Səssiz gəminin matəmi…

 

Ötən payız Türkiyədə bir tədbirə qatılmışdıq. Tədbirin sonunda zaldan bir neçə yazıçı ilə söhbət edə-edə birlikdə çıxdıq.

 

Birdən qulağıma bir-birinə qarışmış dialoqların içərisində asta səslə işlədilən bir cümlə dəydi: “Gərək Nazimin anasından lap əvvəldən uzaq duraydı…” Bu, Zülfü Livanelinin səsi idi. Yanındakı bir yazıçı ilə danışırdı. Əvvəlcə yanlış eşitdiyimi düşündüm və öz-özümə gülümsündüm. Axı, bu mümkün deyil. Yüzlərlə cümlənin içində Nazim kəlməsi keçsə, beynim o izdihamın arasından adın tapıb qucaqlayar. “Hansı Nazim” deyə sual verdim və söhbətin həqiqətən də Nazim Hikmətdən getdiyini öyrəndim.

 

– Kim anasından uzaq durmalı idi?

 

– Yəhya Kamal.

 

– Yəhya Kamalın Nazim Hikmətin anası ilə nə əlaqəsi var?

 

O biri yazıçı təbəssümlə:

 

– Bir az qarışıq məsələdir, – dedi.

 

Verilən qısa cavablardan söhbətin müzakirəyə qapalı olduğunu anladım. Deyəsən, bunu çox bəlli etmişdim. Beynimdə nəyisə çək-çevir etdiyimi hiss edən Zülfü Livaneli əlavə etdi:

 

– Nazimin həssas nöqtəsi idi. İndi bununla bağlı danışmaq nə dərəcədə doğru olar, bilmirəm. Dedi-qodusunu etmiş kimi olacağıq.

 

Bunları eşidəndə söhbətin nədən getdiyini unudub Livanelinin ucalığını seyr etdim. İnsanın nə qədər böyük ola biləcəyinin fərqinə vardım. Danışılsa, sanki Nazimin qulağına gedib çatacaqmış kimi susmağı seçdi. Həmin an nə üçün Nazim Hikmətlə Zülfü Livanelinin adının yanaşı çəkildiyi bir daha aydın oldu.

 

Əslində ilk fürsətdə bu sirli məsələnin əsl üzünü araşdırmağı düşünürdüm. Ancaq o gündən bəri həyatı elə surətli yaşadım ki, beynimin küncünə asaraq gözlətdiyim hər şey saralmış yarpaq kimi payıza qarışaraq getdi. Bir neçə gün öncə Türkiyədəki yazıçı dostlardan biri “Böyledir bu işler” adlı şəbəkənin hazırladığı bir video göndərdi, içimdən yıxıla-yıxıla izlədim. O axşam bəhs edilən mövzuya dair görüntü idi. Sən demə, bu məsələ sirr deyilmiş. Haqqında neçə-neçə kitablar, romanlar yazılıbmış.

 

Nazim Hikmətin ilk sevgilisi…

 

Yüksək vəzifəli Osmanlı paşası olan Mustafa Cəlaləddinin oğlu Ənvər alman əsilli Məhməd Əli paşanın qızı Leyla ilə evlənir. Nazim Hikmətin anası Cəlilə bu evlilikdən dünyaya gəlir. Əl üstündə tutulan, mürəbiyyələr tərəfindən böyüdülən bir qız olur. Gözəlliyi dildən-dilə dolaşır.

 

Hətta Nazim bir səs yazısında onun gözəlliyini bu cümlələrlə tamamlayır:  “Anamın gəncliyini çox yaxşı xatırlayıram. O, aşiq olduğum ilk qadındır. Qənirsiz gözəlliyə sahib idi. Bilirsiniz, Türkiyədə belə bir adət var. İndi sadəcə, kəndlərdə qalıb. Amma əvvəllər hər yerdə buna riayət edirdilər. Anam ərə gedəndə onu bir otaqda oturdublar. Əlbəttə, gəlinlikdə imiş, üzündə də duvağı varmış. Toy evinə gələn hər kəs duvağı qaldırıb ona baxırmış. Anam Parisdə təhsil almışdı, amma İstanbulun bütün adətlərinə əməl edirdi. Buna görə bu əzaba qatlanır, yad insanların gəlib ona baxmalarına dözürmüş. Görənlər gözəlliyinə heyran olurmuş. Bir insanın bu qədər gözəl ola biləcəyinə inanmırmışlar. Mavi gözləri vardı anamın, dərisi o qədər gözəl idi ki, əlləri ilə yanaqlarına toxunurmuşlar. Canlı insan deyil, gəlin kimi bəzədilmiş kukla zənn edirmişlər. Şəhərdə belə bir şayiə də gəzirmiş, guya atam bəzəkli bir kukla ilə evlənib”.

 

Diqqətçəkən özəlliyi sadəcə, gözəlliyi deyildi, o həm də atası Ənvər paşanın saraydakı yavərlik dönəmində məşhur italiyalı Fausto Zonarodan dərs almış rəssam idi.

 

Cəlilə xanım 1900-cü illərin əvvəlində Nazim Paşanın oğlu Hikmət ilə evlənir. Bu nikahdan Nazim və Samiyə adlı iki övladları dünyaya gəlir. İllər yavaş-yavaş keçir. Qısqanclıqlar başlayır, baş verən münaqişələr ailənin hüzurunu qaçırdır. Boşanmaq istəyir, ancaq Nazim buna qarşı çıxır. Hətta ayrılıq baş verdiyi təqdirdə evi tərk edəcəyini deyir. Ancaq təməli sarsılan ailəni yenidən bərpa etmək olmur və 16 illik evlilik sonlanır.

 

Məhəbbət üçbucağının ucundakı şair…

 

Boşanmadan əvvəl tarixin tozlu səhifələri arasında gizlənən sevginin təməli atılır. Özü də böyük şair Yəhya Kamalla.

 

İkinci Əbdülhəmidin, az qala, hər kəsin arxasınca dedektiv saldığı dönəmdə Yəhya Kamal bir an belə düşünmədən özünü Fransaya gedən bir gəmiyə atır. Özü də bir kəlmə fransızca bilmədən. Parisdə Türk ədəbiyyatçılarını və aydınlarını tapır. Fransızcanı mükəmməl öyrəndikdən sonra universitetlərdən birinin xarici siyasət bölümündə təhsil alır.

 

“İstər tarixdə, istərsə də şeirdə zehnimin formalaşmasını bu dönəmə borcluyam” dediyi Paris macərası 1912-ci ildə sona çatır və 16 yaşında getdiyi ölkədən, 28 yaşında geri dönür. Hikmət bəylə evlilikləri can verən ərəfədə Cəlilə xanımın Yəhya Kamalla yolları Bektaşi dərgahında kəsişir. Hər ikisinin də bektaşiliklə yaxından uzaqdan əlaqəsi olmur. Buna təsadüf də deyə bilərik, həyatın onlar üçün hazırladığı surpriz də. Yahya Kamal “Telaki” şeirində o günə dair bu sətirləri yazır:

 

Yollarda kalan gözlerimin nurunu yordum,

Kimdir o, nasıldır diye rüzgarlara sordum,

Hulyamı tutan bir büyü var onda diyordum,

Gördüm: Dişi bir parsın ela gözleri vardı.

 

Şeirlər, məktublar və uzun söhbətlərdən doğan sevgi qısa müddətdə alovlanır. Boşanmaya səbəb bir az da bu macəra olur. Beləliklə, sap kimi incələn evlilik qırılır. Yəhya Kamal özündən dörd yaş böyük bu qadına dəli kimi aşiq olur və dərin eşq yaşayırlar. Şair o dönəmdə məktəblərdən birində müəllim işləyirdi. Nazim da onun şagirdlərindən biri idi. Həmin vaxt sevgilisinin Nişantaşındakı evi ilə özünün yaşadığı Ada arasında get-gəldə idi. Həftəsonları Nazimə özəl dərs vermək üçün onların evinə gedirdi.

 

Nazım Hikmet'in Annesi Celile ve Yahya Kemal'in Talihsiz Aşkı ...

 

Yəhya Kamal çox qısqanc idi. Cəlilə xanımı itirmək istəmirdi. “Ruhunu məngənə kimi sıxan, 16 il evli olduğu ərindən ayrılan bir gün məni də tərk edər” qorxusu ilə yaşayırdı. Dəfələrlə sevgilisi yaşayan binanın qarşısında gecə səhərə qədər keşik çəkmişdi, ona xəyanət edib-etmədiyini öyrənmək üçün.

 

Anası ilə müəllimi arasındakı sevgini hiss edən Nazim buna qarşı idi. Hətta təhsil aldığı məktəbdə hər kəs Cəlilə xanım və Yəhya Kamal eşqindən xəbərdar idi, dedi-qodular baş alıb gedirdi. Axırda Kamal dözə bilmir və məktəbdən ayrılır. Ancaq bu ayrılıq uzun çəkmir, yenidən təhsil ocağına qayıdır. Yenə Nazimə özəl dərs keçmək üçün həftəsonları onlara gedir. Atasından yeni ayrılan anasını dəli kimi qısqanan Nazim qadının onunla evlənmək niyyətində olduğunu anlayır. Bir gün Y.Kamalın plaşının cibinə Türkiyənin ədəbiyyatına həkk olan bu sözlərin yazıldığı kağız parçasını qoyur: “Müəllimim olaraq girdiyiniz bu evə atam olaraq girə bilməyəcəksiniz”.

 

Y.Kamal bu qeyddən sonra sevdiyi qadından uzaqlaşır. Bütün bunlardan xəbərsiz olan Cəlilə xanım ona israrla məktublar yazır, amma uzun müddət cavab ala bilmir. Axırda Kamal yazılan sətirlərə məğlub olur və onunla görüşür. Hətta nikahın hansı gün olacağına da qərar verirlər. Boxcalar hazırlanır, evə əşyalar alınır, qohum-qonşuya xəbər edilir və demək olar ki, hazırlıqlar tamamlanır.

 

Lakin bir səhər Yəhya Kamaldan onunla evlənməyəcəyi üçün üzr dolu uzun bir məktubu gəlir. Cəlilə xanım oxuduqlarına inana bilmir, amma bütün yazılanların həqiqət olduğunu başa düşür. Sevgilisi son anda evlənməkdən vaz keçmişdi.

 

Böyük insanın kiçildiyi an…

 

Cəlilə xanımdan fərqli olaraq Y.Kamal bu evliliyə əvvəldən meyilli olmur. Hətta dostu Yaqub Qədriyə “Bu qədər dilə düşmüş qadınla necə evlənə bilərəm? Sonra hər kəs mənə hansı gözlə baxar” deyir. Beləliklə, tarixdəki eşq xəncərlərindən növbətisi kürəyə sancılır. Cəlilə xanım başını götürüb Parisə gedir, Yəhya Kamal isə İstanbulda qalır.

 

Bundan sonra həyatına başqa qadınlar da girir, amma heç biri ilə evlənmir. Yaxınlarının dediyinə görə, etdiyi xətanın fərqinə varır və özünü bu cür cəzalandırır. Nəinki evlənmək, şəxsi evə sahib olmağı belə rədd edir. Həyatı otel otaqlarında, kirayələrdə, pansiyonlarda keçir. Bir gün Cahid Tanyola bunları deyir: “Şair, böyük ədib olmaqdan daha vacib üç şey var: birincisi evlənib yuva qurmaq, ikincisi ev sahibi olmaq, üçüncüsü bir tərəfdə kiməsə möhtac olmayacaq qədər pulunun olmağı. Mən bunların üçünü də bacarmadım. Axşam olanda dostlar dağılışıb evlərinə gedir. Mən bu otel otağında yalnızlığı bütün dəhşətiylə dinləyirəm. Nə şeir, nə kitab, nə də dostlarım məni bu qorxulu təklikdən çəkib qurtara bilərlər”.

 

Nəhəng sevgilərin sonundakı riyakarlıq…

 

Ayrılıqdan illər keçir. Y.Kamal bir müddət Avropada səfir olur. Sonra millət vəkili olaraq parlamantə üzv seçilir. Cəlilə xanım isə həmin dönəmlərdə Parisdən İstanbula dönür. 19 il sonra Yəhya Kamala bir məktub yazır. Bu dəfə içərisində nə sevgi olur, nə ehtiras. Artıq oğlu Nazim Hikmət böyük bir şair idi və siyasi baxışlarına görə həmin dönəmin iqtidarı tərəfindən həbslərdə süründürülürdü. Cümhuriyyətin onbeşinci ili səbəbi ilə əfv sərəncamı gündəmdə olur. Bursa həbsxanasında yatan Nazimin da bu əfvdən yararlanması üçün Yəhya Kamaldan dəstək gözləyir. “Keçmişdən gələn bir səs” olaraq imzaladığı məktubunu “Onu himayə edərək qanayan bir ana ürəyini xilas edin” yalvarışı ilə sonlandırır. Amma nə “hə”, nə də “yox” cavabı alır.

 

İnsanı sevgidən soyudan növbəti hadisə isə körpü üstündə baş verir. Gözləri tutulan Cəlilə xanım 1950-ci ildə oğlunun həbsdən azad edilməsi üçün Galata körpüsündə aclıq aksiyasına başlayır. Bu vaxt körpüdən keçən Yəhya Kamal onu görür, amma görməzlikdən gələrək keçib gedir. Cəlilə xanım 1956-cı ildə vəfat edir. Yəhya Kamal isə ondan iki il sonra.

 

“Səssiz gəmi”

 

Əslində, bu sevgi hekayəsində kimisə günahlandırmaq istəmirəm. Amma bütün dönəmlər göstərir ki, böyük sevgilər ya ölümlə, ya da riyakarlıq, yalan, xəyanətlə bitir. Yəhya Kamalın elədikləri içimdə dərin xəyal qırıqlığı və ümidsizlik yaratdı. Cəlilə xanımın sayəsində isə bir daha əmin oldum ki, qadın eşqdə ən ali, ən uca, ən yüksək mərtəbədir.

 

Yeri gəlmişkən, Yəhya Kamalın məşhur “Səssiz gəmi” şeirinin Cəlilə xanıma yazıldığını bilirdiniz?

 

Dünyada sevilmiş ve seven nafile bekler,

Bilmez ki giden sevgililer dönmeyecekler.

Birçok gidenin her biri

memnun ki yerinden,

Birçok seneler geçti; dönen yok seferinden.

 

Mən bilmirdim. Sürpriz oldu.

 

Türkan Turan

525-ci qəzet.- 2020.- 20 iyun.- S.16