Sənətin müasirliyi: Xalq artisti Kamran Quliyev

 

Naxçıvan teatrında tez bir zamanda inamlı, cəsarətli addımlar atan, öz nəfəsi, öz dəsti-xətti ilə seçilən sənətkarlardan biri də Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevdir. Onun tamaşaları məzmun əlvanlığı, mövzunun müxtəlifliyi baxımından tamamilə fərqlidir. Səhnə fəaliyyətinə nəzər salanda məlum olur ki, hər tamaşada yeni söz deməyə, yeni fikir aşılamağa, tamaşaçıların zövqlərini oxşamağa can atır.

 

K.Quliyev 1958-ci ilin sentyabr ayının 9-da Babək rayonunun Zeynəddin kəndində anadan olub. 1965-ci ildə Zeynəddin kənd orta məktəbində 1-ci sinifə gedib və 1975-ci ildə orta məktəbi bitirib. Teatr sənətinə olan maraq 1976-cı ildə onu Naxçıvan şəhər "Gənclik" xalq teatrına gətirir. Xalq teatrında bir-birindən fərqli, müxtəlif düzümlü - Mayor Xudaverdi ("Hacı Qəmbər"), Hacı Səməd ağa ("Bəxtsiz cavan"), Ayxan ("Yollara iz düşür"), Ezop ("Ezop") obrazlarını yaradır. Respublika üzrə 1980-ci ildə Şamaxı şəhərində keçirilən xalq teatrlarının müsabiqəsində "Gənclik" xalq teatrı "Ezop" əsərini göstərir və birinci yerə layiq görülür. Ezop obrazının ifaçısı Kamran Quliyev ən yaxşı kişi rollarının ifaçısı kimi birinci dərəcəli diplomla mükafatlandırılır və Azərbaycan Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif olunur. Naxçıvan teatrının baş rejissoru Vəli Babayev Kamranın istedadını görüb onu peşəkar teatrın truppasına daxil edir. O, peşəkar teatrın səhnəsində İsabay Mercanov ("Füdzi dağında qonaqlıq" Ç.Aytmatov və K.Məhəmmədcan) rolunda oynayır. Az müddətdə Kamran Naxçıvan teatrının səhnəsində müxtəlif səpkili, psixoloji dünyası ilə seçilən Nadir şah ("Nadir şah"), Hacı Səməd ağa ("Bəxtsiz cavan"), Alxan ("Yollara iz düşür"), Əmir Altun ("Əlincə qalası"), Gəncə hökmdarı ("Məhsəti"), Qoçu Əsgər ("Məşədi İbad"), Rza bəy ("Dodaqdan qəlbə"), Neznamov ("Günahsız müqəssirlər"), Egist ("Elektra") və s. rəngarəng obrazlarını yaradır. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Mədəni-maarif" fakültəsinin qiyabi şöbəsinə qəbul olunur.

 

O, "Günahsız müqəssirlər" faciəsində yaratdığı Neznamov həyatda bəxti gətirməyən, ciddi münaqişələrlə toqquşan narahatlıqlarla qarşılaşır. Xüsusən, final səhnədə anası Kruçina ilə görüşdə gərgin psixoloji sarsıntılar keçirir. Teatrşünas C.Səfərov Kamranın yaratdığı Neznamov rolunu yüksək qiymətləndirir: "Kamranın ustalıqla yaratdığı Neznamov bütün səhnələrdə təkmil və baxımlıdır. İfadəli və emosional oyunuyla obrazın daxili aləmini, hiss və düşüncələrini qabarıq tərzdə tamaşaçıya təqdim etməyi bacarır".

 

Naxçıvan teatrında N.Nərimanovun "Nadir şah" əsəri dəfələrlə müvəffəqiyyətlə tamaşaya qoyulub. Nadir şah obrazını S.Mövləvi, İ.Musayev, İ.Həmzəyev kimi korifeylər oynayıblar. Kamranın yaratdığı Nadir şah obrazı da Naxçıvan teatrı üçün uğurlu və yaddaqalan bir hadisəyə çevrilir.

 

Naxçıvan teatrının baş rejissoru Vaqif Əsədov isə Kamranın peşəsinə vurğunluğunu yüksək dəyərləndirir: "Mən Kamranla bir çox tamaşalarda rastlaşmışam. Mənim quruluşumda tamaşaya qoyulan "Elektra", "Əlincə qalası" əsərlərində yaratdığı Egist, Əmir Altun obrazları dolğun və bitkin səhnə surətləridir. Kamran yaratdığı obrazın daxili aləmini, incə və dərin romantizmini, müəllifdən gələn emosiyanı qəlbən hiss edir və onu əlvan boyalarla sənətsevərlərə təqdim edir". Naxçıvan teatrının nəzdində fəaliyyət göstərən Cavid Poeziya Teatrında "Mənim tanrım gözəllikdir, sevgidir" (K.Ağayeva), "Ana", "Azər" (H.Cavid) pyeslərindəki müxtəlif xarakterli - Kor, Səlim, çoban obrazlarına maraqlı don geyindirməklə özününküləşdirir. O, Vaqif Əsədovun quruluşunda Məmməd Arazın "Azərbaycan - dünyam mənim" romantik tamaşasında Camal kişi rolunda çıxış edir.

 

K.Quliyev "Sizi deyib gəlmişəm" (28 aprel 1992, Anar), "İtilənən xəncər" (5 avqust 1996, H.Arzulu) tamaşalarına quruluş verir. O, 1997-ci ilin may ayının 1-dən teatrın baş rejissoru, 2004-cü ilin fevralın 20-dən isə direktor və baş rejissor kimi fəaliyyət göstərir. Müxtəlif mövzulu 50-yə yaxın - "Əlincə qalası" (H.Arzulu), "Araz sahilində doğan günəş" (H.Eyvazlı), "Sahilsiz çaylar" (E.Həbib), "Mənim ərim dəlidir" (Elçin), "Şeyx Xiyabani" (İ.Əfəndiyev), "Atabəylər" (N.Həsənzadə), "Topal Teymur" (H.Cavid), "Arşın mal alan" (Ü.Hacıbəyov), "Bu dünyanın adamları" (H.Orucov), "Atillanın atlıları" (N.Xəzri), "Dəli yığıncağı" (C.Məmmədquluzadə), "Dirilən adam" (M.Paşayev), "Koroğlunun Çənlibelə qayıdışı" (A.Babayev), "Qana qan qarışdı" (Ş.Sadiq), "Mirzə Cəlil taleyi" (M.C.Cəfərov), "Qurtuluş dastanı" (İ.Piriyev), "Əli və Nino" (Ə.Əmirli), "Ehsanxan Kəngərli" (X.Əliyev) və s. əsərlərə uğurlu quruluşlar verir. Tamaşaların əksəriyyətində baş rolların mahir ifaçısı kimi də şöhrətlənir. 2013-cü ilin sentyabrından isə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində "Teatrın inkişafı və dövlət əhəmiyyətli tədbirlərin təşkili" üzrə baş məsləhətçi vəzifəsinə keçirilir.

 

Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyi ərəfəsində N.Həsənzadənin "Atabəylər" əsəri teatrın repertuarına salınır və tamaşaya (14 may 2004) qoyulur (xatırladaq ki, bu tamaşa ilk dəfə 1999-cu ilin may ayının 10-da Naxçıvan MR-in yaradılmasının 75 illik yubileyi münasibəti ilə nümayiş etdirilmişdi). Həmin gün tamaşaya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanın Əliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və yubiley iştirakçıları baxdılar.

 

Bilirik ki, xalqımızın Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev Hüseyn Cavidin bədii irsini yüksək qiymətləndirmişdir: "Hüseyn Cavidin bədii irsi xalqımızın milli sərvətidir. Bu irsi qorumaq hər bir azərbaycanlının müqəddəs amalına çevrilməlidir".

 

Heydər Əliyev siyasətinin uğurlu davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Hüseyn Cavidin 125 və 130 illik yubileyinin keçirilməsi haqqında" (17 aprel 2007 və 16 fevral 2012) imzaladığı tarixi Sərəncamlar Cavidin çoxşaxəli yaradıcılığına verilən yüksək qiymətin misilsiz ifadəsi oldu. Ölkənin hər yerində görkəmli dramaturqun yubileyi təntənə ilə qeyd edildi. Bu qədim sənət ocağında K.Quliyevin quruluşunda "Topal Teymur", "İblis", "Səyavuş" əsərləri (K.Quliyevin quruluşunda) Cavid irsinə dərin ehtiram, layiqli töhfə, ülvi sədaqətin rəmzi kimi uğurla tamaşaya qoyuldu. Bu müstəqilliyin, demokratiyanın sənətə gətirdiyi azadlıq və səadətin bəhrəsi idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin imzaladığı Sərəncamla hər il muxtar respublikada Cavid günləri keçirilir, dahi söz ustadı yad edilir. Cavid özünün monumental romantikası, acı fəryadları və şirin arzuları ilə insanları nurlu sabaha, axarlı-baxarlı günlərə, yeni üfüqlərə səsləyir.

 

Naxçıvan teatrında Elçinin "Mənim ərim dəlidir" pyesi (2001) K.Quliyevin quruluşunda uğurla tamaşaya qoyulub. Pyes müasir mərhələdə Azərbaycan  cəmiyyətində baş verən ictimai-mənəvi proseslərin bədii əks-sədası idi. Quruluşçu rejissor tamaşada pyesin ana xəttini bir ailənin və onları əhatə edən dost-tanışların timsalında düşünülmüş həyatı hadisələr, seçilmiş detallar vasitəsilə mənalandırmışdı. Görkəmli elm xadimi İ.Həbibbəyli tamaşaya yazdığı rəydə rejissorun əməyini yüksək dəyərləndirmişdi: "K.Quliyevin çağdaş səhnəni duyması, kollektivin imkanlarına bələdliyi tamaşanın uğurlu həllinə səbəb olduğu kimi, eyni zamanda, Naxçıvan teatrının da rejissor boşluğunu doldurur".

 

K.Quliyevin quruluşunda (22 oktyabr 2002-ci il) tamaşaya qoyulan Elçinin "Dəlixanadan dəli qaçıb" tragikomediyasında keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan səriştəsiz, bacarıqsız məmurlar kəskin satira atəşinə tutulur. Tamaşada acı gülüş ilə hadisələrin ictimai mahiyyəti, cəmiyyətdə baş verən mənəvi eybəcərliklər bir qəzet redaksiyası daxilində cərəyan edir. Keçmiş sovetlər əyyamından qalmış iş prinsipi, insanların qeyri-sağlam düşüncələri rejissorun təsvirində tamaşaçılara təqdim olunur. Tamaşada quruluşçu rejissorun aktyorlarla birgə uğurlu işi diqqət çəkir. Əsərdəki Baş redaktor obrazını məharətlə yaradan Rza Xudiyev öz emosional ifa tərzi ilə obrazın daxili dünyasını, hiss və həyəcanlarını, gərgin məqamları real səpkidə yaratmaqla fərqlənir.    

 

İ.Piriyevin "Qurtuluş dastanı" epik tarixi dramı teatrda da K.Quliyevin quruluşunda səhnəyə qoyulub. Tamaşada Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətinin dahi xilaskarı obrazı parlaq ifadəsini tapıb. Tamaşanın finalında aktyorların müəllifin "Müstəqil vətənin memarı" rekviyem-poemasını söyləməsi qurtuluşa simvol olan, qurtuluşun mahiyyətini özündə təcəssüm etdirən milli birliyin rəmzi kimi təqdim edilir.

 

K.Quliyevin yaradıcılığı dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1999-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.

 

Yaradıcılıq yolu, səhnə nailiyyətləri aydın şəkildə sübut edir ki, K.Quliyev sənəti ən mühüm keyfiyyətlərdən olan müasirliyini daima qorumaqda və öz yüksək dəyərini hər zaman saxlamaqdadır.

 

Əli QƏHRƏMANOV

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent   

 525-ci qəzet.- 2020.- 20 iyun.- S.17