə yaşayan jurnalist və
araşdırmaçı Dilqəm Əhməd və Tovuzda
yaşadığı halda, internet vasitəsilə Azərbaycanın
tanınmış şəxsiyyətlərinin nəsil şəcərəsinin
araşdırması ilə məşğul olan
araşdırmaçı-jurnalist Hafiz Əhmədovu da cəlb
etdik. Əldə etdiyimiz məktubun sürətini
hər ikisinə göndərdik. Qeyd edim
ki, "Çaylı" soyadı təkcə bu məktubda
var. Bizim bu soyadla axtarışlarımız heç bir nəticə
vermədi. Biz hətta
"Çaylı" adlı yer adlarını da
araşdırdıq. Görünür, Məşədi
Məmməd oraya gedəndə "-ev,
-ov" sonluqları orda olmadığından ilk
"Çaylı" soyadını götürüb, sonra
isə dəyişib. Dilqəm Əhmədin
ilkin araşdırmalarından məlum oldu ki, axtarışlar
Məşədi Məmməd Fərzəliyev deyil, Mehmet
Ferzalı adı ilə aparılmalıdır. Onun Türkiyədə əldə etdiyi arxiv sənədləri
əsasında xanəndənin Türkiyədəki 36 illik həyatı
və fəaliyyəti haqqında müəyyən təsəvvürlərimiz
yarandı. Məlum oldu ki, onun Türkiyədə
çox zəngin fəaliyyəti olub. O, tarzən Məhəmməd
Sadiqlə birgə "Azərimüzik heyəti" adlı
təşkilat yaradıb. Heyətin rəhbəri
özü olub. Bu heyətdə 20-30 nəfər
xanəndə, aktyor, qiraətçi və sair kimi sənət
nümayəndələri toplanıblar. Onlar
böyük proqramla İstanbuldan başlayaraq Misirə qədər
geniş coğrafiyada ancaq Azərbaycan musiqisini təbliğ
edib, konsertlər keçiriblər.
Hafiz
Əhmədovun axtarışları nəticəsində isə
xanəndənin ifasında 3 lent yazısı
aşkarlandı. Bu lent yazılarının təqdimatını
BMM "Bizi birləşdirən mədəniyyət" layihəsində
reallaşdıracaq. O səslərə həm mən
özüm çox qulaq asdım, həm də Fərzəliyevin
irsinə yaxşı bələd olan Qəzənfər
Abbasovla üzərində çox işlədik, dinlədik,
o da təsdiq elədi ki, həqiqətən səslər ona məxsusdur.
Məşədi Məmməd "Şüştər"
muğamının mahir ifaçısı kimi də məşhur
olub. 1913-1915-ci illərdə M.Fərzəliyev hardasa
30-40-dan çox Azərbaycan muğamlarını, xalq
mahnılarını Varşavada yazdırıb. Onların çoxu Azərbaycan Səsyazmaları
Arxivində qorunur, Youtub kanalında da var. Əlimizdə olan
bütün bu səslərə dəfələrlə qulaq
asdığımızdan onun səsinə, səs
cığırlarına yaxşı bələdik. Buna görə də tapılan yeni 3 lentdəki səsin
ona məxsus olduğunu deyə bilirik.
Məşədi
Məmməd Türkiyədə Üzeyir bəyin
"Arşın mal alan" əsərini dəfələrlə
tamaşaya qoyub, rollar ifa edib.Tapdığımız səslərin
birində Əsgər bəylə xanımın duet səhnəsi
var. Əsgər bəyi Məşədi Məmməd ifa edir,
amma xanım barəsində sənədlərdə qeyd olunur
ki, həmin xanım türk deyil. Əslində,
elə ləhcəsindən də hiss olunur.
Əgər pandemiya imkan versəydi, həm Dilqəm
Əhməd, həm də Hafiz Əhmədov
araşdırmaları çox ciddi şəkildə davam
etdirərdilər. Biz demək olar ki, bayaq haqqında
danışdığımız o ünvana da gedib
çıxmışdıq, bələdiyyələrlə,
dövlət orqanları ilə əlaqə saxlayırdıq.
Doğrudur, orda hər şey dəyişib,
binalar, küçələr fərqlidir. Ancaq danışıqlarımız davam edirdi.
Son 1-2
günün məlumatı odur ki, Aslan Kənan M.Fərzəliyevin
nəvələrinin adlarını dedi. Mahmudun
Çingiz və Solmaz adlı övladları varmış.
Biz bu adlar vasitəsiylə də
axtarışlarımızı davam etdiririk. Əgər onlardan birini tapa bilsək, məzarı
da tapmaq asanlaşacaq".
M.Fərzəliyevin
qohumlarıyla bağlı sualımıza G.Kazımov belə
cavab verdi ki, bu istiqamətdə
araşdırmalar hələlik nəticəsizdir:
"Qohumlarla bağlı əlimizdə tək olan
variant Xədicə xanım tərəfdəndir. O da bayaq adını çəkdiyim
Şirin Rzayev və ailəsi. Digər qohumlarla
söhbət etmişdik, onlar o qədər də məlumatlı
deyildilər. Şirin Rzayev isə çox
şey bilirdi. Biz onunla görüşməli
idik. İş elə gətirdi ki, o,
pandemiyadan 1-2 gün öncə rəhmətə getdi,
görüşə bilmədik. Bəlkə
o, məzarın yerini də bilirdi.
Firudin
Şuşinskidən başlamış, onun məzarını
axtaran, bu haqda araşdırma məqalələri yazan akademik
Rafael Hüseynova qədər bu günə kimi M.Fərzəliyevdən
söz açan heç kim onun
özünün qohumlarıyla bağlı nəsə demir,
ailəsi haqda məlumat vermir. Bir dəfə mən
televiziyada Firudin Şuşinskidən eşitmişdim ki,
deyirdi, mən Fərzəliyevin oğlu Mahmudla məktublaşıram.
Amma onun fondunda biz həmin məktubları
tapmadıq.
Onu da öyrənmişik ki, 1949-cu ildə İstanbulun Bəyoğlu
məhəlləsindəki Yeni Səs Teatrosunda xanəndənin
sənət fəaliyyətinin 50 illiyi münasibətilə təntənəli
yubiley gecəsi keçirilib. Görün o, orda nə
qədər məşhur olub ki, fəaliyyətinin yubiley gecəsi
də keçirilib. Deməli, xanəndə
1899-cu ildə sənətə başlayıb. Həmin
yubiley gecəsində "Arşın mal alan"dan
bir parça ifa edilib. Amma bu parçanı xanəndənin
özünün, yoxsa başqasının ifası göstərilmir.
Bayaq dediyim, bizim onun öz səsiylə
tapdığımız "Arşın mal alan"
parçasının həmin gecəyə, yoxsa başqa
zamana aid olduğu məlum deyil".
Həmsöhbətimiz
əldə edilən sənədlərlə kifayətlənmədiklərini,
xanəndənin məzarının axtarışı istiqamətində
işlərin davam etdirildiyini dedi:
"Bu tapıntılar Azərbaycan musiqi mədəniyyəti
tarixində bir ilkdir. Bu da bizim dövlətimizin, ölkə
başçımızın, birinci vitse-prezident Mehriban
xanım Əliyevanın muğama verdiyi qiymətin, diqqət
və qayğının nəticəsidir. Bu qayğı biz tədqiqatçıları da
ruhlandırır ki, biz tədqiqat coğrafiyamızı
genişləndirək və muğam korifeylərimizdən
geriyə nə qalıbsa onu tapıb xalqımıza təqdim
edək.
Məşədi Məmməd Fərzəliyevin fəaliyyəti
Azərbaycan mədəniyyəti və muğam sənətimiz
üçün vacib bir mərhələdir. Onun məzarının
tapılması istiqamətdə işlərimiz davam edir".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.-
17 iyun.- S.16.