XV əsr Azərbaycan
tarixinin uğurlu bədii ifadəsi
XV yüzillik Azərbaycan tarixində yeni keyfiyyətləri
ilə fərqlənən bir mərhələdir. Sözügedən
yüzildə bütün Azərbaycanda Şirvanşah
İbrahim və onun övladlarının, Qaraqoyunlu və
Ağqoyunlu hökmdarlarının hakimiyyəti altında
siyasi-tarixi, sosial-mədəni və iqtisadi həyatda müəyyən
uğurlar qazanılır. Dövrün
ümumi vəziyyəti bütün cəmiyyətə,
xüsusən də hakim təbəqələrə öz təsirini
göstərir.
Professor O.Əfəndiyevin fikrincə, "XV əsrin
ciddi, mürəkkəb hadisələri haqqında tarixi həqiqətlər
hansı yolla olur-olsun Türk dünyasına
çatdırılmalıdır".
Bədii ədəbiyyatda
yazıçılarımız həmin proses və hadisələri
necə əks etdirmişdir? Bu suala cavab axtarmaq
üçün Tahir Kazımovun 4 kitabdan ibarət
epopeyasını oxumaq lazım gəlir. Yazıçı
o hadisələri mötəbər mənbələrdən
oxuyaraq bədiiləşdirib.
Biz Tahir
Kazımovu, onun çoxsaylı kitablarını dəyərləndirərkən
özünəməxsus düşüncə tərzi ilə
romançılığını bir-birindən
ayırmırıq.
Birinci kitab "Hiylə və zəka" adlanır. Bu kitab 508 səhifədən
ibarətdir. XV yüzilin 50 illik bir mərhələsi
bu səhifənin əsasını təşkil edir. Burada iki tayfa - Qaraqoyunlu və Ağqoyunlu dövlətləri
arasındakı münasibətlər, əlaqələr, bu
tayfalararası uzun sürən əqidə, məslək və
dini çarpışmalardan, varislərin taxt-tac uğrunda
apardığı ixtilaflardan söhbət gedir.
Birinci kitabın əsas obrazı Türkman elinin qəhrəmanı
Qara Yusifdir. Qaraqoyunlu dövlətini yaradan igid sərkərdə,
hərtərəfli bir insan, bütün insani keyfiyyətlərə
sahib Qara Yusif yazıçı tərəfindən təkcə
tarixi şəxsiyyət kimi deyil, eləcə də kamil və
bütöv bir obraz kimi canlandırılır. Əmir
Teymurun hücumlarının qarşısını uğurla alan və onun qoşunlarını ustalıqla
məhv etmək bacarığı Qara Yusifin mübarizliyini,
siyasi nüfuzunu, əzmini nümayiş etdirir.
Yazıçı
gənc şahzadə Uzun Həsən kimi dövlətçiliyimiz
tarixində az tanınan xadimi lazım olan
səviyyədə təqdim edir, oxucuya tanıdır. Həsənin gəncliyindən hökmdar səviyyəsinə
gedən yolu olduğu kimi əks etdirə bilir.
Kitablarda Şərqin ilk diplomat qadını Saray Xatun
daha cazibəli və əsl Azərbaycan xanımına xas olan
cəhətləri ilə verilir.
II kitab
"Qardaşlar: əqidə mübarizəsi" adlanır.
Həmin kitabda Ağqoyunlu hökmdarı Qara Yülük Osman
oğlu Əli bəyin oğlanlarından, Cahangir Mirzə və
Uzun Həsənin hakimiyyət uğrunda apardığı
mübarizədən və Saray Xatunun qardaşlar arasında
barış vasitəçiliyindən söhbət gedir. Müxtəlif əqidələr toqquşur,
qarşılaşdırılır, kimin haqlı, kimin
haqsız olduğu üzə çıxır.
Bundan sonra yazıçı XV əsr Azərbaycan
ictimai-siyasi tarixinə qısa ekskursiya edir. Bu səyahətdə
"Türkman" etnik qrupunu, oğuzların Bayandır və
Yivə boylarından çıxan Ağqoyunlu, Qaraqoyunlu tayfa əmirliklərinin
məhz 15-ci əsrdə törətdikləri olayları bədiiləşdirir.
"Bu tayfalar Azərbaycanda bir-birini əvəz
edə-edə müstəqil dövlətlərin əsasını
qoydular. Tayfa birlikləri arasında qədimdən
hər zaman düşmənçilik davam etmiş, XV əsrdə
isə daha yüksək siyasi məcraya
çatmışdır. Tarixən düşmənçiliyə
səbəb əqidə ayrılığı, ərazi
ixtilafları və kim-kimə üstün gəlmək
uğrunda mübarizə olmuşdur..." Yazıçı
tarixi hadisə və faktları oxucuları ilə elə
bölüşür ki, sonra onu bütöv biçimdə bədilləşdirə
bilir. "Qaçmaq xilas yolu deyil, vəzifəniz
düşməni dəf etməkdir" fikri əsər boyu təlqin
edilir.
III kitab "Həsən Paşa Bayandır"
adlanır. Həsən Paşa Bayandır məşhur Azərbaycan
sərkərdəsi və dövlət xadimidir. Kitabda onun keçdiyi həyat və mübarizə
yolu, dövlətçilik fəaliyyəti bədii-estetik tərzdə
əks olunur.
IV kitab "Azərbaycan-Ağqoyunlu imperiyasının
süqutu" məsələlərini əhatə edir. Ağqoyunlu
hökmdarı Uzun Həsəndən sonra onun oğlanları
Xəlil, Yaqub və Rüstəm arasında saray
ixtilafları, imperiyanın süqutu - başa çatması
həmin kitabın əsasında dayanır. 1503-cü ilə qədər - yəni Səfəvilər
dövləti formalaşana qədərki hadisələrin təsviri
burada diqqəti çəkir.
Kitablarda
hadisələrin keçdiyi, baş verdiyi yer, hadisələr
içərisində yer alan
çoxsaylı tarixi şəxsiyyətlər elə incələnir
ki, bu xüsusda dövrün sosial və iqtiqadi şərtləri
həqiqətin işığında təsbit edilir, sonra yeni
bir cəmiyyətə istiqamətlənən əsas əlamətlər
hiss etdirilir. Romanın fikir
ağırlığını özündə qoruyub saxlayan
tarixilik sağlam sayıla biləcək fikirlərlə zəngindir.
Bu romanların ana cizgiləri
yazıçının tariximizin qaranlıq səhifələrinə,
eləcə də bədii sözə, dilimizin zəngin ifadə
imkanlarına bələd olma səviyyəsini də ortaya
qoyur.
T.Kazımov əsərdə əsas hadisələrlə
ikinci dərəcəli hadisələri uğurla əlaqələndirə
bilir. Tarixi şəxsiyyətləri və epizodik surətləri
inkişafda verir, onların əsas xarakterik cizgilərini ortaya
qoyur və beləliklə də, günümüzün və
gələcəyimizin insan talelərinə işıq tutur.
Romanların təməl dinamizmi ana və
yardımçı hadisələrlə bütünləşir
və oxucuya təsir edir.
Bizə elə gəlir ki, T.Kazımov oxuculara bu əsərləri
ilə tarix dərsi keçmir, bu "dərs"in
içində obyekt seçdiyi tarixi dövrü, o
dövrün insanları arasındakı münasibətləri
meydana çıxarır. Tarixi mövzuları
işləmək çətinliyini nəzərə alsaq, T.
Kazımov həm öz düşüncəsini, həm də
"düşünən özü" hərəkətə
gətirmişdir. Tip və xarakterlərdən söz etmək
istəsək, Tahirin romanlarında klassik romanın özəlliyinə
müvafiq olaraq bir "insan bolluğu" vardır. Qələbə eşqilə mübarizə aparan əqidə
qəhrəmanları, dəfələrlə üzərlərinə
düşən vəzifələri yerinə yetirirlər və
sonra yenidən həyatın girdablarına, dərinliklərinə,
bilinməzliklərinə dönürlər. Belə olan halda obraz və xarakterlər öz hərəkət
tərzinə, düşüncə mədəniyyətinə
görə bir-birindən fərqlənirlər. Fərqlilik olan yerdə dövrün mənzərəsi
güzgüdə olduğu kimi görünür. Fərqli çalarlar olmayan yerdə hadisələr,
insanların, tarixi şəxsiyyətlərin dramları ya da
xarakterlər lazımınca əhəmiyyət kəsb etməz.
Tarixi mövzuları işlədiyi
romanlarında qəhrəmanların düşüncələrini
də aydın əks etdirən Tahir Kazımov qəhrəmanların
bəzilərini yerində canlandırarkən bəzilərini
də mövzu ilə bağlantılı olaraq gerçək-real
tiplərdən seçib.
Bizə elə gəlir ki, yazıçı təkcə
hadisələrin məzmununu verməklə "canını
qurtarmır", o, eyni zamanda, "yazı dilində
yaşayır". Çünki üslubu, dilə münasibəti
və ondan bəhrələnməsi uğurludur. Akademik
T.Hacıyevin belə bir fikri burada tam yerinə
düşür: "Dil bədii məzmunun ən
mühüm çatdırıcı vasitələrindəndir,
yeganə deyilsə də, ən
başlıcasıdır". Yəni demək
istəyirik ki, T.Kazımovun bu kitablarının bədii
gücü, enerjisi bir tərəfdən də onun dil və
üslubundadır. Yazıçı rəngarəng
süjetləri səliqəli, cilalı, lakonik, aydın,
nüfuzedici məzmunla yüklənmiş bitkin cümlə
formaları ilə ifadə edir. Sultan Yaqubun dilindən
verilən bu cümlələrə diqqət edək:
"Baş əymək bəzən boynunun salamat
qalmasıdır. Baş əy, itaət et,
müttəfiq ol ki, boynun vurulmasın... "Qurani-Kərim"ə
və dünyalarını dəyişmiş ulu
babalarımın və digər əzizlərimin ruhuna and
içirəm ki, siz əyanların, ali
divan üzvlərinin köməkliyi ilə imperiyanın
bütövlüyünü qoruyacaq, rəiyyət arasında
güzəran və əmin-amanlıq yaratmağa
çalışacağam. Ölkədə
birlik, həmrəylik olsun, əhali arasında narazılıq
olmasın deyə Xoy döyüşündə Sultan Xəlilin
tərəfindən mənə qarşı
döyüşmüş və əsir
götürülmüşləri günahsız
sayıram".
Yazıçı dövr haqqında mövcud qaynaqlara
müraciət edir, onun qurduğu "ssenari" reaksiyaları
tez qəbul edə bilir. Üslub bitkinliyi formalaşır. Biz bu bitkinliyi əldə etməyi, qazanmağı
yazıçının uğuru sayırıq. Oxucu razı qalır ki, T.Kazımov tarixi mövzulu
bu kitablarında sözləri israf etmir, o tarixizmlərə bələb
olması ilə heç də təşəxxüs
satmır, məhz mətləbin tələbi ilə istifadə
edir, bununla belə, o dövrün çətin
anlaşılan ərəb-fars kəlmələri əsərləri
dərketməyə əsla mane olmur.
T.Kazımovun
yaratdığı obrazlar (Sultan Yaqub, Səfəvi şeyxi
Şeyx Heydər, Fərrux Yasar, Osmanlı Sultanı II Bəyazid
və b.) uğurlu obrazlardır, məqamına uyğun şəkildə
hərdən "fikirlərin burulğanında
itib-batırlar". Obrazların, tarixi şəxsiyyətlərin
dialoqları, mükalimələri, fərdi nitq təzahürləri,
real danışığı dövrün
danışığına uyğundur, təbiidir, həyatidir,
hadisə içərisində yeni hadisələrin verilməsi
oxucunu hadisə bolluğundan psixoloji zənginlik sferasına
çəkir.
Bu tarixi romanlarda hər təbəqə, hər insan
yazıçının özünə roman dili olaraq
seçdiyi və məhəlli dil olmaqdan çıxaraq roman
üslubuna uyğuladığı Azərbaycan dili ilə
danışır.
Təsvir etdiyi dövrün düşüncə
mühitini, fikir həyatını da incələmək
baxımından bu kitablar çox əhəmiyyətlidir. T.Kazımovun uzaq
keçmişimizə və yaxın tariximizə yenidən
baş vurma ehtiyacı hiss etməsi çox dəyərli cəhətdir.
Yazıçının vəzifəsi həqiqəti
söyləməkdir. Yazıçı həqiqəti elə
söyləməlidir ki, yadda qalsın, adamlar onu oxusunlar və
konseptual olaraq dərk etsinlər. T.Kazımov
bu 4 kitabı ilə sözün həqiqi mənasında biz
oxuculara XV yüzillik Azərbaycan həqiqətlərini bədii
təfərrüatlarla çatdıra bilir. Kitablarda təsvir olunan bütün hadisələr, əlbəttə,
inandırıcıdır, yaddaqalandır və başa
düşüləndir.
Söz
yoxdur ki, kitablarda təsvir olunan insanların, tarixi şəxsiyyətlərin
- Qara Yusifin, Qara Osmanın, Sara xatunun və başqalarının
nəcib istək və arzuları, işıqlı əməlləri
göyərmiş, zaman keçidikcə çətinliklərə
qalib gəlmişdir. Bu epopeya müasir Azərbaycan
insanını düz yola səsləyir, tarixi şəxsiyyətlərimizi
sevməyə, əqidəcə sağlam olmağa, əmin-amanlığa
çağırır, haqlı mübarizəyə,
düşmənə qarşı birləşməyə,
birliyə, insanları ayıq fikirli, düşüncəli,
fəhmli, məntiqli hərəkət etməyə sövq
edir.
Möhsün NAĞISOYLU, akademik
İsmayıl KAZIMOV, professor
525-ci qəzet.- 2020.-
17 iyun.- S.20.