Fərdi duyumun poetik ilməsi -
poeziyanın Ağsəsi
Poeziya
Qulu Ağsəs dünyasının həyata
baxışını, daxili həyəcanını,
emosiyalarını əks etdirən rənglər
palitrasıdırsa, qısa hekayələri və
publisistikası oxucuda bilgin informasiya yaradan, onda ən saf
insanı oyadan, ruhun iç sətirlərinə
toxunan portretlər qalereyasıdır.
Bu
qalereyadan bir neçə portretə baxaq:
"Xudu müəllim akademiklərin sırasında dəfn
olunub. Onun ziyarətinə gələnləri Xan
Şuşinskinin nurlu çöhrəsi qarşılayır.
Xudu müəllim Xan əmini çox istəyirdi.
İndi gor qonşusudurlar...
Xiyabanda üstündə sahibinin şəkli həkk
olunmayan ikinci abidəyə rast gəlmədim. Xudu müəllim, həyatda
da beləydi: sadə təvazökar, kameradan, obyektivdən
yayınan..." ("Həyat akademiki")
"Azərbaycanın işıq stansiyasının bir
fazası da qapandı. Tofiq Quliyev əlini pianonun çiynindən
götürdü, notları elə düzdü ki, bu dəfə
sükut nəğməsi çalındı, sonuncu papirosunu
külü yaxasına tökülənə qədər
sümürüb, tüstünü iki dəfə ciyərlərində
dustaq elədi. Mahnılarından oğul evləndirib,
qız köçürmüş ata kimi arxayın getdi"
(Ay Maestro!..").
Böyük
türk şairi Nazim Hikmət şeirdən danışarkən
deyirdi: "İstər qışqır, istər
pıçılda, istərsə də fəryad çək.
İstər
qırıq-qırıq yaz, istər hamar yaz... Nədən
yazırsan-yaz, təki yazacağın şeir olsun".
Tənqidçilərə görə "anadan şair
doğulan" (V.Yusifli) Qulu Ağsəs təkcə şeir
yazmır, içindəki, ruhundakı duyğuları
oxucununkulaşdırır.
Qulu
Ağsəs poeziyası mövzu qıtlığı çəkmir,
onun şeirlərində məzmun və forma vəhdətdə
olub, insan şüuruna və hissinə sərrast təsir
göstərməklə məhdudlaşmır:
...
Dünya, Tale, Tanrı deyilən
nə
var hamısı günahkardı
Mən çəkən dərdlərə.
Dərdi
nə çəkiləsidi,
nə
qaçılacaq,
Mən çəkən dərdlərin.
... Bir
gün "sərgisi" açılacaq,
Mən çəkən dərdlərin.
Onun zəngin yaradıcılığı
çoxçalarlılığı və müxtəlif
istiqamətliliyi ilə seçilir. Burada ümumbəşəriliklə
yanaşı, mənsub olduğu cəmiyyətin,
yaşadığı mühitin, hadisə və əhvalatların
həyati, fəlsəfi, tarixi anlamda dərki, qiymətləndirilməsi
əsas yerlərdən birini tutur. Müharibələrə
nifrət edən, onun sözlə deyil, qanla tablosunu yaradan
Q.Ağsəs ədəbi müstəvidə ənənəvi
olmayan nümunələr yaradır.
Q.Ağsəs elinə, obasına, xalqına möhkəm
tellərlə bağlı olan, bu səbəbdən
yaradıcılığında qeyrətli vətəndaş
mövqeyini daim nümayiş etdirən sənətkardır. Onun şeirlərində təkcə
işğal olunmuş torpaq dərdi yer almır,
parçalanmış böyük Azərbaycan dərdi də
şairə dinclik vermir:
İki səfər
iki
şəhər arzuladım:
Nə Təbrizə
qoydular məni,
Nə
Ağdama.
"Nə
var, nə yox sözü"-
Var-yox
söyüşü kimi gəlir
bu
yaşda adama .
İndən
sonra yolum
o tərəfədi...
Özləri
baxsınlar,
ora da
buraxmasalar,
cəhənnəmə buraxsınlar.
Qulu Ağsəs şeirlərində yüksək sənətkarlıq,
bədii təsvir və ifadə vasitələrinin zənginliyi,
poetik obrazlılıq, lirik qəhrəmanın vətəndaş
xarakterinin açılmasında üslubi təmayüllər
sırasında dominantlıq təşkil edir. Pafos və
saxta emosionallıqdan uzaq şeirlər oxucuya reallıqla
bağlılıq yaratmaqda yardımçı olur, gerçəkliyi
əks etdirməsi ilə könülləri fəth edir.
Heç şübhəsiz ki, Q.Ağsəs
yaradıcılığından danışarkən onun
"Tale nədir? Allah nədir, Ölüm nədir?"
- sualına axtarışlarına nəzər
yetirməmək olmaz.
Tanrı ilə söhbət, dərdləşmə,
acılarını, istəklərini, əzablarını
bölüşə bilməsi Sözün Tanrı
ucalığını xatırladır, poetik sözün
ovsununa düşüb, bu möcüzəli poeziyanın dərinliyindən
qopa bilmirsən.
...
Özünü görməsək də,
Xofun
yamandı, Allah!
Bizi
qırıb qurtarmamış,
Ölmə,
amandı, Allah!..
və
ya
Kimsən,
nəçisən, ay Allah -
Heç səndən baş tapammadıq.
Özün
qurduğun dünyada
Sənə
bir iş tapammadıq.
Poeziyanın ənənəvi üçbucağı həyat
- eşq - ölüm şairin qələmində başqa rəng
alır, təlatümlər, fırtınalar, kəskin izlər
təsirsiz ötmür. O sadəcə şeir yazmır, hər sətirdə
sözə necə həssas yanaşdığını
nümayiş etdirir. Q.Ağsəs şeirinin məziyyətlərindən
olan dilin zənginliyi, saflığı və səmimiliyi səlistliyi
və lakonikliyi ilə də fərqlənir:
Bu gecə
elə tıncıxır,
Adam lap dava axtarır.
İsaq-Musaq
quşu çıxıb,
Ağacda dəvə axtarır.
Zəngin
təsvir və təsəvvür verən bədii portretlər
Q.Ağsəs yaradıcılığının
canına-qanına elə hopub ki, idrakdan kök alan
bu bədii təfəkkür məhsulundan danışmamaq
olmaz. Hər şeirində bədii lövhə, bədii
portret, yüksək informativliyə malik müəllif təsviri
yaradan şairin, bircə poetik nümunəsindəki, əslində
təfsilata ehtiyacı olmayan mənzərə yaratmaq
bacarığına nəzər salaq:
Zivələrindən
yaş əllər
asılan -
Bakım!
Pakım!
Bu dəmdə:
quşlar
səkidə gəzir
adamlar
damda...
Çıxardı
insanların bütün maskalarını
eyni
maska taxdı cahana virus:
ağac
- virus,
maşın - virus,
bina -
virus,
bir
yandan koronavirus,
bir
yandan karantinavirus...
İlahi,
özün bax -
ya
eyvandan şəhər sal,
ya da
küçələrə qanad tax!..
Dünyanı
cənginə alan, milyonlarla insanı
qorxuya salan koronavirus pandemiyası dövründə
sözün sadiq əsgəri yenə öz postundadır. Bədii portretin yaratdığı "süjetli
film" gözlərimiz önündə yeni dünyanı
canlandırır. Yenə ön planda
İnsan, yenə istinad yeri Tanrı.
Qulu
Ağsəsin bu mövzuda yazdığı hər
üç (hələlik) şeir ədəbi ictimaiyyətdə
müsbət reaksiyalar yaratmış, onun şeirlərinin təsirilə
müxtəlif müəlliflərin yeni nəzm nümunələri
ortaya çıxmışdır.. Bu onu
göstərir ki, bizim şüurumuz artıq apokalipsis
mövzusuna hazır vəziyyətdədir:
- Əgər
doğrudan sevirsənsə,
şərtim budur:
çəkilək bir hücrəyə,
amma məndən
uzaq dur...
Sabun
köpüyü partlatsın
qoxusu
sarımsağın,
Kefli əllərin
doqquz yazsın
on
barmağı...
Apokalipsis mövzusunda qorxulu süjetli yazanlardan fərqli
olaraq, Q.Ağsəs oxucuya sevgi aşılayır. "Daha kimdən, kimdən
yazaq, uzaq, aman Allah uzaq..." (V.Səmədoğlu)
tərəddüd-həyəcanı keçirmir. Bilir ki, məsafə saxlanılması gərəkən
cisimdir. Ruh deyil:
Çölə
çıxma!
Telefona
baxma!
Darıxma!
...
Başqa şərtlərin də olsaydı, kaş:
Maskasız
olmazsa,
maska da
olmasın,
Yas
olmazsa,
ölüm də olmasın,
Toy
olmazsa,
sevgi də...
olsun! -
sözləri çıxsaydı dodağından...
Asacam
özümü! -
şərt cümləsinin budağından...
Yeri gəlmişkən, statistikaya görə, dünyada
koronavirus mövzusunda qısa vaxt ərzində 200-dən
artıq kitab yayımlanıb. Bunların arasında
amerikan yazıçıların uşaqlar üçün,
ingilisdilli yazıçıların isə böyüklər
üçün yazdıqları daha məşhurdur. Maraqlıdır ki, şeir bu sosial dəstək
marafonunda geridə qalır. Azərbaycanda
bu sahədə şairlərin fəallığı,
şeirlərin mənəvi dəstək gücü daha
çox seçilir.
Sizə
kimdən danışım -
tək
qadından
gül
ağzını açmırdı
dişlərinin ucbatından.
Çoxundan
kəsdi,
azından kəsdi,
bir əliydi,
bir boğazı
boğazından kəsdi,
dişlərini düzəltdirdı -
elə
ki əlinə maya düşdü,
aylarla
gördüyü röya çin oldu,
qəfildən pandemiya düşdü,
bütün dünya Çin oldu...
Dözmədi,
gül
ağzını açıb çıxdı evdən -
bir o idi
yer üzündə,
bir də
taclı mələkdi!
Baxışdılar,
ikisi də
qəh-qəhə çəkdi...
Pandemiya
qurbanlarının xatirəsinə həsr olunan bu şeir
coğrafiya tanımır - COVİD-19 sərhəd
tanımayan kimi... Şairin, publisistin ən böyük məziyyəti
təkcə könül kövrəkliyi, avaz yüyrəkliyi
ilə ruhumuza hopan, minilliklərdən boy göstərən
xalq hikmətlərindən istifadə deyil, həm də bu zəngin
xəzinəyə öz töhfəsini verməsidir: "Qələbə
məğlubiyyət deyil ki, gözünə kül
üfürəsən", "Yazıçı əsər
gətirəndə, tənqidçi sitat gətirir","Ağalıqla
köləlik paralel xətlərdi. Onlar kəsişməsə
də, heç vaxt bir-birindən əl çəkmir",
"Hərəmiz borcludu bir can ölümə, Ölsək
də, tapmarıq əncam ölümə",
"Adamları bircə yol çiyninizə
çıxarın: Öləndə!" -sırasını
artırdıqca şirinliyindən doymadığımız
belə xəlqiləşmiş Qulu Ağsəs aforizmləri,
bu baxımdan, onun yaradıcılığının
üfüq genişliyinin göstəricisidir.
İlk
şeiri 1978-ci ildə çap olunan Qulu Ağsəs, ədəbiyyat
aləmində səs saldığı 90-cı illərdən
üzü bəri, tənqidçilərin, ədəbiyyatçıların
diqqət mərkəzində olub: Fikrət Qoca, Çingiz
Əlioğlu,Tofiq Abdin, Vaqif Yusifli, Rüstəm Kamal, Vaqif Bəhmənli,
Qurban Bayramov, Nərgiz Cabbarlı, Orxan Aras, Cavanşir Yusifli,
Elçin İskəndərzadə, Günay Səma Şirvan
və onlarla başqa söz adamları onun
yaradıcılıq söz xəzinəsinə çıraq
tutmağa çalışmışlar.
İndi
Əməkdar jurnalist, Prezident təqaüdçüsü,
"Ulduz" ədəbiyyat dərgisinin baş redaktoru olan,
bir yeniyetmə qədər utancaq, bir ahıl qədər
müdrik bu söz adamının şeirlərində pozitiv
enerji o qədər müsbət aura yaradır ki, tanış
olan oxucu da, tədqiqatçı da daim o işığa can
atır.
Poeziyamızın Ağ Səsinə - Qulu Ağsəsə
Ulu Tanrıdan Sözün ucalığında qalmağı
diləyir, saf sözü, özünəməxsus ədəbi
nəfəsi ilə çağdaş Azərbaycan
poeziyasını yeni-yeni töhfələrlə zənginləşdirməsini
arzulayıram.
Mərziyyə NƏCƏFOVA
Filologiya elmləri doktoru, dosent
525-ci qəzet.- 2020.-
20 iyun.- S.19