Qələm - Hekayə
Səhərin gözü açılmamış, Pənahın,
gilələrinə qan sızmış gözləri
açıldı. Belə tez oyanmazdı, başının
ağrısı oyatdı. Dünən qəsəbənin
ayağındakı "Xaşdan-xaşa" bufetində o ki
var vurmuşdular. Son üç-dörd qədəhdən
imtina etmək istəmişdisə də, mümkün
olmamışdı. Yoldaşları yekdil qətiyyətlə
demişdilər ki, içki adətləri qanun deyil e, pozasan,
onu hətta yol qaydaları kimi tapdayıb keçmək də
olmaz! Pozmağa meyilli olan Pənah belə
xoşhallandırıcı təzyiqlər altında meylini
boğub, yeyib-içmək adətlərini
pozmamışdı, son qədəhi son damlasına qədər
içmişdi. Şərab nə şərab!.. Amma tərifdən
azğınlamış bu xain içki onun mədəsində
qıcqırıb keyfiyyətini dəyişərək gecəyarıdan
sonra dözülməz başağrısına
çevrilmişdi.
Bu gecə hər dəfə su sorağında
oyandıqca Pənahın, ailə qayğılarından
öncə, qələmi yadına düşmüşdü. Bərk
ağrıyan başına güc versə də, son neçə
ildə ayrılmaz cibyoldaşı olan qələmini süfrədə
kimə verdiyini heç vəch ilə yadına sala bilmirdi.
Fəqət axşam evə gəlib pencəyini
soyunanda qələm cibində yox idi.
Dumanlı xatırlayırdı ki, kimsə
"ruçka"nız varmı?" deyə, süfrəyə
ümumi bir sual atdı. Bu da "var" sözünü demədən sevimli qələmini
çıxarıb o adama verdi. Odur ki, həmin adamın sifətini xəyalında,
ani də olsa, canlandıra bilmirdi.
Həmsüfrələrini bu məqsədlə
xatırlayanda, dumanlı xəyalında hamısı əlini
Pənaha tərəf uzadıb "ruçka"n
varmı" deyə, soruşurdu. Bu zalım
uşaqları, elə bil, onu çaşdırmaq niyyəti
ilə dönüb birdən-birə yazı-pozu adamı
olmuşdular.
Sözün
düzü, Pənah qələm adamı deyildi, amma hər
ehtimala qarşı üç il bundan
öncə, onun öz təbrincə desək,
aldığı "ruçka"ya elə
alışmışdı ki, bəzən pencəyini dəyişəndə,
qələm evdəki pencəyin cibində qalanda, olub, iş
dalınca getdiyi yerdə, yarı yoldan
"ruçka"m!" deyə qayıdıb.
Belə
hallarda gözlənilmədən qapıdan girən Pənahdan
arvadı soruşardı:
- Niyə
qayıtdın?
- "Ruçka"m evdə qaldı.
- Yoldan
qayıtmaq yaxşı əlamət deyıl, axı.
- "Ruçka"sızlıq daha pisdir.
- "Ruçka" sənin nəyinə
lazımdır!?
- Elə
öyrəşmişəm, o, üstümdə olmayanda, elə
bilirəm... Nə bilim, elə bilirəm,
tumançağam.
- Bıy,
ətin tökülsün!..
-
Çox danışma, gətir, tez elə, gecikirəm!
-
Hardadı?
- O nə
sualdı?! Harda olacaq?! O biri pencəyimin
cibində!
Arvad onun qələmini təcili gətirib verərdi, Pənah
da özünü yenidən Pənah kimi hiss edərdi.
Üç ildə birinci dəfə idi ki, qələmi
kimdəsə qalmışdı, bilmirdi kimdə.
Pənah
ağrılı başını əlləriylə sıxa-sıxa
süfrədəki həmin bəd məqamı yenə
xırda-xırda xatırlamağa başladı: Filankəs
uzaqda otururdu, qələmi ona uzada bilməzdi. Filan
da "ruçka" istəməzdi, o, heç yaza da bilmir.
Bəsmənkəs nəyə görə istəməli
idi? Yazacağı nə ola bilərdi?
O da istəməzdi. Bax istəsə, istəsə,
ya müəllim Qasım, ya da dükançı İmadəddin
istəyə bilərdi. Bəli, bu ikisindən biri! Amma hansı? Müəllim Qasım və
dükançı İmadəddin! Daxili səsi ona dedi ki,
müəllimin öz qələmi olardı. Öz
qələmi dura-dura özgədən qələm istəyərdimi?
İstəməzdi! Bəlkə qələmi
evdə qalmışdı? Xeyr, qala bilməzdi! Pənah gözünü açan gündən
Qasım müəllimi eyni pencəkdə görüb. Dəyişik pencək yoxsa, qələm nə təhər
evdə qala bilər?! Demək, Qasım
müəllimin qələmi cibində idi. Qalır dükançı İmadəddin.
Ondan-bundan eşitmişdi ki, İmadəddinin ara-sıra
şeir yazmağı da var. Televizor, maqnitofon satmaqdan bir az başı açılıb macal tapan kimi
oturub piştaxtanın üstündəcə yazar,
yazdığını dükanın qabağına reklam əvəzi
vurardı:
Ay
müştəri, boşdu boşqab,
Acdı mədə, acdı dəhan.
Qutuya sığmır
bir hinduşqa,
Televizora sığır cahan.
Və
yaxud:
Ay
müştəri, baxma vara,
Nisgil
salar səni dara,
Al teliki,
gecələr bax,
Yarıçılpaq cananlara.
İstisna oluna bilməz ki. Belə bir reklam-beyt
dükançı İmadəddinin süfrə arxasında
da bədahətən ağlına gəldi və
ağlından çıxmamış sərxoş
baxışlarını qədəh yoldaşlarının
üzündə gəzdirib soruşdu:
- "Ruçka"nız varmı?
Sonrası aydındır. Sonra nəyin baş
verdiyini bilmək üçün məntiq ipini çözələməyə
ehtiyac qalmırdı. Görünür, İmadəddin
süfrə arxasında ərsəyə gələn
şeirini yazdı və başı içkiyə
qarışan Pənahın qələmini dədə malı kimi qoydu pencəyinin cibinə.
Hər şey açılan bu səhər kimi aydın
idi. Amma Pənah,
paxmel başla da olsa, anlayırdı ki, üzü gəlib o
boyda kişidən soruşa bilməyəcək, ay İmadəddin
dayı, olmaya dünən mənim "ruçka"m sənin
pencəyinin cibində getdi?
İmadəddin bunu pis başa düşə bilər. Elə bilər,
onun süfrə saflığına şübhə aparıb
boynuna oğurluq qoymaq istəyirlər. Hələ
tərs damarına düşsə, adamı soyüb biabır
da edə bilər.
Pənah
"ruçka"sını onun əlində görsə, yəni
dükançı İmadəddini fakt üstündə
tutsa, başqa məsələ...
Hər necə olursa olsun, qələminin dalınca getməlidir.
Yerindən
durub əyin-başını geyinəndə, başından
belə bir qara fikir də keçdi: "Yəqin mənim
"ruçka"mın alnına itmək, bəlkə də
itib tapılmamaq yazılıbmış".
Pənah evdən çıxanda, hara getdiyini arvadına
demədi.
"Orbita" dükanının
yaxınlığında dəftərxana malları satılan
mini-market yerləşirdi. O, həmin mağazanın
önündə ayaq saxladı. Bir istədi,
girib baxsın. O qələmdən varsa, alıb evə
qayıtsın, ta İmadəddinə ağız
açmasın. İt-bata düşən həmin
qələmi də burdan almışdı. Fikirləşdiyi kimi də etdi. Dükana
keçdi. Piştaxtada şüşə
altına düzülmüş qələmlərə nəzər
saldı. Öz qələminin eynisini
tapdı. Amma son məqamda fikrini dəyişdi.
Bir az pula hayıfı gəldi, bir az da
ürəyi öz "ruçka"sının yanına
çəkdi.
Pənah "Orbita" dükanının
qapısından keçəndə, İmadəddin, əlində
silənc, televizor və maqnitofonların tozunu alırdı. Dükandakı əlavə
hənirtini hiss edib qapıya tərəf baxdı:
- Ooo! Pənaha
eşq olsun! Necəsən, əjdaha?
-
Axşamkından sonra bir az başım
ağrıyır, - Pənah piştaxtanın üstünə
göz gəzdirə-gəzdirə dedi. Qələm
gözünə dəymədi.
- Nə əcəb?
İkidən-birdən gəlməzdin.
Bu sual Pənahı karıxdırdı, Fəqət
cürəti çatmadı itən qələmini dilinə gətirsin. Elə bu an
gözünə piştaxtanın uzaq küncündə bir dəstə
varaq sataşdı, hövləng o tərəfə yeriyə-yeriyə
dilləndi:
- Televizor
almaq istəyirəm.
-
Dükandakı bütün televizorlar sənin qara kəkilinə
qurban! Bax, hansını ürəyin tutar, götür!
Pənah gördü, varaqların üstündə
ucuqırıq bir karandaş var.
- Nə
yazırsan? - qeyri-ixtiyari soruşdu.
-
Heç nə, fakturalardı.
-
Karandaşla yazırsan?
- Olur
karandaşla, olur "ruçka"yla yazıram... Təki
aldığın mal mal olsun, fakturanın nə dəxli!?
- Deyirsən,
"ruçka"yla da yazdığın olur?
- Olur. Bax bu televizor necədir?
Pənah
udqundu:
-
Başqa markadan istəyirəm.
-
Hansı markadan?
"Müştəri" ətrafa oğrun nəzər
saldı.
İstədi, eləsini desin ki, burda olmasın.
- "Supra" televizoru axtarıram. - dedi.
- Əla!
Əla televizordu! Mən də elə onu təklif
edəcəkdim.
- Amma sizdə
yoxdur.
- Var! Niyə
yoxdur! Vitrində qalmır ki! Qoyan kimi
satılır. Anbarda bir dənə qalıb, bu dəqiqə
sənin üçün təşkil eləyərəm! - İmadəddin bunu deyib arxa otağa keçdi.
Pənahın içinə sanki qaynar su calandı, televizor nəyinə
lazımdır!? Evdə yekəsindən var.
Çörəkpulunu güc-bəla ilə tapırlar, hələ
bir televizor da alsın?!
- Aha, bu
da sənə "Supra!" - İmadəddin
televizoru tövşəyə-tövşəyə gətirib
piştaxtanın üstünə, Pənahın düz
burnunun önünə qoydu. - Bizdə hər şey var!
Sən könlündən keçəni de, bu dəqiqə təşkil
edim!
- Hə,
"Supradır", - Pənah başqa söz tapa bilmədi.
-
Açım, yoxlayaq?
- Yox,
lazım deyil.
- Əlbəttə,
lazım deyil! İmadəddin dayın sənə xarab televizor
satmaz ki!.. Böyük bir
partiya almışdıq, hamısı satıldı.
- İmadəddin dayı, - Pənah dilini
sürüdü, - sözün düzü, indi üstümdə
bir o qədər pul yoxdur.
-
Canın sağ olsun, - İmadəddin səmimi qəlbdən
dilləndi, - apar, pulun nə vaxt olar, onda verərsən.
Pənahın deməyə sözü qalmadı.
- Nə
bilim...
- Buna nə bilmək, göydən
düşüb əlinə! Bircə gün geciksən qalmayacaqdı.
Götür apar maşına qoy, deyirəm, əlavə xərc
çəkmə, bizim maşınla apararlar.
Əlində televizor "Orbita"
dükanından çıxan Pənah yandakı dəftərxana
malları - "Mini-marketə" tərəf
yanı-yanı baxıb dişlərinin arasından acı
söyüş buraxdı. Sonra televizoru darısqal salonlu
maşına birtəhər yerləşdirib:
"Sür!" - dedi.
Əli televizorlu Pənahın çərçivəyə,
divara ilişərək evin astanasından keçdiyini görən
arvad təəccübünü gizlədə bilmədi:
- Bıy, başıma xeyir, ay Pənah, bunu
neynirdin!? Şkaf boyda televizorumuz var, ər-arvadmı eləyəcəksən?
- Qaç
qabağımdan, sənin dədənin gorunu!.. - Pənah dilinə
bir də acı söyüş gətirdi. Qutunu hıqqanaraq
divanın üstünə qoyub qəddini düzəldəndə
masanın üstündə adı bəlli qələmini
gördü. - Bu hardan çıxdı? - hiddətli heyrətlə
soruşdu.
- Çarpayının yanına düşmüşdü,
- yarıküsülü arvad laqeyidcəsinə bunu deyib
yandakı otağa keçdi.
Pənah isə üst-başının tozunu
çırpa-çırpa qələmə tərs-tərs
baxıb, təzə televizora dirsəklənərək divanda
əyləşdi.
İmir
MƏMMƏDLİ
525-ci qəzet.- 2020.-
20 iyun.- S.21.