Haqverdiyev haqqında
xatirələrim - Sidqi
Ruhullanın məqaləsi
Görkəmli yazıçı, dramaturq,
publisist, tərcüməçi,
pedaqoq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı
ilə ölkə səviyyəsində qeyd olunur.
Yəqin ki, bu yubiley
ilində unudulmaz yazıçının ədəbi
irsi, tərcüməçilik,
pedaqoji və diplomatik fəaliyyəti bir daha diqqət
mərkəzində olacaq,
haqqında məqalələr,
esselər yazılacaq,
televiziya verilişləri
hazırlanacaq, teatrlarımız
onun ölməz dramaturgiyasına müraciət
edəcək.
Mən də yaradıcılığını
və şəxsiyyətini
çox sevdiyim Əbdürrəhim bəyin
yubileyinə töhfə
olaraq onun haqqında yazılmış
xatirə və məqalələrdən ibarət
albom-kitab tərtib etmişəm.Tərtib etdiyim
bu kitabda yalnız ədəbiyyatşünasların,
yazıçı və
şairlərin deyil, böyük ədibi yaxından tanıyan, onunla dostluq edən, səhnə əsərlərində rol
alan müqtədir
aktyorların da xatirələri
yer alıb. S.Ruhullanın 22 dekabr
1943-cü ildə çap
etdirdiyi "Haqverdiyev
haqqında xatirələrim"
yazısını 77 il
sonra "525-ci qəzet"in
möhtərəm oxucularına
hədiyyə etmək
istədim.
Mustafa Çəmənli
Haqverdiyev
haqqında xatirələrim
Sidqi
RUHULLA
Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi
Əbdürrəhim bəy
Haqverdiyevin vəfatı
günündən on il keçir. Bu günlərdə mən onun həyatını,
yaradıcılığını, səhnəmizə etdiyi böyük xidmətləri
daha dərindən düşünür və
xatırlayıram.
Haqverdiyev yalnız ədəbiyyatımızda
deyil, səhnəmizdə
də böyük bir simadır. O, artistlərimizin sevimlisidir.
Azərbaycan dramaturgiyasının yaranması və inkikası, aktyor kadrlarımızın yetişməsi
məsələsi onun
adı ilə sıx surətdə bağlıdır.
Mən Əbdürrəhim bəy
ilə 1907-ci ildə tanış olmuşam. Bakıda "Kommerçeskoe Sobranie" (Sovet hakimiyyəti dövründə
müəllimlər evi
kimi tanınıb -
M.Ç.) evində Hüseyn
Ərəblinskinin rejissorluğu
ilə Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərini oynayırdıq.
Mən bu tamaşada Rüstəm rolunda oynayırdım. Birinci pərdə
ilə ikinci pərdə arasında fasilə idi. Ərəblinski səhnəni düzəldir,
mən isə ona tamaşa edirdim, bu zaman
səhnəyə əzəmətli
və ağır addımlarla gur saçlı və gülər üzlü bir nəfər daxil oldu. Ərəblinskiyə yanaşıb:
"Bəs bu gecə sən oynamırsanmı?" deyə
sual etdi. Bu zaman Ərəblinski əlini mənim çiynimə qoyaraq gülə-gülə: "Xeyr,
bu gecə bu oynayır" deyə məni göstərdi və "tanış olun" dedi. Mən qarşımdakının Əbdürrəhim bəy
olduğunu bilib, əlini sıxdım.
Əbdürrəhim bəy
mənim oyunum haqqında öz fikrini söylədi və "aktyorluq sənətində uzun müddət çalışmanızı
və müvəffəqiyyət
qazanmanızı arzu edirəm" dedi və bu sözün
mənim üzərimdə
böyük təsiri
oldu. Hörmətli ədibimizin bu
sözündən sonra
mən öz sənətimi daha artıq sevərək, yaradıcılıq üzərində
daha artıq çalışmağa qatlaşdım.
Məni
ilk dəfə səhnəyə
çıxardan Hüseyn
Ərəblinski olmuşdur.
Əbdürrəhim bəyin mənə
etdiyi təsir, məni səhnəni daha artıq sevməyə cəlb etdi və teatra
olan həvəsimi qat-qat artırdı.
Ə.Haqverdiyev ilə bu görüşümdən sonra,
artistliyi daha böyük ruh yüksəkliyi ilə davam etdirməyə başladım.
Məlumdur ki, o zaman teatr
dərnəkləri ayrı-ayrı
həvəskarlardan ibarət
idi. Mükəmməl aktyor kollektivi
yox idi. Əbdürrəhim bəy isə
əsl bir kollektiv uğrunda can-baş ilə çalışırdı. O, istəyirdi ki, Azərbaycan teatrı bacarıqlı aktyor və rejissor kadrosuna, mükəmməl
repertuara malik olsun. Böyük yazıçımız mənimlə etdiyi söhbətdə bu fikri tez-tez təkrar
edərdi. Nəhayət, Əbdürrəhim bəyin
vasitəsilə Ərəblinski
ilə mən bir truppa təşkil
edib başqa şəhərlərə qastrola
getdik.
Ə.Haqverdiyev Azərbaycan teatrını
böyük bir həvəs, alovlu bir qəlblə sevirdi. Mən hansı
şəhərdə tamaşa
verərdimsə, Əbdürrəhim
bəy imkan tapdıqca haman
şəhərə gələrdi.
1913-cü ildə Tbilisidə, səhnə həvəskarları ilə
"Pəri cadu" əsərini tamaşaya qoymuşdum. Bu tamaşada özüm Qurban rolunu oynayırdım.
Üçüncü pərdənin fasiləsində,
heç gözləmədiyim
halda, Əbdürrəhim
bəy səhnəyə
daxil oldu və Qurban rolunu yaxşı ifa etdiyim üçün
təşəkkür etdi.
Tamaşa qurtardıqdan sonra
Əbdürrəhim bəy
məni düşdüyüm
mehmanxanadan öz mənzilinə dəvət
etdi. Biz həmin gecəni bir yerdə keçirtdik. Sevimli yazıçımız
dramaturgiya, teatr və aktyorluq haqqında çox maraqlı fikirlər söylədi. Həmin gecə
Əbdürrəhim bəyin
mənə söylədiyi
bir nəsihət hələ də yadımdadır. O dedi
ki: "Sidqi, sənin aktyorluğun mənim çox xoşuma gəlir. Lakin bunu unutma ki,
müəyyən bir obrazı yaratdıqdan sonra bir yerdə
dayanıb durmaq olmaz. Sənətkar həmişə inkişaf
etməlidir... Onu bilməlisən
ki, bir obrazı
bu gün nə qədər yaxşı oynayırsansa,
bu rolun üzərində çalışsan,
sabah daha yaxşı oynaya bilərsən".
Bu sözlərdən sonra coşğun bir hərəkətlə "Pəri
cadu" kitabını
masa üzərindən
götürüb, "Sidqi
Ruhullaya vəsiyyətim"
sərlövhəsilə həmin
sözləri kitabın
üstünə yazdı
və kitabı mənə bağışladı.
Həmin xatirə indi də Cəfər
Cabbarlı adına
Teatr Muzeyində saxlanmaqdadır.
Ə.Haqverdiyevin mənim səhnə yaradıcılığımda həlledici təsiri olmuşdur. Ostrovski və Maksim Qorki rus artistlərini
və rus teatrını bir bağban kimi yetişdirdikləri kimi, Ə.Haqverdiyev də Azərbaycan teatrı və onun banilərindən
Ərəblinskini yetişdirməkdə
çox iş görmüşdür. Mən onun
yaratdığı gözəl
əsərlər və
obrazlar üzərində
çalışmaqla boy atmışam.
Ağa Məmməd şah Qacarın, Qurbanın, Nəcəf bəyin, Cahangir ağanın mənim yaradıcılığıma
böyük təsiri
olmuşdur. Mən səhnə
fəaliyyətimi Əbdürrəhim
bəyin ölməz obrazları üzərində
inkişaf etdirmişəm.
Mən gələcəkdə
də Azərbaycanın
böyük yazıçısı
Əbdürrəhim bəy
Haqverdiyevin əsərlərində
hörmət və ifixarla çıxış
edəcəyəm.
Sidqi Ruhullanın
məqaləsi
525-ci qəzet.- 2020.-
20 iyun.- S.20