Qüdrətli fikir və söz bahadırı: yaddaşımdakı Süleyman Rəhimov

 

 

AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

Xalq yazıçısı Süleyman Rəhimov ömrü erkən qırılan oğlu Şamonun "Ayrılıq" şeirlər kitabına geniş bir avtoqraf yazaraq mənə bağışlayır: "Oğlum, mənim ürəyimi parçalayan Şamo-Şamil, sənin sənin zəhmətin bada getdi, sənin istedad və zəkana qarşı duranlara, sənin əvəzindən cavab verən cavanlar vardır! Səni sinəsində gəzdirən gənc müəllim Musa vardır! Heç söz tapmıram, həyəcanlıyam! Sən mənim yerimdə olsaydın bilmirəm necə qələmə sarılıb mənim kimi necə öz başını qarışdıra bilərdin?! Mən sənin səsini - "dədə-dədə!" deyən səsini eşidirəm. Sənin əvəzində qələm işlədirəm! Sənin qələmin böyük qələm idi, dünya qələmi idi. ... Daha bilmirəm".

 

Süleyman Rəhimovun məndə məktubları xatırladan avtoqraflı kitabları vardır. Həmişə deyirdi ki, sənin məktublarına yaza bilmədiyim cavablardır bunlar. Mən Bakıda qaldığım günlərdə onun arzusu ilə hər gün görüşür və söhbətləşirdik. Bəzən sahilə gedib bulvarda gəzişərək söhbətimizi davam etdirirdik. Süleyman müəllim zəngin canlı arxiv idi. Və həqiqəti çox sevirdi. Onun mənə danışdığı hadisələri xeyli sonralar, yəni 1990-cı illərdə mətbuatda oxuyurdum. Süleyman müəllim 1937-ci ildə Naxçıvan Muxtar Respublikasında Noraşen (indiki Şərur) rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyəndə onu qəflətən Bakıya çağırıb həbs edirlər. Böhtanların nəticəsi olan bu hadisə 1937-ci il noyabr ayının 26 -da baş verib.

 

Yazıçı özü mənə bu hadisəni təfsilatı ilə danışmışdı. Hətta DTK-nın ona tərtib etdiyi arxiv işinin nömrəsini də unutmamışdı: № 44187. Nəql edirdi ki, mən tutulanda həyat yoldaşım Zərqələmin 26 yaşı vardı. Onun ümidinə qalan övladları - Oqtay 8, Şamo 6, Şəfiqə 4 yaşındaydı, Arif isə yaşyarımlıq idi. Xoşbəxtlikdən, Süleyman Rəhimov qanlı sovet repressiyasından salamat qurtulmuşdu. Qeyd edək ki, 2010-cu ildə nəşr olunan "Dədə Suleyman Dünyası" kitabında istintaq materiallarından ətraflı söhbət açılıb.

 

Süleyman Rəhimovla onun qəhrəmanı və oğlu Şamo haqqında söhbətlərimiz çox olub. Hətta yazı masası olan böyük salonda oğlu Şamonun bir fotoşəkli də vardı. İndiyədək çap olunmayan həmin fotonu da yazımıza əlavə edirik.

 

Bir dəfə Süleyman müəllim Şamonun vəfatından və dəfn olunmasından ətraflı söhbət açdı...

 

... 27 iyun 1965-ci il. İstirahət günü olduğundan hamı evdəydi. Şamo həmin gün 8:30-da yuxudan qalxdı. Adəti üzrə mənim iş otağıma gəldi. Mənim həddən çox işlədiyimi dedi, narahatlığını bildirdi. Sonra eyvana çıxdı və xeyli müddət dənizə baxdı. Təkrar otağına daxil olanda mən qürurla ona baxdım. Ürəyimdə özümü danladım. Dedim ki, belə oğlu olan ata da fikir eləyərmi? Dedim ki, Şamo, oğlum, sən mənim nəfəsimsən, Allah eləməsin, sən olmasan, mən tarmar olaram.

 

Şamo qayğılı-qayğılı gülümsəyib anasını səslədi və mətbəxə keçdi. Bir azdan Zərqələmin heç vaxt unuda bilmədiyim ana fəryadı dünyanı alt-üst etdi. Mən Şamonun otağına keçdim. Artıq sevimli oğlum Şamo əbədilik olaraq gözlərini yummuşdu. Mən keçirdiyim hisslərimi və vəziyyətimi yazdığım "Kəsilməyən kişnərti" əfsanə-povestində təsvir etmişəm...

 

"Bakı" qəzeti 28 iyunda 150-ci nömrəsində xəbər verirdi: Şamonun cənazəsi iyunun 29-da gündüz saat 16:30-da Azərbaycan Neft-Qaz Sənayesi Elm-Texnika Cəmiyyəti evindən götürüləcəkdir. Ünvan da göstərilib. Maligin küçəsi 2. Həmin gün "Bakı" qəzeti yazıçının sənət dostlarının, ziyalıların, elm adamlarının başsağlığı-nekroloqlarını da çap edib. Çox sevdiyim əsərin - "Bir gəncin manifesti"nin müəllifi unudulmaz yazıçı Mir Cəlal ailə üzvləri ilə birlikdə, həmçinin dostları Süleyman Rəhimova dərin kədərlə başsağlığı veriblər.

 

Şamonun məzarı üzərində atası Süleyman Rəhimov bir heykəl qoydurub. Şamonun heykəli olduqca canlı və təbiidir. Şamo xəyala dalıb... Heykəli məşhur heykəltəraş Ömər Eldarov hazırlayıb.

 

1974-cü ildən etibarən Bakıya gedəndə Süleyman müəllimlə görüşürdüm. O vaxtlar ildə 3-4 dəfə Bakıya gedirdim. Özünün tapşırığına əsasən Bakıya çatan kimi zəng edirdim. İndiyədək telefon nömrəsi yadımdadır.

 

Dəstəyi özü götürürdü. "Oğul, gəlmisən? Evə gəlsənə". Mən onun vaxtını almaq istəməsəm də, qayğıma çox qalırdı. Hətta hara gedəcəyimi, kimlərlə görüşəcəyimi və harada qalacağımı soruşardı. Böyük salonda divan göstərərdi: - Bax, ora sənin yatağındı, gedib başqa yerdə qalma.

 

1976-cı ilin 29 martında mənə bağışladığı "Seçilmiş əsərləri"nin 6-cı cildinə Süleyman Rəhimov belə avtoqraf yazıb: "Əziz dostum, gözəl oxucum-tədqiqatçım Musa müəllim, oğul qədər istədiyim kişi insana dərin hörmət hissilə yadigar olaraq təqdim olunur".

 

Hər dəfə görüşüb ayrılarkən deyirdi ki, hökmən mənimlə son görüşə gələrsən.

 

Axırıncı dəfə 1982-ci ilin mayında görüşdük. Mənə çap olunmamış əsərinin əlyazmasından, Əyin kəndində Qələm xanımla birgə çəkdiyi fotoşəkil və digər maraqlı fotoları bağışladı. Və 1983-cü ilin oktyabrında Azərbaycan radiosu Xalq yazıçısı, Sosialist əməyi Qəhrəmanı Süleyman Rəhimovun vəfat etməsi xəbərini verdi. Təcili təyyarə ilə Bakıya uçdum və M.Maqomayev adına Filarmoniyada yazıçı ilə "son görüş"də oldum. Cənazəni üzü yuxarı (xeyli məsafədir) çiynimizdə apardıq. Böyük yazıçı 1-ci Fəxri Xiyabanın girəcəyində torpağa tapşırıldı. Axşam onun evində ehsan verildi. Saatlarla, bəzən günlərlə dərdləşdiyimiz böyük zalda, qalan digər başqa otaqlar da ağzınacan dolu idi. Mən isə ədibin talesiz ciyərparası Şamonun otağında oturmuşdum. Fikir məni Süleyman müəllimli günlərə çəkib aparmışdı, maraqlı tarixləri, mühüm hadisələri ardıcıl xatırlayırdım. Süleyman Rəhimovu görkəmli dövlət və elm xadimləri Əziz Əliyev və Həsən Əliyevlə qırılmaz dostluq telləri bağlayırdı. Özü bu haqda mənə danışmışdı. Görkəmli yazıçı 1969-cu ildə Mərdəkanda məşhur rus şairi Yeseninin abidəsinin açılışında və Ali Sovetin 1978-ci ildəki Sessiyasında çıxış edərkən demişdi: "Nəhayət, bu xalq rahatlıqla nəfəs ala bilər. Əgər Allaha inanırıqsa, demək olar, Allah özü bizim xalqımıza Heydər Əliyev kimi müdrik bir insanı rəhbər göndərib". 1960-cı ildə ilk dəfə məhz Süleyman Rəhimov Azərbaycanın Xalq Yazıçısı adına layiq görülüb, 1975-ci ildə yazıçılardan ilk dəfə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Süleyman müəllim hər dəfə "Qızıl Ulduz"a sevinclə baxırdı. Deyirdi ki, bu ulduzu xalqımızın müdrik, qəhrəman oğlu Heydər Əliyev verib mənə.

 

Süleyman müəllim 1977-ci ilin iyununda Mərkəzi Komitənin Xəstəxanasında müalicə olunurdu. Mən Bakı yolu ilə Şimali Qafqaza, Jeleznovodska gedirdim. Vağzaldan zəng etdim, dedilər xəstəxanadadır (o vaxt "Leçkomissiya" deyilirdi). Oradakı telefon nömrəsini öyrənib zəng etdim. Süleyman müəllim sevindi, dedi ki, gəl görüşək. Həyətdə ona baş çəkməyə gəlmiş şairləri gördüm. Hüseyn Arif, Nigar xanım Rəfibəyli, Mədinə Gülgün, Balaş Azəroğlu. Hamısını fotoşəkillərdən, televiziyadan tanıyırdım. Süleyman müəllimdən də soruşdum. Dedi ki, hamısını düz tanımısan. Elə həmin gün Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Xalq yazıçısına zəng etdi. Xeyli danışdılar. Ümummilli liderimiz müstəqil Azərbaycan Respublikasının Prezidenti olarkən də Süleyman Rəhimov yaradıcılığına yüksək qiymət vermişdi.

 

Mən sonralar da Bakıya yolum düşdükcə birbaşa Fəxri Xiyabana gedirdim ki, böyük dostumu yad edim. Oradan isə Şamonun dəfn olunduğu yerə yollanıb, onun da məzarını ziyarət edirdim.

 

Bütün bunları xatırladıqca bir daha qəlbən əmin oluram ki, böyük ədib və parlaq şəxsiyyət Süleyman Rəhimovun yüksək hiss və duyğular təlqin edən cild-cild əsərləri onu - Azərbaycan ədəbiyyatı tarixində ilk epopeyanın müəllifini yüzilliklər boyu yeni nəsillərə daima ehtiramla xatırladacaq. Cəmi 34 il yaşasa da, unudulmazlıq qazanan, seysmologiyada mühüm kəşflər edən, Bakının seysmik xəritəsinin müəllifi olan istedadlı alim, nakam taleli Şamo Rəhimov da heç zaman yaddan çıxmayacaq. Çünki onların hər ikisinin - Ata və Oğulun şəxsiyyətinin işığı son dərəcə gur, yaradıcılıqlarının cazibə qüvvəsi çox güclüdür. Bu cazibə onları həmişə yaddaşlarda, könüllərdə əbədi yaşadacaq.

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub.

 

Musa RƏHİMOĞLU (QULİYEV)

 

525-ci qəzet.- 2020.-17 iyun.- S.23.